reklam
Regionxeberlericom.az » Sosial » “Xidməti müqavilələri ləğv etməklə camaatın başını ağrıdacaqsınız” - ETİRAZ

reklam

“Xidməti müqavilələri ləğv etməklə camaatın başını ağrıdacaqsınız” - ETİRAZ



Əmək Məcəlləsinə edilən son dəyişikliyə əsasən, sahibkarlar işçiləri xidməti müqavilə əsasında deyil, əmək müqaviləsi əsasında işə götürməli olacaqlar. Dəyişikliyin edilməsində məqsəd işçilərin xidməti müqavilə əsasında çalışmalarının qarşısını almaqdır.

Yeniliyi AYNA-ya şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, bu, qeyri-rəsmi məşğulluğa qarşı mübarizəni gücləndirmək və qeydiyyata alınmayan əmək münasibətlərini rəsmilləşdirmək məqsədi daşıyır: “Dəyişikliklərlə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçüləbilən meyarlar daxil edilib. Bu dəyişiklik əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hala gətirir. Yenilik həmçinin, əmək münasibətləri anlayışını da ehtiva edir. Dəyişikliklərə görə, əmək münasibətləri əmək qanunvericliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir”.

Deputat bildirib ki, dəyişikliklərə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunur və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda, tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə, tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda, yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsi ilə müəyyən edilən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə tənzimləndikdə, yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda, müqavilədə Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov isə sözügedən dəyişikliklərin faydalı olacağını düşünmür. O, AYNA-ya şərhində deyib ki, mülki-hüquqi müqavilələrdən imtina etmək mümkün deyil: “Əmək Məcəlləsi ilə buna qadağa qoymaq Konstitusiyaya ziddir. Layihəni kim hazırlayıbsa, həmin adam normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunundan xəbərdar deyil, Milli Məclisdən də keçib gedib”.

“Dəyişikliklərdə qeyd olunanlar heç nəyi dəyişmir və dəyişməyəcək də. Orada qeyd olunub ki, işçi ilə münasibətlər Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin təsiri altında düşürsə, bu halda işçi ilə mülki-hüquqi müqavilə bağlamaq olmaz, əmək müqaviləsi bağlanmalıdır. Əlbəttə, bu zaman əmək müqaviləsi bağlanmalıdır. Bunun üçün qanunda dəyişiklik etməyə nə ehtiyac var idi?! Və yaxud orada yazılır ki, işəgötürənin funksiyalarına aid olan işlər olduqda, mülki-hüquqi müqavilə bağlana bilməz. Bu, nə deməkdir ki? Tutaq ki, AYNA qəzetində beş nəfər ştatda jurnalist çalışır. Amma tutaq ki, bir layihə alıblar və həmin layihə çərçivəsində xüsusi reportaj hazırlamaq və yaxud da xarici ölkələrin birində çəkiliş hazırlamaq lazımdır. Bunun üçün 5-10 günlük xüsusi ixtisaslaşmış şəxs lazımdır. Həmin jurnalistlə mülki-hüquqi müqavilə bağlanır, o da işini görür, qonorarını alıb gedir. Həmin görülən iş media orqanlarının iş prinsiplərinə uyğundur. Bir sözlə, burda ciddi bir dəyişiklik yoxdur”, - deyə ekspert bildirib.

Məmmədov hesab edir ki, bu dəyişikliklər sahibkarların problemlərini artıracaq: “Bu dəyişikliklər heç bir problemi həll etmir, əksinə yaradır Üç-dörd ildir ki, Vergi Məcəlləsində, “Sosial qığorta haqqında” Qanunda, Əmək Məclləsində dörd-beş dəfə dəyişiklik etdilər. Dəyişən heç bir şey yoxdur. 2000-ci illərin əvvəllərində nə qədər əmək müqaviləsi var idisə, elə indi də təxminən bir o qədər əmək müqaviləsi var. Beş milyon insan çalışır, onların üçdə biri ilə əmək müqaviləsi bağlanır. Əmək müqaviləsini ancaq dövlət sektorunda çalışanlarla bağlayırlar”.

“Əgər bu qədər dəyişikliklər fonunda cəmi 10-11 faiz artım olubsa, deməli, dəyişikliklərin heç bir mənası yoxdur. Sonuncu dəyişiklik də heç bir problem həll etməyəcək, əksinə sahibkarların başını ağrıdacaq. Bu cür dəyişikliklər əksinə sahibkarları əmək müqaviləsi bağlamaqdan çəkindirir. O zaman heç mülki-hüquqi müqavilə də bağlamayacaqlar. Bütün bu məsələləri məsləhətləşərək etmək lazımdır. Hansısa bir şəxs oturur, ağlına gələni yazır, qanun şəklinə salır, Milli Məclisə ötürür, orda da ağına-bozuna baxmadan qəbul edirlər”, - deyə həmsöhbətimiz vurğulayıb.

VƏHML sədri burada çıxış yolu kimi qeyri-formal əmək bazarınının ləğv olunmasını görür: “İşəgötürənlərə eyni cür yanaşmaq lazımdır. Ərköyün işəgötürənlər var ki, heç kimə məhəl qoymur, əmək müqaviləsi bağlamır, heç kim də onlara heç nə demir. Bunlar ancaq kiçik və orta sahibkarların üzərinə düşüblər. İri sahibkarlar var ki, əmək müqavilələri bağlamırlar. Qoy getsinlər, onlardan əmək müqavilələrini bağlamalarını tələb etsinlər, o zaman hər şey yoluna düşəcək”.


Paylaş:


Müəllif : Tarix:
28-06-2021, 09:14
Sikayət   


loading...
Загрузка...