reklam
Regionxeberlericom.az » Sosial » Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək? - Təhsil naziri cənab C.Bayramovun diqqətinə...

reklam

Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək? - Təhsil naziri cənab C.Bayramovun diqqətinə...


Rubrika.az saytına Yasamal rayonunda yerləşən 20 nömrəli məktəb-liseydə baş verənlər haqqında ilginc məlumatlar daxil olub. Verilən xəbərlərə görə, məktəbdə korrupsiya və rüşvət ayaq açıb yeriyir. Məktəbdə baş verənlərə nəzər salsaq elə qənaətə gəlmək olar ki, ya Təhsil nazirliyinin burada baş verənlərdən xəbəri yoxdur, və yaxud nazirlikdən kənar hansısa gizli qüvvələr direktoru əməlli-başlı himayə edir. Əks təqdirdə bir təhsil ocağında bu qədər özbaşınalıqların olması mümkünsüzdür.

Saytımıza verilən məlumatlara görə, məktəbin direktoru Səadət Veyisova despotik idarəetmə üsulu ilə ölkə qanunlarına məhəl qoymur. Məktəbdə baş verən qanunsuzluqlarla bağlı bu yolla hər ay büdcədən xeyli vəsaitin mənimsənildiyi bildirilir.
Rubrika.az saytına verilən məlumata görə, 20 saylı məktəbin yuxarı siniflərində davamiyyət çox bərbad vəziyyətdədir. 10-11-ci siniflərdə təhsil formal xarakter daşıyır. Hər sinifdə 25-30 nəfərin adının getməsinə baxmayaraq, dərslərdə barmaqla sayılası şagird iştirak edir. Yerdə qalanlar isə repititor yanına, yaxud müxtəlif pullu kurslara gedirlər. Pul demişkən adları jurnalda olub özləri dərsə gəlməyən şagirdlərin hər biri direktorun büdcəsinə gələn əlavə vəsaitdir. Bu isə bir dərs ili üçün ən azından 2500-3000 manat pul deməkdir. X-XI siniflərdə yüzlərlə belə şagirdin olduğunu nəzərə alsaq məbləği kalkulyatorsuz hesablamaq mümkün olmaz.
Bütün bunlardan əlavə məktəbdə hər ay kütləvi surətdə müxtəlif adlar altında pul yığılır. Müəllimlərin dediyinə görə indiyə qədər bütöv maaş aldıqları yadlarına gəlmir. Ümumiyyətlə aylıq sistemi 20 saylı məktəbin yazılmamış qanunu hesab edilir.
Rubrika.az saytına verilən məlumata görə, direktorun ambisiyaları o qədər artıb ki, artıq Bakı şəhər Təhsil İdarəsinin tələblərinə belə məhəl qoymur. Belə ki, 18 saylı məktəbdə BBTİ-nin direktorların iştirakı ilə keçirdiyi iclasa özü getməyi məqsədəuyğun hesab etməyən Səadət Veyisova müavinini göndərib. Bu hörmətsizliyə əsəbləşən Rəşad Tağıyev müavinə “təcili direktorunu da çağır” deyərək iradını bildirib. Əgər nəzərə alsaq ki, bu yığıncaq BBTİ-nin yeni rəisi Rəşad Tağıyevin ilk iclaslarından sayılır, sonrasında nələr baş verəcəyinin təsəvvür etmək çətindir. Bu isə S.Veyisovanın bir daha "hegemon direktor" olmaq reallığını göstərir.
Rəhbərlik etdiyi məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxlayan bir direktora qapının yolunu göstərməyin vaxtı çatmayıbmı?

Azərbaycan müəllimlərinin XV qurultayı təhsil sektorunda son illərdə baş verən dəyişiklikləri, yenilikləri özündə əks etdirdi. Həmçinin qurultay ölkə müəllimlərinin qarşısında yeni vəzifələr də qoydu. İndi hamı başa düşür ki, müasir dünyanın hər gün dəyişən tələbləri ilə ayaqlaşmaq üçün ilk növbədə bu tələblərə cavab verən təhsil sistemi formalaşdırılmalıdır. Amma, Rubrika.az saytına daxil olan məlumatları saf-çürük etdikdə görürük ki, nəinki işini müasir tələblər səviyyəsində qurmayan, hətta hələ də “fond pulu” , “süpürgə pulu” havasında yaşayanlardan bəziləri vəzifə başındadır.

Belə ki, bu günlərdə 20 saylı məktəb-liseydə Valideyn-Müəllim Assosiasiyası üçün hər bir şagirddən aylıq 5 manat pul yığılması ilə bağlı informasiyalar yayılmışdı. Eyni zamanda özünü məktəb direktorunun köməkçisi kimi təqdim edən xanımın səs yazısı da bəzi saytlarda yayımlandı. Hər vasitə ilə məktəbdə pul yığılmasına qanuni don geyindirməyə çalışan xanım “məktəbin mühafizəsinin, xadiməsinin, qapı-bacasının” yığılan bu pullarla saxlanıldığını iddia edir. Təsəvvür edin ki, bu sözləri bir zamanlar Şamaxı rayon Təhsil şöbəsinə rəhbərlik etmiş, təhsil nazirliyində mühüm postda işləmiş, hal-hazırda paytaxtın ən böyük təhsil kompleksinə rəhbərlik edən bir şəxsin “adından” söyləyirlər. Görəsən dövlətin təhsil siyasətinə, görülən böyük işlərə, aparılan islahatlara bundan daha böyük zərbə vurmaq olarmı ?

Qos-qoca dövlətin paytaxtın mərkəzində yerləşən bir məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxladığı iddiası ilə bu rüsvayçılığa don geyindirməyə çalışan xanım... Pardon, yuxarıda qeyd etdik ki, özünü məktəb direktorunun köməkçisi kimi təqdim edən bu şəxs... Əslində elə Səadət Veyisovanın şəxsən özüdür. Onunla əlaqə saxlayan jurnalisti bu yolla “yola verən” S. Veyisova məni ki, aldada bilməz. Axı mən onun səsini hələ Şamaxıdan –məktəb müəllimliyindən ta rayon Təhsil şöbəsinin müdiri olduğu zamana kimi yaxşı tanıyıram. Bu səsin sahibinin Şamaxıda etdiklərinin səs-sorağı hələ də oradakıların qulaqlarından çəkilməyib. Görünür paytaxta gəlişindən sonra Səadət xanım həm də özünün köməkçisi olmaq kimi daha bir fitri istedadını kəşf edib.

Xatırladaq ki, Rubrika.az saytına daxil olan məlumatlarda bildirilir ki, 20 saylı məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn-Müəllim Assosiasiyası yaradıb və assosiasiyaya da valideynlər arasından prezident və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.

Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Məhz bu məsələyə münasibət öyrənməyə çalışan jurnalisti Səadət xanımın “köməkçisi” Səadət xanım beləcə cavablandırmış, məktəbin “qapı-bacasının” saxlanmasının yeni modelini açıqlamışdı.

Rubrika.az saytına verilən məlumata görə, Səadət Veyisova məktəbə rəhbərlik etdiyi qısa müddət ərzində artıq iki dəfə töhmətlə “mükafatlandırılıb”. Görünür onun “qapı-baca əməliyyatı” barəsində lazımi yerlər ilkin informasiyaya malik olublar.

Qeyd etdiyimiz kimi Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Amma, yuxarıda qeyd etdiyimiz kimi bütün karyera yüksəlişləri dönəmində özündən sonra “silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar. Onun rəhbərliyi Şamaxı təhsilinə “səadətli günlər” yaşatmasa da vurduğu zərbələrin yaraları hələ də sağalmır. Bu gün də eyni ampuladan çıxış edən S. Veyisova sadəcə dediyi iki kəlmə sözlə Azərbaycanın bütün təhsil sistemini, dövlətin təhsil strategiyasını yerlə bir etməyi bacarıb. Sanmayın ki, rəhbərlik etdiyi məktəbdə baş verənləri gizlətmək üçün “ən modern yollara” əl atan S. Veyisovanın “gizlənqaç” oyunu bununla bitir. O vəzifə pillələrində yüksəlmək üçün ən vacib məlumatları belə ona etimad göstərənlərdən gizlətməyə müvəffəq olub.

Övladının quldurluq maddəsi ilə həbs olunmasını tərcümeyi-halında gizlədən direktor

Hamıya məlumdur ki, övladının səhvi ucbatından son illərdə Azərbaycanda ən yüksək vəzifəli şəxslər belə cəzalandırılıb, kreslosu ilə vidalaşmalı olub. Övladının nümunəvi davranışı ilk növbədə təhsil işçiləri üçün vacibdir. Ələlxüsus bu vəzifədə olanlar üçün zəruridir. Amma, nədənsə S. Veyisova öz dosyesindən oğlu Tamerlanın Rusiya Federasiyasında quldurluq maddəsi ilə həbsdə olması faktını məharətlə gizlədə bilib. Öz doğma övladını layiqincə tərbiyə edə bilməyən birinə minlərlə şagirdin taleyi necə etibar edilir görəsən? Yəqin ki, hörmətli Təhsil naziri Ceyhun Bayramov, nazirin müavini Məhəbbət xanım Vəliyeva artıq bu fakta biganə qalmayacaqlar. Çünki, ölkənin təhsil sektorunu “qapı-pəncərə sexinə” döndərən S. Veyisova öz keçmişini, oğlunun qaranlıq dosyesini ona etimad göstərənlərdən gizlədib. Yəqin ki, bu gizlinin üzərinə gün işığı doğandan sonra Təhsil nazirliyi lazımi tədbirləri görəcəkdir. Rəhbərlik etdiyi məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxlayan bir direktora qapının yolunu göstərməyin vaxtı çatmayıbmı?

Yuxarıda qeyd edilən məlumatları nəzərə alaraq aşağıdakı sualları cavablandırmanızı xahiş edirik:
1. Məktəbin yuxarı siniflərində davamiyyətin aşağı olması, şagirdlərin pul qarşılığında müxtəlif kurslarda təhsil almasına şərait yaradılmasına münasibət bildirmənizi xahiş edirik
2. Məktəbdə hər ay müxtəlif adlar altında müəllim və şagirdlərdən pul toplanılması barəsində məlumatlar verilir. Bu barədə məktəbin direktoru kimi münasibət açıqlanmasını xahiş edirik.
3. 20 saylı məktəbdə “ölü ştatların” olması barəsində informasiya verilir. Hər ay belə “işçilər”in hesabına büdcədən mənimsənilən böyük məbləğdə vəsaitlərin taleyi barədə məlumat vermənizi xahiş edirik.
4. Təhsil Nazirliyinin məktəblərdə şəffaflığın təmin edilməsi üçün silsilə tədbirlərin keçirdiyi bir zamanda 20 saylı məktəbdə baş verən korrupsiya və rüşvət hallarını necə izah edərdiniz?
5. Direktor S.Veyisovanın öz tərcümeyi-halını gizlədərək övladının Rusiya Federasiyasında quldurluq maddəsi ilə bağlı həbsdə olub-olmaması ilə bağlı məlumat verməyinizi xahiş edirik.
6. Direktor S.Veyisovanın 20 nömrəli məktəb-liseydə işlədiyi müddətdə bir neçə dəfə töhmət alması ilə bağlı münasibət bildirməyinizi xahiş edirik.

Rubrika.Az saytının Baş redaktoru: Nicat Mahmudov


Paylaş:


Müəllif : Tarix:
4-06-2019, 12:01
Sikayət   


loading...
Загрузка...