reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Süd bazarında saxtakarlıq: istehlakçının aldadılması haradan başlanır? - ARAŞDIRMA

reklam

Süd bazarında saxtakarlıq: istehlakçının aldadılması haradan başlanır? - ARAŞDIRMA


Azərbaycan əhalisinin istehlakında mühüm yer tutan məhsullardan biri də süd və süd məhsullarıdır. Uzun illərdir bu məhsulların keyfiyyəti ilə bağlı cəmiyyətdə müzakirələr aparılır. İnsanlar, bir qayda olaraq, piştaxtalarda olan süd və süd məhsullarına deyil( yoğurt, dondurma və sair istisna olmaqla), fərdi şəxslərin təklif etdiyi məhsullara üstünlük verirlər.

Bu gün Bakı şəhəri istisna olmaqla, digər regionlarda əhalinin böyük əksəriyyəti məhz heyvan saxlayan fərdi şəxslərin istehsal etdiyi süd, qatıq, şor, pendir, yağı alır. Hətta Bakı ətrafı qəsəbələrdə də eyni vəziyyətdir. Kiçikli-böyüklü müəssisələrdə(“sex-zavod”) istehsal olunan məhsulların keyfiyyətinə inam aşağı səviyyədədir. Halbuki normal halda emal olunmuş - müxtəlif zərərli maddələrdən (bakteriya və mikrooqranizmlərdən) təmizlənmiş hər bir məhsul istifadə üçün bu prosesi keçməyən məhsuldan daha təhlükəsizdir. Lakin Azərbaycan cəmiyyəti hələ də bunun əksini düşünməkdədir və istehlak davranışları da əsasən bu düşüncənin təsiri ilə formalaşıb. Digər tərəfdən, piştaxtalardakı süd və süd məhsulları fərdi təsərrüfatların məhsullarından 70-80 faiz bahadır. Məsələn, hazırda Bakı şəhərində 1 litr xam südü fərdi istehsalçıdan 1 manata, onun pasterizə olunmuşunu marketlərdən 1,7-2,1 manata almaq olur. Qiymətdə olan bu fərq də alıcıların fərdi istehsalçıya yönəlməsinə gətirən əsas faktorlardan biridir.

İdxaldan real asılılıq nə qədərdir?

Ötən il Azərbaycanda süd və süd məhsullarının adambaşına illik istehlakı 240,2 kiloqram (südə çevrilmiş halda) təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi 395 kq normanın 81 faizə yaxını deməkdir. Lakin Nazirlər Kabinetinin 2014-cü ildə müəyyənləşdirdiyi adambaşına minimum istehlak normasından - 232,4 kq-dan yuxarıdır. Hansı ki, əksər ekspertlər Nazirlər Kabinetinin tərtib etdiyi minimum istehlak normalarının ümumdünya normalarından çox aşağı olduğu səbəbilə artırılmasını təklif edirlər.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə Rusiya Səhiyyə Nazirliyi tərəfindən əsas ərzaq məhsullarının illik istehlak normaları təsdiqlənib. Bu normalarda süd və süd məhsullarının adambaşına illik istehlak həcmi südə çevrilmiş halda 325 kq, gündəlik 890 qram müəyyənləşdirilib.

Avropa Bilriyində adambaşına illik real süd və süd məhsulları istehlakı 306 kiloqram təşkil edir. Dünyada istehsal olunan südün 43 faizini istehlak edən Asiya ölkələrində bu 78 kq-dır.

Çində illik istehlak norması adambaşına 109,5 kq, gündəlik 300 qram müəyyənləşdirilib, real istehlak bundan 2 dəfə aşağıdır. Almaniyada bu göstərici 91-113 kq müəyyənləşdirilib, real istehlak bundan 3 dəfə yüksəkdir - 350 kq. ABŞ-da illik istehlak norması 18 yaşa qədər uşaqlar üçün illik 415 kq gündəlik 1137,7 qram müəyyənləşdirilib, istehlak həcmi də buna uyğundur.

Rəsmi statistikaya inansaq, hazırda Azərbaycan südə olan illik tələbatının(təxminən 2,5 milyon ton) 86,7 faizini yerli istehsal hesabına təmin edir, cəmi 13,3 faiz idxal məhsuludur.

Yenə rəsmi statistikaya görə, ölkədə 1 milyon 200 min südlük inək var. Bunun mütləq əksəriyyəti fərdi təsərrüfatlarda olan qeyri-cins heyvanlardır. Belə ki, hazırda ölkədə süd istehsal edən cəmi 37 müasir fermer təsərrüfatı var. Cins heyvanlardan günə 20 litr, yerli cinslərdən isə 5-7 litr süd sağılır. Ona görə də heyvan göstəricisinə baxmayaraq, süd o qədər də bol deyil. Üstəlik, fərdi təsərrüfatlardan südü toplamaq kifayət qədər böyük resurslar tələb edir ki, bu da istehsal olunan malın maya dəyərini artırdığına görə heç kimə sərf etmir.

Bu səbəbdən də Azərbaycanda istehsal olunan süd məhsullarının böyük hissəsi xaricdən gətirilən quru süddən əldə olunur. Bu isə yerli istehsalın mühüm bir hissəsinin də əslində idxal məhsulu olduğunu deməyə əsas verir.

Süd və süd məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov mətbuata verdiyi müsahibədə bunun səbəbini göstərib: “Bizim süd təsərrüfatlarına imkan yaratsalar, 90 faiz özümüzü təmin edə bilərik. Problem ondadır ki, quru süddən emal olunan məhsul təbii süddən emal edilən məhsuldan daha ucuzdur. Əslində quru südün bir problem tərəfi yoxdur, bu, südün tərkibinin buxarlanması nəticəsində qalan quru hissəsidir. Problem odur ki, quru südü yenidən südə çevirəndə onun tərkibinə yağ vurulmalıdır. Bir çox emalçılar onun içinə palma tərkibli yağlar vururlar. Palma yağı 2 man 50 qəpik, kərə yağları 14-15 manatdır. Problem həmin falsifikat mallarındadır”(Oxu az).

Quru südə inam niyə itib?

Birlik rəhbəri quru süddə bir problem olmadığını qeyd etsə də, reallıq bu məhsulla bağlı ciddi saxtakarlıqların olduğundan xəbər verir. Belə ki, quru süd pasterizə olunmuş inək südünün yüksək temperaturda qurudulması nəticəsində əldə olunan tozdur. Quru südün təzə süddən əsas üstünlüyü daha uzun müddətdə saxlanmaq imkanının olmasıdır. Quru süd əldə olunması üçün təzə süd əvvəlcə lazım olan yağlılığa gətirilir, yüksək təzyiqli aparatlarda qatılaşdırılır, daha sonra homogenlşdirilərək 150-180 dərəcə temperaturda tərkibindəki su tamamilə qurudulur. Südün tərkibi 85 faiz sudan ibarət olduğuna görə 1 kq quru südün əldə olunmasına kifayət qədər böyük həcmdə təzə süd sərf edilir. Bu isə təmiz quru südün çox bahalı məhsul olmasını şərtləndirir.

Süd yüksək temperaturda qurudularkən zərərli oksisterollar yaranır ki, bu üzdən bir çox ölkələrdə quru süddən istifadə qadağan edilib. Yüksək təzyiq altında homogenləşdirmə də heç də xeyirli proses hesab olunmur. Bundan başqa, qurudulma zamanı südün tərkibindəki vitaminlərin bir çoxu məhv olur ki, getdikcə daha çox insan bu səbəblə quru süddən istifadəni dayandırır.

Quru südün reputasiyasını zədələyən daha bir faktor onun saxtasının kütləvi şəkildə istehsalıdır - belə saxta məhsulun tərkibində xam südün miqdarı cüzi səviyyədə olur: əsasən soya, nişasta və şəkər qarışığından ibarət olur. Hazırda bütün dünyada belə saxta quru süd istehsalı aktual problemlərdən biri hesab olunur.

S.Eyyubovun dediklərindən belə məlum olur ki, ölkəyə gətirilən quru südə burada ucuz yağlar qatılmaqla keyfiyyətsiz məhsul əldə edilir. Təsəvvür etmək çətindir ki, xaricdə istehsal edilən saxta quru süd burada da əlavə saxtakarlığa məruz qaldıqda, insan oqranizmi üçün nə qədər təhlükəli məhsul əldə olunur.

İdxal və istehsalda keyfiyyətə necə nəzarət olunur?

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2018-ci ildə idxal olunan süd və süd məhsullarına dair baytarlıq tələbləri müəyyənləşdirilib. Bu tələblərə əsasən ölkəyə məhsulun ixraca tədarük edilməsi haqda ixracatçı ölkənin mərkəzi dövlət baytarlıq xidmətinin icazəsinə malik və onun daimi nəzarətində olan, süd emalı müəssisələrində istehsal edilmiş, yoluxucu heyvan xəstəliklərindən rəsmi qaydada azad təsərrüfatlardan olan sağlam heyvanlardan alınmış süd və süd məhsullarının idxalına icazə verilir. Süd məhsullarının istehsalı üçün istifadə olunan süd insan sağlamlığı üçün təhlükəli olan patogenli mikroorqanizmlərin məhv edilməsi üçün kifayət qədər termiki işləmələrdən keçirilməlidir. Tədarük edilən süd məhsulları nəticədə həyat qabiliyyətinə malik patogenli floranın olmamasına zəmanət verən təkrar emal prosesinə məruz qalmalıdır. Süd məhsulları ixracatçı ölkənin səlahiyyətli dövlət xidməti tərəfindən insanların qidaya istifadəsi və məhdudiyyətsiz azad satış üçün yararlı olması kimi tanınmalıdır.

Süd məhsullarının idxalı yalnız AQTA-dan icazənin alınmasından sonra mümkündür. AQTA-dan sorğumuza cavab olaraq verilən məlumata görə, ölkəmizdə süd və süd məhsullarında pensilin, streptomisin, levomisetin, tetrasklin qrupu antibiotiklərinə nəzarət edilir. Bundan əlavə, süd və süd məhsullarının keyfiyyətinə dair 23 milli standart hazırlanaraq tətbiq olunur. Lakin qurum bildirir ki, süd və süd məhsullarına dair hər hansı keyfiyyət standartlarının tətbiqi könüllü xarakter daşıyır: “”Standartlaşdırma haqqında" Qanuna əsasən Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tutur. Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır".

Azərbaycana idxal edilən qida məhsulları gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir: “Həmin məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər”.

Qurumun Bakı regional bölməsinin rəhbəri Əkbər Əliyevin “Yeni Müsavat”a dediyinə görə, yayda Lerik, Lənkəran, Şimal zonalarında reydlər keçirilib: “Məlum oldu ki, qəbul məntəqələri maya dəyərini aşağı salmaq üçün südün yağını alıb, ona bitki mənşəli yağlar əlavə edirlər. Bu faktlarla bağlı ciddi tədbirlər görüldü”.

Ə.Əliyevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsi sanitariya qaydalarının pozulmasına görə, 289-cu maddə baytarlıq ekspertizasından keçməyən məhsulların istehsalı, satılmasın görə, 447-ci maddə istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyəti müəyyənləşdirir. Həmin maddələri pozan vəzifəli şəxslərə 200-2000 manat cərimə nəzərdə tutulur. Biz agentlik olaraq çalışırıq ki, keyfiyyətsiz məhsulun satışa çıxmasının qarşısını alaq, nəinki satışa çıxandan sonra kimisə cəzalandıraq. Bu məsələdə istehlakçılardan dəstək gözləyirik".

S.Eyyubov isə çıxış yolunu istehsalçıların istifadə etdikləri xammalla bağlı məhsulun üzərinə düzgün məlumat yerləşdirməsində görür: “İndi sərhədi bağlamaq, kvotalar qoymaq şərt deyil. İstehsalçılar məhsulun üzərində göstəricini düzgün göstərsinlər. Alıcı bilməlidir ki, piştaxtadakı mal spred yağdanmı düzəldilib, yoxsa təbii kərə yağındanmı? Quru süddənmi, yoxsa təbii süddənmi? Bunu bilən hər istehlakçı da cibinə görə seçim edəcək. Azərbaycanda hazırda alıcıya bu hüquq verilmir, çünki spred yağlardan hazırlanan məhsullar gizli şəkildə piştaxtaya çıxarılır”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
21-09-2019, 09:03
Sikayət   


loading...
Загрузка...