reklam
Regionxeberlericom.az » Gündəm » Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi

reklam

Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi















Rusiyanın Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov Azərbaycan diasporuna qarşı yeni hücum mərhələsini elan edib.

Musavat.com yazır ki, o, Ural bölgəsində azərbaycanlı diaspor liderinin oğlu Mütəvəlli Şıxlinskinin həbsinə şəxsən onun müraciəti səbəb olduğunu bəyan edib.

Mironov açıq şəkildə qeyd edib ki, bu məsələ onun daha geniş hədəfinin – bütün Azərbaycan diasporasının yoxlanılması – bir hissəsidir. Xüsusilə, Moskvanın iki nəhəng ticarət obyektinin – “Sadovod” və “Food City” bazarlarının fəaliyyətinin yoxlanılmasını tələb etdiyini bildirib. Qeyd edək ki, bu bazarlar Rusiyada tanınmış azərbaycanlı mənşəli milyarder God Nisanova məxsusdur. pizza hut

Xatırladaq ki, bir neçə gün əvvəl Yekaterinburqda azərbaycanlı diaspor rəhbəri Şahin Şıxlinskinin oğlu Mütəvəlli Şıxlinski Mercedes-Benz G-Class markalı avtomobillə xüsusi təyinatlı polis əməkdaşını vurmaqda ittiham olunaraq həbs edilib. Yerli məhkəmə onu 14 sentyabra qədər həbsdə saxlanmaqla bağlı qərar çıxarıb. Mütəvəlli Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) ilə cinayət işi açılıb.

Bundan bir gün öncə isə Şahin Şıxlinskiyə qarşı eyni maddə üzrə – hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə ittihamı ilə cinayət işi başlandığı məlum olub.

Bu hadisələr fonunda Sergey Mironovun çıxışı Rusiya siyasətində Azərbaycan diasporasına qarşı yeni təzyiq dalğasının başlandığına işarə kimi qiymətləndirilir. Müşahidəçilər hesab edirlər ki, bu, təkcə hüquqi yox, həm də siyasi kampaniyadır və hədəf Rusiya iqtisadiyyatında böyük çəkiyə malik azərbaycanlı iş adamlarıdır.

Qod Nisanov kimdir?

Musavat.com xəbər verir ki, Rusiyada geniş biznes şəbəkəsinə sahib olan azərbaycanlı mənşəli milyarder Qod Semyonoviç Nisanov həm kommersiya uğurları, həm də diaspor fəaliyyəti ilə tanınır. O, 24 aprel 1972-ci ildə Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbədə – dağ yəhudilərinin sıx yaşadığı ərazidə dünyaya gəlib.

Təhsilini Bakıda – Maliyyə-Kredit Kolleci və Hüquq İnstitutunda alan Nisanov 1990-cı illərin əvvəllərində Moskvaya köçərək biznes fəaliyyətinə başlayıb. 1992-ci ildə ortağı Zarah İliyevlə birgə təsis etdiyi “Kiyevskaya Ploshchad” şirkətlər qrupu hazırda Rusiyanın ən böyük özəl daşınmaz əmlak holdinqlərindən biri sayılır.

Onun rəhbərlik etdiyi holdingin portfelində “Moskva” və “Sadovod” ticarət mərkəzləri, “Food City” aqroklasteri, “Olimpiyskiy” idman kompleksi, “Ukrayna” və “Avropa” otelləri, “Biskvit” fabrikləri və Flotilla Radisson Royal kimi mühüm obyektlər yer alır.

Forbes jurnalının 2023-cü il reytinqinə əsasən Qod Nisanovun sərvəti 2,9 milyard ABŞ dolları həcmində qiymətləndirilir və o, Rusiya üzrə ən varlı 43-cü şəxs kimi siyahıya düşüb.

Bundan başqa, Nisanov sosial və xeyriyyə layihələri ilə də seçilir. O, dağ yəhudiləri üçün məktəblər, mədəniyyət mərkəzləri və “Mountain Jews” muzeyini yaradıb. Rusiya ərazisində tarixi abidələrin bərpası və yeni sosial obyektlərin tikintisinə dəstək göstərib.

Qod Nisanov 2014–2022-ci illərdə Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti olub. Lakin 2022-ci ildə Rusiya ilə bağlı beynəlxalq sanksiyalar səbəbindən bu vəzifədən uzaqlaşdırılıb. Hazırda o, ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya və Avstraliya da daxil olmaqla bir sıra ölkələrin sanksiya siyahısındadır.

O, həm Azərbaycan, həm də Rusiya tərəfindən yüksək dövlət təltiflərinə layiq görülüb. Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi”, “Dostluq” və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlərlə təltif olunub.

Qod Nisanovun fəaliyyəti həm siyasi, həm iqtisadi, həm də ictimai sahədə regional və beynəlxalq miqyasda diqqət çəkməyə davam edir.

(Xəbərdə haqqin.az saytının yazısından istifadə edilib)




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 14:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər