reklam
Regionxeberlericom.az » Sosial » Ayaqyolu qalmaqalı ilə gündəmə gələn məktəbdə son durum: - Direktor və müəllim üz-üzə

reklam

Ayaqyolu qalmaqalı ilə gündəmə gələn məktəbdə son durum: - Direktor və müəllim üz-üzə


Xəbər verildiyi kimi, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib.


Sözügedən görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.


Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən məktəbdə üç sanitar qovşağı var:


"Məktəb qəzalı vəziyyətdə olduğundan, 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".


Qeyd edək ki, sosial şəbəkələrdə paylaşım edən müəllimə görüntülərə görə töhmət verilib. Hazırda məktəbdəki vəziyyət və problemin həlli üçün müəllimə töhmətdən başqa hansı işlərin görülməsi ilə bağlı sözügedən məktəbin direktoru ilə saxladıq.


Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin direktoru Anar Ələkbərov Cebhe.info-ya bildirib ki, problem bu gün həll olunacaq:


“Məktəb 1969-cu ildə tikilib, 1972-ci ildə istifadəyə verilib. Məktəbimiz köhnədir, 3 sanitar qovşağı var. Sadəcə, müəllim paylaşım edib ki, sanitar qovşaq olmasa, məktəbə gəlməyəcəm. Mil-Muğan Regional Təhsil İdarəsində tərəfindən iş araşdırılır, hazırda quraşdurma işləri gedir, günün sonunda təhvil veriləcək”.


Direktor məktəbdə 477 şagirdin təhsil aldığını əlavə edib. Məktəbdəki problemi işıqlandıran və töhmət alan müəllim, ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva Cebhe.info-ya deyib ki, paylaşıma görə məktəb rəhbərliyi və müəllimlərin qınaq obyektinə çevrilib:


“Mənə məktəb rəhbərliyi və müəllimlər deyirlər ki, ayıb olsun, müəllim də belə şeyi dilə gətirər? Sən bura dərs keçməyə gəlmisən, məktəbin problemlərini işıqlandırmağa gəlməmisən. Doğrudur, mən bura dərs keçməyə gəlmişəm, birinci uşağın tərbiyəsi ilə məşğul olmalıyam. Amma buradakıların fikri başqadır. Bu gün mən uşağı qoruyuramsa, uşağın nəyəsə ehtiyacı varsa, mən bunun tələbatını ödətdirirəmsə, deməli, mən pis müəlliməm? Mənim işim ancaq uşağa “5+5” öyrətməkdir? Bunlar ancaq bunu istəyirlər. Mən isə burada yenilik, yaxşılıq, istilik istəyirəm. Niyə uşaq o vəziyyətə gəldi çatdı, çünki sinif soyuqdur, məktəb pis gündədir, uşaq çölə ayaqyoluna gedir, orada növbədə soyuqda dayanır. Uşaq ayaqyoluna gedir, içəri girəndə sürüşür, yıxılır. Deyir ki, çatdıra bilmədim. Cəmi bir ayaqyolu var, o da çöldədir, uçuq-sökükdür, ora da dırmaşmaq üçün uşaq əziyyət çəkir”.


O, məktəbdə hazırda bununla bağlı heç bir tədbirin görülmədiyini bildirib:


“Heç nə olmayacaq, bu gün tökülüşüb gəldilər. Gələnlərdən biri mənə dedi ki, dövlət sizin üçün ayaqyolu ayırsa, ziyana gedəcək. Deməli, ora dövlət 5 ədəd ayaqyolu artırsa, ziyana düşəcək? Bu, nə deməkdir? Bizim məktəb neçə ildən sonra, yəni uşaqlar böyrək xəstəliyi tapandan sonra plana düşüb. Məktəbdə 500-ə yaxın şagird təhsil alır. Səhər növbəsində 300 şagird oxuyur və hamısı da eyni vaxtda tənəffüsə çıxır. Onun 150-si ayaqyolunun qabağındadır. Dərsimiz niyə pozulur? Hər uşaq ayaqyolunda 5 dəqiqə vaxt itirir, 17 uşağın orada 300-ə yaxın uşağı gözləməsi görün nə qədər vaxt aparır”.


16 ildir müəllim işləyən Leyla Nəcəfquliyeva ötən illərdə problemin niyə yaşanmadığına da belə aydınlıq gətirib:


“Keçən il məndə həm IV, həm də məktəbəqədər hazırlıq sinfi idi. Onların dərslərinin başlaması ilə digər siniflərin dərs vaxtı fərqli idi. Son bir neçə ay bu problemlər başladı. Böyük siniflərin şagirdləri mənim balacalarımı itələməyə başladılar. Ondan sonra əsəbiləşdim ki, məktəbdə 1 yox, 15 ayaqyolu olsaydı, belə problemlər yaranmazdı, uşaqların əyin-başı çirklənməzdi”.


Leyla müəllim töhmət məsələsinə də münasibət bildirib:


“Mənə ona görə töhmət veriblər ki, uşaqlara demişəm, siz də məktəbə gəlməyin, mən də gəlməyəcəm. Amma töhmət sənədini mən görməmişəm, sadəcə, şəklini çəkib mənə atıblar. Yaxşı da oxunmurdu. Amma töhməti də özlərinin xeyrinə çıxarıblar, haram xoşları olsun. Əsas odur ki, bu iş belə qalmadı. Ayıb olsun onlara ki, məni bu vəziyyətə gətirib çıxardılar”.


Qeyd edək ki, bu il həmin məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu. Həmin vaxt təhsil müəssiəsi bildirmişdi ki, məktəbin yeni binasının tikintisi məsələsi 2022-2023-cü illər fəaliyyət planına salınıb. Qeyd olunub ki, gələn il şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəb üçün yeni bina inşa ediləcək.




Paylaş:


Müəllif : Tarix:
9-01-2023, 15:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər