reklam
Regionxeberlericom.az » Dünya » `Odu sönmüş` Minsk Qrupunun közü ilə KİMLƏR OYNAYIR?

reklam

`Odu sönmüş` Minsk Qrupunun közü ilə KİMLƏR OYNAYIR?


ATƏT-in vecsiz Minsk Qrupu dağıldıqdan sonra həmsədr ölkələr bu dəfə danışıqlarda iştirak üçün yeni format yaratmağa başlayıblar. “Yeni Müsavat” bildirir ki, ötən həftədən etibarən Rusiyadan olan həmsədr İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiyanın xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirməkdədir.

Xovayevin diqqət mərkəzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması olacaq. Bunun ardınca Fransa Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı, həmsədr Bris Rokfeyl də Ermənistanda bir sıra rəsmi görüşlər keçirib. Lakin yayılan məlumatlarda onun artıq həmsədr qismində deyil, Fransa XİN-in Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndə kimi səfər etdiyi bildirilirdi.

Nəhayət, son olaraq ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer regiona səfəri ilə prosesə möhür vurmuş oldu. Ermənistan mətbuatı onu Minsk Qrupunun amerikalı həmsədri kimi təqdim etməyə çalışsa da, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu twitterdə onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi göstərib. Bununla da aydın oldu ki, Ağ Ev Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində müstəqil formada Qafqaz danışıqları üzrə baş müşaviri vasitəsilə birbaşa iştirak edəcək. Beləliklə, Ukrayna böhranı səbəbindən Rusiya ilə işləməkdən imtina edən ABŞ və Fransa Moskvanın “yolu ilə gedərək” həmsədrlik institutunu xüsusi nümayəndələrlə əvəz etdilər.

Amma Ukrayna böhranı davam etməkdədir, ABŞ və Fransanın tezliklə Rusiya ilə masa arxasında oturması da gözlənilmir. O halda, hazırkı vəziyyət Krılovun məşhur “Balıq, ördək və xərçəng” təmsilini xatırladır. Yəni xüsusi nümayəndələrin “Qarabağ məsələsində” ağırlığı öz tərəfinə çəkməyə çalışacaqları, sülhə töhfə verə biləcəkləri ağlabatan görünmür. Həmsədrlik institutu özünü doğrultmasa da, heç olmasa birgə səfər edir, mövqeləri uzlaşdıra bilirdilər. İndilikdə isə bu, sadəcə, mümkünsüzdür. O halda yeni formata ümid etməyə dəyərmi? Eyni dövlətlərin ayrı-ayrılıqda prosesdə iştirakı hansı töhfəni verə bilər?

Ankara Universitetinin professoru Toğrul İsmayılın qəzetimizə bildirdiyinə görə, Minsk Qrupunun fəaliyyətini dayandırması məhz Ukrayna böhranı ilə bağlıdır. T.İsmayıl deyir ki, ölkələrin əlaqələri pisləşib, üstəlik, bu institut tövsiyə xarakteri daşıyırdı, həlledici rola malik deyildi. “Yəni problemlərin həlli üçün yalnız vasitəçilik missiyası daşıyırdı. Hazırda bunun hansı formatda olmasının bir əhəmiyyəti yoxdur. Beynəlxalq hüquq çərçivəsində yanaşdıqda xüsusi nümayəndələrin səfərlərinə normal baxmaq lazımdır. Sadəcə, əsas məsələ həmin dövlətlərin yanaşmasıdır. Bu dövlətlərin Qarabağa necə yanaşması əhəmiyyət daşıyır”, - deyə ekspert qeyd etdi.

T.İsmayıl bildirir ki, hazırda əsas sual Amerika və Fransanın reallığı qəbul edib sülhün əldə olumasında maraqlı olub-olmamasıdır: “Çünki Ermənistandan açıqlamalar və Azərbaycanın rəsmi mövqeyi sülh sazişində maraqlı olduqlarını göstərir. Ancaq Rusiyanın regionda mövcudluğu məsələsi sual olaraq qalır. Əgər sülh sazişi olacaqsa, sülhməramlıların bölgədə fəaliyyəti necə olacaq? Ümumiyyətlə, vasitəçilik uğrunda rəqabət Azərbaycana sərf edir. Sadəcə, həssas dönəmdir və tərəflərin heç biri bölgədə yeni qarşıdurma istəməz”. Dia.az-ın məlumatına görə, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, münaqişə 44 günlük müharibə ilə de-fakto həllini tapıb və indi sülh müqaviləsinin imzalanması məsələsi qalır: “Təbii ki, Cənubi Qafqazda ABŞ və Rusiyanın maraqları mövcuddur, o baxımdan xüsusi nümayəndələr təyin ediblər. Hər iki tərəf münaqişənin tam başa çatmasında maraqlıdır, sadəcə, bunun kimin vasitəçiliyi ilə gerçəkləşməsi uğrunda mübarizə gedir. Hesab edirəm ki, böyük sülhün imzalanması Rusiyada baş tutacaq və Moskva bununla dünyaya bölgənin onun təsir dairəsində olduğunu nümayiş etdirəcək”. A.Məsiyevin fikrincə, Paşinyanı hakimiyyətə gətirən Birləşmiş Ştatlar prosesi pozmağa çalışacaq ki, Rusiyanın təşəbbüsü ilə sülh sazişi olmasın: “Amma Rusiyanın da Ermənistana siyasi təsirləri az deyil və İrəvanda qarşıdurma dərinləşə, siyasi böhran pisləşə bilər”.

Siyasi təhlilçi Asif Nərimanlı güman edir ki, kommunikasiyanın açılmasında Qərb və Rusiya masasında nəzəri baxımdan ciddi fərq yoxdur: “Hərçənd əlaqələrin bərpası, yolların açılmasında Rusiya əsas maraqlı tərəfdir, xüsusilə Qərblə qarşıdurma fonunda bu, Cənubi Qafqazdakı maraqları baxımından Moskva üçün aktuallaşıb. Ermənistan tərəfinin Paşinyanla görüşdə Şoferi ”Minsk Qrupunun amerikalı" həmsədri kimi təqdim etməsi isə İrəvanın birtərəfli mövqeyidir. Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razılaşması çərçivəsində həyata keçirilməsini istəyir".

Siyasi ekspert Ramiyə Məmmədova həmsədr ölkələrin indi də “üç müşketyor”la önə çıxdığını düşünür. Onun sözlərinə görə, müsbət hal tərəflərin “status” məsələsini dilə gətirməməsidir: “Təki yarış sülh müqaviləsini kim imzaladacaq üstündə olsun. Azərbaycan üçün fərq etmir ki, bu Kremlin, yoxsa Avropa İttifaqının platformasında reallaşacaq. Biz prosesin irəliləməsini istəyirik və aprelin 30-na kimi Birgə Sərhəd Komissiyasının üzvləri təyin olunmalıdır. Əgər yenə Ermənistan vaxtı uzatmağa çalışsa, Soçidə olan üçtərəfli İşçi Qrupunun aqibəti yaşansa, artıq Azərbaycan fərqli addımlar atmağa məcbur qalacaq. O zaman nə xüsusi nümayəndələrə inanmaq olar, nə Brüssel və Soçi görüşlərində əldə edilən razılaşmaların icrasına... Mən xüsusi nümayəndələrin təyin olunmasına bu prizmadan yanaşıram ki, sülh müqaviləsinə dəstək versinlər. Olmayacaqsa, Minsk Qrupunun taleyi təkrar olunacaq. Hər halda, Rusiya və Qərb təşəbbüskarlığı kimin ələ alacağı uğrunda rəqabət aparır”.




Paylaş:


Müəllif : Tarix:
22-04-2022, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər