reklam
Regionxeberlericom.az » Araşdırma » Əliyev və Rəisi Astana görüşündə mübahisə edib? - İddia

reklam

Əliyev və Rəisi Astana görüşündə mübahisə edib? - İddia

















Xəbər verdiyimiz kimi, oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüşdə söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Oktyabrın 17-də isə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ölkənin şimalında, Azərbaycanla sərhəd ərazidə “Qüdrətli İran” kod adlı Quru Qoşunlarının 3 günlük hərbi təlimlərini başladıb.
Küveytin “Al Jarida” qəzeti İran prezidentini Qazaxıstana son səfərində müşayiət edən mənbəyə istinadən İ.Əliyev və İ.Rəisi arasındakı görüşün dostyana keçmədiyi barədə məlumat yayıb.

Qəzet iddia edib ki, görüşdə iki qonşu ölkə liderləri arasında “sözləşmə” nöqtəsinə çatan bir mübahisə yaşanıb.

Mənbə “Al Jarida”ya bildirib ki, mübahisə İ.Əliyevin İranın Azərbaycan sərhədindəki hərbi birləşmələrini tənqid etməsindən və bu addımın Bakının təhlükəsizliyinə təhdid olduğunu bildirməsindən sonra başlayıb.

İ.Əliyevin kəskin reaksiyası Rəisinin 100.000 hərbçidən ibarət olan (mənbənin iddiasına əsasən) hərbi birləşmələrin həmin sərhəd bölgəsinə əyləncə və ya təlim üçün deyil, təhlükəsizlik və sabitliyin yaradılması, İran və Ermənistan arasında quru sərhədə təsir edəcək və ya kəsəcək hər hansı sahə dəyişikliyi planına qarşı çıxmaq və lazım gələrsə, müharibə aparmaq üçün göndərildiyi cavabından sonra gəlib.

Mənbə qeyd edib ki, İ.Əliyev İ.Rəisiyə Tehranın Ermənistanı hərbi cəhətdən dəstəklədəyini və Azərbaycanla qarşıdurma üçün silahlandırdığını deyib. Rəisi bunu təkzib edib və Bakı ilə Təl-Əviv arasında təhlükəsizlik koordinasiyasını və bu yaxınlarda İsrailin yüksək rütbəli təhlükəsizlik nümayəndə heyətinin Azərbaycan paytaxtına səfərini tənqid edərək azərbaycanlı həmkarını “sionist uydurmaları”na qulaq asmaqda ittiham edib.

Mənbənin bildirdiyinə görə, bundan əlavə İ.Rəisi İ.Əliyevi İranda keçirilən etiraz aksiyaları zamanı “iranlı separatçıları qucaqlamaqda” və onlara öz ölkəsi ərazisində öz media qurumlarını yaratmağa icazə verməkdə ittiham edib. İ.Əliyev buna cavab olaraq Tehranın inqilabı ixrac etmək (qonşu ölkələrə) prinsipindən əl çəkmədiyini bildirib.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin deputatı Elman Nəsirov Yeniavaz.com-a bildirib ki, İran və Azərbaycan Prezidentləri arasında keçirilən görüşdə hər hansı fikir toqquşması qeydə alınmayıb:

“Astanada cənab Prezident iki mühüm tədbirdə iştirak etdi. Təbii ki, Astanada keçirilən tədbirlər çərçivəsində cənab Prezidentin bir sıra ikitərəfli görüşləri də oldu. Bu görüşlərdən biri də İran Prezidenti ilə baş tutdu. İran Prezidenti ilə keçirilən görüşdə də ikitərəfli münasibətlərimizin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi oldu. Rəsmi dövlət orqanlarının yaydığı məlumatlarda da, eyni zamanda saytlarda da heç bir halda bu görüşdə hər hansı fikir ayrılığının olması, tərəflərin bir-birilə üst-üstə düşməyən mövqelər sərgiləməsi və ya müəyyən ziddiyyətlərin yaranması ilə bağlı heç bir məlumat yoxdur. Hesab edirəm ki, Qərbdəki müəyyən siyasi dairələr çalışırlar ki, iki qonşu dövlət arasında müəyyən nifaq salmaq üçün bu cür reallığıa uyğun gəlməyən mövqe ortaya qoysunlar. Bu danışıqlar gedişatında hər hansı bir fikir ayrılığı olmayıb. Tərəflər Rəsmi Bakı-Tehran münasibətlərinin real vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi ediblər. Bir daha qeyd edirəm, hər hansı bir məsələdə fikir, mövqe toqquşması ilə bağlı bir vəziyyət qeydə alınmayıb. Azərbaycan dövlətinin, onun ali siyasi rəhbərliyinin xalqdan gizli heç bir sözü yoxdur. Əgər, həqiqətən də görüş əsnasında çox ciddi fikir ayrılığı, narazılıq, anlaşılmazlıq və s. məsələlər olsaydı, yəqin ki, cənab Prezident bu məsələləri söyləyərdi”.

Mövzunu “Meydan TV”yə şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, rəsmi Bakı da anlayır ki, Tehran hər hansı güc tətbiq etsə, başı çox ağrıyar. Ona görə də Azərbaycan İranın bu hərəkətlərinə çox etinasız yanaşır:

“İran hazırda elə bir vəziyyətdədir ki, ona özünü çox ehtiyatlı aparmağın lazım olduğunu bilir. Bir çox qüvvə İrana diş qıcıyır və bu tejimdən zəncir çeynəyir. Ona görə də İran İslam Respublikası özünü ehtiyatlı aparmalıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə iddialarla bağlı Yeniavaz.com-a qurumun hər hansı şərhinin olmadığı bildirilib:

“İran tərəfi ilə görüş barədə hər hansı bir şərhimiz yoxdur. Küveytin hər hansı bir xəbərində müxtəlif iddialar səslənə bilər. XİN olaraq belə xəbərlərin səhihliyi daim yoxlanır. Zəruri hallarda şərh olunur”.

Görüşün baş tutduğu gün, oktyabrın 13-də İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi iki liderin görüşünü belə şərh edib:

“İran Prezidenti İ.Rəisi Azərbaycan Prezidenti İ.Əliyevə açıq şəkildə bildirdi ki, tarixi sərhədlərdə, regional geosiyasətdə və İran-Ermənistan tranzit marşrutlarında hər hansı dəyişiklik dözülməzdir. Həmçinin hər hansı bir pərdə altında hər hansı bir Avropa hərbi mövcudluğu rədd edilir. Qərb bizi strateji baxımdan yayındıra bilməz”.





Paylaş:


Müəllif : Tarix:
21-10-2022, 14:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər