reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təhsil Nazirliyinin qərarına reaksiya: - Şagirdin fikrini soruş, amma o, nə deyə bilər ki?!

reklam

Təhsil Nazirliyinin qərarına reaksiya: - Şagirdin fikrini soruş, amma o, nə deyə bilər ki?!



Bu dəfə dərsliklərlə bağlı şagirdlərin də fikri öyrəniləcək. Belə ki, Təhsil Nazirliyindən verilən xəbərə görə, 2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.

Qeyd edək ki, dərsliklərdəki nöqsanlarla bağlı müəllimlər, eləcə də valideynlər və şagirdlər çox tez-tez şikayətlər səsləndirirlər. AYNA ekspertlərdən dərsliklərin ümumi vəziyyəti, nöqsanların aradan qaldırılması yolları, eləcə də şagirdlərin fikrinin öyrənilməsinin bu prosesdə nə dərəcədə səmərəli olub-olmaması barədə həmsöhbət olub.

Milli Məclisin Təhsil komitəsinin keçmiş sədri, professor, təhsil eksperti Şahlar Əsgərov da o fikirdədir ki, dərsliklərin hazırlanmasında aktiv müzakirələr aparılmalı, iş peşəkarlara həvalə edilməlidir: “300 səhifə yazıb adını dərslik qoymaq olar. Amma o dərslik dediyin həmin sahəni əhatə edirmi - buna baxmaq lazımdır. Dərsliklər hazırlanarkən geniş müzakirələr aparılmalıdır. Bu müzakirənin sonuncu mərhələrində məktəblilərin də fikrini öyrənmək olar. Lakin ən önəmlisi peşəkarların yanaşmasıdır. Şagird deyə bilər ki, kitabın çəkisi ağırdır, şəkilləri rəngsizdir, vərəqləri keyfiyyətsizdir və s. Bundan artıq nə deyə bilər?!”.

Ekspert hesab edir ki, yüz, min şagirdin fikrini öyrənməkdənsə, beş-on nəfər ekspertin fikrini öyrənmək daha səmərəlidir: “Fəhlədən “Sizin maaşınızı necə qaldıraq?”, - deyə soruşmaq olar, amma fəhlə bunun yolunu bilsə, özü öz maaşını qaldırar. Buna görə də şagirdlərin fikrinin öyrənilməsini o qədər də gərəkli saymıram. Bu, demokratiyanın absurda çevrildiyini göstərən bir şeydir. Əlbəttə, soruşmaq çox yaxşıdır. Amma şagird dərslik haqqında nə deyə bilər ki? Dərsliklərin vəziyyətini peşəkarlar müzakirə etməli, rəy bildirməlidir”.

Əsgərov tarix dərslikləri ilə bağlı narahatlığını da ifadə edib: “Məni ən çox tarix dərsliyinin vəziyyəti narahat edir. Qarabağ müharibəsində bizimlə savaşan erməninin hansından soruşurdular, deyirdi “Qarabağ bizimdir”. Deməli, bunların tarix dərslikləri o fikrə onları inandıracaq qədər mükəmməl yazılıb. Onlar özlərinin olmayan Qarabağı özlərinki hesab edirlər. Bizim dərsliklər də o qədər mükəmməl olmalıdır ki, bizim olanı kiminsə mənimsəməsinə imkan verməyək”.

“Dərslik məsələsi təhsil sferasının o sahəsidir ki, burada korrupsiya hallar da var. Dərslik məsələsinə çox fikir vermək lazımdır. Milli mənafeyi şəxsi mənafeyə qurban vermək olmaz. Dərslik mükəmməl olmalı, peşəkarla tərəfindən yazılmalıdır”, - deyə keçmiş deputat fikrini tamamlayıb.

Təhsil eksperti Elşən Qafarov da dərsliklərdəki problemlər, çatışmazlıqlar barədə müzakirələrin davamlı olmasının təkmilləşdirmə işinə müsbət təsir etdiyi düşüncəsindədir: “Dərsliklərin yeni variatik formada hazırlanması istiqamətində işlər gedir. Bununla bağlı atılacaq ilk addımlar 2021-2022-ci tədris ili üçün hazırlanıb. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da nəzərdə tutulmuş hədəf və tədbirlərdən biri şagirdlərin və müəllimlərin dərslik seçiminin müəyyən olunması, eyni fəndən bir neçə dərsliyin hazırlanması və müəllimlərin, şagirdlərin hansından istifadə edəcəkləri ilə bağlı özlərinə seçim verilməsidir. Bu, dünyanın təhsili inkişaf etmiş ölkələrində illərdir var”.

“Dərsliklərdə problemlərin, çatışmazlıqların olması illərdir müzakirə olunan mövzudur. Bu tip müzakirələr həm bizdə, həm digər ölkələrdə olur və olacaq da. Bu, tam normal haldır. Müzakirə varsa, orada narazılıqlar da olmalıdır. Müzakirələr də bunun üçündür ki, narazılıqlar , şikayətlər bildirilsin, təkmilləşmə getsin”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin fikrincə, nöqsanların olmaması üçün ilk növbədə, Təhsil Nazirliyi yanında dərsliklərə nəzarət üçün komissiyalara mütəxəssislər seçilməlidir: “Həmin komissiyaların tərkibi filankəsin adamı, yaxud da “filankəs tapşırıb” deyilən şəxslərdən formalaşmamalıdır. Hər bir dərslik akademiyanın ayrı-ayrı institutları ilə elmilik cəhətdən razılaşdırılmalıdır. Yaradıcı müəllimlərin olduğu əlavə qruplar olmalıdır. Həmin müəllimlər birbaşa ümumtəhsil məktəblərində işləyənlərdən olmalıdır. Dərsliklərdə sadəlik və əlçatanlığın olmasını təmin etmək üçün müəllimlərin müzakirəsinə verilməlidir. Çox təəssüf ki, bizdə yaradıcı, eləcə də dərsliklərin müzakirəsində iştirak etmək istəyən müəllimlər çox azdır”.

Qafarovun fikrincə, dərsliklərin müzakirəsində mütəmadiliyi qorumaq önəmlidir və mövcud təcrübələrdən faydalanmaq lazımdır: “Dövlət İmtahan Mərkəzi (DİM) bu işi çox gözəl qurub. Amma Təhsil Nazirliyi bu işi qura bilməyib. DİM-in təcrübəsindən istifadə edərək dərsliklərin müzakirəsini vaxtaşırı, mütəmadilik qorunmaqla, sistemli şəkildə davam etdirmək lazımdır. Bu halda dərsliklərdə olan səhvlər hələ çap olunmamışdan aşkar oluna bilər və onlar aradan qaldırıla bilər”.

“Yaranmış vəziyyətdən çıxış yolu budur: Birincisi, dərsliklərlə bağlı Təhsil Nazirliyində olan komissiyanın üzvləri şəffaf, obyektiv seçilməlidir. İşi bilən, dərsliyin formalaşmasına tövsiyə verə bilən adamlar olmalıdırlar. İkincisi, hər bir dərslik Elmlər Akdemiyasının ayrı-ayrı institutları tərəfindən elmilik baxımından razılaşdırılmalıdır. Sadə və əlçatan olması, hər sinif üzrə şagirdlərin yaş psixologiyasını nəzərə alan məlumatların olması nəzərə alınmalıdır. Məktəblərdə işləyən müəllimlər işləməlidir. Təhsil Nazirliyi hər bir rayon və şəhər təhsil idarələrinin metod mərkəzlərinə tapşırıq verməlidir ki, kitablarla bağlı konkret fikirlərini desinlər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.



Paylaş:


Müəllif : Tarix:
24-06-2021, 18:15
Sikayət   


loading...
Загрузка...