reklam
Regionxeberlericom.az » Sosial » Qarabağda antiterror əməliyyatının anonsu - terrorçuların zərərsizləşdirilməsi prosesi başladı

reklam

Qarabağda antiterror əməliyyatının anonsu - terrorçuların zərərsizləşdirilməsi prosesi başladı

Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. “Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bildiririk ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir”, - rəsmi məlumatda deyilir.

Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni quldur dəstələrinin təxribatçı hərəkətləri intensiv xarakter alıb. Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıqlar etsə də, hələlik bunun təsiri hiss olunmur. Son günlərdə Şuşa və Xocalı istiqamətində erməni təxribatçılarına müxtəlif yollarla xəbərdarlıqların edilməsi, hətta erməni dilində mesajların verilməsi də qarşı tərəfin təxribatçı davranışlarını dayandırmayıb. Bu mənada düşmənə “öz dilində” cavab vermək, görünür, daha məqbul variantdır. Bu vəziyyət isə növbəti “Dəmir Yumruq” əməliyyatını qaçılmaza çevirir. Ekspertlər də bunu istisna etmir.

“Ermənilər Rusiya sülhməramlılarının razılığı, göstərişi və himayəsi olmadan həmin ərazilərdə bir güllə də atmazlar. Ermənistanın buna qətiyyən cəsarəti çatmaz. Orada baş verən bütün təxribatların məqsədi və himayədarı var. Ermənilər Ukrayna məsələlərinə görə axmaq, xam xəyallara düşüblər və bic variantlara əl atırlar”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan 2008-ci ildə Osetiyada baş verən hadisələri təkrarlamaq istəyir: “Nəzərə almaq lazımdır ki, həmin vaxt Osetiyada da Rusiya sülhməramlıları var idi. Gürcülər separatçılara qarşı çıxmaq istəyəndə isə sülhməramlılarla qarşılaşdılar. Yəni Osetiya tərəfinin törətdiyi təxribatlara gürcülər cavab vermək istəyəndə, Rusiya sülhməramlıları Gürcüstan hərbçilərinin qarşısını kəsirdi. Sonda isə Gürcüstanın başına gələn oyunlar hamıya məlumdur. İndi ermənilər də bu cür xam xəyallara dalıblar. Sirr deyil ki, Azərbaycan ərazisində Ermənistana və separatçı rejimə məxsus bir neçə min hərbçi hələ də qalmaqdadır. Onların silahlanmasına isə əlbəttə ki, sülhməramlılar himayədarlıq edirlər. Düşünürlər ki, vaxtaşırı törətdikləri təxribatlar getdikdə güclənəcək və daha təhlükəli hal alacaq və belə olan vəziyyətdə, Azərbaycan öz ərazisində yaşayan həmin qeyri-qanuni quldur dəstələrinə qarşı anti-terror əməliyyatı icra edəcək. Plana əsasən, bu halda, Rusiya sülhməramlı qüvvələri işə qarışacaq. Yəni ermənilərin təxribat törətməkdə məqsədi bundan ibarətdir. Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə heç bir donuz otaran erməni onların icazəsi olmadan güllə ata bilməz”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda çox ciddi hadisələr baş verir: “Erməni silahlı birləşmələrinin 44 günlük Vətən savaşımızdan sonra ərazilərimizdə qalan tör-töküntüləri son həftələrdə çox azğınlaşıblar. Məhz Rusiya sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdən bizim ordumuzun mövqelərini davamlı şəkildə atəşə tutması halları baş verir. Azərbaycan Ordusu düşmənin bu hərəkətlərini hər dəfə layiqincə cavablandırır. Və görünən odur ki, yaxın saatlarda hərbi komandanlığımız daha qətiyyətli və sərt addımlar atmağa göstəriş verib”. Polkovnik Cəfərov baş verənlərə görə sülhməramlı kontingenti günahlandırdı: “Baş verənlərə görə ilk növbədə Rusiya qüvvələrinin komandanı, başı biznes və digər yaramaz işlərə qarışan general-mayor Andrey Volkovun məsuliyyətsizliyi və vəzifə borclarına son dərəcə biganə yanaşmasıdır. Məhz onun xeyir-duası ilə erməni silahlı dəstələri bu cür ”cürətə" və həyasızlığa əl atırlar. Biz Azərbaycan tərəfi olaraq ermənilərin nazı ilə həddən çox oynadıq və onlar da buna görə bizə bax belə “təşəkkürlərini” bildirirlər. Artıq bizim də səbr kasamız daşıb və bəzi addımların atılması zərurəti yaranıb. Bunu çoxdan etmək lazım idi. Təəssüf ki, ermənilər onlara verilən vaxtdan və şansdan doğru-düzgün istifadə etmədilər. İnşallah, yaxın günlərdə biz erməni-rus avantürasının onlara necə baha başa gələcəyinin şahidi olacağıq".

Politoloq Zaur Məmmədovun sözlərinə görə, artıq bir neçə gündür ki, ordumuza qarşı təxribatlar baş verməkdədir: “Son 3 gün ərzində erməni separatçılarının ordumuza qarşı atəş açdıqlarının şahidiyik. Sözsüz ki, onlar birilərinin əmrini yerinə yetirirlər. Digər tərəfdən isə bilərəkdən Ermənistandan Xankəndinə gedən maye qaz borusunun partladılması baş verib. Volkov yaxşı olardı ki, mövcud vəziyyəti rasional və soyuqqanlı qiymətləndirsin, tərəflər arasında vəziyyəti gərginləşdirən addımlardan əl çəksin”.

Maraqlısı budur ki, erməni təxribatlarının artması Nikol Paşinyanın Fransaya səfəri ərəfəsində intensiv xarakter alıb. Sanki bununla İrəvan Fransanı inandırmaq istəyir ki, Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunun yenidən rol almasına ehtiyac var. Elə bugünlərdə prezident Makron Azərbaycan liderinə göndərdiyi məktubunda yenə də Minsk Qrupundan bəhs edib və bu da erməni tərəfini məmnun edən məqamdır. Ermənistanın Rusiya və Qərb arasında var-gəl etməsi ermənilərin özlərini də təəccübləndirir. Rusiya Ermənistanın anti-Rusiya mövqeli davranışlarından narahatdır və hesab edir ki, Ermənistan hakimiyyəti gizli şəkildə Avropa və ABŞ-la oynamaqda davam edir. Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. “Bizdə olan məlumata görə, Rusiya Federasiyasının güc strukturları hakimiyyətin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hansı fikirləri söylədiyini anlamaq üçün Ermənistan mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da baxılır. Monitorinq nəticəsində gündəlik hesabatlar tərtib edilərək Ermənistan hakimiyyətinə göndərilir və Nikol Paşinyana Ermənistanda anti-Rusiya təbliğatının maliyyələşdirildiyi və dövlət rəsmilərinin anti-Rusiya fikirlər səsləndirməsinə sübut kimi təqdim edilir. Hər bir belə halla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi və günahkarların cəzalandırılması təklif edilir. Rusiya artıq Paşinyanın ikili oyunlarına səbr etməyə hazır deyil və sədaqət və müttəfiqlik sübutunu tələb edir”, - erməni qəzeti belə yazır.

Bu arada Rusiya Silahlı Qüvvələrinin hərbi kalonunun Laçın dəhlizi ilə Xankəndindən yola düşməsi ilə bağlı iddia ortaya atılıb. Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, onlar Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin, başqa bir iddiaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər. Əgər xəbər doğrudursa, onda məntiqlə erməni separatçıları özlərini yığışdırmalıdır, ən azı Rusiya hərbçilərinin kölgəsində gizlənmək imkanlarından məhrum olacaqlarına görə. Amma yenə də köhnə vərdişlərindən əl çəkə bilmirlərsə, o halda Azərbaycanın antiterror əməliyyatına başlaması və 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirdiyi kimi, bu dəfə də 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını təkbaşına həyata keçirib, erməni silahlılarını zərərsizləşdirə, həm də elə erməni mülki əhalini də girovluqdan xilas edə bilər. “Yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirilir”, açıqlaması həm də bu planın konturlarından xəbər verir...




Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 09:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər