reklam
Regionxeberlericom.az » Siyasət » Görək, Lentsov NƏ HOQQA ÇIXARACAQ... - Başqa cür ola da bilməz...

reklam

Görək, Lentsov NƏ HOQQA ÇIXARACAQ... - Başqa cür ola da bilməz...


Mayın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib. Müdafiə Nazirliyinin yaydığı qısa məlumatda bildirilir ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

Xatırladaq ki, Lentsov yeni təyinatla Qarabağa aprelin 25-də gəlib. Gələn kimi də öncə separatçıbaşı Araik Arutunytanla onun “qərargahında” görüşüb, sonra İrəvana gedərək Ermənistan müdafiə naziri Suren Papikyanla bir araya gəlib. Nikol Paşinyanın qəbulunda olub. İrəvandan qayıtdıqdan sonra yenə Araiklə görüşüb - bu dəfə kontingentin Xocalıdakı qərargahında.

Detallar açıqlanmasa da, şübhə yox ki, Bakıda onun qaldırdığı əsas məsələ Ermənistanla sərhəddə qoyduğumuz Laçın nəzarət-yoxlama postu ilə bağlı olub. Çünki Rusiya üçün bu bir imic və ermənilər qarşısında etibar məsələsidir. Azərbaycanın isə post problemi yoxdur. Çünki söhbət suveren ərazimizdə qurulan legitim məntəqədən gedir. Etibara qalınca yaxşı olar ki, cənab Lentsov Putinin imzası duran 10 noyabr sənədinin 4-cü bəndini reallaşmasının qeydinə qalsın. Çünki Qarabağda hələ də 10 min qanunsuz silahlı-terrorçu var. Şəkk-şübhə yox ki, Z.Həsənov bunu sələfləri kimi onun qarşısında da qaldırıb.

Diqqət çəkicidir ki, Prezident İlham Əliyev yeni komandanı qəbul etməyib.

Lentsov Bakıdan nə ilə gedib? Bakı səfərindən sonra Rusiyanın separatçılarla birgə Qarabağda hansısa təxribatı mümkünmü?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Xankəndi Azərbaycanın ərazisidir, ona görə də general Lentsov əslində fəaliyyətə başlamaq üçün bölgəyə gələndə ilk növbədə Bakıya gəlməli və ilk görüşü də burada keçirməli idi: “Ancaq o, aprelin 25-dən Qarabağa gəldi və dərhal erməni separatçıların lideri ilə görüşdü. Azərbaycanın müdafiə naziri ilə isə təxminən 10 gün sonra görüşə gəldi. Rusiya sülhməramlı qüvvələri yenə də separatçı ermənilərin xidmətində qalmaqdadırlar. Onlar bununla sülhdə maraqlı olmadıqlarını nümayiş etdirmiş olurlar.

Laçına girişdə sərhəd nəzarət-keçid məntəqəmizin yaradılmasını Lentsov heç də müsbət qarşılamamışdı. Yəqin ki, Laçın yolunun Azərbaycanın ərazisi olduğunu və Azərbaycanın öz ərazisində nəzarət-keçid məntəqəsi qurması hüququnun olduğunu Bakıda ona izah ediblər. Bu izahdan onun nəticə çıxarıb-çıxarmadığı hər halda yaxın günlərdəki davranışlarında bəlli olacaq. Yaxın dövrdə erməni separatçıların hansısa təxribatlar etməsi istisna deyil. Bu baş verəcəksə, arxasında Lentsovun timsalında sülhməramlıların separatçılarla işbiriliyinin nəticəsi olduğuna şübhəniz olmasın. Rusiya bilməlidir ki, onun sülhməramlı qüvvələri əgər separatçılara dəstək verəcəklərsə, təxribatlara həvəsləndirəcəksə Azərbaycanın onların bölgədən çıxması məsələsini qaldırmaq hüququndan istifadə etməsi reallaşa bilər".

Polkovnikin sözlərinə görə, istər sülhməramlıların komandanı, istər digər kənar qüvvələr hər kəs bilməlidir və reallıqla barışmalıdır ki, Azərbaycan tamamilə beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərində nəzarəti bərpa edib: “Hazırda həll edilməmiş məsələmiz ölkəmizin daxilində qanunsuz yerləşmiş Ermənistan silahlı birləşmələrinin qalıqlarının çıxarılması və separatçılığa son qoymaqdır. Bu istiqamətdə də lazımi addımlar atılacaq. Hesab edirəm ki, müdafiə naziri Zakir Həsənov 10 noyabr üçtərəfli bəyanatının tələblərinin yerinə yetirilməsi istiqamətində sülhməramlıların addımlar atmasının vacibliyini də Lentsova xatırladıb. Yəni sülhməramlılar və onların komandanı separatçıların təminatçısı rolunda çıxış etmək əvəzinə üçtərəfli bəyanatın onların üzərinə qoyduğu işi həyata keçirməlidirlər. Fikrimcə, Zakir Həsənov Lentsova Azərbaycanın razı qalmadığı məsələlərlə bağlı suallar da verib, ondan cavablar istəyib. Lentsovun sorğulandığına şübhə etmirəm. Azərbaycanın mövqeyi düzgündür və qətidir. Müzakirə predmeti artıq Laçın yolu ola bilməz. Müzakirə predmeti Xankəndi və digər ətraf rayonlardakı Ermənistan silahlı birləşmələrinin qalıqlarının, silahlı erməni quldur dəstələrinin bölgədən çıxarılması və Azərbaycanın bu bölgəsində nəzarəti ələ alması, hakimiyyətimizin orada qurulması olmalıdır. Əminəm ki, məhz belədir və Lentsovla görüşdə bu məsələlər barədə müzakirə aparılıb”.





Paylaş:


Müəllif : Tarix:
6-05-2023, 12:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər