reklam
Regionxeberlericom.az » Siyasət » Türkiyə siyasətində inqilabi dəyişiklik: İmamoğlunun addım səsləri eşidilir

reklam

Türkiyə siyasətində inqilabi dəyişiklik: İmamoğlunun addım səsləri eşidilir
















Özgür Özelin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbəti qurultayında sədr seçilməsi Türkiyədə rezonansa səbəb olub. 

Adı Türkiyə siyasətində “kilit adam” kimi dəyərləndirilməyən və bu günə qədər sadəcə CHP-nin parlamentdəki qrup başqanı olan Özgür Özelin bir gecədə ölkənin ən stajlı partiyasının - “Ana müxalifət” partiyasının sükanı arxasına keçməsi çoxsaylı suallar doğurub. 

Cari ilin may ayında keçirilən növbəti prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyip Ərdoğana məğlub olan Kemal Kılıçdaroğlunun taxtının laxladığı artıq CHP-nin siyasi kuluarlarında müzakirə mövzusuna çevrilmişdi. 2010-cu ildə mərhum CHP sədri Deniz Baykaldan sonra partiyanın rəhbərliyinə gələn K.Kılıçdaroğlu isə 13 il ərzində keçirilən seçkilərin bir çoxunda hakim partiyaya məğlub olduqdan sonra dəfələrlə sədrlikdən uzaqlaşdırılması ilə bağlı böyüyən etirazları qulaqardına vurmuşdu. Ümumilikdə isə CHP-nin K.Kılıçdaroğlu dönəmində 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində Ankara, İzmir və İstanbul kimi böyük şəhərlərdə qələbə qazanmasından savayı hər hansı böyük bir uğuru olmayıb. 

Lakin sonuncu qurultayda Özgür Özelin partiya sədrliyinə gətirilməsi artıq onu göstərdi ki, CHP-də yeni bir dövrün başlanmasını tələb edənlərin sayı çoxalıb. Seçki ərəfəsində müxalifətin, daha dəqiq desək İYİ Partiya sədri Meral Akşenerin əsas namizədi olaraq ortaya çıxan Mansur Yavaşın müxalifətin vahid namizədi kimi göstərilməsi təklifinin K.Kılıçdaroğlu tərəfindən iflasa uğradılmasından sonra CHP-nin siyasi düşərgələrində partiya sədrliyinə gətirilməsi planlaşdırılan 2 adamın adı ön plana çıxmışdı.

Post-Kılıçdaroğlu dönəmində CHP-yə rəhbərlik edəcək adamın Mansur Yavaş olmasını istəyən bir çox CHP üzvləri, hətta prezident seçkilərindən sonra “Ana müxalifət” partiyasının sıralarını etiraz əlaməti olaraq tərk etmişdilər. Lakin bir sıra siyasi analitiklər Özgür Özelin CHP sədri seçilməsini “Aysberqin görünən tərəfi” olaraq qiymətləndirirlər. 

Siyasi təhlilçilər hesab edir ki, şoumen xarakterli çıxışları ilə seçkilər dövründə gənc nəslə xitab edən Ekrem İmamoğlu perspektivdə partiyanın bütün siyasi rıçaqlarını ələ keçirmək niyyətindədir. Növbəti bələdiyyə seçkilərində yenidən iddiasını ortaya qoymağa çalışan CHP bu dəfə də böyük şəhərlərdə qələbə çalmağı planlaşdırır. 

Təbii ki, Kılıçdaroğludan sonra partiyanın “köhnə qvardiya”dan təmizlənməsi əməliyyatına start veriləcəyini istisna etmək olmaz. Elə bu məqamda Ekrem İmamoğlunun “ipləri” əlinə alması və 2028-ci ildə keçiriləcək prezident seçkilərində hakim AKP-ni iqtidardan göndərməsi ilə bağlı planlarının olduğunu da iddia etmək mümkündür. Amma burada Mansur Yavaş faktorunu unutmaq olmaz... 

Bu gün CHP-də yeni bir dövr başlayır. Ö.Özelin rəhbərliyində olan partiyanın növbəti seçkilərdə iqtidara gələcəyi hələlik müəmmalıdır. Pərdəarxasında isə Kılıçdaroğludan sonra partiyadaxili çəkişmələrin başlayacağı gözləniləndir. Azərbaycan cəmiyyətində populyar olan Türkiyə siyasi sferasında bu gün əsas sual CHP-nin hansı strategiyanı əsas tutacağıdır. Maraqlıdır, “sürpriz adam” olan Özgür Özel rıçaqları əlində toplaya biləcəkmi? Yoxsa post-Kılıçdaroğlu dövründə partiya daxilində Yavaş-İmamoğlu çəkişməsi başlayacaq? Suallar müxtəlif və çoxşaxəlidir. Reallıq isə 74 yaşlı stajlı siyasətçinin partiyanı uçuruma aparmadan sükandan qalxması oldu ki, bunun da nəticəsini növbəti seçkilərdə və siyasi arenalarda görəcəyik. 




Paylaş:


Müəllif : Tarix:
6-11-2023, 18:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər