reklam
Regionxeberlericom.az » Sosial » Müxalifət parlament seçkilərində blok yaradacaqmı? - GƏLİŞMƏ

reklam

Müxalifət parlament seçkilərində blok yaradacaqmı? - GƏLİŞMƏ


YAP deputatlarının parlamentin buraxılması ilə bağlı təşəbbüslərinin ardından bir çox məsələlər gündəmə gəlib. Onlardan biri müxalifətin bu seçkilərdə blok şəklində iştirak edib-etməmələri ilə bağlıdır. Bu istiqamətdə danışıqların aparılıb-aparılmaması da suallar doğurur.

Ağ Partiya başqanı Tural Abbaslı bunları dedi: “Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ortada konkret addımlar var. Ancaq hələlik bununla bağlı konkret qərar yoxdur və hazırda parlament öz fəaliyyətini davam etdirir. Odur ki, düşünürəm ki, indidən hansısa müxalif seçki bloklarından, seçki birliklərindən danışmaq tezdir. Yəni belə qeyri- müəyyən bir şəraitdə partiyaların birlik danışıqlarına başlaması uyğun deyil.

Tural Abbaslı: “Müxalif seçki bloklarından, seçki birliklərindən danışmaq tezdir”

Hətta ortada vaxtından əvvəl seçki söhbəti çıxdıqdan sonra tam əksinə boykotlar ətrafından birləşmələr barədə məsləhətləşmələr gedir. Yəni bu gün müxalifətin seçkidə ümumiyyətlə iştirak edib-etməyəcəyi müzakirəsi gedir, nəinki seçki blokları. Düşünürəm ki, iqtidar seçki mövzusunda hansısa minimum islahatlar aparmasa, seçkilərin kütləviliyi və legitimliyi şübhə altına düşəcək. Hələliksə AĞ partiya olaraq bizim bu mövzuda konkret qərarımız yoxdur, hakimiyyətin atacağı addımları gözləyirik”.

İqbal Ağazadə: “Bizim üçünartıq blok prioritet deyil”

Ümid Partiyasının sədri İqbal Ağazadə isə blokun yaradılmasına ehtiyac görmür: “Bu barədə nəsə deyə bilmərik. Bizim üçün artıq blok prioritet deyil. Bloklaşma mərhələsinin geridə qaldığını düşünürük. Biz sadəcə demokratik seçki üçün funksional əməkdaşlığın tərəfdarıyıq. Bu əməkdaşlıq üçün istənilən partiyaya qapımız hər zaman açıqdır. Məlum qərardan sonra digər partiyalarla əməkdaşlıq istiqamətində danışıqlar edir. Baxacağıq ki, bunun sonu necə olacaq. Danışıqların hansı istiqamətdə getdiyini hələ ki, açıqlamaq istəmirəm. Amma onu deyə bilərəm ki, danışıqlar dairələr üzrə getmir. Sadəcə, demokratik seçkilərin keçirilməsinə nail olmaq istiqamətində fəaliyyətimizi düşünürük”.

Əli Əliyev: “Sadəcə, blok yaratmaq niyyətimiz yoxdur”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev: “Heç bir danışıq getmir. Seçkilərə partiya olaraq, tək getmək niyyətindəyik. Amma hələ ki, seçkilərlə bağlı bir mövqeyimiz yoxdur. Məclis keçirib, seçkilərə gedib-getməməklə bağlı qərar çıxaracağıq. Parlamentin buraxılması ilə bağlı YAP deputatlarının qərarından sonra heç bir siyasi qurumla danışıqlarımız olmayıb. Amma koordinasiya, məsləhətləşmələr ola bilər. Sadəcə, blok yaratmaq niyyətimiz yoxdur. Bu cür qərarlar kollegial qəbul olunur. Əgər seçkidə iştirak qərarımız olarsa, təbii ki, çalışacağıq ki, namizədlər toqquşmasın”.

Sərdar Cəlaloğlu: “Blok şəklində seçkilərdə iştirakımız mümkün olmayacaq”

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, əslində gərək 5-6 ay əvvəl müxalifətin siyasi bloku yaradılaydı: “Təəssüflər olsun ki, bu mümkün olmadı və bəzi siyasi qüvvələr bununla bağlı öz fikirlərini bildirdilər. Seçkilərə əgər indi elan olunsa, blok şəklində seçkilərdə iştirakımız mümkün olmayacaq. Blokun yaradılması üçün zaman lazımdır. Nəzərə alaq ki, bu seçkilər də növbədənkənar keçirilir. Bu baxımdan müxalifətin bir araya gəlib blok yaradacağına, yaratsa belə, uğur qazanacağına inanmıram. Müxalifət elə bir siyasət aparır ki, bir ay öncədən bir ay sonra nələrin baş verəcəyini görə bilmir. Şəxsən mən seçkilərin olacağı barədə dostlara deyəndə deyirdilər ki, şəxsən biz hər şeyə tam hazırıq. Amma indi hadisələr göstərir ki, belə deyilmiş. Hətta günlər öncə Müsavat Partiyasının təşkilatçılığı ilə funksional əməkdaşlıq mərkəzi yaradıldı. Bu müxalifətin birliyi kimi cəmiyyətə təqdim olundu. Buyursun, o əməkdaşlıq mərkəzi bu seçkilərdə vahid bir mövqedən çıxış etsin. Düşünmürəm ki, partiyalar indi blok şəklində seçkilərə gedəcəklər. Bunun səbəbləri çoxdur. Çünki partiyaların seçkilərdə iştirakla bağlı qəti qərarları yoxdur. Bəziləri seçkilərdə iştirak etməməklə bağlı qərarlıdırlar. Bəzi qüvvələrin ambisiyaları imkan vermir ki, bloklarla bərabər tərəf kimi iştirak olunsun. Yəni çoxlu sayda obyektiv və subyektiv səbəblər var ki, bu seçkilərdə müxalifətin vahid şəkildə iştirakına imkan vermir. Bloklar seçkilərdən bir neçə ay əvvəl yaradılmalı, bu istiqamətdə iş aparılmalıdır. Müxalif birliklər bir-birinə uyğunlaşmalı, bir-birinin mövqelərini əks etdirməlidir. Bu isə indiki şəraitdə çətin məsələdir”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
2-12-2019, 09:58
Sikayət   


loading...
Загрузка...