reklam
Regionxeberlericom.az » Dünya » Dünya Ərdoğan-Putin görüşündən çörək gözləyir - NƏ BAŞ VERİR?

reklam

Dünya Ərdoğan-Putin görüşündən çörək gözləyir - NƏ BAŞ VERİR?


Türkiyə Rusiya və Ukrayna hakimiyyətlərini münaqişəni diplomatik yolla həll etməyə çağırıb.

Qeyd edək ki, avqustun 9 - da Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Şuranın iclasında Türkiyənin daxilində təhlükəsizlik problemləri, Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə olunub. Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda Ankara Rusiya və Ukraynaya danışıqlar masasına oturmağa və hərbi əməliyyatları dayandırmağa çağırıb. MTŞ-nin bəyanatında Qara dənizdə təhlükəsizliyin təminatı ilə bağlı məsələnin əhəmiyyəti də vurğulanıb. “Rusiya və Ukrayna arasındakı müharibənin gedişi və onun regionumuz üçün mümkün gələcək nəticələri ətraflı müzakirə edilib. Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa və dərhal müharibəni dayandırmağa çağırırıq”, - MTŞ-nin bəyanatında bildirilib. Bəyanatda, həmçinin qeyd olunub ki, “Taxıl sazişi”nə qayıdış region üçün mümkün mənfi nəticələrin qarşısını alacaq və ərzaq sabitliyinə töhfə verəcək.

Ümumiyyətlə, hazırki şəraitdə, yəni Qərbin lehinə və Rusiyaya xoş olmayan addımlarından sonra Türkiyənin Rusiya və Ukrayna arasında münaqişənin nizamlanmasında vasitəçi rol oynaması nə dərəcədə mümkün ola bilər?

Politoloq Oqtay Qasımov “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiya-Ukrayna münaqişəsinin həlli, ən əsası da Türkiyənin bu məsələdə vasitəçilik etməsinin mümkünlüyü barədə öz fikirlərini bölüşüb:

“Bu məsələdə Türkiyənin mövqeyi hər iki dövlət arasında müharibə başlayandan bəri hər kəsə bəllidir. Hər zaman beynəlxalq hüququn normaları və ölkələrin ərazi bütövlüyünü əsas tutan Türkiyə Ukraynadakı münaqişənin ədalətli şəkildə həll olunmasının tərəfdarıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşlərdə Krım daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə son mətbuat konfransında Ukraynadakı münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb. Türkiyənin bu mövqeyi Rusiya tərəfindən xoş qarşılanmasa da, hər halda, təəccüblü sayıla bilməz. 2014 – ci ildən bəri Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyi birmənalıdır və dəyişməz olaraq qalacaq”.

O ki qaldı, Türkiyənin Ukraynadakı münaqişənin nizamlanmasında gələcək vasitəçilik təşəbbüsünə, ekspert qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bir ay sonra Ərdoğan hakimiyyətinin vasitəçiliyi ilə İstanbulda Rusiya və Ukrayna nümayindələri arasında danışıqlar keçirilib:

“Bu danışıqlar Ukraynada müvəqqəti atəşkəsin elan olunması ilə bağlı müəyyən ümidlər yaratmışdı. Lakin təəssüflər olsun ki, hər iki tərəf müharibəni davam etdirməyə üstünlük verdi. Təbii ki, o zamanda ədalətli sülhün əldə edilməsi imkanları açıq şəkildə xeyli imkansız görünürdü. Çünki Rusiya öz istəklərindən geri çəkilmir , Ukrayna isə öz ərazi bütövlüyü məsələsində güzəştlər etmək niyyətində deyil. Ancaq bütün bunlara baxmayaraq, keçən ilin avqust ayında Türkiyənin təşəbbüsü ilə Rusiya, Ukrayna və BMT arasında üçtərəfli “Taxıl sazişi” imzalandı. Bu sazişə əsasən atılan addımlar nəticəsində Ukraynanın təxminən 30 milyondan artıq taxılı dünya bazarlarına çıxarılıb. Türkiyənin bu müvəffəqiyyəti təqdirəlayiq kimi qiymətləndirilib. Amma yenə də hazırki reallıq onu göstərir ki, Ankaranın bütövlükdə Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün imkanları kifayət qədər deyil. Ona görə ki, Ukraynada davam edən müharibə qlobal güc mərkəzlərinin geostrateji və geosiyasi savaşına çevrilib. Global güc mərkəzləri, xüsusilə ABŞ və Rusiyanın öz mövqelərindən geri çəkilməsi inandırıcı görünmür. Bu səbəblərdən dolayı Türkiyənin hələ ki, Ukraynada mövcud vəziyyətə təsir edəcək rıçaqları yoxdur”.

Politoloq Qara dənizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı səsləndirilən fikirləri əsassız hesab edib.

“Hesab etmirəm ki, Ukraynada nə zamansa müvəqqəti atəşkəs elan olunacaq. Bu, indiki geosiyasi vəziyyətdə qeyri-mümkündür. Lakin sadəcə olaraq, Rusiyanın “Taxıl sazişi”-nə qayıtması ehtimal oluna bilər. Bu da həm Rusiya, həm də Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılmasını təmin edəcək. Qara dənizdə hərbi gərginliyin azalmasına və təhlükəsizliyin təmin olunmasına gəlincə, bu, Türkiyənin milli maraqları konsepsiyasında əhəmiyyətli məsələdir. Bildiyimiz kimi, Türkiyə Qara dənizdə ən böyük hərbi donanmaya malik olan bir ölkədir. Qara dənizdə hər hansı formada münaqişənin alovlanması, əlbəttə ki, Türkiyəyə mənfi təsir göstərəcək. Bu baxımdan Türkiyə bu kimi məsələlərdə həssas mövqe sərgiləyir. Onu da nəzərə almaq lazımdır ki, regionda NATO-nun digər ölkələri – Rumıniya və Bolqarıstan da var. NATO – nun qərarları bu iki ölkə üçün də keçərlidir”.

Rusiya-Türkiyə və Ukrayna-Türkiyə münasibətlərinə münasibət bildirən O.Qasımov Moskva və Kiyevin Türkiyəyə xeyli dərəcədə ehtiyacı olduqlarını bildirib:

“Qeyd etdiyim kimi, Türkiyə Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, habelə Ukraynanın NATO-ya üzvlük məsələsinə müsbət yanaşır. Xüsusilə qeyd edək ki, Ukrayna və Türkiyə arasında hərbi-müdafiə sahələrində qarşılıqlı əməkdaşlığın intensivləşməsinə yönələn anlaşmalar imzalanıb. Həmin anlaşmalara Ukraynada “Bayraktar” TB2 müəssisənin tikintisi də ehtiva olunub. Bundan başqa, Türkiyə Ukraynaya kifayət qədər humanitar yardım da edir. Xeyli sayda ukraynalı qaçqın Türkiyədə müvəqqəti sığınacaqla təmin olunub. Ölkədə ukraynalı qaçınların sosial ehtiyacları hakimiyyət tərəfindən layiqincə qarşılanır. Eyni zamanda Türkiyə Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə açıq şəkildə dialoq aparan və Moskvanın mövqeyinə müəyyən qədər təsir göstərən bir ölkədir. Bu, rəsmi Kiyev üçün olduqca vacib amildir. Xarici siyasətində balans strategiyasına önəm verən Ərdoğan hakimiyyəti Rusiya ilə də münasibətləri qoruyub saxlayır. Qeyd edək ki, Rusiyanın Türkiyə ilə ticarət dövriyyəsi 50 milyarda yaxınlaşmaqdadır. Hər iki ölkə bəzi önəmli məsələlərdə eyni mövqeyini paylaşır. Əlbəttə, Moskva və Ankara arasında bir sıra regionlarda, xüsusilə Şimali Afrika, Yaxın Şərq və Cənubi Qafqazda rəqabət də gedir. Tərəflər Ukrayna məsələsində ziddiyyətli mövqe bölüşürlər. Amma buna baxmayaraq, Moskva və Ankara enerji sahəsində güclü əməkdaşlıq edir. Bildiyimiz kimi, Türkiyənin Qara dəniz sahillərindən keçən “Türk axını” qaz kəməri ilə Rusiyanın təbii qazı Cənubi Avropa ölkələrinə nəql olunur. Bununla bərabər, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Türkiyənin qaz habına çevrilməsi ilə bağlı təşəbbüs də irəli sürüb. Putinin təşəbbüsü Türkiyənin rəhbərliyi tərəfindən çox müsbət qarşılanıb. Bir önəmli məqamı da vurğulayım ki, Türkiyə NATO – da öndə gedən ölkə olsa da, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Türkiyənin bu siyasəti Rusiyaya müəyyən mənada rahat nəfəs almasına imkan yaradır. Hazırda rus taxılının əhəmiyyətli hissəsinin dünya bazarına, o cümlədən Rusiyanın özünün belə, Yaxın Şərq və Afrikaya çıxışı Türkiyə üzərindən həyata keçirilir”.

Avqustun sonunda Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri zamanı hər iki dövlət rəhbəri arasında keçiriləcək görüşdə Ukraynada mövcud durum, eləcə də “Taxıl sazişi”nə dair hər hansı məsələnin həll ediləcəyi ilə bağlı suala O.Qasımov belə cavab verib;

“Ərdoğan-Putin görüşündən sonra “Taxıl sazişi”nin qüvvəyə minməsi istiqamətində müsbət addımlar atıla bilər. Buna ehtimal daha çoxdur. Çünki son dövrlər Rusiyanın hərbi-siyasi rəhbərliyinin son bəyanatları və davranışlarında müəyyən pozitiv dəyişikliklər müşahidə olunur. Prezident Rəcəb Tayyib Ərdoğan son bəyanatında özü də qeyd edib ki, “Taxil sazişi” məsələsində Rusiya və Türkiyənin mövqeyi üst-üstə düşür. Bir məqamı da əlavə edim ki, rus taxılı Türkiyədəki xüsusi istehsal müəssisələrində üyüdülərək un halında Afrikanın kasıb ölkələrinə göndərilir. Amma Rusiya-Ukrayna müharibəsinin müvəqqəti dayanması və hər iki ölkənin danışıqlar masasına oturması ilə bağlı ehtimalın bu görüşdə özünü doğrultması gözlənilmir”.




Paylaş:


Müəllif : Tarix:
11-08-2023, 14:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər