reklam
Regionxeberlericom.az » Sosial » Bu sistem rəsmən çöküb... - İDDİA

reklam

Bu sistem rəsmən çöküb... - İDDİA



Penitensiar sistem sahəsində köklü ishalatların aparılması günün əsas tələblərindən birinə çevrilib. Bu sahədə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi və islahatların ən effektiv şəkildə aparılması olduqca vacibdir. Əminliklə demək olar ki, Penitensiar Xidmət ölkədə aparılan çevik islahatlar prosesindən kənarda qalıb. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan yeni hədəflər müəyyənləşdirib, ölkədə, regionda və dünyada fərqli reallıqlar yaranıb. Ona görə də ölkənin yeni müstəvidə inkişaf etdirilməsindən başqa çıxış yolu yoxdur. İslahat kosmetik şəkildə yox, daha dərin və köklü şəkildə aparılmalı, heç bir qurum bu prosesdən kənarda qalmamalıdır.

Azərbaycan qanunvericiliyində məhbusların saxlanılması üçün “insani münasibətin sərgilənməsi” açıq şəkildə ifadə olunsa da, reallıqda fərqli mənzərə görürük.

Həbs edilən məmurlar və varlı məhbuslar üçün komfort şərait yaradılır: ayrı otaq, kondisioner, televizor, mebel və s. Digər məhbuslar isə yay aylarında istidən nəfəs ala bilmirlər, 100 nəfərə 3-4 sərinkeş verilir.

Tualet-hamam şəraitinin bərbad durumda olması, hamamdan istifadənin pulla mümkünlüyü, isti və soyuq su təminatındakı problemlər məhbuslara qarşı insani münasibətin olmadığının göstəricilərindəndir. Bir daha qeyd etmək lazımdır: cinayətkar həbs edilirsə, onun azadlığı əlindən alınır, ancaq onun bütün hüquqları əlindən alına bilməz. Harda olmasından asılı olmayaraq, insanın məişət ehtiyacları qarşılanmalıdır, onun normal yaşam hüququ əlindən alına bilməz.

Əgər pulsuz məhbus acınacaqlı durumdadırsa, o necə islah olunacaq? Əksinə, onu ağır yaşam şərtləri altnda saxlayıb və daha da aqressivləşdirib həbsxanadan cəmiyyətə açıb buraxmaq cəmiyyətə də, dövlətə də ağır zərbədir. Cinayət törəmiş şəxs həbsxanada islah olunmalıdır, o, daha təhlükəli cinayət “təfəkkürü” ilə yüklənib cəmiyyətə trasnfer edilməməlidir. Təəssüf ki, Azərbaycan həbsxanlarında bu işin öhdəsindən gələ bilmirlər.

Dövləti insan bədəninə bənzədək. Deyək ki, bir insanın bütün orqanları sağlamlaşdırılıb, lakin funskional orqanlardan biri çürükdür. Bu zaman nə baş verəcək? Bu çürük orqan vaxtında müalicə ilə bərpa edilməyəcəksə, o zaman bir müddət sonra insan tamamilə iflic, xəstə və fəaliyyətsiz olacaq. Heç bir sahə köklü islahatdan kənarda qalmamalıdır, eləcə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti. Bu sistemdə inqilabi dəyişikliklər baş verməlidir. Deyərdim ki, ölkədə ən bərbad və acınacaqlı durum məhz bu sahədədir. Sadəcə həbsxanalar qapalı müəssisələr olduğuna görə, Penitensiar Xidmətin fəaliyyəti bir o qədər də diqqət çəkmir. Penitensiar sistemdə islahatların aparılması Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər və ölkənin müsbət imicinin formalaşdırılması baxımından mühüm məsələdir. Təəssüf ki, yerli və beynəlxalq təşkilatlar da ölkəmizdəki həbsxanalarda məhbusların saxlanma şəraiti ilə bağlı müsbət rəy verməkdə çətinlik çəkirlər.

Cinayətkar təkcə cəzalandırılmaq üçün həbsxanaya göndərilmir, o, həm də islah olunmalıdır. Bəs Penitensiar Xidmət məhbusları islah edə bilirmi? Xeyr! Buna görə də təkrar cinayətlərin sayı günbəgün artır. Bir adam eyni tərkibli cinayət əməlini yenidən törədir, eyni maddə ilə yenidən həbs edilir və bu hallar artmaqda davam edir.

Azərbaycan həbsxanaları barədə hesabatlarda nə deyilir?

Aprelin 8-də Avropa Şurasının məhbusların sayı barədə açıqladığı hesabatında göstərilir ki, Azərbaycanda 21012 məhbus var və onların 2,7%-i qadınlardır, hər 100 min nəfərə isə 208,7 məhbus düşür. Məhbus sayında azalma müşahidə olunsa da, keyfiyyətdə heç bir dəyişiklik yoxdur, kəmiyyət azaldıqca, elə keyfiyyət də azalır. Yerli və xarici hüquq-müdafiə təşkilatlarının Azərbaycan həbsxanalarındakı vəziyyətlə bağlı açıqladığı hesabatlar da ümidverici deyil.

Məsələn, aprelin 12-də Siyasi Məhbuslar Monitorinq Mərkəzi hüquq-müdafiə təşkilatının məhbusların hüquqları barədə açıqladığı hesabatda göstərilir ki, çox vaxt infeksion və virus xəstəlikləri olan xəstələri, xüsusən hepatit C, vərəm, QİÇS xəstələrini, COVİD-19-a yoluxanları digər məhbuslardan təcrid etmirlər: “Qanunla müəyyən edilmiş hər şey üçün isə pul ödəmək lazımdır. Demək olar ki, bütün cəzaçəkmə müəssisələri 20-ci əsrin ortalarında, bəziləri isə hətta Stalin dövründə tikilib. Bu müəssisələr Avropa penitensiar standartlarına uyğun deyil. Cəzaçəkmə müəssisələri məhbuslarla həddindən artıq doludur. İkimərtəbəli baraklarda 350-500 və daha çox insan saxlanılır. Baraklarda yataq otaqları basketbol meydanı ölçüsündədir. İkiyaruslu çarpayılar 8-10 cərgədə yerləşdirilib. Hər otaqda 40-80 nəfər saxlanılır. Cəzaçəkmə müəssisələrində kifayət qədər tualet və duş otağı yoxdur. Tibbi xidmətin keyfiyyəti aşağı olduğuna görə məhbuslar arasında ölüm halları çoxdur, intihar və intihara cəhd halları var…”.

Həbsxanalarımıza beynəlxalq baxış…

2020-ci ilin sonlarında xarici təşkilat 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində ciddi pozuntular, mənfi hallar aşkarladılar. Bundan sonra cəzaçəkmə müəssisəsinin rəisi işdən azad edildi. Bəs rəisin işdən çıxarılması ilə problemlər həll edildimi? Xeyr! Sistemin özü, mahiyyəti və məhkumlara baxış dəyişməlidir. Hər hansı vəzifəli şəxsin işdən çıxarılması problemləri həll etməyəcək. Qəbul etmək lazımdır ki, bu sahədəki bir çox vəzifəli şəxslər Penitensiar sistemdəki rüşvət və korrupsiya maşının ən yarıtmaz vintillərindən, kiçik detallarından biridir.

Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr var ki, həmin müqavilələr əsasında ölkəmizdə Penitensiar Xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi-aktlar qəbul olunub.

Nəticə isə belə olur: Hansısa beynəlxalq qurum ölkədə hər hansı cəzaçəkmə müəssisəsində qanun pozuntuları aşkarlayırsa, bu hansısa vəzifəli şəxsin yox, birbaşa Azərbaycan dövlətinin ayağına yazılır. Həbsxanalarda insan hüquqları ən etibarlı şəkildə qorunmursa, burada Penitensiar Xidmət yox, Azərbaycan dövləti hədəfə gətirilir.

Qısası, Penitensiar Xidmət Azərbaycan dövlətini beynəlxalq hədəfə, nişangaha çevirir.

Bunun siyasi-hüquqi ağırlığını, fəsadlarını da dövlət daşımalı olur. Ancaq Penitensiar Xidmət yenə də öz işini, öz “ənənəsini” davam etdirir.

Həbs edilən məmurlar cəzaçəkmə müəssisələrində cəza çəkir?

Heç kəsə sirr deyildir ki, rüşvət, korrupsiya əməllərinə və digər ağır cinayətlərə görə həbs edilən yüksək vəzifəli şəxslər həbsxanada komfort şəraitdə yaşayırlar. Onlara aylıq pul müqabilində ayrıca otaqlar verilir, soyuducusundan tutmuş televizoruna, müxtəlif məişət əşyalarına qədər hər bir avadanlıqla təmin edilirlər. Bir çoxları isə aylarla, illərlə “xəstə” adı altında bütün həbs müddətini tibb məntəqəsində istirahət edərək başa vurur.

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov əvvəl də həbs edilmişdi, 50 milyon dollar maliyyə maxinasiyasına görə. Həmin vaxt Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışan S.Müslümov qısa müddət həbsdə qalmalı oldu. Əsas sual isə budur: O, islah olundumu? Olmadı! Ona görə də yenidən eyni əmələ görə həbsdədir: yeyinti, rüşvət, vəzifəli səlahiyyətlərini aşma və s. və i.

Bəs məmurlar nəyə arxayındırlar? Həbs həyatı yaşamış məmurlardan biri ilə söhbət zamanı maraqlı məqamlara diqqət çəkdi: “Tutaq ki, dövlətin 10 milyon pulunu yedin, həbs etdilər səni. Həbsxanada pulun varsa, şah kimi yaşayırsan, qazandıqlarından bir az xərcləyirsən. 2-3 il əməlli-başlı istirahət edirsən, pul verirsən və həbsxanda sənə ən gözəl şərait düzəldirlər. Dövlətdən oğurladıqların da yenə özünə qalır”.

Məhbusların saxlanma, ərzaq, tibb problemləri…

Hər bir məhbusun haqqıdır ki, onun üçün müəyyənləşdirilmiş hüquq və imtiyazlardan istifadə etsin, onlar tibb, ərzaq və digər təminatlardan heç bir rüşvət vermədən yararlana bilsinlər. Ancaq biz nə görürük?

– Həbsxanalarda ərzaq köşkləri fəaliyyət göstərir və onlar soyğunçuluqla məşğuldur;

– Məhbusların yaxınları görüş zamanı əməlli-başlı soyğunçuluğa məruz qalırlar, girişdən çıxışa qədər həbsxana işçilərinə pul paylamalı olurlar;

– Əgər məhbusun pulu yoxdursa, normal qidalanması da olmayacaq;

– Əgər məhbusun pulu yoxdursa, tibb məntəqəsinə gedib müalicə də ala bilməyəcək;

– Az qala nəfəs almaq da pula çevrilir.

Penitensiar Xidmətin Kadrlar İdarəsinin rəsinin qohumu niyə intihar etdi?

Azərbaycan həbsxanalarındakı əsas problemlərdən biri də itihar və intihara cəhd halları ilə bağlıdır. Təkcə 2019-cu ildə Azərbaycan penitensiar müəssisələrində 93 nəfər ölüb, bunlardan 2-si intihar edib. Ölüm səviyyəsi 2019-cu ildə hər 10 000 məhbusa 44,3 hadisə təşkil edib, bu da orta Avropa göstəricisində xeyli yüksəkdir.

Bir məqama diqqət edək. Bu ilin əvvəllərində 13 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verdi, 1974-cü il təvəllüdlü, əslən Gədəbəy rayonundan olan məhbus Rəsul Zakir oğlu Rüstəmov özünü asaraq intihar etdi. Maraqlısı budur ki, intihar edən məhbus R.Rüstəmov Penitensiar Xidmətin Kadrlar İdarəsinin rəisi, ədliyyə polkovniki Əflatun Məmmədovun qohumudur. Məsələ ilə bağlı ilginc məlumatlar dolaşmaqdadır. Bildirilir ki, Penitensiar Xidmətdə rüşvət və korrupsiya halları o qədər çoxalıb ki, artıq bu, sistemin əsas idarəçilik prinsiplərindən birinə çevrilib. Xüsusilə də, Penitensiar Xidmətə işə qəbulla bağlı vətəndaşlardan külli miqdarda pulların yığıldığı qeyd olunur. Vətəndaşlar artıq öz pullarını tələb edirlər. Bütün bu məsələlərdə öz vəzifələrini qorumaq üçün kimlərsə qurban verilir. Kim, necə qurban verilib, bütün bunları araşdırıb növbəti materialda dərc edəcəyik. Eyni zamanda, bir məqamı da xüsusi əminliklə diqqətə çatdıraq ki, R.Rüstəmovun intiharının arxasında qaranlıq məqamlar dayanır.

Məhbuslara nə qədər pul xərclənir: xaricdə və bizdə…

Avropa Şurası məkanında Azərbaycan məhbuslara ən az pul xərcləyən ölkələr sırasındadır. Belə ki, ölkədə 2019-cu ildə həbsxana administrasiyasının ümumi büdcəsi 55 091 752 avro təşkil edib. Hər bir məhbusa bir gündə xərclənən orta məbləğ 7,9 avro təşkil edib. Hazırda bu məbləğin 5,9 avro təşkil etdiyi bildirilir. Ermənistanda bu məbləğ 18,8, Gürcüstanda 12,6 avro təşkil edir. Azərbaycandan az xərcləyən ölkələr də var. Məsələn, Rusiya (2,8 avro) və Bolqarıstan (5,7 avro). Bu məbləğin daha yüksək olduğu ölkələr də var: Danimarka 202 avro, Hollandiya 265 avro, Norveç 318 avro və s.

Bəs biz hansı addımları atmalıyıq?

Birincisi, müharibədən sonra ölkədə bir çox sahələrdə ciddi kadr islahatları aparılıb və qurumların rəhbər heyəti dəyişib. Hesab edirəm ki, Penitensiar Xidmət də bu prosesdən kənarda qalmamalıdır.

İkincisi, məhbusların islahı üçün onlar faydalı əməyə cəlb edilməlidir, bu, onlar üçün həm mənəvi-psixoloji, həm də maddi baxımdan yetərli təminata çevrilməlidir. Düzdür, Penitensiar Xidmət bu istiqamətdə işlərin aparıldığını bildirir, ancaq ortada nəticə yoxdur, nə islah olunan var, nə də maddi-mənəvi-psixoloji təminat əldə edən…

Üçüncüsü, həbsxanalara mütəxəssislər və psixoloqlar mütəmadi, sistemli şəkildə dəvət edilməli, məhbusların psixoloji hazırlığı təmin edilməli, onlara “məhbus olmalarının həyatlarının sonu olmadığı” davamlı olaraq diktə edilməli, əksər məhbuslardakı sabaha olan ümidsizlik sindromları darmadağın edilməlidir.

Dördüncüsü, mövqeyindən, maddi imkanlarından asılı olmayaraq, bütün məhbuslara eyni cür şərait yaradılmalı, onlar arasındakı ayrıseçkiliyə son qoyulmalıdır. Hansısa imkanlı məhbus komfort şəraitdə yaşayırsa, o zaman digər məhbuslar da eyni “komfort”da islah olunmayacaqlar.

Beşincisi, Penitensiar Xidmət məhbusa həbsxanada varlı və kasıb insan arasındakı dərin uçurumu, fərqli yaşam şərtlərini göstərməməlidir. Bunun üçün də həbsxanalara, məhbusa, cinayətkara, saxlanılan şəxslərə sağlam, dövlətçi və konseptual münasibət ortaya qoyulmalıdır. Deməli, mütəxəssislər təkcə məhbuslarla yox, Penitensiar Xidmətin əməkdaşları ilə də davamlı dərslər təşkil etməlidir.

Altıncısı, Penitensiar Xidmətə işə qəbul məsələləri “şəxsi” maraqlar müstəvisində yox, mənəvi-hüquqi qiymətləndirmə əsasında həyata keçirilməlidir.

Yeddincisi, qapısından pəncərəsinə qədər rüşvət yuvasına çevrilən həbsxanalar bu bataqlıqdan xilas edilməlidir. Bunun üçün dövlətin hər bir məhbusa ayırdığı günlük xərc onun özünə xərclənməlidir: qidalanmalı normal şəkildə təşkil edilməli, məhbusların tibbi yoxlanışları pulsuz təşkil edilməlidir.

Həbsxana işçiləri məhbusa cinayətkar kimi yox, islah olunan şəxs kimi baxmalıdırlar.


Paylaş:


Müəllif : Tarix:
12-05-2021, 16:23
Sikayət   


loading...
Загрузка...