reklam
Regionxeberlericom.az » Sosial » Erməni diasporu məğlubiyyət şokundan çıxa bilmir

reklam

Erməni diasporu məğlubiyyət şokundan çıxa bilmir


İkinci Qarabağ müharibəsi təkcə “məğlubedilməz erməni ordusu” mifini darmadağın etmədi. Eyni zamanda bir əsrdən çoxdur bir çox ölkələrdə, o cümlədən ABŞ və Qərb dövlətlərində az qala “seçkilərin taleyini həll edən qüvvə” imici yaradılmış erməni diasporunun da sabun köpüyündən başqa bir şey olmadığı ortaya çıxdı.

O vaxtdan Ermənistan diasporu sıralarında başlayan parçalanma günü bu gün də davam edir. Bu yaxınlarda “Belçika Erməniləri Komitəsi” diaspor təşkilatı nümayəndələrinin Ermənistan Baş naziri aparatının diasporla iş üzrə baş komissarı Zareh Sinanyanla görüşünü təşkil edib. Lakin Daşnaksütyun Partiyasının Belçika komitəsi Sinanyanın antimilli olduğunu əsas gətirərək görüşdən imtina edib.

“Ermənistan hökumətinin bu nümayəndəsi diaspordakı ənənəvi milli təşkilatların rolunu aşağı salmaq və uzun müddət fəaliyyət göstərən nüfuzlu strukturların əvəzinə yeni təyin olunmuş şəxsləri icmaların nümayəndələri kimi süni surətdə tanıtmaq üçün çox səy göstərib. Vətəni satışa çıxaran antimilli qüvvələr birlik ideyasını heç vaxt həyata keçirə bilməz”, - deyə daşnakların açıqlamasında bildirilib.

Bu fakt bir daha göstərir ki, Ermənistan dövləti kimi, erməni diasporu da İkinci Qarabağ müharibəsinin və 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi 23 saatlıq anti-terror əməliyyatı nəticəsində yaşadığı məğlubiyyət şokundan çıxa bilmir.

Qeyd edək ki, 2019-cu ilin iyun ayında Ermənistanda Diasporla İş üzrə Nazirlik ləğv olunub, əvəzində Baş nazirin Aparatında diasporla iş üzrə komissar vəzifəsi yaradılıb. Bu vəzifəyə ABŞ-ın Qlendeyl şəhərinin keçmiş meri Zare Sinanyan təyin olunub.

Ondan böyük nəticələr gözlənilsə də, 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Ermənistanın Diaspor İşləri üzrə Komissarlığının bütün rəhbər heyəti yarıtmaz fəaliyyətə görə işdən qovulub. Yalnız Zare Sinanyan yeni olduğu üçün vəzifəsini qoruyub saxlaya bilib.

Əslində Nikol Paşinyan bu qərarında haqlı idi. Çünki rəsmi İrəvanın işğalçılıq siyasətini davam etdirməsi və Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində təxribat törətməsi həmvətənlərimizin kəskin hiddətinə səbəb olmuşdu. Gəlin, Tovuz döyüşlərindən sonra Azərbaycan diasporunun fəaliyyətinə faktlarla nəzər salaq.

Xaricdə yaşayan azərbaycanlılar, eləcə də dost xalqların nümayəndələri dünyanın aparıcı ölkələrində, BMT, ATƏT və digər beynəlxalq təşkilatların ofisləri qarşısında, dünyanın nüfuzlu media orqanlarının qarşısında icazəli aksiyalar keçirib. COVID-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə insanların bir yerə toplaşmasına məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, ümumilikdə 26 ölkədə 25 000-dən çox insanın iştirak etdiyi 71 aksiya baş tutub. Aksiyalardan 33-ü Avropa ölkələrində, 16-sı ABŞ-da, 9-u Türkiyədə, 13-ü isə digər ölkələrdə gerçəkləşib. Latviya, İsveç, ABŞ və Kanadada aksiyalar avtomaşın yürüşləri şəklində təşkil edilib. Eyni zamanda ABŞ-ın Kaliforniya ştatında üzərində Azərbaycanın dövlət bayrağı, “Karabakh is Azerbaijan!”, “Stop Armenian Aggression!” sözləri yazılmış plakatlar olan təyyarə 3 gün ərzində 15 dəqiqə səmada dövr edib.

Aksiyalarda “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistanın təcavüzkar siyasətinə son qoyulsun!”, “Ermənistan terrorçudur”, “Azərbaycan sülh istəyir” və sair şüarlar səsləndirilib, general Polad Həşimov başda olmaqla Tovuz cəbhəsində hərbi təxribatlar zamanı şəhid olmuş şəhidlərimizin şəkilləri, Azərbaycanın ədalətli mövqeyini ifadə edən plakatlar nümayiş etdirilmiş, dünyanın aparıcı dövlətlərindən və BMT, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün qəti tədbirlər görülməsi tələb olunub.

Ermənistanın Diaspor İşləri üzrə Komissarlığının rəhbərliyinin dəyişdirilməsi cəmi üç ay sonra başlayan İkinci Qarabağ müharibəsi zamanı da erməni diasporunun fəaliyyətində dəyişikliyə səbəb olmayıb. Əksinə, Azərbaycan diasporu ölkəmizin informasiya müharibəsinin əsas iştirakçılarından biri olduğunu bütün dünyaya sübut edib.

Azərbaycan Ordusunun düşmənə qarşı 44 günlük hərbi əməliyyatları dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərib. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq nümayiş etdiriblər.

44 günlük müharibə dövründə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərib. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılıb, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunub.

Vətən müharibəsi dövründə diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198 tədbir keçirilib, onların da 111-i aksiya, yürüş və avtoyürüş olub. Bu tədbirlərdə bizə dost xalqların - Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri də iştirak edib.

Həmin günlərdə Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan diaspor təşkilatları üzvlərinin xarici media orqanlarına çıxışları intensivləşib, diaspor nümayəndələri xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılıblar.

Müharibə dövründə dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olunub, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdiriblər.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videomaterial hazırlayaraq yayımını təşkil edib.

Ermənistanın Diaspor İşləri üzrə Komissarlığı isə müharibədən sonra da işini yeni dövrün reallıqlarına uyğun qura bilməyib. Komissarlıq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya resurtlarının ideya və formasını kopyalamaqla veb sayt və sosial şəbəkə hesablarını “yenidən” qurub. İdeya, struktur və texniki göstəricilərin birəbir kopyalanması hətta Ermənistan mətbuatında da tənqidə məruz qalıb. Bununla da kifayətlənməyən qurum Diasporla İş üzrə Dövlət Komitəsinin bir neçə ildir uğurla həyata keçirdiyi “Qarabağ” həftəsonu məktəblərinin ideyasını oğurlayıb. Belə ki, Ermənistan Diaspor İşləri üzrə Komissarlığı 2021-ci ildə Fransadakı erməni diasporu ilə “Nur” həftəsonu məktəb şəbəkəsi yaratmağa başlayıb. Amma gecdir. Necə deyərlər, qatar artıq çoxdan gedib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Vətən müharibəsi zamanı müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın fəallığını yüksək qiymətləndirib. Müzəffər Ali Baş Komandan çıxışlarının birində qeyd edib ki, “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik”. 

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında diasporumuzun iki nüfuzlu üzvünün – Kopenhagen Universitetinin professoru Məsud Aşinanın və xalq artisti Cahangir Novruzovun təmsil olunması əslində Azərbaycan diasporuna ali səviyyədə göstərilən etimad idi.

Müharibədən sonra Diasporla İş üzrə Dövlət Komitəsi “YAŞAT” Fonduna pul köçürmələri, qazilərimizə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi yardım göstərmələri üçün Azərbaycan diasporuna, ümumilikdə xaricdə yaşayan azərbaycanlılara çağırış edib. Bu mühüm çağırışın nəticəsində 29 aprel-31 may 2021-ci il tarixində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşayiət olunan “YAŞAT” Xeyriyyə marafonu baş tutub, marafon 7 saata yaxın müddətdə Azərbaycan Televiziyası ilə videoyazı formatında nümayiş olunub və nəticələr ictimaiyyətə açıqlanıb. Komitə bu işin təşkilini yüksək səviyyədə həyata keçirib və xeyriyyə marafonu “YAŞAT” Fonduna 1 milyon manatdan artıq vəsaitin köçürülməsi ilə nəticələnib.

Onu da qeyd edək ki, Qarabağ müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlılar ordumuza və dövlətimizə yüksək mənəvi dəstəyini əsirgəməyib, Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini bəyan ediblər. Soydaşlarımız şəhid ailələri və qazilərə Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa yardımlar ediblər. 44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ordumuza, şəhid və qazi ailələrinə 3 milyon 304 min 214 manat məbləğində maddi dəstək göstərib. Təkcə Rusiyada yaşayan soydaşlarımız ölkəmizə 1,6 milyon manat məbləğində dəstək göstəriblər.

Müharibə dövründə Azərbaycan diasporunun nümayiş etdirdiyi birlik daha da güclənib. Bu həmrəyliyin təntənəsi 2022-ci ilin aprel ayında mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayı olub.

Erməni diasporunun mövcud durumu isə göz qabağındadır. Görünən dağa nə bələdçi?





Paylaş:


Müəllif : Tarix:
4-12-2023, 12:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər