reklam
Regionxeberlericom.az » Araşdırma » Jurnalist də insandır... ELƏ DEYİLMİ? - "Şəxsi problem şəxsi müstəvidə də həll olunmalıdır"

reklam

Jurnalist də insandır... ELƏ DEYİLMİ? - "Şəxsi problem şəxsi müstəvidə də həll olunmalıdır"



















ATV-də yayımlanan “Futbolumuz” verilişinin aparıcısı, idman jurnalisti Ceyhun Rzayev intihar edəcəyini elan edib. İdman jurnalisti ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını deyib: “Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər. İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər”.

C.Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib. Səhər saatlarında hadisə yerinə polis əməkdaşları və xilasedicilər gedib.

Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev telejurnalist Ceyhun Rzayevin intihar anonsu ilə bağlı açıqlama verib. “Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”, - DİN rəsmisi bildirib.

Qeyd edək ki, C.Rzayevlə valideynləri arasında yaşadıqları ev üstündə məhkəmə çəkişmələri yaranıb. Nəticədə məhkəmə jurnalistin valideynlərinin xeyrinə qərar çıxarıb. Məlumata görə, bu gün icra məmurları jurnalistin yaşadığı ünvana gələrək, onu və ailəsini evdən çıxaracaqlar. C.Rzayevin məhz buna etiraz əlaməti olaraq intihar anonsu verdiyi bildirilir.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) idman telejurnalisti Ceyhun Rzayevin qarşılaşdığı problemin ictimailəşməsindən sonra bu məsələni daim diqqətdə saxlayıb: “Acı təəssüf hissi ilə bildiririk ki, böyük potensiala malik idman mediası ailəmizin bir üzvünün belə çətinliklə üzləşməsi bizdə ciddi narahatlıq doğurub. Ceyhun Rzayevin dünən səhər saatlarında öz şəxsi sosial media hesabında intihar edəcəyi ilə bağlı paylaşım etməsi onun son həddə çatdığını göstərir. Ümid edirik ki, Azərbaycan Respublikasının müvafiq dövlət qurumları bu məsələni dərhal və təxirəsalınmaz formada ciddi nəzarətə götürəcək, dövlətimizin sadiq qaldığı humanizm prinsiplərinə uyğun olaraq qanunvericilik çərçivəsində bu problemin birdəfəlik həllinə nail olacaqlar”.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə hesab edir ki, telejurnalist Ceyhun Rzayevin təngə gəlməsinin səbəbi açıqlananda qınanılacaq ilk hədəf valideynləri və yaxınları olacaq. Bu barədə fikirlərini sosial media hesabında paylaşan MŞ sədrinin fikrincə, bu cür metodlarla ailədaxili problemin həllinə çalışmaq yolverilməz və təəssüfedicidir: “Polisin çevik reaksiyasına görə təşəkkürümüzü bildirir, Ceyhuna isə təmkin və səbr arzulayırıq”.

"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədovun fikrincə, jurnalistin ailəsi (valideynləri) ilə problemi varsa, buna ictimai rəng vermək qətiyyən doğru deyil: “Əgər jurnalist peşə fəaliyyətini həyata keçirərkən hansısa problemlə üzləşsəydi (məsələn, yazdığı məqaləyə görə təzyiq göstərilsəydi), onda ictimai müzakirə açmaq olardı. Amma ata-anası ilə yola getməməklə jurnalist peşəsinin arasında heç bir bağlılıq yoxdur. Fəhlə də, sürücü də, satıcı da, ofisiant da evdə belə münaqişə ilə üzləşə bilər. Sırf jurnalisti ayırıb, xüsusi zümrə kimi təqdim etmək praktikasına son qoymaq lazımdır. Jurnalist olmaq heç kimi başqalarından artıq etmir. Şəxsi problem şəxsi müstəvidə də həll olunmalıdır”.

Jurnalist Rufik İsmayılov da feysbuk hesabında C.Rzayevin intihar “anonsu”na münasibət bildirib:

"Mülkiyyət məsələsi, mülkiyyət hüququ ilə bağlı bir məqamı vurğulamaq istərdim. Hər bir ailədə övladlar eyni statusa sahibdirlər. Fərqi yoxdur, qız, yaxud oğul. Mülkün sahibi valideyndirsə, o öz mülkünü öz istəyinə uyğun olaraq qızına da bağışlaya bilər, oğluna da. Zərurət yaransa, yumşaq və ya sərt formada tələb də edə bilər ki, ay oğlum, ay qızım, böyüdüb təhsil verdim, indi özün işlə, həyatda yolunu tut, yaşayışını qur, həyatını yaşa və sair. Bizdə bəzən elə təəssürat yaranır ki, əgər valideynin varsa, mütləq səni mülklə təmin etməlidir. Bu, belə olmaya da bilər. Yaxud elə hesab olunur ki, ailədə bir oğul, bir qız övladı varsa, ata mülkü oğulundur. Yaxud valideynin bir neçə oğul-qızı varsa, mülk kiçik oğulundur. Mənəvi baxımdan, centlmen razılaşması, mental dəyərlər baxımından kimsə bunu bu cür qəbul edə bilər. Amma hüquq, qanun deyir ki, cinsindən asılı olmayaraq hər bir övlad eyni hüquqa və statusa sahibdirlər. O nöqteyi-nəzərdən belə məsələlərdə valideynin könüllü razılığı yoxdursa, mülkünü oğluna deyil, qızına bağışlayırsa, yaxud heç birinə bağışlamırsa, ona qarşı çıxmaq, onları nədəsə ittiham etmək mənasızdır. Mülkün qanuni sahibi kimdirsə, məhkəmə məhz onu dəstəkləməli və mülkiyyət hüququnu müdafiə etməlidir”. //SHERG.AZ//




Paylaş:


Müəllif : Tarix:
7-06-2023, 20:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər