reklam
Regionxeberlericom.az » Sosial » Toylara icazə verilməsi niyə ertələnir? - NARAZILIQ!

reklam

Toylara icazə verilməsi niyə ertələnir? - NARAZILIQ!


Günlərdir müzakirələr aparılsa da, anonslar verilsə də, hələ ki hökumət toyların keçirilməsinə icazə verməyib. Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldıldı. Ancaq toy məsələsi yenə açıq olaraq qaldı. Ardından Milli Məclisdə keçirilən müzakirələrdə müəyyən qaydalar çərçivəsində, az insanın iştirakı ilə, açıq havada, vaksin şərtilə və sair toyların keçirilə biləcəyi deyildi. Ancaq rəsmi məlumat olmaz. Bunun ardınca "Trend"ə açıqlamasında deputat Naqif Həmzəyev bildirib ki, avqustun 1-dən ölkəmizdə toy məclislərinin təşkilinə icazə verilə bilər:

“İstənilən halda, restoranda insanların toplaşmağı mümkündürsə, orada sosial məsafə qorunursa, müəyyən qaydalar tətbiq edilirsə, say məhdudiyyəti ilə toy məclisləri də təşkil edilə bilər. Mən düşünürəm ki, yoluxma artmayacağı təqdirdə avqust ayının 1-dən sonra toyların keçirilməsi ilə bağlı bir qaydanın verilməsinin şahidi olacağıq. Çünki artıq yoluxma sayı azdır, vaksinasiya tədbirləri həyata keçirilir, vaksinasiyada kütləvilik müşahidə olunur. İnsanlar COVİD-19 pasportu əldə etmək istəyirlər. Düşünürəm ki, ən qısa vaxtda xoş xəbər eşidəcəyik. Bizim vətəndaşlarımız öz xeyir işlərini edə biləcəklər”.

Digər deputatlar da “Yeni Müsavat”a açıqlama verərkən artıq toyların başlamasının zəruri olduğunu bildiriblər.

Deputat Fəzail Ağamalı bildirib ki, müəyyən şərtlərlə cütlüklərə toy etməyə icazə verilməlidir: “Toyların niyə başlamamasının səbəbini bilmirəm. Ancaq mən hesab edirəm ki, müəyyən şərtlər və qaydalar nəzərə alınmaqla toy mərasimləri keçirilə bilər. Mən fikirlərimi mətbuatda ifadə etmişəm. Çox elementar bir yanaşma ola bilər. Toy etmək istəyən cütlük, onların yaxınları, çağıracaqları qonaqlar öncədən vaksinasiyadan keçirlər, bu yoluxma ehtimalını da aşağı salır. Toy edənlər dəvət edəcəkləri şəxsləri də əvvəlcədən məlumatlandıra bilərlər ki, peyvənd vurdursunlar. Şadlıq saraylarımız 300-500 nəfərlik tutuma malikdir. Bu o demək deyil ki, 500 nəfər gəlməlidir. Həmin zallarda 100 nəfərlə mərasim keçirmək olar. O cümlədən açıq havada, sosial məsafə gözlənilməklə stollar düzülə bilər. Bu zaman da xidmət edənlərdən, mətbəxdə çalışanlara, iştirakçılara qədər hər kəs vaksinasiyadan keçdikdən sonra, özlərinin yoluxma və yoluxdurma ehtimalının olmadığını ortaya qoyduqdan sonra toy mərasimi keçirilə bilər. Artıq bu dövr qayıtmalıdır. Uzun zamandır gənclərimiz toy gözləyirlər. Valideynlərin toy konfetlərini xonçalarda toz basıb, bu, digər tərəfdən, demoqrafiya problemidir. Toy yoxdursa, doğulan uşaqların sayı azalır. Bununla yanaşı, toy həm də iqtisadi məsələdir. Şadlıq sarayları fəaliyyətə başlayırsa, toy sektorunda canlanma yaranırsa, bu bir çox sahələri hərəkətə gətirir. Kənd təsərrüfatından xidmət sektoruna qədər, iş yerlərinin artmasına qədər hər bir istiqamətdə müsbət isqtisadi təsirləri olacaq. Toyların başlaması sosial sifarişdir, günün tələbidir. Çox arzulayırıq ki, Operativ Qərargah günün reallığını və insanların istəklərini nəzərə alıb toyla bağlı qərar qəbul etsin”.

Milli Məclisin İqtisadi siyasət və sənaye komitəsinin üzvü Vahid Əhmədov da bu məsələnin artıq insanları narahat etdiyini və həllini tapmalı olduğunu bildirib: “Mənim aldığım məlumata görə, hökumətdə bu məsələyə baxılır. Yaxın vaxtlarda yekun qərar olacaq, indi gözləyirlər görək 7-10 gün ərzində pandemiyanın nəticəsi nə olacaq. Fikir verdinizsə, yoluxma sayı 60-a qədər düşdü. Əsas məsələ budur. Ancaq mən fikrimdə qalıram ki, toylara icazə verilməlidir. Ancaq qaydalar çərçivəsində keçirilməlidir. Çox insanın iştirakı olmasın, açıq havada keçirilsin, ara məsafəsi saxlanılsın. Ancaq toya icazə verilməməsini mən qəbul etmirəm, insanlar var ilyarımdı gözləyirlər. Problemlərini həll etmək istəyirlər, ailə qurmaq istəyirlər, mənzil almaq istəyirlər. Gənclər həyatlarını qurmalıdırlar. Mən demoqrafik məsələni əsas götürmürəm, çünki artım kifayət qədərdir. Hökumət hər nə qədər pandemiya ilə bağlı ehtiyatlı siyasət qurmağa çalışsa da, toyların keçirilməsinə şərait yaratmaq lazımdır. Qaydaları müəyyənləşdirək və insanlara icazə verək ki, o qaydalar çərçivəsində toylarını etsinlər”.

V.Əhmədov toyda iştirak etmək üçün vaksin şərti qoyulmasını da qəbul etmədiyini bildirdi: “Vaksinin məsələyə nə aidiyyəti var. Vaksin olanda da müəyyən problem yarana bilər. İnsan toya dəvət olunub, gəlib iştirak edir. Vaksin məsələsini o qədər şişiriblər ki, insanlar bilmir hansı tərəfə getsinlər. Yavaş-yavaş qaydaları yumşaltmaq və insanların rahat yaşamasına şərait yaratmaq lazımdır. 44 günlük müharibədə bu millət göstərdi ki, nəyə qadirdir. Ona görə bu millətin qədrini bilmək lazımdır. Bu millətin toyuna da icazə vermək lazımdır, toya gediş-gəlişinə də. Başqa dövlətlərlə müqayisə etsək, Azərbaycan xalqı karantin qaydalarına əməl etməkdə çox qabaqdadır. Dövlət başçısı da, qərargah da bu məsələnin müzakirəsindən xəbərdardır. İnanıram ki, yaxın vaxtda bu məsələ müsbət həllini tapar”.
“Yeni Müsavat”



Paylaş:


Müəllif : Tarix:
10-06-2021, 11:20
Sikayət   


loading...
Загрузка...