reklam
Regionxeberlericom.az » Siyasət » USAİD-in Bakıya qarşı məkrli planı: "sülh quşları" - NƏ BAŞ VERİR?

reklam

USAİD-in Bakıya qarşı məkrli planı: "sülh quşları" - NƏ BAŞ VERİR?


Gürcüstan hökuməti USAİD-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) ölkədə çevriliş etmə planları haqqında bu günlərdə bəyanat verib. Tiflisin bu bəyanatı MDB məkanında və Şərqi Avropada yerləşən dövlətlər üçün ciddi şəkildə əsas xəbərlərdən biri oldu. Çünki bu və ya digər təşkilatlar həmin ölkələrə nüfuz edərək, gənclərin, QHT və media nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının vasitəsi ilə dini, siyasi və milli-ideoloji istiqamətdə müəyyən işlər aparıblar.

Bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov USAİD-in Gürcüstanda dövlət çevirilişi ilə bağlı planları və Azərbaycana təsir imkanlarını şərh edərkən deyib.

USAİD kimi təşkilatların bu işlərdə öz maraqları olduğunu deyən politoloq bildirib ki, hətta bu qurum bir vaxtlar Azərbaycanla bağlı da müəyyən işlər görməyə cəhd edib:

“Sirr deyil ki, USAİD həm Ermənistanda, həm də Gürcüstanda artıq 3-cü onillikdir ki, öz fəaliyyətini genişləndirir. Bu fəaliyyət nəticəsində vətəndaş cəmiyyətinin və medianın, müxtəlif qurumlar və hərəkatların əksəriyyəti USAİD-in maraqlarına uyğun çıxış edirlər. Hətta iş o yerə çatıb ki, onlar Azərbaycanla bağlı etmədiklərini və yaxud edə bilmədiklərini də oradakı müəyyən qrup vasitəsi ilə Gürcüstanda etmək istəyirdilər. Azərbaycanın müxtəlif ictimaiyyət və QHT nümayəndələrinin, fəallarının Gürcüstana çağırılmasını, gənclərin, media quruplarının iştirakı ilə orada bu və ya digər mövzuların müzakirə edilməsini qeyd edə bilərik. İlk baxışda mövzular cəlbedici görünsə də, əslində USAİD-in öz marağı var. Bu maraqlar siyasi maraqlardır. Dövlətlərin suverenliyini dağıtmaq istiqamətində iş aparılır. 2014-cü ildə bu qurum Azərbaycanda müstəqil medianın inkişafı üçün 2,4 milyon dollar qrant ayırmışdı. NİDA, Dalğa hərəkatlarını USAİD dəstəkləyirdi və maliyyə verirdi. Antiterror tədbirlərindən öncə Azərbaycanda yeni “sülh quşları” meydana gəlmişdi. “Müharibəyə yox” deyənlər, “nowar” hərəkatının üzvləri USAİD kimi digər Qərb fondları və təşkilatları ilə əlbir idilər. Əslində, biz qrupların sayının çox olduğunu qeyd edə bilərik. Əlbəttə ki, onlar öz məqsədlərinə çatmayacaqlar, Azərbaycan öncədən də dediyi kimi, heç bir qrup və dairələrin ölkəyə nüfuz etməsinə imkan verməyəcək”.

O, USAİD rəsmisinin Ermənistana səfəri zamanı sərgilədiyi mövqeyə də toxunub:

“Biz USAİD sədri Samanta Pauerin bu yaxınlarda bölgəyə səfərini, onun Ermənistanda səsləndirdiyi fikirləri də unutmamışıq. Bu və ya digər şəkildə görünən odur ki, təşkilat çərçivəsində Azərbaycanla bağlı müxtəlif məqsədlər qarşıya qoyulmuşdu. Amma onlar öz istəklərinə çatmadı və buna nail ola bilməyəcəklər də. Çünki bir çox ölkədən fərqli olaraq, rəsmi Bakı vaxtında lazımı addımlar atıb. Onlar yeni yollarla proseslərə nüfuz etmək istəsələr də, hər bir məsələ dövlətin nəzarəti altındadır”.

Politoloq bildirib ki, Gürcüstan və Ukraynada baş verən hadisələrdə bu fondların rolu böyükdür:

“Məhz bu fondların bilavasitə iştirakı ilə biz Gürcüstan və Ukraynanın Amerika ilə rəqabətdə olan dövlətlərlə münaqişələrə başlamasını gördük. Bu münaqişələr başlayarkən, həm Gürcüstan, həm Ukraynada ciddi şəkildə milli identikliklə, xarici siyasətdəki istiqamətlərlə bağlı ideoloji baxış bucaqlarında fərqliliklər var idi. Xoşbəxtlikdən, Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində cəmiyyətin əksər hissəsi ilə ölkə hakimiyyəti vahid bir baxış bucağına sahib olub. Eyni və ortaq ideoloji milli təfəkkür bizim cəmiyyətdə var. Bu da xüsusilə vurğulanmalıdır”.

Politoloq Qərb siyasətçilərinin, xüsusilə Fransanın ölkəmizlə bağlı qərəzli mövqeyinə də münasibət bildirib:

“Biz USAİD, Milli Demokratiya İnstitutu kimi təşkilatlardan başqa, həm də bəzi ölkələrin Azərbaycana qarşı qərəzli mövqeyini görürük. Fransa XİN-in İrəvanda səsləndirdiyi fikirlər tamamilə qəbuledilməzdir. Onlar bildirib ki, Fransa Ermənistanın ərazi bütövlüyünü və sərhədlərini sona kimi qoruyacaq. Azərbaycanlıların guya ermənilərə qarşı diskriminasiya aparması kimi səsləndirilən ittihamlar da başadüşülən deyil və qəbuledilməzdir. Makrona və Fransa XİN-ə sual vermək lazımdır ki, axı onlar Araik Arutyunyanı, Qarabağdakı separatçıları da belə müdafiə edirdilər. Nə oldu? Hamısı Bakıda həbsxanadadır. Azərbaycan Fransanın etirazlarına baxmayaraq, antiterror tədbirlərini həyata keçirdi, 44 günlük Vətən müharibəsində öz məqsədinə çatdı. Bu boşboğaz siyasətçilərin Ermənistanda verdikləri bəyanatlar, əslində onların gözdən düşməsinə gətirib çıxarır. Rusiya ilə konfrantasiya fonunda Fransanın Paşinyanla birgə Cənubi Qafqazda aranı qarışdırmasını görmüş oluruq. Əminəm ki, Fransa XİN-in dünənki bəyanatları Ermənistana baha başa gələcək. Biz 3 ildə Paris-İrəvan əlaqələrinin Ermənistan üçün hansı nəticələrə gətirib çıxardığının əyani şəkildə görmüşük”.




Paylaş:


Müəllif : Tarix:
5-10-2023, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər