reklam
Regionxeberlericom.az » Sosial » Məktəblər sentyabrın 15-də açıla bilər - GECİKDİRİLMƏYƏ EHTİYAC GÖRMÜRÜK...

reklam

Məktəblər sentyabrın 15-də açıla bilər - GECİKDİRİLMƏYƏ EHTİYAC GÖRMÜRÜK...


Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində pandemiya şəraitində təhsili davam etdirmək üçün irəli sürdükləri təkliflərdən danışıb.

Lent.az həmin müsahibəni təqdime dir.

- Təklifləriniz ictimai müzakirəyə təqdim olundu. Belə məlum oldu ki, təhsil almaq istəyənlərə 2 yol, 2 seçim imkanı təqdim edirsiniz...

- İlk növbədə deməliyəm ki, uşaqların, ümumiyyətlə hər kəsin təhsil almaq hüququ var və təhsil sistemi bu hüququ təmin etməlidir. Yəni, istənilən şəraitdə biz bu öhdəliyi yerinə yetirməliyik. Məlum olduğu kimi, 2020-ci ilin mart ayından etibarən ənənəvi olmayan, alışmadığımız, bizə tamamilə yad bir şəraitdə vəzifəmizi yeni qaydalarla icra edirik. Hətta pandemiya ilə qəfil qarşılaşdığımız və hazırlıqsız yaxalandığımız üçün bəzi yerlərdə təhsili vaxtında bərpa etməkdə çətinliklərlə üzləşdik. Ancaq növbəti tədris ilinə vəziyyəti nəzarət altına alaraq təhsili yeni şəraitə uyğun davam etdirməyi düşünürük. Bunun üçün də 2 ssenari təklif edirik. Birinci təklifimiz odur ki, tədris məsafədən təşkil olunsun. Məktəbdə həyata keçirilən bütün proses onlayn qaydada və ya məsafədən aparılsın. İkinci təklifimiz isə hibrid, yəni qarışıq variantdır. Bu ssenari dərslərin bəzilərinin onlayn, bəzilərinin sinif otağında keçirilməsini nəzərdə tutur. İkinci variantda məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır. Fənlərin bir qismi sinif otağında, digər qismi isə məsafədən tədris olunur. Elə həssas qruplar var ki. onlara müəyyən məzmunu onlayn və ya məsafədən mənimsətmək asan olmayacaq. Bu halda, məktəb günlərinin sayı azaldılmaqla həmin qrupları məktəbə dəvət etmək və diqqəti fənlərə yönəltmək olar.

Nəzərə almalıyıq ki, bizə tanış olmayan bir vəziyyətdən çıxış yolu axtarırıq. Hazırda aidiyyəti hədəf qrupların mövcud şəraitə, vəziyyətə uyğun bilik və kompetensiyalarını formalaşdırmaq mərhələsindəyik. Texnologiyadan istifadə bacarığı, analitik düşünmə qabiliyyəti, çevik qərarvermə, mürəkkəb problemləri həll etmə kimi bacarıqların azlığı ilə qarşı-qarşıyayıq. Bu çətinlikləri görür, təhlil edir, düzgün qiymətləndirməyə çalışırıq. Bir çox ölkələrdə əksər mövzular onlayn tədris olunursa, bizim cəmiyyət, təhsilverən və təhsilalanlarımız buna tam hazır deyil. Ona görə də epidemioloji vəziyyətdən asılı olaraq bəzi məktəblərdə hibrid variantı çıxış yolu kimi düşünürük. Bu variant canlı ünsiyyətin xüsusilə əhəmiyyət kəsb etdiyi məqamlarda dövriyyəyə girəcək. Məsələn, aşağı siniflərdə bu variantın tətbiqi mümkündür. Qeyd edim ki, hibrid variantın üzərində bir çox ölkələr dayanıb. Bu özü də bir çox formalarda tətbiq edilə bilər. “Hibrid təhsil” və “hibrid məktəb” anlayışları üzərində dayandığımız ən optimal variantlardır. Ola bilər bir məktəbdə bəzi siniflər onlayn, bəzi siniflər üz-üzə dərs keçər. Ola da bilər ki, bir sinifdə həm onlayn, həm də üz-üzə dərslərə üstünlük verilər. Vurğulamaq istəyirəm ki, dəyişən şəraitə uyğun çevik qərarlar ala bilməliyik. Yoluxmanın artım dinamikasından asılı olaraq tam və ya qismən məsafədən, yaxud da üz-üzə dərslərə keçid qərarının verilməsi mümkündür. Hesab edirik ki, növbəti tədris ilində biz buna hazır olmalıyıq. Təhsil sisteminin qarşısında duran əsas vəfizə epidemioloji vəziyyətdən və təhsilin formasından asılı olmayaraq, insanların təhsil almaq hüququnu təmin etməkdir. Unutmayın ki, təqdim etdiyimiz təkliflər hələ qərar deyil, müzakirə mərhələsindədir. Biz hazırkı vəziyyətdə bütün mümkün variantları, ssenariləri əhatə etməyə çalışmışıq.

- Şagirdlərin sayını azaltmaq və ayrı-ayrı şagirdlərin fərqli günlərdə məktəbə çağırılması fikri xüsusilə müzakirə olundu...

- Bu ondan ötrüdür ki, məktəbdə və sinifdə dərs zamanı pandemiya şəraitində tələb olunan məsafə qorunsun. Sinifdə şagirdlərin sayı nə qədər çox olarsa, məsafə saxlamaq da bir o qədər çətinləşər. Böyük şəhərlərdə şagirdlərin sayının çox olduğunu nəzərə alır, onların sayını azaltmaq variantlarını gözdən keçiririk. Qərarların çoxu vəziyyətə uyğun olaraq, yəni yoluxma səviyyəsi və məktəbin şəraiti nəzərə alınaraq verilməlidir. Bizim hazırladığımız tövsiyələrin yerlərdə necə yerinə yetirilməsi məktəblərdə müəyyən ediləcək. Əslində, pandemiyaya bir imkan kimi baxsaq görərərik ki, bu böhran məktəblərimizdə muxtariyyət qabiliyyətini formalaşdırır. Yəni məktəb rəhbərləri artıq yerli vəziyyəti analiz etməyi bacaracaq, müəllimlərinin kompetensiyalarına, şagirdlərinin öyrənmə ehtiyaclarına uyğun qərarlar verəcəklər. Pandemiyaya tamamilə problem kimi baxıb özümüzü neqativ fikirlərə kökləməyimiz doğru deyil. Bunu bir fürsət kimi də dəyərləndirməyi bacarmalıyıq.

- Şagird sayının azaldılması kimi, məktəbə də həftənin bir neçə günü gedilməsi variantı üzərində durulur. Ancaq həftənin həmin 2 günü də yoluxmanın mümkün olacağı istisna edilmir. O zaman bunun əhəmiyyəti nədir?

- Bəli, tövsiyələrimizdə, çıxışlarımızda vurğulanır ki, şagird sayı 20-dən çox olan siniflər yarımqruplara bölünməli, bundan sonra yarımqruplarla idarə olunmalıdır. Bir yarımqrup bu gün, digər yarımqrup başqa gün və ya eyni günlərdə müxtəlif saatlarda məktəbə gələ bilər. Sosial məsafə saxlanılması üçün bu, çox önəmlidir. Bu təklif birmənalı olaraq hamıya və hər zonaya aid edilməyə bilər. Məsələn, məktəbəhazırlıq proqramını tam bitirməyən I sinif şagirdlərinə müəyyən mövzular üz-üzə tədris olunmalıdır. Eyni zamanda, öyrənmə çətinliyi olan və ya valideyn himayəsindən məhrum olan uşaqları unutmamalıyıq. Yaxud xüsusi internat tipli təhsil müəssisələri var ki, onların hər birində fərdi özəllikləri olan uşaqlar təhsil alır. Bunları nəzərə alaraq, “Dərslər ancaq onlayn və ya məsafədən keçiləcək” - deyə bilmərik. Canlı ünsiyyətə ehtiyac duyan uşaqların diqqətini cəmləmək və onların daha yaxşı öyrənmələrini dəstəkləmək üçün zaman-zaman üz-üzə dərsə müraciət etmək məcburiyyətindəyik. Ancaq bunu bir qayda olaraq da etməyəcəyik. Yoluxmanın artdığı zonalarda bir, azalma hallarında başqa qərarlar verə bilərik. Bu hallarda da yük məktəbin üzərinə düşəcək. Məktəb düzgün cədvəl qurmağı bacarmalı, müəllimlər əvvəlkindən daha çox enerji sərf etməlidir. Ancaq bu o demək deyil ki, mövcud vəziyyətdən uğurla çıxmaq üçün hər şey məktəb və müəllimdən asılıdır. Hər kəs birmənalı olaraq qəbul etməlidir ki, böhran şəraitində məktəb və müəllimlərlə yanaşı, valideynlərin və bütövlükdə cəmiyyətin üzərinə məsuliyyət düşür. Burada mütləq və qarşılıqlı əməkdaşlıq olmalıdır. Problemsiz təhsil, problemsiz cəmiyyət yoxdur. Düşünürəm ki, bizim cəmiyyətin üstünlüyü, demək olar ki, hər ailənin övladının yaxşı təhsil alması üçün əlindən gələni etməyə hazır olmasıdır. Bu üstünlüyümüzü nəzərə alaraq, valideynlərin uşaqlarının məsafədən təhsil almasına, müəllimlərlə ünsiyyətinə, həmyaşıdları ilə ünsiyyətinə, övladlarının dərsi mənimsəyib-mənimsəməməsinə, öyrənə bilmədiyini müəllimindən soruşub-soruşmamasına, bir sözlə, tədris formasından asılı olmayaraq dərslərə məsuliyyətlə yanaşmasına məktəbə gedib-gəlməsinə diqqət göstərdiyi qədər önəm verəcəyinə inanırıq.

- Yeni dərs ilində müəllimləri və şagirdləri nə gözləyir?

- Tədrisin məsafədən təşkilinə qərar veriləcəksə, müəllimlərin üzərinə yaz aylarından fərqli olaraq daha çox yük düşəcək. Bir çox ailələrdə məsafədən təhsil çətin ola bilər. Belə ki, bəzi ailələrdə uşaq sayı çox, texnoloji avadanlıq azdır. Bəzi ailələrdə internetə çıxış ümumiyyətlə yoxdur. Bu və digər problemlər uşaqların təhsildən uzaqlaşmasına səbəb olmamalıdır. Kompüteri və ya interneti olmayan ailə olsa da, televizoru olmayan ailəyə rast gəlmədik. Müəllim teledərsdən sonra şagirdləri ilə maraqlanmalıdır. Ünsiyyətin bir formasını tapıb dərsi izləyib-izləmədiyini, izlədisə mənimsəyib-mənimsəmədiyini öyrənməlidir.

- Təkliflərinizin problemi və ondan çıxış yollarını tamamilə əhatə etdiyini düşünürsünüzmü?

- Çalışmışıq ki, “Təhsil haqqında” Qanuna əsasən təhsilin bütün pillə və səviyyələrini əhatə edək. Məqalədə məktəbəqədər təhsildən ali təhsilə qədər bütün pillələr əhatə olunub. Ancaq say etibarilə ən çox təsirə məruz qalan əhali qrupu ümumi təhsil pilləsində cəmləşdiyindən əsas çəki ümumi təhsilin payına düşür. Şagirdlər və onların ailələrini nəzərə alsaq, təkliflərimizlə bağlı ötürdüyümüz ismarıc hər bir ailəyə aiddir.

- Ümumi təhsil insanın əsas bilikləri qazandığı, vacib bacarıqlarının formalaşdığı təhsil pilləsidir. Ancaq peşənin, sənətin bazasını öyrədən peşə təhsil müəssisələrinin də pandemiya dövründə fəaliyyəti ümumtəhsil müəssisələrinin işi qədər önəmlidir. Xüsusən, əsas hissəsi təcrübədən ibarət olan bu təhsil pilləsində peşə təhsili müəssisələrinin öz işini növbəti tədris ilində hansı şəkildə quracağı maraq və narahatlıq doğurur. Peşə öyrənmək istəyənlər bunu virtual qaydada eləməkdə o qədər də maraqlı deyillər.

- Tövsiyələrimizdə peşə təhsili də öz əksini tapıb. Bu təhsil pilləsində də hibrid variantı təklif edirik. Nəzəriyyəni məsafədən, yəni Virtual Məktəb və teledərslər vasitəsilə, təcrübə hissəsini isə müvafiq şərtlərə əməl etməklə üz-üzə məşğələlər vasitəsilə təşkil edə bilərik. Hesab edirəm ki, peşə təhsilində prosesi idarə etmək daha rahatdır, çünki işlədiyimiz hədəf qrup yaşca daha böyükdür.

- Məktəb açılsınmı, açılmasınmı müzakirələri artıq nə vaxt açılacağı sualları ilə əvəz olunub. Azərbaycanda məktəb nə vaxt başlayacaq?

- Ümumi təhsil pilləsində məktəblərin açılması ənənəvi vaxtda – sentyabrın 15-də ola bilər. Bunun gecikdirilməsinə ehtiyac olacağını düşünmürük. Ehtiyac məktəbəhazırlıq qruplarında yarana bilər ki, bu qruplarda da tədrisin təşkili məsələləri hazırda müzakirə olunur.

- İcma əsaslı məktəbəqədər qruplar da fəaliyyətə gec başlayacaq, yoxsa onların məktəblərə cəlbi, ümumiyyətlə, nəzərdə tutulmur?

- Əksinə, həmin qruplarda uşaqların sayı 15 nəfərdən çox olmadığı, məktəbdə yatmadıqları və yemədikləri üçün fəaliyyətində problem görmürük.

- Çox maraqlıdır, təkliflər hazırlanarkən nəyə istinad olunub?

- Bir daha vurğulamaq istəyirəm ki, çox mürəkkəb bir şəraitdəyik. Hətta müharibə vəziyyətində belə sağlamlığımız-təhsilimiz-təhlükəsizliyimiz üçbucağı arasında qalmamışdıq. Bizə aydın olmayan bir situasiya ilə qarşı-qarşıyayıq. “Bu şəraitdə təhsili necə bərpa edə bilərik” sualına cavab axtararkən ilk növbədə yerli epidemioloji vəziyyəti nəzərə alaraq, beynəlxalq təşkilatlara istinad etdik və mümkün və praktik həll yoları irəli sürməyə çalışdıq. Məsələn, McKinsey təşkilatının “COVID Response” mərkəzi pandemiya ilə mübarizə məqsədilə göstərişlər, təlimatlar yaydı. Bu günə qədər də həmin təşkilatın araşdırmaları davam edir. Verilən tövsiyələr uğurlu, ya da uğursuz təcrübə deyil, sadəcə tövsiyələrdir. Daxili resurslarımız hesabına aparılan araşdırmalardan əlavə, bu və bu kimi mütəmadi işlədiyimiz beynəlxalq təşkilatların araşdırmalarına, tövsiyələrinə istinad etdik. Xüsusilə BMT-nin Uşaq Fonu (UNİCEF), BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı (UNESCO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər qurumların tövsiyələrini nəzərə almağa çalışdıq. Sözügedən mövzuda araşdırmalar davam etdirildiyindən empirik tədqiqatların nəticələri hələ dərc olunmayıb. Bu baxımdan, beynəlxalq təşkilatların təhsil sistemlərinə faydası yaxşı araşdırılmış tövsiyələr ola bilərdi ki, təkliflərimizdə həmin beynəlxalq təşkilatların çoxunun adını çəkmişik. Təbii ki, biz də beynəlxalq təşkilatların geniş araşdırmalara əsaslanan tövsiyələrinə, yerlərdən aldığımız rəylərə – Virtual Məktəb platformasının istifadəçisi olan müəllim və şagirdlərdən, yerli təhsili idarəetmə orqanlarından gələn təkliflərə əsaslandıq. Tədris ilinin sonuna qədər gələn həmin məlumatların yay ayları ərzində təhlili əsasında gəldiyimiz ortaq məxrəc bu gün Təhsil İnstitutunun təklifləri şəklində ortaya çıxıb.

- Qeyd etdiyiniz kimi, beynəlxalq təşkilatlar yaxşı-pis təcrübə deyil, sadəcə tövsiyələr ortaya qoyub. Bəs, istinad etdiyiniz təcrübə necə, varmı?

- Əlbəttə ki, iqtisadi cəhətdən inkişaf etmiş və iqtisadi göstəriciləri bizə yaxın ölkələrin təcrübəsinə nəzər yetirdik. Qeyd etməliyəm ki, pandemiya şəraitində bütün ölkələr təhsillə bağlı eyni çətinlikləri yaşadı və hazırda da yaşamaqdadır. Demək olar ki, hər ölkə eyni mərhələlərdən keçir. Hamının birdən-birə üzləşdiyi bu problemdən çıxış yolu tapmaq heç bir ölkə üçün asan deyil. Birmənalı olan odur ki, bu problem təhsildən çevik qərarlar tələb edir, çünki vəziyyət nəinki günbəgün, hətta saatbasaat dəyişir. Bu risk nəzərə alınmalıdır. Yəni, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası üçün gözlənilən təhlükələrə biganə qala bilmərik. Çevik təhsil üçün nə etməliyik, yaxud nə edə bilərik və necə edə bilərik deyə axtarışlar apardıq, müxtəlif ölkələrin istər uğurlu, istərsə də uğursuz təcrübələrini təhlil etdik. Nəticə ondan ibarətdir ki, bu şəraitdə ən yaxşı yol texnologiyaların verdiyi imkanlardan yararlanmaqdır.

- Müəllim və şagirdlərin fikri nədir? Onlar hansı dərs formatını istəyir?

- Beynəlxalq təşkilatların apardığı sorğularda müəllimlərin, şagirdlərin rəyi soruşulub. Maraqlıdır ki, onlar onlayn dərsin əleyhinə deyil. Bəzi araşdırmalarda şagirdlər müəllimlərinin yaxşı olmasının daha önəmli olduğu qənaətindədirlər. Son tədqiqatlardan da görünür ki, şagirdlər üçün mühitin və formatın elə də önəmi yoxdur, onlar üçün əsas müəllimdir.

- Artıq bir neçə gündür müzakirələr davam edir. Səslənən iradlarla bağlı nə düşünürsünüz? Haqlı iradlardırmı?

- Haqlı, ya da haqsız irad olmur. Bütün hallarda iradları nəzərə alırıq. Səslənən fikirlər bizə də bəllidir və yeni fikirlər deyil. Hər birimiz bu cəmiyyətdə yaşayırıq, bizim də övladlarımız var. Ancaq həmin iradların qarşılığında nə təklif edilir? Elə bir təklif varmı ki, onu reallaşdırmaqla uşaqların sağlamlıqlarını təhlükə altında qoymadan təhsil almaq hüququnu da bərpa edə bilək? Biz təhsil ictimaiyyətindən məhz belə təkliflər gözləyirik.

- Bəs, iradlar arasında diqqətinizi çəkən fikir oldumu?

- Fikirlər arasında neqativ rəylər az deyil. Rəylərin əksəriyyəti birtərəflidir. Rəylərdə hətta onlayn dərsi istəmədiyini, uşaqlarının heç nə öyrənmədiyini deyənlərə belə rast gəlmək olar. Maraqlıdır, “övladınızın sağlam olmasını istəyirsiniz, yoxsa təhsil almasını?”, - sualına kim hansı cavabı verər? Bu sualın cavabı kimdəsə varmı? Axı seçmək mümkün deyil. Biz bu çətin şəraitdə sağlamlığı təhlükəyə atmadan təhsil vermək hüququnu təmin etməliyik. Biz qızıl ortanı təklif etdik. Bu, bir çox ölkələrin də tutduğu yoldur.

- Pandemiyadan sonrakı təhsillə bağlı nə düşünürsünüz?

- İnanıram ki, vəziyyət düzələcək. Alışdığımız həyata qayıdacağıq. Lakin əminəm ki, o zaman bilik və bacarıqlarımız əvvəlkindən daha yaxşı olacaq.


Paylaş:


Müəllif : Tarix:
19-08-2020, 17:26
Sikayət   


loading...
Загрузка...