reklam
Regionxeberlericom.az » Gündəm » Suyun qiymətində artımın yaratdığı suallar: - Məntiqi izah və iqtisadi əsas yoxdur

reklam

Suyun qiymətində artımın yaratdığı suallar: - Məntiqi izah və iqtisadi əsas yoxdur


Srağagün Tarif Şurasının növbəti iclası keçirilib və iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub. Müraciətə əsasən, bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Su təchizatının bundan əvvəlki tarifi isə ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə-1 kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat olub.

Qeyd edək ki, Tarif Şurası bir müddət əvvəl də iclas keçirmiş və iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılmışdı. Müraciətə əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilmişdi.

Bəs, su təchizatının birdən-birə 100 faiz artırılmasını necə başa düşmək olar və bu, nə dərəcədə düzgün qərardır? Həmçinin, qiymətlərin müxtəlif sahələrdə ardıcıl iki dəfə artırılmasını nəzərə alsaq, yaxın gələcəkdə yenidən qiymət artımı baş verə bilərmi?

AYNA mövzuya ekspertlərlə aydınlıq gətirib.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, hökumətin əsaslandırmasından da məlum olur ki, bu gün həmin istiqamətlərə vəsait ayırmaq istəmir və subsidiyaların azaldılmasına çalışır: “Belə bir şərtlər daxilində də tapdıqları həll yolu kimi, qiymətlərin artırılması vasitəsi ilə gəlirlərin xərcləri üstələməsinə çalışırlar. Təbii ki, bu, doğru yanaşma deyil. Çünki ilk növbədə bu qurumların hər birinin fəaliyyətində çox ciddi nöqsanlar var və fəaliyyət şəffaf və səmərəli deyil. Məsələn, “Azərsu”nun 2019-cu ildə ümumi gəlirləri 190 milyon manat olub, amma “Azərsu” 205 milyon manata bina tikir. Bu, nə qədər məntiqlidir? Yəni, burada təkcə korrupsiya deyil, eyni zamanda səmərəli istifadə məsələsi də mövcuddur və bu istiqamətlərdə heç bir təhlil, araşdırma və əsaslandırma ortaya qoyulmadan, həmçinin mövcud olan problemlər aradan qaldırılmadan qiymətləri artırmaqla, ən asan yola əl atılır. Beləliklə, bütövlükdə götürəndə məlum olur ki, xərclər vətəndaşların üzərinə yüklənir. Bu baxımdan da qərarlarda ciddi məntiq olmadığını düşünürəm”.

“Başqa bir məsələ isə ondan ibarətdir ki, yanacağın və suyun qiymətinin artması o dövrə düşdü ki, bu müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi. Azərbaycan İnvestisiya Holdinqindən isə gözləntilər tamamilə fərqli idi. Yəni, Holdinqin idaretməsinə verilən qurumların fərqli istiqamətlərdə fəaliyyətlərinin şəffaflaşdırılması, koorportaiv idarəetmə modellərinin tətbiqi, korrupsiyanın qarşısının alınması, mənfəətliliyin təmin edilməsi və s. Lakin şübhələndiyimiz kimi, bu təkliflər əslində, elə Azərbaycan İnvestisya Holdinqi tərəfindən ortaya qoyulubsa, bu təkliflər nöbvbəti dövr üçün yeni proqnozlaşdırma və ehtimallar irəli sürməyə imkan verir”, - deyə ekspert vurğulayıb.

O, yeni ehtimallar və proqnozlaşdırmanın digər sahələrdə də qiymət artımı olacağı ilə əlaqələndirib: “Çünki təkcə “Azərsu” və SOCAR bu quruma daxil deyil, bu quruma eyni zamanda “Bakı Metropoliteni”, “Azərişıq”, “Azərenerji”, “Azərpoçt”, “Təmiz şəhər” də daxildir. Həmçinin, bir neçə gün bundan əvvəl “BakuBus” da bu qurumun idarəetməsinə verildi. Yəni, əhaliyə xidmət göstərən bütün sahələr bu qurumun nəzarəti altındadır. Yəni, belə bir ehtimal ortaya çıxır ki, növbəti dövrlərdə müvafiq qiymət artımı sadalanan sahələrdə də ola bilər”.

“Digər məsələ isə vaxtın düzgün seçilməməsidir. Çünki pandemiya onsuz da ailə təsərrüfatalarının gəlirərini əhəmiyyətli dərəcədə azaldıb, alıcılıq imkanı kifayət qədər məhdudlaşıb. Belə bir şərtlər daxilində isə qiymətlərin artırılması istiqamətində qərarların qəbul edilməsi məntiqli ola bilməz. Ona görə də, mövcud qərarların heç bir məntiqi izahı və iqtisadi əsaslandırması yoxdur”, - Həsənov fikrini yekunlaşdırıb.

İqtsadçı-ekspert Samir Əliyev də məsələyə münasibət bildirib: “Gözlənildiyi kimi suyun qiyməti bu dəfə 2 dəfə bahalaşdı. Bundan sonra suyun hər kubmetri üçün kanalizasiya ilə birlikdə “Azərsu” ASC-yə 1 manat ödəyəcəyik. Ailə üzvlərinin sayı 5 nəfər olan, ancaq sayğacı olmayan abunəçilər isə ayda hökumətə 25 manat ödəməli olacaqlar. Şübhəsiz ki, yanacağın ardınca içməli suyun da bahalaşması əhalinin xərclərini daha da artıracaq. Proses zəncirvari olduğuna görə isə qiymət artımı təkcə gündəlik istehlak mallarını yox, həmçinin qiymətləri dövlət tərəfindən tənzimlənən digər mal və xidmətlərin bahalaşmasını da şərtləndirəcək. Bu artımın ardınca elektrik enerjisinin, qazın qiymətinin bahalaşması artıq zaman məsələsidir”.

“Tarif Şurasına gəldikdə isə, yanacaqda olduğu kimi bu dəfə də əsaslandırma qüsurludur. Məsələn, Şura qeyd edir ki, artımın səbəblərindən biri də elektrik enerjisi xərclərinin artımıdır. Məlumat üçün deyim ki, “Azərsu” ASC-nin son qiymət artımından sonra elektrik enerjisi xərcləri 40 faiz artıb. Bu müddətdə Səhmdar Cəmiyyət üzrə əmək haqqı fondunun artımı 30 faiz olub. Belə olan halda suyun qiyməti niyə 100 faiz artırılır? Deməli, səbəb bu deyil. Əsl səbəb isə bu cümlədə əksini tapıb: “Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq”. Bu vaxtadək tənzimlənən qiymətlərin artırılması dövlət büdcəsindən asılılığın azaldılması ilə izah edilib. Ancaq bunu hələ də görmürük. Büdcədən milyardlarla vəsait kommunal sektora yönəldilir, asılılıq isə bitmir.

Ona görə bitmir ki, kommunal xidmət göstərən şirkətlər şəffaf işləmir, ictimaiyyət üçün qapalıdır, idarəetmə səmərəsizdir. Qiymətin 2 dəfə artırılması da asılılığı azaltmayacaq. Yenə də 2-3 ildən sonra bugünkü əsaslandırmanı göstərməklə qiymət artımına gedəcəklər”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, Şuranın sonuncu əsaslandırması abonentlərin sayının 200 mindən çox artması, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsinin 50 faizdən 70 faizə, fasiləsiz su təchizatının isə 65,6 faizdən 70,5 faizə yüksəlməsi ilə bağlıdır: “Əvvəla, əhatə dairəsinin artımı birmənalı olaraq dövlət vəsaitləri hesabına baş verib. “Azərsu” abunə pulu ilə infrastruktur yaratmayıb. Digər tərəfdən, abunəçilərin sayının artması “miqyas effekti” yaradır. Yəni abunəçi sayı artdıqca suyun maya dəyəri də azalır. Nəzərə alaq ki, “Azərsu” kəndlərə, xüsusən də ucqar kəndlərə xidmət göstərmir, ancaq rayon mərkəzlərini su ilə təmin edir. Bir məsələni də qeyd etmək istəyirəm, kommunal xidmətlərdə bu vaxta qədər baş vermiş artımlar 2015-ci ildə baş vermiş devalvasiyanın fəsadlarıdır və proses başa çatmayıb. Əgər, növbəti devalvasiya baş verərsə, kommunal xidmətləri bahalaşması yenidən baş verəcək”.


Paylaş:


Müəllif : Tarix:
2-02-2021, 09:18
Sikayət   


loading...
Загрузка...