reklam
Regionxeberlericom.az » Sosial » Kamran Həsənlinin iddialarına Akif Aşırlıdan CAVAB: - DANIŞDIQLARI AĞ YALANDIR

reklam

Kamran Həsənlinin iddialarına Akif Aşırlıdan CAVAB: - DANIŞDIQLARI AĞ YALANDIR


Qalmaqallı açıqlamaları ilə gündəmə gələn teleaparıcı Kamran Həsənli bu dəfə Azərbaycanda mətbuatın vəziyyətini tənqid edib, qəzetlərin reallığı əks etdirmədiyini dilə gətirib. O, çap mediasının zəifliyinin elə bu sahənin öz günahı olduğunu vurğulayıb. İddia edib ki, qəzetlər həqiqəti əks etdirməyən məlumatlar dərc edir, ağ yalan yazırlar. Teleaparıcının sözlərinə görə, məhz bu səbəbdən də ölkəmizdə qəzet sektoru öz dəyərini itirib və bütün bunları zamanla, dövrlə əlaqələndirmək doğru deyil.

Medianews.az K.Həsənlinin mətbuatın vəziyyətinə dair söylədiklərinə “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlının münasibətini öyrənib. O, K.Həsənlinin danışdıqlarının ağ yalan olduğunu söyləyib.

A.Aşırlı bildirib ki, ölkə mətbuatı ilə əlaqəsi olmayan, mövcud vəziyyəti, şəraiti, şərtləri bilməyən bir insanın bu cür danışması düzgün deyil və həqiqəti əks etdirmir: “Əlbəttə, çap mediasının bu gün vəziyyəti ölkədə ürəkaçan deyil. Amma, bunun səbəbi orada çalışan işçilərlə və qəzeti idarə edənlərlə bağlı deyil. Bu, dünyada baş verən proseslərin tərkib hissəsidir. Dünyanın ən aparıcı qəzetləri belə, öz həcmindən, böyük səhifələrdən imtina edib. Bu yaxınlarda Türkiyədə oldum. Orada “Milliyet”, “Sabah” və digər qəzetlərlə yaxından tanış oldum. Onlar da artıq səhifələrinin sayını azaldır, ancaq keyfiyyətə üstünlük verirlər. Bu da onunla bağlıdır ki, internet media sürətlə inkişaf edir və artıq elektron qəzetçiliyə keçid prosesi baş verir”.

Əməkdar jurnalistin sözlərinə görə, çap mediasının bu günə düşməsinin əsas səbəbi mövcud vəziyyətlə bağlıdır: “Mövcud vəziyyət ondan ibarətdir ki, qəzetlərin yayım siyasəti tamamilə, iflas vəziyyətdədir. Yayım şəbəkələri demək olar ki, yox dərəcəsindədir. Bu dəqiqə barmaqla sayılacaq qədər yayım şirkətləri mövcuddur. Halbuki, 10-15 il bundan əvvəl 20-25 özəl yayım şirkəti var idi. Bu şirkətlər qəzetlərin satışını təkcə Bakı şəhərinə deyil, regionlara, hətta Naxçıvanda həyata keçirirdilər. Qəzetlər də müəyyən satışlardan gələn gəlirin hesabına öz iqtisadi imkanlarını qoruyub saxlaya bilirdi. Artıq 15 ildir ki, qəzetlərin əl yayımı, səyyar satış imkanları imkansızdır. Əhalinin çox olduğu yerlərdə, o cümlədən metro stansiyaların girişlərində, içərisində, böyük ticarət mərkəzlərində qəzetlər yox dərəcəsindədir. Bu kimi yerlərdə qəzet satışına qadağalar qoyulub. Halbuki, Avropada, dünyanın müxtəlif ölkələrində ən böyük supermarketlərdə, metro stansiyalarında qəzetlər qoyulur, satışına icazə verilir. Bu isə bizdə yoxdur. İkinci bir tərəfdən, qəzetlərin reklam alma imkanları yoxdur. Reklam gəlirlərimiz həddindən artıq zəifdir”.

“Şərq” qəzetinin baş redaktoru vurğulayıb ki, çap mətbuatı ömrünü başa vurmayıb və bu sahədə peşəkar jurnalistlər çalışırlar: “Bəzən qəzetləri oxumur, lakin onlar haqqında “Qəzetlər artıq tarixdir” – deyə tənqidi fikirlər səsləndirirlər. Xeyr! Həmin insanların öz düşüncələri bir tarixdir. Onlar düşünürlər ki, çap mediası ömrünü başa vurub, onların çapı da mənasızdır. Əslində, bu gün Azərbaycanda peşəkar jurnalistika adına nə varsa, yenə də təşəkkür çap mediasında çalışan fədakar jurnalistlərin çiyninə düşür. Bu insanlar peşəkarcasına hadisələrə, proseslərə yanaşırlar. Bəzən deyirlər ki, qəzetlər informasiya verir, xəbər verən qəzetlər nəyə lazımdır. Onlar qəzetləri oxumurlar və bilmirlər ki, mətbuat artıq xəbər vermir. Qəzetlər xəbərə şərh, analitik təhlillər verir, hadisələrin görünməyən tərəfini araşdırırlar. Yəni, operativ, qeyri-dəqiq, qeyri-ciddi yazıları qəzetlərdə görmək olmaz”.

A.Aşırlı qeyd edib ki, ölkənin ən ciddi probemlərini ictimailəşdirmək bu gün mövcudluğunu qoruyub saxlayan 10-15 qəzetin üzərinə düşür: “Azərbaycanda gündəlik nəşr olunan 6-7 qəzet var. Biz 7-10 il bundan əvvələ baxsaq, bu qəzetlərin sayı 35-i keçmişdi. İndi də qəzetlərin yayım siyasətində reklam ala bilmək imkanları olmadığı bir dönəmdə, qəzetlər haqqında bu şəkildə yanlış təsəvvürləri cəmiyyətə çatdırmaqla, anti-təbliğat qururlar. Qəzetlərin bu səviyyəyə düşməsinin əsas səbəblərindən biri də televiziyalarda aparılan anti-təbliğatdır. Onlar iddia etdilər ki, qəzetlər nəyə lazımdır, oxunmur və sair. Halbuki, qardaş Türkiyədə televiziyada səhər proqramlarında mövzu, söhbət ilk öncə qəzetlərdən açılır. Qəzetlərdə nə varsa onun təhlili aparılır, şərhi verilir. Bizim televiziyaların da bir-ikisi proqramı bu şəkildə apardı. O da quru, əhəmiyyətsiz şəkildə məsələlərə yanaşdılar. Ona görə də bunları qəzetlərə qarşı anti-təbliğat adlandırır, peşəkar jurnalistikanın bu gününə və sabahına vurulan zərbə kimi qiymətləndirirəm”.

Əməkdar jurnalist vurğulayıb ki, özülsüz bina olmadığı kimi, çap mediasız da nəinki Azərbaycanda, ümumiyyətlə beynəlxalq aləmdə jurnalistika yoxdur: “Kamran Həsənli jurnalistdir, onun aparıcılığına kimsə şübhə etmir. Ancaq, Kamran Həsənli bir gün qəzet redaksiyasında olubmu, bir yazı, xəbər, məqalə yazıbmı? Məqalənin yazılma qaydalarını əsaslandıra bilərmi? Problem burasındadır ki, aparıcılar problemi şifahi şəkildə şərh etməyə çalışırlar. Əslində o deyilən təhlilləri mətnə çevirmək özü kifayət qədər peşakarlıq tələb edən bir məsələdir. Ona görə də bu gün qeyri-peşəkarlığın öndə olmasının səbəbi məhz çap mediasının zəifliyidir. Özülsüz bina olmadığı kimi, çap mediasız da nəinki Azərbaycanda, ümumiyyətlə, beynəlxalq aləmdə jurnalistika yoxdur. Bu özülün çöküşünü təmin edən insanlar bilsinlər ki, gələcəkdə indiki jurnalistikada olan problemin 10 qatını media müstəvisində görəcəklər”.

sherg.az





Paylaş:


Müəllif : Tarix:
15-01-2024, 12:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər