reklam
Regionxeberlericom.az » Siyasət » “Zəngəzurun qiymətini hesablayıb həmin məbləğdən çıxmaq olar” - deputat

reklam

“Zəngəzurun qiymətini hesablayıb həmin məbləğdən çıxmaq olar” - deputat

Noyabrın 10-da Vətən müharibəsi başa çatandan sonra Ermənistanın son 30 ildə Azərbaycana vurduğu zərərin müqabilində on milyardlarla dəyərində ölçülən təzminatı necə ödəyəcəyi ilə bağlı müzakirələr də gündəmdədir.

Bütün sahələr üzrə ciddi böhran keçirən təcavüzkar ölkənin bu təzminatı heç bir halda ödəmək imkanlarının olmadığı hər kəsə güzgü kimi aydındır. Belə olduğu üçün təzminat əvəzi olaraq bir sıra təkliflər səslənməkdədir.

O təkliflərin önündə isə Azərbaycanın tarixi ərazisi sayılan Zəngəzurun ölkəmizə qaytarılması gəlir. Son olaraq, belə bir fikirlərlə rusiyalı politoloq çıxış edib. O deyib ki, Ermənistan Azərbaycana ödəməli olacağı təzminatdan qurtulmaq üçün Zəngəzuru və Azərbaycan üçün strateji başqa yerləri güzəştə getsin.

Ermənilər belə bir təklif etməyə məcbur qalsalar, Azərbaycan tərəfin necə davranacağı barədə yaranan çoxlu sayda suallar ətrafında geniş müzakirələr gedir. Onu da qeyd etməyi vacib bilirik ki, bu plan hər zaman masa üzərində olub və pul müqabilində Azərbaycan ərazilərinin geri qaytarılması barədə çox yazılar gedib. Amma nəzərə alaq ki, indi vəziyyət tamamilə dəyişib. Müzəffər ordumuz Qarabağı azad edərək, erməniləri prezident İlham Əliyevin dediyi kimi, oradan it kimi qovub. İndi bizim qarşımızda duran əsas məsələ Ermənistana təzminat davası açmaqdır ki, bu yöndə də artıq işlər gedir. Ermənistanı Zəngəzur və digər tarixi ərazilərimizi boşaltmağa məcbur qoymağın yeganə yolu kimi təzminat məsələsi önə çəkilir.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bunu mümkün hesab edir: “Artıq bir aydan çoxdur ki, mən də Zəngəzur məsələsini qaldırıram. Ermənistanın işğalçı rejimi Azərbaycan ərazilərində olmazın müsibətlərini törədiblər. Hələ torpaqlarımızı azad etməmişdən öncə təxmini olaraq hesablayırdıq ki, onlar 50-100 milyard arasında bizim torpaqlara zərər vurublar. Amma işğaldan sonra aydın oldu ki, bu 50-100 milyard məsələsi deyil, məbləğ daha böyükdür. Bəziləri hətta 300-800 milyard arası məbləğ səsləndirirlər. Ermənistanın Avropa İnsan Haqları Məhkəməsində bir nümayəndəsi var idi. İndi orada işləmir. O qeyd etmişdi ki, Azərbaycan iki il bundan əvvəl 50 milyardlıq təzminat davası açıb, o məsələ gündəmdədir. Azərbaycan buna əlavələr edəcək. Hazırda hesablamalar aparılır. Məbləğ müxtəlif beynəlxalq qurumlara təqdim olunacaq. Artıq bilirəm ki, Ermənistanın xeyrinə olmayan böyük təzminat məbləğləri hüquqi cəhətdən təmin ediləcək və təcavüzkar ölkəyə təqdim olunacaq. Bundan sonra Ermənistanın müxtəlif ölkələrdə olan əmlaklarının, banklardakı pul vəsaitlərinin dondurulması, Azərbaycana verilməsi üçün məhkəmələrdə iş qaldırılacaq. Ermənistanın bu qədər məbləği yoxdursa, bunun ən leqal yolu tarixi torpağımız olan Zəngəzurun qiymətini hesablayıb həmin məbləğdən çıxmaq olar. Tarixdə də belə hallar olub. Düşünürəm ki, sonunda buna getməliyik. Elə bu gündən bu işlə məşğul olmalıyıq. Bizə vurduqları zərərin əvəzi Zəngəzuru Azərbaycana qaytarmalıdırlar. Hüquqi müstəvidə işi məhz bu sahədə aparmalıyıq. Düşünürəm k, jurnalistlər, politoloqlar, xaricdə olan səfirliklərimiz, müxtəlif ölkələrdəki nümayəndələrimiz bu məsələ ilə bağlı indidən ictimai rəyi tək Azərbaycanda deyil, regionda, dünyada bu rəyi formalaşdırmaq üçün çalışmalıdırlar”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə indidən bu barədə danışmağı tez hesab edir: “Məhkəmələrin qərarı olmayana qədər təzminatla bağlı danışmaq hələ tezdir. Düşünürəm ki, ilk növbədə, müvafiq araşdırmalar yekunlaşmalı, müraciətlər olmalıdır. Bütün bunlardan sonra düşünmək olar ki, Ermənistan hansı formada bu təzminatı ödəyə bilər. Hələ araşdırmalar yekunlaşmayıb, məhkəmələr olmayıb, bir sözlə proses sona çatmayıb. Onun üçün bu barədə danışmağın tez olduğunu düşünürəm. Rus politoloqu nəsə deyə bilər. Bu onun şəxsi mövqeyidir. Onun mövqeyini şərh etmək istəmirəm. Fikrimcə, ilk növbədə, araşdırmalar olmalıdır. Bunun nəticəsində məhkəmələrə müraciət olunmalıdır. Məhkəmələrin isə qərarı olmalıdır. Bu qərardan sonra müzakirələr açıla bilər ki, Ermənistan nə zaman və necə təzminatı ödəyəcək. Araşdırmalar hələ təzə başlayıb. İş yekunlaşmayıb, məhkəmələrə də müraciətlər olmayıb. Aşadırmalardan sonra mütləq beynəlxalq məhkəmələrə müraciətlər olmalıdır. Ermənistanın bu təzminatı necə ödəməsi mərhələsinə hələ var”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli də bu cür düşünür: “Azərbaycan Ordusunun zəfərindən sonra istənilən fikri ehtimal olaraq səsləndirmək və sonsuza qədər inkişaf etdirmək mümkündür. Amma düşünürəm ki, indiki şəraitdə cəmiyyətimizə daha realist, daha praqmatik mesajların verilməsinə ehtiyac var. Biz maksimum gözləntilərimiz olduğu halda belə, minimum nəticə barədə danışsaq, daha yaxşı olar. Ermənistandan təzminatın tələb edilməsinin hüquqi mexanizmlərinin müəyyənləşdirilməsi, prosedurun həyata keçirilməsi uzunmüddətli və olduqca mürəkkəb bir prosesdir. Nəzərə almaq lazımdır ki, təzminatla bağlı prosesin özü belə mərhələli və fərqli yuridiksiyalar altında, fərqli instansiyalarda və fərqli prosedurlarla həyata keçirilə bilər. İnsan hüquq və azadlıqlarının pozulması, vətəndaşlara dəyən maddi və mənəvi ziyan, dövlətə dəyən ziyan, işğal altında olan ərazilərdəki təbii ehtiyatların qanunsuz mənimsənilməsi, ekologiyaya vurulan ziyan, tarixi və mədəni abidələrin dağılması, beynəlxalq humanitar hüququn pozulması və digər müharibə cinayətləri həm kompleks, həm də ayrı-ayrılıqda hüquqi yanaşma tələb edir. Nəzəri baxımdan, bu gün istənilən mülahizə irəli sürülə və hətta ağlasığmaz, fantastik ssenarilər haqqında da danışıla bilər. Mən belə açıqlamaları və müzakirələri faydalı hesab etmirəm. Bütün bunlar haqqında yalnız müvafiq beynəlxalq məhkəmələrin qərarları olduqdan və onların yerinə yetirilməsi mexanizmləri hazırlandıqdan sonra danışmaq olar”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
8-12-2020, 09:38
Sikayət   


loading...
Загрузка...