reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyadan ziddiyyətli bəyanat, Ermənistanda çaşqınlıq: - Fərrux dağının zirvəsinə doğru

reklam

Rusiyadan ziddiyyətli bəyanat, Ermənistanda çaşqınlıq: - Fərrux dağının zirvəsinə doğru


Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndini və Fərrux dağı ətrafındakı yüksəklikləri qanunsuz erməni silahlılarından təmizləyib və Qarabağda mühüm strateji yüksəkliyə nəzarəti ələ keçirib. Uğurlu əməliyyatdan sonra hərbçilərimiz bölgədə dislokasiya işləri apararaq mövqeləri möhkəmləndiriblər. Azərbaycan bayrağının Fərrux kəndində ucaldılmasını özündə əks etdirən görüntülər məlumatın səhih olduğunu deməyə əsas verir. Azərbaycan Müdafiə Nazirliyi də açıqlamasında hərbçilərimizin ərazidə dislokasiya işləri həyata keçirdiyini təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasına daxil olan ərazilərdən Azərbaycan hərbçilərinin geri çəkildiyini iddia edən açıqlama yaysa da, Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edib. Elə Ermənistan Müdafiə Nazirliyi də açıqlamasında Azərbaycan Ordusunun Fərrux kəndini götürdüyünü, Fərrux dağındakı strateji yüksəkliyə tam nəzarət etdiyini, hərbçilərimizin geri çəkilmədiyini bildirib. Daha sonra Rusiya Müdafiə Nazirliyinin saytından da həmin material silinib.

Hərbi ekspertlər Fərrux kəndinin azaed edilməsini, dağ ətrafındakı bir neçə yüksəkliyə nəzarətin ordumuzun əlinə keçməsinin əhəmiyyətinin böyük olduğunu bildirirlər. Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağı ətrafındakı yüksəkliklər uğrunda döyüşlərin iştirakçısı olmuş, Qarabağ qazisi Rey Kərimoğlu AYNA-ya açıqlamasında deyib ki, sözügedən ərazinin Azərbaycan üçün əhəmiyyəti və strateji avantajı çox böyükdür: "Baxıram, çox adam danışır, amma əksəriyyəti bölgəni bilmir. Fərrux dağı sadəcə bir dağ, Fərrux kəndi də bir kənd deyil. Orada iki Fərrux kəndi var - Bala Fərrux və Fərrux. Fərrux dağı isə silsilədir, orada bir neçə strateji əhəmiyyətə malik yüksəklik mövcuddur. Məsələn, Daşbaşı, Sağsağan qaya, Yəhər dağı var. Böyük silsilə yüksəkliklərdir ki, Ağdamın üzərindən başlayır, Vəngin körpüsünədək gedir".

"1992-ci ildə, Birinci Qarabağ müharibəsində həmin ərazilərdə döyüşlərdə olmuşam. Fərrux dağı silsiləsindən baxanda Ağdam sanki ovuc içərisində qalır. Hətta Tərtər və Bərdə rayonları da görünürdü. Eyni zamanda, Ağdamın 10-dan artıq kəndi Fərrux dağı yüksəkliklərindəki düşmən tərəfindən daim atəş altında qalırdı. Fərrux dağ silsiləsinə nəzarət Ağdamın, Ağdamın dediyim 10 kəndinin, hətta Bərdə və Tərtərin təhlükəsizliyini təmin etməyə imkan verir", - deyə qazi bildirib.

Qeyd edib ki, Fərrux dağ silsiləsindəki yüksəkliklər Xankəndi, Xocalı, Əsgəran və Ağdərəyə də nəzarət etmək imkanı tanıyır: "Mən bildiyim qədərilə, Daşbaşı yüksəkliyi azad edilib. Bu və oradakı digər yüksəkliklər azad edilibsə, demək ki, Ağdərə-Xankəndi yolu da Azərbaycanın nəzarətinə keçib. Ağdərədən Xankəndiyə bir neçə yol var ki, onların əksəriyyəti İkinci Qarabağ müharibəsindəki qələbə ilə bizim nəzarətimiz altına keçdi. Əsas bir yol var ki, ermənilər o yolu "86" adlandırırlar. Fərrux dağı silsiləsindəki yüksəkliklər Azərbaycan Ordusunun nəzarətindədirsə, demək ki, həmin "86" deyilən yol bizim nəzarətimizdədir. Bu, Xankəndi ilə Ağdərənin əlaqəsinin kəsilməsi deməkdir ki, erməni terrorçu yaraqlılarına, onların təminatına ciddi zərbədir. Bu, çox ciddi məsələdir. Hərbi-strateji baxımdan bura Şuşa qədər əhəmiyyətlidir".

Müsahibimiz Ağdərəyə nəzarəti ələ almağı böyük məsələ hesab edir: “Keçmiş Dağlıq Qarabağda ən böyük ərazi Ağdərə rayonunun ərazisinə düşürdü. Qeyd edim ki, bu gün ermənilərin qüvvələri ən çox Ağdərədə cəmləşib. Təsəvvür edin ki, həmin yola nəzarətlə Ağdərədəki separatçı silahlı ünsürlərin Xankəndi ilə əlaqələrini kəsmiş oluruq. Hərbi əməliyyat olarsa, bu yola nəzarət böyük üstünlük deməkdi”.

"Fərrux dağ silsiləsindəki yüksəkliklərə nəzarətin digər əhəmiyyəti isə kəşfiyyat qüvvələrinin işlərini bir qədər yüngülləşdirməsidir. Biri var ki, kəşfiyyatçılar gedələr, orada nə baş verdiyini öyrənələr. Yaxud da sputnikdən əraziyə baxasan, durbinlə baxasan. Bir də var ki, yol gözünün önündədir, nə apardıqlarını, nə etdiklərini aydın şəkildə görürsən. Daha bir üstünlük də budur", - deyə Kərimoğlu vurğulayıb.

Hərbi ekspert Ədalət Verdiyev də AYNA-ya söyləyib ki, Fərrux yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilk növbədə Qarabağda qalmış qanunsuz erməni silahlılarına ciddi zərbədir: “Bundan sonra Qarabağda separatçıların istənilən hərbi təxribatının qarşısı daha uğurla alınacaq. Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətində olmasının bizim üçün mühüm hərbi-strateji əhəmiyyəti var. Bu üstünlüyümüz birbaşa olaraq erməni silahlı tör-töküntülərinin Qarabağ ərazisindəki, o cümlədən Ağdərə və Xankəndi istiqamətindəki fəaliyyətlərinə həm vizual, həm də atəş nəzarətini həyata keçirməyə imkan verir. Digər tərəfdən, Fərrux kəndi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Xocalı rayonunun ərazisinə daxildir. Bunu Azərbaycanın Qarabağa nəzarəti tam şəkildə həyata keçirmək üçün zəruri olan fəaliyyətlərinin bir hissəsi kimi də qiymətləndirməliyik".

"Azərbaycan Ordusu dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Daşbaşı yüksəkliyini bir nəfər yaralı belə, vermədən azad etdi. Mənim ərazidə olan heyətlə müəyyən əlaqələrim var. Ordumuzun mənəvi-psixoloji durumu, ruh səviyyəsi kifayət qədər yüksəkdir. Hazırda ölkəmizə qarşı heç bir təhdid müşahidə olunmur. Dolayısı ilə desək, artıq erməni silahlıları acı taleləri ilə barışıblar", - deyə ekspert diqqətə çatdırıb.

Bununla belə, Verdiyevin sözlərinə görə, növbəti təxribatların Xocavənd istiqamətində ola biləcəyinə dair müəyyən siqnallar var: "Əgər bunlar baş verərsə, Azərbaycan Ordusu növbəti yerdəyişmə proseslərini Xocavəndin Taqaverd kəndi istiqamətində həyata keçirə bilər".

Hərbi jurnalist Səxavət Məmməd isə qeyd edib ki, Fərrux dağındakı yüksəkliklərdə Azərbaycan Ordusunun mövqe tutması o anlama gəlir ki, Fərrux kəndindən Azərbaycan Ordusu çıxa bilməz: "Hətta çıxsa belə, o kənddə hansısa silahlının qalması mümkün deyil. Təbii ki, intihara meyillilər xaric. Başqa bir məsələ isə məsələ ilə bağlı pafoslu açıqlamalardır ki, bunlar düzgün deyil”.

“Məsələn, bəzi şəxslər Fərrux dağına nəzarətdən sonra Xocalı rayonunun və Xankəndinin nəzarətə götürüldüyünü əminliklə səsləndirirlər. Bu şəxslər xəritəyə baxsalar, öz səhvlərini görmüş olarlar. Siyasətdə pafos, populizm keçərlidir, amma hərb sahəsində bu, sadəcə olaraq gülüş obyektinə çevrilmək deməkdir. Fərrux dağındakı yüksəkliklərdə mövqe tutmaq adı gedən rayonlara vizual müşahidəyə belə, tam imkan yaratmır. Çünki qarşıda o yüksəkliklərdən hündür yüksəkliklər mövcuddur”, - deyə jurnalist bildirib.

Məmmədin dediyinə görə, Xankəndiyə nəzarət və müşahidə üçün ən gözəl yer məhz Şuşadır: “Şuşadan da vizual müşahidə aparılır. Düşünürəm ki, Fərrux dağının nəzarətə götürülməsi, əslində bir başlanğıcdır. Xüsusi bir maneə törədilmədikcə, Rusiya sülhməramlılarının yerləşmədiyi mövqelərdə Azərbaycan Ordusu yerləşməyə davam edəcək”.




Paylaş:


Müəllif : Tarix:
30-03-2022, 10:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər