reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rusiyalı ekspertlər Paşinyanın son addımlarından şübhələnirlər - “Sözdə sülh onu qane edir. İşdə isə...”

reklam

Rusiyalı ekspertlər Paşinyanın son addımlarından şübhələnirlər - “Sözdə sülh onu qane edir. İşdə isə...”


Ermənistanda növbədənkənar parlament seçkilərinin başgicəlləndirici təsiri altında olan baş nazir Nikol Paşinyan populist proqramı ilə gündəmə gəlib. Yenə də əhaliyə əmək haqlarını artıracağını, digər sosial problemləri həll edəcəyini, iqtisadi rifaha nail olacağını vəd edib. Söhbət hökumət başçısının bir neçə gün əvvəl elan etdiyi 2021-2026-cı il üzrə proqramından gedir.

Bu barədə "Kaspi" qəzetində məqalə dərc edilib.

Baş nazir 2018-ci ildə olduğu kimi, yenə də həlli mümkün olmayan layihələrdən danışıb. Bu dəfə yenilik ondan ibarətdir ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərini genişləndirmək və möhkəmləndirmək niyyətindədir. Proqram 6 bölümdən ibarət olsa da, hökumət başçısı əsas diqqəti təhlükəsizlik və xarici siyasət məsələlərinə yönəldib.

Bildirib ki, təhlükəsizliyin təmin olunması, suverenlik və ərazi bütövlüyü əsas məsələ olacaq. Baş nazir ölkənin təhlükəsizliyi üçün zəruri şərtlərdən biri kimi aktiv xarici siyasət yürüdülməsini göstərib. Onun proqramına görə, Ermənistan aktiv və təşəbbüslü xarici siyasət aparmalı, bütün ölkələrlə, beynəlxalq təşkilatlarla işləməlidir. Bununla yanaşı, gözlənildiyi kimi, Paşinyan Ermənistanın təhlükəsizliyi üçün əsas faktoru erməni-rus strateji ittifaqında, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına (KTMT) üzvlükdə gördüyünü deyib.

Baş nazirin səsləndirdiyi fikirlərdən bəzi məqamlar diqqət çəkir. Nikol sərhəddə problemləri həll etməyə, Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etməyə, Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır görünür. Sonuncu da ondan xəbər verir ki, baş nazir ölkəsini blokada vəziyyətindən çıxarmağa çalışır. Maraqlı olan həm də odur ki, Paşinyan Azərbaycanla sərhədə əvvəlcə “beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyirdisə, indi erməni sərhədçilərin yerləşməsindən danışır.

Lakin görünən odur ki, Paşinyan əvvəlkitək əməldə deyil, sözdə Rusiya ilə əməkdaşlığa üstünlük verəcək. Avropa Partiyasının lideri Tiqran Xemalyan erməni mediasına müsahibəsində bildirib ki, baş nazir tədricən, lakin böyük ehtiyatlılıq nümayiş etdirə-etdirə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa başlayacaq. Onun sözlərinə görə, cəmiyyətdə bir çoxları hesab edir ki, Paşinyan Rusiyaya tam şəkildə bağlı biridir və rusiyapərəst siyasət yürüdür. Xemalyanın qiymətləndirməsinə görə, reallıqda Paşinyan çox ehtiyatlı şəkildə ölkəni KTMT və Avrasiya İqtisadi İttifaqından Qərbə doğru - NATO və Avropa İttifaqına aparır. Onların partiyası üçün də hökuməti bu istiqamətə doğru itələmək prinsipial hədəfdir. Əlavə edir ki, “bunu sübut edən başqa faktlar da var. Məsələn, 9 aydır ki, Moskva Yerevanı Qarabağ, eləcə də, Zəngəzurla bağlı müvafiq razılaşmalara imza atdırmağa məcbur edə bilmir”.

Bu fonda artıq Qərbin həddən artıq böyük maliyyə, diplomatik və siyasi dəstəyini göstərmək olar. Eləcə də, siyasətçi bu kontekstdə ABŞ səfirinin Zəngəzura mütəmadi səfərlərini, Fransa prezidentinin presedentsiz aktivliyini, Avropa İttifaqı və ABŞ-ın əvəzsiz maliyyə dəstəyini göstərir.

Xemalyanın qənaətincə, “bütün bu dəstəyi ilk növbədə Qərbin özünün maraqları ilə izah etmək gərəkdir. Onlar üçün Ermənistan İrana açılan qapı deməkdir. Bizim üçün başlıca məsələ Ermənistanın maraqlarının Qərbin maraqları ilə üst-üstə düşməsidir”. Partiya sədri hesab edir ki, Ermənistanın Rusiya orbitindən çıxması qaçılmaz prosesdir və bu proses ilk dəfə deyil ki, baş verir. Burada Ermənistanın istəyi də əsas olmayacaq. Rusiyanın özü öz daxili problemləri üzündən bu addımı atmalı olacaq.

Öz növbəsində qafqazşünas, tarix elmləri namizədi Stanislav Tarasov “Regnum”da müəllifi olduğu məqalədə Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətə və hadisələrin inkişaf perspektivlərinə toxunub.

“Baş nazir hökumətin iclasında Azərbaycanla ən yüksək səviyyədə danışıqları yenidən başlatmaqla bağlı gözlənilməz təklif edib. Rusiya Dövlət Dumasının bəzi nümayəndələri bunu nikbinliklə qəbul ediblər. MDB məsələləri üzrə parlament komissiyasının sədri Leonid Kalaşnikov deyib ki, danışıq aparmaq, üçtərəfli bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə başlamaq və diplomatik münasibətlərə sahib olan ölkələrin etdiyi kimi, işçi qruplarının köməyi ilə demarkasiya ilə məşğul olmaq lazımdır. Öz növbəsində Bakının bəzi ekspertləri düşünürlər ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən görüş istəyib və regional kommunikasiyaları blokadadan çıxarmaq üçün Azərbaycan, Ermənistan, Rusiya Baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini yenidən başlatmağa hazır olduğunu bildirib”, - deyə Tarasov qeyd edib.

Stanislav Tarasovun sözlərinə görə, ən səthi təhlil belə göstərir ki, Ermənistan baş nazirinin hərəkətləri ciddi intriqa elementlərini ehtiva edir.

Rusiyalı ekspert Pavel Felqenqauer isə öz növbəsində Rusiya mediasına müsahibəsində Paşinyanın öz ordusunu yenidən silahlandırmaq planlarını şərh edib. Onun qənaətincə, Ermənistan sərhəddə gərginliyi dəstəkləyir.

“Ermənistan ümid edir ki, bununla Azərbaycanla münaqişəsini beynəlmiləşdirə, Amerikanı, Fransanı prosesə qoşa biləcək. Yerevanın qənaətincə, bununla da strateji qüvvələr balansını öz xeyrinə dəyişə biləcək. Ermənistan xarici qüvvələrin müdaxiləsindən şans əldə etməyə çalışır. Lakin mənim qənaətimcə, bu, axmaq və çox təhlükəli siyasətdir. Azərbaycanla sülhə getmək Ermənistan üçün çox sadə bir məsələ olardı. Ermənistan müharibədəki məğlubiyyətə baxmayaraq, hələ də ambisiyalarını ortaya qoyur. İrəvan Qarabağın qalan hissəsinin perspektivdə Azərbaycana inteqrasiyasını istəmir. Əgər bu baş verərsə, Ermənistan üçün ikinci böyük zərbə və faciə ola bilər. İrəvan və şəxsən Paşinyan buna yol vermək istəmir. Bu səbəbdən də, Qarabağın statusunun müəyyənləşdirilməsini istəyir. Aydındır ki, hərbi əməliyyatların başlayacağı təqdirdə, erməni tərəfinin qələbə qazanmaq şansı yoxdur. Müharibə başlasa, Ermənistan dövlət kimi tamamilə darmadağın olacaq. Paşinyan - demaqoqdur və bu onun siyasi mövcudluğu deməkdir. Məhz bu demaqogiya ilə hakimiyyətə gəlib və ölkəni belə də idarə edir. Təbliğat və demaqogiyanı əsas təsir aləti kimi istifadə etməyə çalışır. Çox yaxşı və istedadlı demaqoqdur. Seçkiləri uddu və bu, ciddi uğurudur. Lakin müharibəni tək demaqogiya və yalan üzərində aparmaq olmaz. Əgər hərbi əməliyyatlara başlasa, heç nə edə bilməyəcək. Bu səbəbdən də, İrəvanın Azərbaycanla gərginliyi saxlamağının yeganə izahı ondadır ki, böyük dövlətlərin işə qarışmasına və bununla da vəziyyəti dəyişməyə ümid edir. Lakin Ermənistan başa düşmür ki, böyük dövlətlərin öz problemləri başından aşır. Buna görə də, onları böyük adlandrırlar”, - deyə fikrini tamamlayıb.

Başqa bir politoloq Aleksandr Perendciyev isə Paşinyanın sülhdən danışmasına toxunur:

“Sözdə sülh onu qane edir. İşdə isə görürük ki, belə deyil. Sülhə doğru irəliləmək revanşistlərin maraqlarına toxunmaq deməkdir. Paşinyan indi keçən ilin payızına kimi irəli sürdüyü mövqe – “nə sülh, nə də müharibə” mövqeyinə əsaslanır. Lakin bu, uzun sürə bilməz. Azərbaycan sadəcə oturub gözləməkdən bezər. İrəvan Qarabağ zonasında vəziyyətin nəzarətdən çıxmasına çalışır. Əsas hədəfi də Rusiyanı münaqişəyə cəlb etməkdir. Bu səbəbdən də, tez-tez KTMT mexanizmlərinin işləmədiyini iddia edir. Bu səbəbdən də, Paşinyanın 44 günlük müharibəyə girişmədiyi üçün Rusiyanı aşağılamağa çalışdığı qənaətindəyəm. Nikol əmin idi ki, müharibə başlayan kimi, Rusiya dərhal Azərbaycan torpaqlarının erməni işğalı altında qalması alətinə çevriləcək. Lakin Rusiya buna getmədi. Paşinyan isə buna çox inanırdı və özünü elə aparırdı ki, guya, ona heç nə təhlükə yaratmır. Bu səbəbdən də, ağlına gələn bəyanatları səsləndirirdi. Rusiya onu dəstəkləmədikdən sonra isə indi fikirləşir ki, “görün indi necə rəqs edəcəksiniz”. Rusiya növbəti dəfə mürəkkəb vəziyyətə düşdü - iki od arasında qaldı. Bizi müharibəyə cəlb edə bilərlər. Lakin bu bizə lazımdırmı? Yox. Bu gün Rusiya atəşin tam kəsilməsi üçün diplomatik səylərini artırmalıdır. Gərginlik artanda deyil, indi fəaliyyət göstərmək lazımdır. Atəşin qarşısı alınmalıdır. İndiki vəziyyət müharibəyə qədərki vəziyyəti- hər iki tərəfin atəş açdığı vaxtları xatırladır. Moskva Paşinyan və Əliyevi danışıqlar stolu arxasında oturtmalı və delimitasiya haqqında razılaşmaya nail olmalıdır. Sovet xəritələrinə uyğun sərhədləri müəyyən etmək gərəkdir - problemli məsələləri müzakirə edib həll etmək zəruridir. Rusiyanın başı hazırda Əfqanıstana qarışıb, çünki burada böyük bir geosiyasi oyun başlayır. Amerikalılar qaçır, amma biz qalırıq. Düşünürəm ki, payızda və ya qışa yaxın Rusiya Ermənistan-Azərbaycan münaqişəsinə qayıdacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq. Rusiyanın Ermənistan ordusunda islahat aparmağa hazır olmasına gəlincə, bu, müttəfiq münasibətləri çərçivəsində baş verir. Amma Azərbaycan bizim strateji tərəfdaşımızdır və bir şey olsa, Rusiya yeni silah əldə etmək məsələsində hər zaman onunla əməkdaşlığa hazırdır. Bundan əlavə, Əfqanıstandakı vəziyyətlə əlaqədar bir çox məsələləri bu gün ordusu Kabil hava limanını qoruyan Türkiyə və Azərbaycanla əməkdaşlıq edərək həll etməmiz mümkündür. Görünən odur ki, bizlər qonşu kimi fərqli istiqamətlərə çox boylana bilmərik”.


Paylaş:


Müəllif : Tarix:
22-08-2021, 22:27
Sikayət   


loading...
Загрузка...