reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təkmilləşdirdiyi cihaz Türkiyədə 14 nəfərin dağıntılar altından xilasına səbəb oldu - Müsahibə

reklam

Təkmilləşdirdiyi cihaz Türkiyədə 14 nəfərin dağıntılar altından xilasına səbəb oldu - Müsahibə

















Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib. Baş verən zəlzələlər dəhşətli dağıntılara və insan itkisinə səbəb olub. Son açıqlanan məlumata görə, faciə nəticəsində 45 min 89 nəfər həyatını itirib.

Xilasetmə prosesinə ilk gündən fərqli ölkələrin axtarış-xilasetmə qrupları cəlb olunub. Azərbaycandan dövlət tərəfindən göndərilən qruplardan savayı, könüllü şəkildə köməyə yetişənlər də olub. Onlardan biri olan, qardaş Türkiyəyə ilk günlərdən özünün təkmilləşdirdiyi cihazla yola düşən Ceyhun Xəlilovla bağlı öncədən də məlumat vermişdik. Türkiyədə axtarış işlərini bitirib Vətənə qayıdan Ceyhun Xəlilovun Yeniavaz.com-a verdiyi geniş müsahibəni təqdim edirik.

Necə oldu ki, Türkiyədə xilasetmə işlərində iştirak üçün bu ölkəyə getməyə qərar verdiniz və necə getdiniz?

- Deməli ayın 6-da səhər məlum məsələ ilə bağlı xəbəri eşitdik və ondan sonra necə kömək edə biləcəyimizi düşündük. İşə getməyib zəng etdim Fövqaladə Hallar Nazirliyində əvvəldən tanıdığım rəhbər şəxslərə. Onlar bildirdi ki, sivil şəxslərin oraya aparılması mümkün deyil. Daha sonra Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurası ilə əlaqə yaratdıq. Onlar bildirdi ki, bu məsələ ilə bağlı fəaliyyət istiqaməti nəzərdə tutulmayıb. Mən elə başa düşdüm ki, bu məsələni öz hesabıma həll etmək lazım olacaq. Elə də etdim. Gəldim hava limanına, Ankaraya ayın 7-ə 1 bilet var idi. Yollandım Ankaraya, ayın 8-i avtobus ilə Maraş bölgəsinə gəlib çıxdım. AFAD mərkəzində məni qəbul etdilər. Bildirdim ki, bu sahə üzrə ixtisaslaşmış şəxsəm, diplomumu, sertifikatlarımı təqdim etdim. Onlara göstərdim ki yanımda belə bir cihaz var, özümlə gətirmişəm. Cihazı yoxladıqdan və mənimlə təlim keçdikdən sonra məni "Beşir Arama Kurtarma Dərnəyi"nə təhkim etdilər. Ayın 9-u səhər saat 9-da biz işə başladıq və saat 11-də artıq bir insanı tapdıq və sonra o xilas edildi.

Gömrükdən keçən zaman cihazla bağlı problem yaşandımı?

- Ümumiyyətlə bu cür cihazlar gömrükdən müvəqqəti gömrük bəyannaməsi yazılmadan keçirilə  bilməz. Hava limanında olduğum zaman gömrük əməkdaşlarından kömək istədim və orada Təhqiqat şöbəsinin rəisi Elşən Səfərli şəxsən çox yaxından kömək etdi. Bu proses 3-4 gün çəkən bir prosesdir, amma bir neçə saat ərzində bu prosesi tezləşdirib, cihazın Türkiyəyə aparılmasında kömək etdilər. Buna görə şəxsən Gömrük əməkdaşlarına və rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Yerli və türk mətbuatında təkmilləşdirdiyiniz cihaz sayəsində 14 nəfərin xilas edilməsi barədə yazılar dərc olunur. Bu cihaz barəsində danışa bilərsinizmi?

- Cihaz “enkaz altı incələmə cihazı”dır. Bu cihazın iki xüsusi özəlliyi var. Birinci özəlliyi odur ki, dağıntı altında olan şəxsin səsini və görüntüsünü bizə və bizim səsimizi həmin şəxsə ötürə bilir. Bu bizə imkan yaradır ki, dağıntı altında olan şəxslə danışığa girə bilək. İkinci özəlliyi ondadır ki, dağıntı altında çəkilən kadrları götürə bilir. İki kamera vasitəsilə bunu həyata keçiririk. Onlardan biri “Hidrocam”, ikincisi isə endoskopik kameradır. Endoskopik kamera daha kiçik dəliklərdən keçir ki oradaki vəziyyəti müşahidə edə bilək. “Hidrocam” kamerasında olan səs ötürmə və səs qəbuletmə özəlliyi ilə isə biz birbaşa danışığa girə bilirik və danışıq zamanı biz həmin şəxsin hansı vəziyyətdə olduğunu müəyyənləşdirə bilirik, ona ilkin təlimatları verə bilirik. Bu kimi məsələlərdə bu cihazın dəqiq müəyyən etmə üstünlükləri var ki daha sonra xilasetmə prosesi zamanı koordinatora üstünlük verir.

Sizdə olan cihazın gələcəkdə bütün xilasedicilər tərəfindən istifadə olunması üçün nəsə etməyi düşünürsünüz və ya sizə bununla bağlı hər hansı təklif verilibmi?

- Bu proyekt faydalı model sayılır və satış üçün rentabelli olmadığına görə belə proyektlər investorlar tərəfindən cəlbedici sayılmır. Təkliflər gəlməsə də, biz orada müşahidə etdiyimiz digər cihazların xüsusiyyətlərini unikal yeni bir cihazda ortaya qoyulmasını proyekt olaraq düşünürük. Bunda dövlət qurumları maraqlı olmalıdır. Və bu işdə bir təklif olunarsa ki, bu proyekti birlikdə işləyək biz çox sevinərik.

Türkiyədəki zəlzələ bölgəsindən yaxın günlərdə qayıtmısınız. Orada vəziyyət necədir?

- Vəziyyət heç ürəkaçan deyil, acınacaqlıdır. Artıq axtarış işləri ayın 16-dan, səhv etmirəmsə, yekunlaşmaq üzrə idi. Təbii ki, bu hər yerə aid deyil. Mən olduğum yerdə elə idi. Qurtarma işləri davam edir. Hazırda orada, mən bildiyim qədəri ilə, bizim FHN-in qurduğu çadırlarda və konteynerlərdə yerləşən insanlara psixolojı dəstəklər olunur. Artıq bizim iş bitib, digər könüllülərin işi başlayıb. Qeyd etmək istəyirəm ki, oraya mən özüm könüllü olaraq getmişəm və könüllü olaraq ayın 16-a qədər orada fəaliyyət göstərmişəm. Ayın 16 artıq mənə aid olan işlər bitdiyi üçün geri qayıtdım.

Siz birbaşa hadisə yerində olmusunuz, itkilərin yekun nəticələri ilə bağlı bir təxmininiz var?

- Var, amma o efirdə deyiləcək icazəyə malik deyiləm. Ümumiyyətlə elə bir məsələ var ki, mən özüm əvvəl Hüquq-mühafizə orqanlarında çalışmışam və ondan bilirəm ki, bəzi məsələlər var ki, deyilməsi doğru deyil.

İnsanları xilas edərkən nə hisslər keçirirdiniz?

- İnsanları xilas edən zaman keçirdiyim hissləri sözlə ifadə etmək imkanım yoxdu. Nə zaman ki, biz azyaşlı uşaq xilas edirdik, o zaman bizim sevincimizin həddi-hüdudu olmurdu. Mənə də bu qismət oldu. 8 yaşlı bir qızı xilas etmək nəsib oldu. O proses zamanı inanın ki, bütün xilasetmə qrupları, millətindən asılı olmayaraq, hər kəs kövrəlirdi və azyaşlı uşaq xilas olunduğuna görə çox sevinirdi.

Öncəki çıxışlarınızda zəlzələ bölgəsində möcüzələrlə qarşılaşdığınızı demişdiniz. Daha ətraflı danışa bilərsiniz bu barədə?

- Bəli, bir neçə möcüzə ilə qarşılaşdıq. Bilirsiniz, möcüzə anlayışı fərqli olur. Belə bir yer var idi, bizə gəlib dedilər ki, orda artıq sağ adam yoxdur, amma orada yaşayan insanlar dedi ki, oradan səs gəlir. Mən də koordinatordan icazə alıb yaxınlaşdım. Uzaq məsəfədən belə meyit qoxusu gəlirdi. Yaxınlaşdım meyitə və cihazı onun üzərindən irəlilətdim. 1,5-2 metr sonra sağ qızın olduğunu müəyyən etdim. Niyə mən buna möcüzə deyirəm? Axtarma qrupunda belə bir özəllik var: biri digərini dinləyir. Yəni əgər biri deyirsə ki, mən buranı yoxlamışam, burada heç kəs yoxdur, o məsələ dayanır, yönəlirsən başqa, daha real, səs gələn yerə. Həmin anda bilmirəm mənə nə oldu ki, oraya girməyə qərar verdim. Hətta oradan elə qoxu gəlirdi ki, heç kim oraya yaxınlaşmırdı. Qız oradan çıxanda mən donub qalmışdım. Heç yadımda da deyil ki, kim mənə gəlib oradan səs gəldiyini dedi.

Xilasetmə zamanı ən təsirləndiyiniz hal hansı olub?

- Demək “Yıldız Apartmanı”nda müşahidə işləri aparırdıq. Təxmini 4 mərtəbə aşağı enmişdim. Oradan Azərbaycan bayrağı tapdım. O anda həm təsirləndim, həm düşündüm ki burda azərbaycanlı var. Mənim xilasetmə işinə icazəm yoxdu, bunu ən azından birlikdə edə bilərdik. O an heç kimə heç nə bildirmədən başladım özüm irəli getməyə, bəzi əşyaları kənarlaşdırmağa. Sonda belə bir qərara gəldim ki, orada azərbaycanlı yox idi, amma Azərbaycana dəyər verən biri yaşayırdı.

Türkiyədə zəlzələ bölgəsində bir çox ölkənin xilasediciləri çalışırdı, sizcə ən peşəkar və texniki cəhətdən ən yaxşı təchiz olunmuş qrup hansı ölkədən gəlmişdi?

- Bir neçə ölkə var idi ki, mən onların iş prosesini müşahidə edirdim. Çox qəribədir ki, ora gedən cihazların heç birinin digəri ilə özəlliyi bir deyildi. Çinlilərin istifadə etdiyi impuls-siqnal vasitəsilə müəyyənləşdirmə cihazı mənim çox xoşuma gəldi. Yeri gəlmişkən deyim ki, türklərin də cihazları heç də digərlərindən geridə qalmırdı. Qırğızıstandan gələn bir qrup var idi, kinolojı xilasetmə qrupu idi. O qrupun başında Nurqalı Asanaliyev var idi, hansı ki bütün maliyyəni öz üzərinə götürüb qrupu və öz itlərini gətirmişdi. Biz son iki gündə birgə əməkdaşlıq edirdik. Düzdür bu iki gün ərzində sağ insan tapa bilmədik, amma çox sayda ölü tapmağa onların itlərinin köməyi dəydi.

Ayın 11-də iş prosesi zamanı mənim cihazım zədələnmişdi. Təmir olunması üçün heç bir imkan yox idi. Mən birbaşa koordinasiya mərkəzinin rəhbəri Kayseri valisi Gökmen Çiçek bəyə yaxınlaşdım və bildirdim ki, vəziyyət çox ciddidir, sağ tapdığımız insanlar var, lakin cihaz sıradan çıxdıqdan sonra mən artıq dəqiq istiqamətləri verə bilmirəm. Gökmən bəy həmin an zəng etdi Maraş Hava Limanına və oradan məni qarşılayıb, təyyarə ilə Ankaraya apardılar. Mən cihazı təmir etdirib geri qayıtdım. Ayın 12-si artıq iş başında idim və həmin gün biz 2 nəfəri xilas etdik. Orada elə rəhbər şəxslər var ki, onları heç kəs tanımır, amma əsl qəhrəmanlar onlardır ki o anda göstərdikləri operativ dəstək olmasa idi, biz bu cür çalışıb insanlara yetişə bilməzdik.

Əlavə qeyd etmək istərdim ki, mənim təhkim olunduğum Beşir Arama-kurtarma dərnəyinin başqanı Metin Doruklu ayın 14-dən 15-ə keçən gecə rəhmətə getmişdi. Çox pis oldum onun ölümünə. Ailəsinə başsağlığı verirəm. Çox dəyərli bir türk qardaşımızı itirdiyimə üzülürəm.




Paylaş:


Müəllif : Tarix:
1-03-2023, 14:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər