reklam
Regionxeberlericom.az » Dünya » KTMT Qarabağı Azərbaycan ərazisi kimi tanımır? - BU NƏDİ BELƏ?

reklam

KTMT Qarabağı Azərbaycan ərazisi kimi tanımır? - BU NƏDİ BELƏ?
















Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkəyə göndərməyə hazır olduğu müşahidəçilərin sayını açıqlayıb. Ermənistan hökumətinin başçısının sözlərinə görə, söhbət monitorinq missiyasının 30-a yaxın üzvündən gedir.

Paşinyan daha sonra sensasiya sayıla biləcək açıqlama da verib. "Məhz KTMT Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir", - deyə Paşinyan bildirib. Ermənistanın baş naziri onun KTMT ilə bağlı tənqidi fikirlərinə reaksiya verən Rusiya XİN-in sözçüsünü də aşağılayıb. Parlamentdə çıxış edərkən bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onun bəyanatlarına münasibət bildirməməlidir. "Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim açıqlamalarıma münasibət bildirə bilməz, həmsöhbətlərim Rusiyanın prezidenti və baş naziridir, Rusiyanın ittifaq və mehriban qonşuluq dövlətinin nümayəndəsi isə mənim açıqlamalarıma burnunu soxmamalıdır".

Uzun müddət KTMT-nin Qarabağ münaqişəsi ətrafında tutduğu mövqenin həqiqətən də anlaşılmaz, daha doğrusu, sürüşkən olduğu həqiqətdir. Amma 2019-cu ildən bu qurum o zamankı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması prinsipini dəstəkləmək mövqeyində olub. Belə ki, təşkilatın üzv dövlətləri Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Belarusla Azərbaycan arasında çox yaxşı siyasi və iqtisadi əlaqələr formalaşıb. Bununla yanaşı, həmin ölkələr tərəfindən dəfələrlə səsləndirilən bəyanatlarda Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsinin vacibliyi vurğulanıb. Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən və 44 günlük müharibədən sonra sərgilədiyi qəti mövqeyinə paralel olaraq KTMT də daxil olmaqla, regional və qlobal aktorların, demək olar ki, hamısı tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmaqda və dəstəklənməkdədir. Eyni zamanda təşkilat üzvlərinin münaqişə ətrafında tutduğu mövqedən bəlli olur ki, Ermənistan KTMT-nin üzvü olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqeyə və sərgilədiyi fəaliyyətə görə təşkilat üzvləri tərəfindən dəstəklənmir. Bəs o halda Paşinyanın bu bəyanatı səsləndirməkdə məqsədi nədir? KTMT Qarabağı Azərbaycan ərazisi kimi tanımır?

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanla Rusiya arasında münasibətlər son dövrlər özünün ən kritik mərhələsinə daxil olmaqdadır: “Xüsusilə də Vaşinqton və Brüssel formatları çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində müəyyən irəliləyişlərin əldə olunması, sülh müqaviləsinin imzalanmasına ümidlərin yarandığı indiki dövrdə Rusiya bu prosesləri, əsasən də Ermənistan tərəfindən atılan addımları özünün Cənubi Qafqaz maraqlarına təhdid və Ermənistanın xəyanəti kimi qiymətləndirir. Buna görə də mümkün imkanlardan istifadə edərək Ermənistan hakimiyyətinə təzyiqlər həyata keçirilməyə çalışılır. Xüsusilə də Qarabağdakı separataçı qüvvələr və Ermənistandakı revanşist düşüncəli insanların vasitəsilə erməni cəmiyyətində Nikol Paşinyanın erməni maraqlarına münasibətdə xəyanətkar mövqeyini təbliğ edirlər. Bu gün Rusiya mətbuatı tam olaraq bir mərkəzdən idarə olunduğu görüntüsü ilə Paşinyan və onun komandasına qarşı informasiya terroru həyata keçirir. Bunu da bölgədə münasibətlər tənzimlənərsə Rusiyanın maraqlarının təmin olunması rıçaqları əlindən çıxa bilər tezisi ilə izah etməyə çalışırlar. Amma Ermənistan lideri bir qədər daha hiyləgər davranışlar nümayiş etdirir. Paşinyan açıq şəkildə Rusiya maraqları əleyhinə mövqe ifadə etməklə yanaşı, həm də Rusiya ilə münasibətləri qoruyub saxlamağa xidmət eləyən açıqlamalar da səsləndirməkdədir. Məsələn, Ermənistanın KTMT-dən çıxması ilə bağlı məsələnin hələ də aktual olduğunu deməklə yanaşı, KTMT-nin Ermənistana mülki müşahidə missiyası göndərməyə hazır olduğunu və monitorinq missiyasına təxminən 30 nümayəndənin daxil ola biləcəyi haqda fikirlər səsləndirib. Çox maraqlıdır ki, erməni baş nazirin KTMT-nin bölgəyə müşahidəçi missiyası göndərmək fikirləri Avropa İttifaqının bölgədəki uzunmüddətli missiyasının fəaliyyəti dövrünə təsadüf eləyir. Bu iki fərqli qütbləri təmsil eləyən, hətta düşmən qütblər kimi qiymətləndirə biləcəyimiz qüvvələri təmsil edən missiyalar Ermənistan ərazisində eyni vaxtda hansı formada fəaliyyət göstərəcək, onlar arasında əlaqə necə koordinasiya olunacaq, bunlar hələ açıq suallar olaraq qalmaqdadır. Eyni zamanda Nikol Paşinyan 22 mayda Ermənistanda mətbuat konfransında son zamanlar səsləndirdiyi bəyanatlara zidd olan bir açıqlama da verib. Faktiki olaraq KTMT adından heç vaxt rəsmi açıqlanmayan bir məlumat vermiş olub. Paşinyan bəyan edib ki, KTMT Qarabağı Azərbaycan ərazisi olaraq qəbul etmir. Ona görə də Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi olmadığı mövqeyindədir. Amma çox maraqlıdır ki, Azərbaycanı "86,6 min kvadrat kilometr əraziyə sahib olmayan dövlət" kimi “tanıyan” KTMT Ermənistanın 29,8 min kvadrat kilometr ərazisi olduğunu bəyan edib. Digər ərazilərin kimə aid olduğunu isə bəyan etməyiblər. Bu isə onu göstərir ki, bəli, belə davranışlar əslində Ermənistanın qərbyönümlü mövqeyinin dəyişməsi, Rusiyanın nəzarəti altında proseslərdə iştirak etməkdə maraqlı olması məqsədilə atılan manipulyativ açıqlamalardır. Hesab edirəm ki, bu, Nikol Paşinyanın özünün təxribatı ola bilər".

Politoloq qeyd etdi ki, Paşinyanın KTMT adından manipulyativ təxribatçı açıqlama verməsini sübut eləyən amillər kifayət qədərdir: “KTMT-yə üzv dövlətlərlə Azərbaycanın münasibətləri Ermənistanın həmin dövlətlərlə münasibətindən daha yüksəkdir. Azərbaycanın KTMT-də əsas güc sahibi olan həm Rusiya ilə, digər üzvlər Qazaxıstanla, Qırğızıstanla, Özbəkistanla, Tacikistanla, Belarusla münasibətləri çox yüksək səviyyədədir, etibarlıdır. Bu dövlətlərin təmsil olunduğu hərbi birliyin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələni sual olaraq qoyması hesab edirəm ki, inandırıcı deyil. KTMT üzvü olan ayrı-ayrı dövlətlərin rəsmilərinin dilindən, həm də KTMT-nin rəsmi sənədlərində uzun illər ərzində Ermənistanla Azərbaycan arasında münaqişənin məhz beynəlxalq hüququn prinsipləri çərçivəsində, yəni dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmaları ilə bağlı bəyanatlar olub. Ona görə də Paşinyan həmin açıqlama ilə KTMT-nin mövqeyini sabotaj edir və bunun arxasında heç də KTMT-nin ciddi rəsmi mövqeyi dayanmır. Bu, Nikol Paşinyanın necə qeyri-ciddi, riyakar, qorxaq siyasətçi olduğunu bir daha göstərir. Eyni zamanda həm də Azərbaycanla münasibətlərdə sülh müqaviləsinin imzalanmasına hazır olmaqla bağlı bəyanatlarında qeyri-səmimi olduğunu nümayiş elətdirir. Ermənistan lideri hələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasında zəruri olan güclü siyasi iradəyə sahib deyil”.




Paylaş:


Müəllif : Tarix:
26-05-2023, 09:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər