reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan-Türkiyə hərbi təlimləri: - Plan, strategiya və hədəf

reklam

Azərbaycan-Türkiyə hərbi təlimləri: - Plan, strategiya və hədəf


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbayacana gəlib. Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Digər tərəfdən, son günlər baş verən hadisələr və Türkiyənin Azərbaycana davamlı və birmənalı dəstəyi Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi məsələsini yenidən gündəmə gətirib. Bütün bunların fonunda isə Türkiyə hərbiçilərinin Azərbaycana təşrif buyurması, birgə hərbi təlimlərin keçirilməsi bir sıra suallara səbəb olub. Maraqlıdır, baş verənlərin fonunda Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərin keçirilməsi nəyin göstəricisidir? Bu, Ermənistanla müharibənin ilkin siqnalları ola bilərmi?

AYNA-ya şərhində “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlu deyib ki, yaranmış situasiyada Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir: “Xatırladım ki, 2010-cu ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında birgə bəyannamə imzalanıb. Ermənistanın Tovuz rayonuna hücumundan və Ermənistanla Rusiya arasında hərbi təlimlər başlayandan sonra Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha üzə çıxdı”.

“Məlum olduğu kimi, Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində çoxsaylı azərbaycanlı hərbçi təhsil alıb. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar. Bütün bunlar, həmçinin Türkiyənin milli regional maraqları və milli təhlükəsizlik sənədləri ilə bağlıdır”, - politoloq bildirib.

O, vurğulayıb ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb: “Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan, Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir. Türkiyə Prezidenti Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana dəstək verməsi ölkəmiz üçün çox müsbət haldır. Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpkidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Mən əminəm ki, belə razılıq əldə olunub”.

“Bu gün daha aktual olan Türkiyə-Azərbaycan-Gürcüstan hərbi blokunun yaradılması ideyasına da ciddi yanaşmaq lazımdır. Türkiyə bölgədə olduqca mühüm oyunçuya çevrilmək şansına malikdir. Bu baxımdan, Azərbaycanla imzalana biləcək daha sıx hərbi əməkdaşlıq barədə saziş maraqlarımıza çox cavab verir. Belə gedişat NATO-nun da maraqlarına cavab verir. Bölgəni Rusiyanın təsirindən azad eləmək üçün Türkiyəyə böyük rolların ayrılması ağlabatandır. Bakı-Ankara-Tbilisi hərbi koalisiyasının müzakirəsi belə, Rusiyanın qıcığıına səbəb olur. Bu baxımdan, rusların Qarabağ separatçılarını yeni savaşa sövq etməsi variantı da meydana çıxır. Lakin Türkiyənin Rusiya əleyhinə sanksiyalarda iştirak edə biləcəyi ehtimalı Moskvanı tərəddüddə saxlayır. Türkiyə-Azərbaycan-Gürcüstan hərbi blokunun yaradılması Rusiyanı daha da aqresivləşdirə bilər. Lakin yaranmış vəziyyətdən bəhrələnmək üçün belə bir sənədin imzalanması son dərəcə mühüm görünür. Sazişə əsasən, Azərbaycana qarşı hərbi əməliyyatlar keçirilərsə, Türkiyə hərbçiləri buna seyrçi qala bilməzlər. Prinsip etibarilə, Türkiyə ilə imzalanması gözlənilən saziş Qarabağın qaytarılma perspektivində də işıq yandırır. Bu baxımdan, şanlı Türkiyə Ordusu ölkəmizdə alqışlarla qarşılandı”, - siyasi şərhçi əlavə edib.

AĞ Partiya sədri Tural Abbaslı AYNA-ya açıqlamasında, Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlərin keçirilməsinin həm siyasi, həm hərbi perspektiv, həm də dövlətçilik baxımından önəmli rolu olduğunu deyib: “Çünki Türkiyə və Azərbaycan dünyada bir çox dövlətlərin çoxunda, bəlkə də heç birində olmayan qarşılıqlı dostluq və qardaşlıq siyasəti yürüdür. Bu baxımdan da bu, çox əhəmiyyətli tədbirdir”.

Abbaslı Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı münasibətlərinin bu siyasətin formalaşmasında əsas amillərdən biri olduğunu vurğulayıb: “Məlum məsələdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və ermənilərin işğalda saxladığı Azərbaycan ərazilərindən bizim ərazilərimizə hücumlar təşkil etməsi Azərbaycanın Ermənsitanla isti müharibə şəraitində olduğunu göstərir. Hamı da bunu bilir ki, bu, Ermənistanın yalnız özünə aid cəsarətindən və istəyindən irəli gələn məsələ deyil. Yəni, emənilər onları dəstəkləyən qüvvələrə arxayın olaraq, onlara güvənərək bu addımları atır və o arxayınlığın sayəsində də 30 ilə yaxındır ki, torpaqlarımızı işğalda saxlayırlar. Təbii ki, belə bir zamanda Azərbaycan da özünün müttəfiqləri ilə əməkdaşlığı genişləndirməlidir və müttəfiq dövlətlərin dəstəyi ilə öz ərazi bütövlüyünü, dövlət təhlükəsizliyini təmin etməlidir”, - siyasətçi qeyd edib.

Abbaslının sözlərinə görə, Türkiyə Cümhuriyyətinin bizimlə həm milli, həm mənəvi, həm dini, həm də etnik bağları mövcuddur və bütün bunlara söykənərək bizim Türkiyədən başqa ikinci təbii strateji müttəfiqimiz yoxdur: “Tovuzda Ermənsitanın Azərbaycan ərazisinə hücum etməsi nəticəsində yaranmış vəziyyət də Azərbaycanın bundan sonra Türkiyə ilə daha sıx hərbi təlimlər keçirməsi məsələsini gündəmə gətirdi. Ki, Türkiyə də həm Ermənsitana, həm də Ermənistanın havadarlarına Azərbaycanın tək olmadığını nümayiş etdirir. Ona görə də bu hərbi təlimlərin Azərbaycan ərazisində keçirilməsi, bizim hərbçilərin hərbi bacarıqlarının yüksədilməsi, NATO sistemi üzrə ordu quruculuğu və inkişaf etmiş hərbi-texniki metodlardan istifadə məsələləri, həmçinin müasir dünyada döyüş aparmaq keyfiyyətlərinin yüksəldilməsi baxımından xeyli faydalıdır və bir milət-iki dövlət prinsipinin daha da möhkələnməsinə xidmət edən amildir”.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli də Azərbaycan-Türkiyə müttəfiqliyini olduqca vacib hesab edir. O, AYNA-ya açıqlamasında diqqətə çatdırıb ki, Azərbaycanla Türkiyə arasında hərbi strateji, hərbi təhlükəsizlik məsələləri ilə bağlı hazırkı vəziyyəti təhlil edən zaman, iki ölkə arasında strateji tərəfdaşlığa dair ilk müqavilənin 1994-cü ildə imzalandığını və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin olduğunu unutmamalıyıq.

“Çünki, məhz bu müqavilədən irəli gələrək Azərbaycanla Türkiyə arasında hərbi-siyasi və təhlükəsizlik məsələləri, həmçinin hərbi-texniki əməkdaşlıq məsələləri ön plana çıxarılıb və bu müddət ərzində Azərbaycanla Türkiyənin hərbi qurumları arasında həm təlimlər keçirilib, həm də hərbi-texniki məsələlərə dair ciddi addımlar atılıb. Bu gündən etibarən isə Azərabaycanla Türkiyə arasında genişmiqyaslı hərbi təlimlərə start verilib və 10 gün çəkəcək hərbi təlimlər ordunun inkişafında mühüm rol oynayacaq”, - ekspert bildirib.

Əlavə edib ki, biz belə bir genişmiqyaslı hərbi təlimləri iki il əvvəl də görmüşdük: “Əlbəttə ki, bu təlimlərdə qarşılıqlı əməliyyatların keçirilməsi, münasibətlərin formalaşması, ordular arasında bilik və bacarıqların inteqrasiyası çox əhəmiyyətlidir. Türk hərbçiləri bizdə sovet dövrünə aid silah-sursatla tanış olacaq, Azərbaycan ordusu isə Türkiyənin istifadəsində olan Qərb ölkələrinə aid hərbi sənaye komplekslərinin isehsalı olan hərbi-teniki vasitələrlə yaxından tanış olacaq. Bu təlimlər birmənalı olaraq yeni inkişaf dövrünü yaşayan Azərbaycan ordusu üçün çox əhəmiyyətlidir”.

Məmmədli söyləyib ki, bu, plana uyğun keçirilən təlimdir, çünki bu cür genişmiqyaslı təlimləri Tovuzda baş verən hadisələrdən dərhal sonra hazırlamaq və həyata keçirmək mümkün deyil: “Bu baxımdan, bunu hər hansı müharibə əlaməti olaraq qeyd etməyi doğru hesab etmirəm. İstənilən halda, Türkiyə ilə Azərbaycan arasında hərbi-starteji əməkdaşlıq Türkiyə və Azərbaycan dövlətləri arasında ən sıx münasibətlərin olması, Türkiyə və Azərbaycanın bəzi məqamlarda daha da güclü olması deməkdir”.

“Vacib məqamlardan biri də odur ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin inteqrasiyası gələcəkdə digər türk dövlətləri üçün də yaxşı bir nümunədir. Düşünürəm ki, vaxt gələcək, müstəqilliyini qazanmış türk dövlətlərinin vahid ordusu formalaşacaq və həmin ordu dünyada sülhün, sabitliyin bərqərar olması üçün lazımlı işlər görəcək. Bu gün də belə bir genişmiqyaslı hərbi təlimlərin keçirilməsi və bu təlimlərin strateji əməkdaşlıqdan yaranması region və Türk dünyası üçün önəmli ismarıcdır”, - müsahibimiz diqqətə çatdırıb.


Paylaş:


Müəllif : Tarix:
29-07-2020, 11:06
Sikayət   


loading...
Загрузка...