reklam
Regionxeberlericom.az » Sosial » Babək rayon polisinin öz əxlaq kodeksi var: Küçə söyüşü... - ÖZBAŞINALIQ!

reklam

Babək rayon polisinin öz əxlaq kodeksi var: Küçə söyüşü... - ÖZBAŞINALIQ!


Şəkildə: soldakı rəis müavini Elşən Babayev, ortadakı rəis Elgün Əliyev

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Naxçıvan Orta İxtisas Polis Məktəbi yeni məzunlarını buraxmağa hazırlaşır. 3 aydan sonra məktəb 30 nəfərə polis ixtisası üzrə diplom verəcək. Nəticədə bu məzunların işlə təmin edilməsi problemi yaranacaq. Naxçıvan MR DİN-də isə bu problemi həll etməyin yeganə yolu var: Azərbaycan Polis Akademiyasının məzunu olan savadlı kadrları işdən çıxarmaq və onların yerinə Naxçıvanın 50 ballıq yerli kadrlarını təyin etmək.

Ötən il bu məqsədlə 36 akademiya məzununu sıxışdıraraq işdən çıxaran, dolayısıyla Naxçıvan Orta İxtisas Polis Məktəbinin bütün məzunlarını işlə təmin etdikdən sonra 6 vakant yeri də boşaldan MR DİN bu il də eyni addımı atmaq niyyətindədir. Məhz bu səbəbdən artıq iki qurbanın kimliyini müəyyənləşdiriblər. Bunlardan biri Eyvaz Cəfərli, digəri isə Abdullayev İbrahim Fərrux oğlu adlı polis əməkdaşlarıdır.

Ovqat.com-un Babək rayonu Polis İdarəsindəki mənbələrdən əldə etdiyi məlumata görə, qurbanlığa namizədlərdən biri də artıq özünün ləkələnərək işdən çıxarılmaq növbəsini gözləyir. Növbəti namizəd isə ağır söyüşün qurbanı ola bilər. Yox, yox, söyüşü söyən qurbanlığa namizəd deyil. Əksinə, onu ağır küçə söyüşləri ilə təhqir ediblər. Özü də kim? – Babək rayonu Polis İdarəsinin rəisi Elgün Əliyev.

“Babək Rayon Polis İdarəsinin rəisi, polis mayoru Elgün Əliyev polis zabitlərini nalayiq, küçə söyüşləri ilə söyür. Onun budəfəki söyüş qurbanı isə Babək RPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin polis sahə inspektoru, polis leytenantı Elvin Ələsgərov olub”, - mənbəmiz bildirir.

Bəs, Elvin Ələsgərovun günahı nə olub ki, rəis onu aşağılamağı özünə borc bilib?

Mənbəmizin fikrincə, Elvinin bir əsl günahı, təbii ki, Polis Akademiyasının məzunu olmasıdır. Bu məqsədi həyata keçirmək üçün bəhanəyə gəlincə, sən demə, Naxçıvan MR DİN-də hər il may ayının 1-dən avtomobillərə pərdə taxılmasına icazə verilirmiş. Polis leytenantı Elvin Ələsgərov da bu icazədən yararlanaraq öz şəxsi avtomobilinə pərdə taxıb. Babək RPİ-nin rəisi, Elvin Ələsgərov isə bunu əlində bəhanə edərək onun avtomobilini əsassız olaraq cərimə meydançasına qoydurub.

“Elvin Ələsgərov avtomobilini cərimə meydançasından çıxarmaq üçün 02.05.2022-ci il tarixdə Elgün Əliyevin qəbuluna gedib. Elgün Əliyev Elvin Ələsgərovu dinləmək istəməyib və Elvinin şəxsinə qarşı təqiramiz ifadələr, çox ağır küçə söyüşləri işlədib. Elvin Ələsgərov həmin söyüşlərin qarşısında səbrini boğub və bundan sonra atacağı addımlarla bağlı valideyni ilə məsləhətləşib. Elvinin atası İslam Ələsgərov məsələ ilə bağlı Naxçıvan DİN-in Kadrlar Şöbəsinin rəisi, poliskapitanı Rahin Əmirovun yanına gedib və Elgün Əliyevin niyə polis zabitinə qarşı tərbiyəsizlik etdiyini öyrənmək edib. İslam Ələsgərovun təkidi nəticəsində Elvinin avtomobili cərimə meydançasından çıxarılıb”, - mənbəmiz bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, idarə rəisi Elgün Əliyevin və idarə rəisinin müavini Elşən Bababyevin polisləri təhqir etməsi Babək rayonu Polis İdarəsinin gündəlik iş normasına çevrilib. İdarənin rəisi və müavini hətta sıra düzülüşləri zamanı şəxsi heyətlə söyüşlə danışır və onlara bildirirlər ki, “filan işi düzgün etməyən bele-belə olsun”.

“Bilirsiniz, bunun səbəbi nədir? Hər küçədən keçəni gətirib rəis, rəis müavini qoyanda nəticəsi də belə olar. Elgün Əliyev nə bilir polislik nədir. Elgün Əliyev sabiq nazir Əhməd Əhmədovun dövründə 10.000 manat rüşvət verərək polisə daxil olub. İndi isə Naxçıvan MR Daxili İşlər naziri, kollec məzunu Rəşad İsmayılov gətirib ağzının danışığını bilməyən bu adamı idarə rəisi qoyub. O da özünü Babək rayonunun şahənşahı sayaraq, önünə keçəni söyür”, -deyən mənbəmiz Elgün Əliyevin bu davranışının “Daxili İşlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə daban-dabana zidd olduğunu vurğulayaraq, əlaqədar qurumlardan soruşur:

“Elgün Əliyev Azərbaycan Respublikası DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş bu Kodeksin tələblərinə niyə əməl etmir? Bu tələbləri pozduğu üçün niyə cəzalandırılmır?”

Bilrildiyinə görə, təhqirə məruz qalan Elvin Ələsgərov 2020-ci ildə Azərbaycan Polis Akademiyasını bitirib Naxçıvan DİN-ə təyinat alan polis zabitlərindəndir: “Onun polis idarəsinin rəisi tərəfindən təhqir edilməsində bir sual doğur: əcaba Naxçıvandakı Polis Akdemiyası məzunlarından 3-cü qurban da Elvin Ələsgərovmu olacaq? Olmaya, Akademiya məzununa bu cür mənəvi təzyiq göstərən Naxçıvan DİN rəhbərliyi şüuraltı mesajlarla Elvin Ələsgərova çatdırmaq istəyir ki, ərizəni yaz, səni ləkələyərək işdən çıxaraq.

Qeyd edək ki, saytımız ötən il Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı aparılan repressiya hərəkətlərini ictimailəşdirdikdən sonra Naxçıvan MR DİN bizim cəzamızı polislərə kəsməyə qərar verib. Bundan sonra onlar öz ərizələri ilə işdən çıxa bilməzlər. İşdən çıxmaq istəyən polislərin şəxsi işinə ən yaxşı halda “işə yararsız” damğası vurulduqdan sonra onlar polis orqanlarından xaric olunurlar. Beləcə, həmin cəzalılar Azərbaycanın digər rayonlarında da öz peşələrinə uyğun vəzifə tapa bilmirlər. Görünür, polislərə Naxçıvan MR DİN-dəki özbaşınalıqların mediaya sızdırılmasının bədəlinin ağır olacağını göstərmək istəyirlər. Başa düşüləndir. Axı Naxçıvan “Gestapo” qaydaları ilə idarə olunur.

Ovqat.com




Paylaş:


Müəllif : Tarix:
10-05-2022, 15:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər