reklam
Regionxeberlericom.az » Siyasət » YA LAÇIN DƏHLİZİNƏ NƏZARƏT, YA DA... – Azərbaycan dövləti bu qətiyyətli addımı atmalıdır!

reklam

YA LAÇIN DƏHLİZİNƏ NƏZARƏT, YA DA... – Azərbaycan dövləti bu qətiyyətli addımı atmalıdır!













Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri, Xankəndində erməni separatçıları ilə görüşlər keçirməsi Azərbaycan üçün çox pis xəbərdir. İki gündür, Bakıdan bu qanunsuzluğa reaksiya yoxdur, bu gün media qeyri-rəsmi mənbələrə istinad edərək xanım Pekresin arzuolunmaz şəxs elan olunacağı haqqında xəbər yayıb. Olsun, gələn il Fransa Prezidenti olmağa ən şanslı namizədlərdən biri üçün bu, əksinə, yaxşı xəbərdir. Pekres Qarabağa zatən Prezident kürsüsünü tutmaq üçün şanslarını daha da artırmağa gəlib. Ona Fransadakı 600 minlik erməni diasporunun dəstəyi hava-su kimi lazımdır...


Bəs, Azərbaycana nə lazımdır? Valeri Pekres Xankəndinə gəlişi ilə Bakının qarşısında duran bir nömrəli məsələnin dövlətin milli təhlükəsizliyi və suverenliyi üçün nə qədər təxirəsalınmaz vəzifə olduğunu göstərdi. Bir daha sübut olundu ki, Azərbaycan yubanmadan:

- Təcili olaraq Laçın dəhlizində dövlət sərhədinə nəzarəti bərpa etməlidir;

- Bu məsələ Zəngəzur dəhlizi və Ermənistanın başqa təklifləri ilə alver predmetinə heç bir halda çevrilməməlidir;

- 10 noyabr bəyanatının əsas şərtlərindən biri olan erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələb olunmalıdır.

Azərbaycanın milli təhlükəsizliyi və suverenliyi üçün başlıca məsələlər bunlardır. Zəngəzur dəhlizi, sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması və s. hamısı ikinci plandadır.

10 noyabr razılaşmasına görə Laçın dəhlizindən Ermənistanın maneəsiz istifadə etməsinə Azərbaycan zəmanət verir. Həmin istiqamətdə dövlət sərhədinin nəzarətə götürülməsinə heç bir hüquqi, siyasi maneə yoxdur. Belə bir addım iki ay əvvəl Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində atıldı və qısa müddətdə bütün mübahisələrə son qoyuldu. Hazırda həmin yoldan ermənilər və İran vətəndaşları sərbəst şəkildə istifadə edir, bu günə qədər Azərbaycan sərhədçiləri və gömrükçülərindən bir dəfə də olsun şikayət etməyiblər.

Eyni qaydalar Laçın dəhlizində qoyulmalıdır. Bir ölkənin beynəlxalq hüquqla tanınmış sərhədlərinə nəzarəti təmin etməsi onun qanuni haqqıdır. Bu, nə Qarabağdakı erməni azlığına, nə Ermənistana, nə Rusiya sülhməramlılarına qarşı yönəlir. Azərbaycan öz sərhədindən qüvvədə olan rejim qaydaları əsasında istifadəyə şərait yaradır, sülhməramlılar da 10 noyabr bəyanatına uyğun olaraq dəhliz boyu oradan istifadə edənlərin təhlükəsizliyini qoruyur.

Əlbəttə, sərhədə nəzarətin təmin olunması üçtərəfli razılaşmanın yerinə yetirilməyən bir bəndinin - erməni silahlı briləşmələrinin Qarabağı tərk etməsini də şərtləndirir. 44 günlük müharibənin qalibi olan Azərbaycanın ərazisində işğalçı ordunun qalıqları heç bir halda qala bilməz. Laçın dəhlizi isə onların təminatı, habelə separatçı cinayətkarların öz imkanlarını qanunsuz şəkildə artırması üçün istifadə edilə bilməz.

Çox təəssüf ki, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycan dövlətinin əleyhinə cinayətkar fəaliyyətin əhatə dairəsi genişləndirilir. Müharibədən sonra hərbi qüvvələrin yerləşdirildiyi təmas xətti möhkəmləndirilir, Xocalı, Xankəndi, Şuşanın işğalda qalan bəzi kəndlərində yeni yaşayış məskənləri, hərbi obyektlər salınır. Azərbaycan tərəfi isə 10 addım aralıda baş verən bu cinayətkar fəaliyyətə qarşı addım atmır. Bu zaman çox təəssüf ki, işğal dövründə yol verilən səhvlər təkrarlanır, o zaman da düşmənin təmas xəttini möhkəmləndirməsinə göz yummuşduq və müharibədə onun ağrılarını yaşadıq.

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə verdikləri bəyanatların ən önəmlisi dəhlizlərlə bağlı idi. Prezident İlham Əliyev bildirmişdi ki, Laçın dəhlizində hansı rejim bərqərar olacaqsa, Zəngəzur dəhlizinə də eynisi tətbiq olunmalıdır. Yəni seçim Ermənistana buraxılmışdı. Paşinyan bu bəyanata üçtərəfli görüşdən əvvəl "Facebook" səhifəsində cavab vermişdi ki, Zəngəzurdan Naxçıvana yol ancaq Ermənistanın suverenliyi çərçivəsində, sərhəd və gömrük nəzarəti tətbiq olunmaqla verilə bilər. Avropa İttifaqı Şurasının Prezidenti, görüşün təşkilatçısı Şarl Mişelin bəyanatında da Paşinyanın dedikləri əks olunmuşdu. Mişel də dövlətlərin suverenilik məsələsinin qırmızı xətt olduğunu vurğulamışdı.

Beləliklə, həm Paşinyanın, həm də Avropa liderinin mövqeləri Azərbaycan üçün Laçın dəhlizində sərhədə nəzarəti təmin etmək üçün tamamilə əlverişli şərait yaradır. Suverenlik məsələsi təkcə Ermənistan üçün qırmızı xətt ola bilməz, Azərbaycan da bu hüququnu həyata keçirib Qarabağın öz yurisdiksiyasında olduğunu dünyaya nümayiş etdirməlidir. Əks halda, bizim üçün çox təhlükəli proseslərdə oyundakənar vəziyyətə düşə bilərik. Bu da nəticə etibarı ilə Qarabağın birdəfəlik itirilməsini şərtləndirə bilər.

Laçında dövlət sərhədinə nəzarəti bizim yerimizə heç kim təmin etməyəcək - nə Qərb, nə də Rusiya. Əlbəttə, onların heç biri bu məsələdə maraqlı deyil. Amma bu bizim suveren hüququmuzdur, onu reallaşdırmağa mane olacaq heç bir səbəb və qüvvə yoxdur. Sadəcə qətiyyətli olmaq lazımdır!




Paylaş:


Müəllif : Tarix:
23-12-2021, 20:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər