reklam
Regionxeberlericom.az » Dünya » Paşinyanı devirmə planı yenidən gündəmə gəlir - ermənilər başını itirib

reklam

Paşinyanı devirmə planı yenidən gündəmə gəlir - ermənilər başını itirib


Ermənistan 44 günlük müharibədə dövlət kimi tamamilə sarsıldı və bu günədək özünü düzəldə bilməyib. Əksinə, apardıqları yanlış, destruktiv siyasətlə tam dalana dirəniblər, nə etməli olduqlarını müəyyənləşdirə bilmirlər.

Vəziyyət hazırda çox gərginləşib və bu periodda yenidən Nikol Paşinyanın istefası, onun hökumətinin devrilməsi məsələsini gündəmə gətirirlər.

“Ermənistanın baş naziri Nikol Paşinyan Praqada səsləndirdiyi mövqeyindən əl çəkməyə məcbur edilməlidir, əks halda bu, müharibəyə gətirib çıxaracaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində canlı yayımda bildirib.

Oskanyan erməniləri ayağa qalxmağa, küçələrə çıxmağa və hakimiyyətin mövqeyini dəyişdirməyə çağırıb.

Paşinyan özü də səksəkədədir və bu səbəbdəndir ki, hökumətin iclasında yenə də sərsəm bəyanatlar səsləndirib.

Azərbaycan XİN bununla bağlı açıqlama yayıb: “Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin. Ümidvarıq ki, Ermənistan tərəfi postmünaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək”.

Bu arada ermənilər İrəvanda mitinq təyin ediblər. Maraqlıdır ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan da müxalifətin sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqində iştirak edəcək.

Belə görünür ki, İrəvanda növbəti dəfə revanşistlər hərəkətlənir və tarana getmək variantına əl atmaq niyyətləri var.

Bu gedişat nə vəd edir? Ermənistan qarışa və hakimiyyət dəyişə bilərmi? Bu zaman revanişistlər yenidən müharibəyə başlaya bilərmi?

Məlumata görə, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində, xüsusilə Laçın Nəzarət Buraxılış Məntəqəsi ətrafında baş verən proseslər Ermənistanda və Qarabağdakı separatçı qondarma qurumun rəhbərləri arasında vəziyyəti yenidən gərginləşdirib. Ermənistanın havadarlarının verdiyi dəstəyə arxayın olan İrəvan və separatçı qüvvələr bu dəstəkdən heç bir real nəticə əldə edə bilmədikdən sonra əks qüvvələrin ciddi təzyiqi ilə üzləşməkdədir. Ermənistanda revanşist qüvvələr aktivləşərək hakimiyyətin yarıtmaz siyasəti və Azərbaycanla güzəşt siyasətinə qarşı çıxırlar, xalqın etiraz aksiyalarını təşkil etməyə çalışırlar. Ona görə də 2 sentyabr tarixinə İrəvanda mitinq təyin olunub: “Xalq bu mitinqlərə dəvət olunub. Təəssüflə qeyd etməliyik ki, Ermənistanda revanşist qüvvələr, keçmiş Qarabağ klanının üzvləri ilə yanaşı, bir sıra reallıqları dərk eləyən, Azərbaycanın mövqeyi ilə barışmaq məcburiyyətində olduqlarını başa düşənlər də bu etiraz aksiyalarına dəstək verməkdədir. Bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistanda mövcud hakimiyyətə əks qüvvələrin arxasında dayanan Rusiya Ermənistanda vəziyyəti gərginləşdirməklə, sosial-siyasi narazılığı artırmaqla mövcud hakimiyyətin Qərb vasitəsilə Azərbaycanla danışıqlara getmə perspektivinin qarşısını almağa və mümkün razılaşmaların imzalanmasına imkan verməməyə çalışır. Mən hesab edirəm ki, humanitar yardım şousu ətrafında Qərbdən edilən təzyiqlərə Rusiya tərəfindən dəstəyin verilməməsində də başlıca səbəb bundan ibarətdir. Çünki Rusiya çox gözəl anlayır ki, Qərb vasitəçiləri, xüsusilə Fransa vasitəçiləri ilə Azərbaycana hər hansı bir təzyiqin edilməsi və ermənilərin xeyrinə hansısa nəticələrin əldə olunması Rusiyanın bölgəyə təsir imkanlarının zəiflədilməsi, sıradan çıxarılması ilə yekunlaşacaq. Bunu nəzərə alaraq biz 1 aydan artıqdır davam edən şouya Rusiya tərəfdən açıq dəstəyin nümayiş olunmadığını görürük. Tam əksinə, Ağdam-Xankəndi yolu ilə bağlı məsələdə Rusiya tərəfinin daha loyal mövqeyini müşahidə etməkdəyik”.

A.Əliyevin sözlərinə görə, bu, təbii ki, Rusiyanın bölgədə sülh istəməsindən irəli gəlmir: “Rusiya anlayır ki, indiki şəraitdə Qərbin bölgəyə daxil olma imkanları Ermənistan və separatçılar üzərindən mümkün ola bilər. Ona görə də mümkün qədər Qərbdən gələ biləcək təzyiqlərin qarşısında həm də Rusiyanı görürük. Eyni zamanda Qərb də kifayət qədər ciddi addımlar atmaqla bölgəyə daxil olmaq və bölgədəki prosesləri özlərinin neoimperialist maraqlarına uyğunlaşdırmağa çalışırlar. Amma Azərbaycanın müttəfiqləri ilə birgə sərgilədiyi soyuqqanlı, ağıllı, düşünülmüş, nəticəyönümlü davranışının yekununda həmin təzyiqlər heç bir real nəticələr doğurmadan, demək olar ki, öz təsirini itirməkdədir. Bunu görən Rusiya Ermənistanda mövcud hakimiyyətə təzyiqləri artırmaqla Qərbin əlində alət olmağın onun üçün hansı itkilərə gətirib çıxaracağını bir daha nümayiş etdirmək istəyir. Bu gün Ermənistanda baş verən qarışıqlıqlar, keçmiş xarici işlər naziri Oskanyanın xalqı etirazlara çağırması, Robert Köçəryanın və Serjik Sərkisyanın 2 sentyabr mitinqində iştirak edəcəklərinin bəyan edilməsi onu göstərir ki, ağaları - rəsmi Kreml Ermənistanda vəziyyəti yenidən gərginləşdirmək və bununla da Ermənistan hakimiyyətinə bir daha öz gücünü nümayiş etdirməyi və təbii ki, Qərb vasitəsilə Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinə ciddi zərbələr vurmağı planlaşdırır. Bu hadisələrin Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını düşünmürəm. Ermənistanda bunun üçün real şərtlər mövcud deyil. Revanşist qüvvələrə qarşı Ermənistan əhalisinin böyük hissəsində antipatiya mövcuddur. Eyni zamanda xalqın böyük hissəsi Qərbyönümlü siyasi xətti dəstəkləyir. Amma Rusiyanın Ermənistana ordu vasitəsilə təsir imkanları genişdir. Rusiya Qərb vasitəsilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinin qarşısını ala bilər”.

Politoloq qeyd etdi ki, revanşistlərin və onların xarici dəstəkçilərinin çağırışlarında, addımlarında məqsəd Ermənistan dövlətinin və xalqının maraqlarının təmin olunması deyil. Hədəf hakimiyyət hərisliyi və bölgədə təsir imkanlarının saxlanması, artırılmasıdır.




Paylaş:


Müəllif : Tarix:
2-09-2023, 12:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər