reklam
Regionxeberlericom.az » Cəmiyyət » 44 günlük zəfər tariximiz dərsliklərdə BELƏ əks olunacaq - Alimlərimiz danışır

reklam

44 günlük zəfər tariximiz dərsliklərdə BELƏ əks olunacaq - Alimlərimiz danışır


İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan ordusu parlaq qələbə qazandı. Biz də, bu şanlı qələbənin canlı şahidləriyik, lakin, qazanılan uğurun, Azərbaycan Ordusunun şücaətinin gələcək nəsillərə ötürülməsi də önəmli məqamlardan biridir.

“Biz əsl həqiqətləri tarix vasitəsilə öyrənirik” deyən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarixçi alim Dilavər Əzimli bu mövzuda bir neçə sualımızı cavablandırdı.

- Həqiqətlərin üzə çıxarılmasında tarix eliminin rolu nədən ibarətdir?

- Elmlərə qiymət verəndə, hamısı bizim üçün əhəmiyyətlidir. Amma bunların içərisində tarix xüsusi yer tutur. Çünki bütün elmlərin tarixini də bizə tarix öyrədir. Riyaziyyatı zəif bilmək bağışlanandır, rəsm çəkməyi bacarmamaq olar, fizika, kimya, həndəsə, biologiya həmçinin... Amma tarixi, ədəbiyyatı, dili bilməmək günahdır. Tarix sənin ölkənin, xalqının tərcümeyi-halıdır, ədəbiyyat sənin aydınlarının adıdır, dilsə sənin adını və varlığını yaşadan atributdur. Hər üçü ümumxalq işi olmalı və strateji əhəmiyyət daşımalıdır. Tarixə ölkənin, xalqın tərcümeyi-halı kimi baxmaq lazımdır. Amma tarixi həmişə siyasi konyunktura baxımından yazmağa çalışıblar. Çünki tarix vasitəsilə ideoloji sistemi insanların beyinlərinə yeridə biliblər. Bu mənada tarixə münasibətdə son dərəcə diqqətli olmalı və tarixi faktlar birbaşa qaynaqlardan götürüb nəticə çıxarılmalıdır. Buna görə də tarix bir elm kimi başqa elmlərdən daha qəlizdir. Tarixdə əsl həqiqətləri ortaya çıxarmaq tədqiqatçıdan peşəkarlıq , güclü məntiq tələb edir. Onda obyektiv həqiqətlər xalqa təqdim edilə bilər. Xalqı tarix yetişdirir, onu tərbiyə edir. Tarix milli kimliyin formalaşmasında böyük rol oynayır. Tarix sənin həm keçmişin, həm bu günün, həm də gələcəyindir. Tarixin obyektiv şəkildə təqdim olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Biz əsl həqiqətləri tarix vasitəsilə öyrənirik. Bu həqiqətlər isə millətin yaşamasında, inkişafında müstəsna əhəmiyyətə malikdir. Tarix millətə onun dostunun, düşməninin kim olduğunu aşkar şəkildə göstərir. Bu həqiqətlərə söykənən millət özünün dövlətçilik strategiyasında ondan istifadə edir və dövlətçiliyini daha da möhkəmləndirir. Bir sözlə, tarixi həqiqətlərin ortaya çıxarılması millətin həm də gələcək taleyi məsələsidir.

- Elmi ədəbiyyatlarda Qarabağ həqiqətləri necə əks etdirilib?

- Bu suala bir qədər aydınlıq gətirmək istərdim... Bir var elmi ədəbiyyatlar, bir də var qaynaqlar... Buraya həm də arxiv sənədləri daxildir. Bütün qaynaqlarda Qarabağ Azərbaycanın tarixi ərazisi kimi verilir. Yəni bura Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Amma biz Rusiya tərəfindən işğala məruz qaldıqdan və bu ərazilərə qaraçı ermənilərin köçürülməsindən sonra istər Rusiya, istərsə də Avropa, ABŞ elmi ədəbiyyatlarında təhriflərə yol verərək, bu ərazilərin bizim olmadığını və erməni qaraçılara məxsus olduğunu əsaslandırmağa çalışdılar. Bu məqsədlə yaradılan ədəbiyyat elmilikdən çıxıb siyasi ədəbiyyata çevrildi. Bununla belə, o dövr elmi ədəbiyyatlarında həqiqətləri əks etdirən insanlar da vardı. Xüsusən ötən əsrin 70-ci illərindən başlayaraq bu istiqamətdə elmi ədəbiyyatlar çoxalmağa başladı. Son iyirmi ildə Azərbaycanda bu istiqamətdə böyük elmi baza yaradılmışdır və Qarabağ həqiqətləri obyektiv şəkildə əksini tapmışdır. Bu elmi ədəbiyyatlar müxtəlif dillərə tərcümə olunmuşdur. Ermənilər bu sahədə tam məğlubiyyətə uğramışlar.

- Elmi tədqiqatlarda araşdırmalarda 44 günlük zəfər ilə bitən müharibə ayrıca mövzu kimi tədqiqata cəlb oluna bilərmi?

- Sizə deyim ki, artıq cəlb olunub. 44 günlük zəfərimiz barədə biz sosial şəbəkələrdə, həm də onun elmi tərəfinin tədqiqatları barədə də oxuyuruq. Bu zəfərin təfərrüatları hətta xarici ölkə institutları tərəfindən öyrənilməkdədir. Çünki bu zəfərin əldə edilməsində dünya hərb elminin istifadə etmədiyi üsullardan istifadə olundu. Burada Azərbaycan ordusunun göstərdiyi hünər həmin hərbi institutların diqqətini cəlb etdi və onu öyrənməyə qərar verdilər. Bizdə də bu istiqamətdə işlər gedir. Amma hesab edirəm ki, bu zəfər ayrı-ayrı istiqamətlərdə ayrıca mövzu kimi işlənməlidir. Məsəl üçün , Azərbaycan ordusunun malik olduğu hərbi texnika, yaxud, Azərbaycan əsgərinin bu savaş zamanı, xüsusilə, Şuşa şəhərinin alınması ilə bağlı həyata keçirdiyi əlbəyaxa döyüş... Bu döyüşdə Azərbaycan ordusu özündən altı-yeddi dəfə artıq və dişinə qədər silahlanmış düşməni əlbəyaxa döyüş taktikası ilə məğlub etdi. Bu döyüş əlbəttə, ayrıca öyrənilməlidir. 44 günlük savaş zamanı xalq- dövlət birliyinin yaranma səbəbləri dərindən tədqiq edilib yazılmalı və millətə təqdim olunmalıdır. Bu savaş müddətində arxa cəbhənin fəaliyyəti də tarixi baxımdan işlənməlidir. Bunları bir araya gətirib bir kitab kimi nəşr edib millətə təqdim etməliyik. Millətin özünədərkində bu cür kitablar əvəzsiz rol oynaya bilər.

- Arxeoloqlar azad olunmuş ərazilərdə faktları tədqiq etməkdən, oradakı erməni yalanlarını ifşa etməkdən ötrü hansı işləri görməlidir?

- Bu istiqamətdə işlər gedirdi. Yəni erməni yalanları barədə bizim arxeoloqların həqiqi faktları əks etdirən çoxlu sayda yazıları, monoqrafiyaları işıq üzü görmüş, müxtəlif dillərə tərcümə olunmuşdur. Amma indi işğaldan azad olunan ərazilərimizdə birbaşa işləmək mümkündür. Bu qaraçı ermənilər həmin abidələri məhv etsələr də əlimizdə onlar haqqında dəqiq məlumatlar vardır. Bu mənada erməni yalanlarını və vəhşiliklərini bir daha göstərmək bizim üçün çətin olmayacaqdır. İşğaldan azad olunan ərazilərimizdə arxeoloji ekspedisiyalar yenidən işləyəcəkdir. Bəllidir ki, bu ərazilərdə olan arxeoloji abidlərdə erməni izləri heç bir zaman olmamışdır. Buna görə də bizlər arxayın şəkildə bu işləri bütün dünyaya təqdim edə biləcəyik. Həmin ərazilərdə geniş arxeoloji ekspedisiyalara start veriləcəkdir. İşğaldan azad olunan bütün rayonlarımız arxeoloji abidələrlə zəngindir. Biz oralarda bütün fəaliyyətlər üzrə işləri sürətləndirməliyik.

“Tarix avtomobilin yan güzgüsünə bənzəyir. İrəli getmək üçün mütləq şəkildə o güzgüdən geriyə baxmalıyıq” deyən təhsil eksperti Kamran Əsədov da bu istiqamətdə bir sıra suallarımızı cavablandırdı:

- " QARABAĞ " Müharibəsi parlaq qələbəmiz ilə bitdi. Bundan sonrakı dönəmdə bu mövzu tarix kitablarında necə əks olunacaq?

- Əvvəlcə bildirmək istərdim ki, 44 günlük müharibə haqqında orta məktəblərimizdə tədris olunan dərsliklərdə məlumat verilməlidir və veriləcəkdir. 2021-ci ildə istifadə ediləcək bütün dərsliklərdə bir neçə istiqamətdə dəyişiklik ediləcək. Birinci dərsliklərin xarici görünüşü (dizaynı) ilə bağlı olacaq. Belə ki, xüsusən orta-ümumi təhsil məktəblərində istifadə olunacaq 5,9,11-ci sinif Azərbaycan tarixi kitablarının üz qabığında 44 günlük zəfər ilə bitən Azərbaycanın Vətən müharibəsi, qəhrəmanlar və döyüş səhnələri haqqında illüstrasiylar öz əksini tapacaq. Niyə məhz 5,9,11-ci sinifin tarix kitabları? Ona görə ki, həmin dərsliklərin içərisində qeyd edilən faktlar müasir dövrü də əks etdirir. Yəni dövr baxımından bu həmin dövrə təsadüf edir. Çünki orta-ümumi təhsil məktəblərində istifadə olunan dərsliklərin üz qabığının tələbləri bundan ibarətdir ki, üz qabığı dərsliyin içərisində nədən bəhs edilməsi ilə bağlı ən azından ilkin anons, informasiya məlumatları verməlidir. İkinci dəyişiklik məzmunla bağlı ediləcəkdir. Məzmun və forma baxımından ediləcək dəyişiklik ondan ibarətdir ki, bizim dərsliklərimizin üz qabığında 28 ildir işğal edilmiş tarixi torpaqlarımız haqqında məlumat verilirdisə, artıq bu məlumatlarla yanaşı həmin torpaqların işğaldan azad edilmə tarixləri də veriləcək.

- Digər fənlər çərçivəsində dərsliklərdə Qarabağ həqiqətləri hansı formada təqdim etmək lazmdır?

- Dəyişikliklər yalnız tarix dərsliklərində yox, bütün dərsliklərdə olacaq. Bundan başqa ibtidai siniflərdə təhsil alan şagirdlər üçün nəzərdə tutulan dərsliklərdə dəyişiklik ediləcək. Belə ki, oxu materiallarında, hekayələrdə və şeirlərdə 44 günlük Vətən müharibəsi ilə qəhrəmanlıq göstərən şəxslərin həyat yolu, onların fəaliyyətini özündə əks etdirən hekayələrə yer veriləcək. Bu mütləq şəkildə edilməsi zəruri olan bir məsələdir. Digər tərəfdən isə burda istifadə olunacaq oxu materiallarında, sinifdənxaric oxu materiallarında həqiqi faktların şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində olmalıdır.

- Bundan sonrakı tarix dərslərinin məzmununa, proqramına hansı dəyişikliklər olmalıdır?

- Tarix dərsliklərində ediləcək dəyişikliklər üç istiqamətdə olacaq. Birinci istiqamət onun məzmunu, ikinci istiqamət qrafik, dizayn baxımından, üçüncü istiqamət yanaşma olaraq ediləcək . 5-ci sinifdə ilk dəfə olaraq tarix kitabını oxumağa başlayan şəxslər orada məzmun baxımından Azərbaycan haqqında ilkin məlumatları əldə etməyə başlayırlar. Biz mütləq şəkildə ibtidai sinifdə təhsil alan şagirdlərdə Azərbaycanın tarixi ilə bağlı hadisələrin ilkin fikir oyatmasına çalışırıq. Ona görə də 5-ci sinif tarix kitabının üz qabığında və içərisində 44 günlük qələbə tariximiz əks olunacaq. 9-cu sinif Azərbaycan tarixi dərsliyində burada ciddi dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, 9- cu sinfin mövzusu məhz ilkin olaraq orta-ümumi təhsil məktəblərini başa vuracaq şəxslərdə artıq müasir dövr haqqında ilkin bilikləri formalaşdırır. Buna görə 9-cu sinif tarix kitablarında da Azərbaycanın 44 günlük zəfər tarixi əks olunacaq. Eyni zamanda 9-cu sinif dərsliyinin üz qabığında 44 günlük qələbəmizin, zəfərimizin, müharibəmizdə iştirak etmiş şəxslər barədə onların şəkilləri, illüstrasiyaları haqqında geniş məlumat veriləcək. Daha sonra 11- ci sinif Azərbaycan tarixi dərsliyində daha geniş məlumat əks olunacaq. Çünki 11-ci sinifi bitirmiş şəxslər Azərbaycanın müstəqil həyatına qədəm qoyacaqlar. Dərsliyin üz qabığında 44 günlük müharibədə xüsusi fərqlənmiş əsgər və zabitlər, onların döyüş yolları haqqında illüstrasiyalar öz əksini tapacaq.

- Biz bilirik ki, "keçmişinə güllə atanı gələcək topa tutar". Elə isə yeni nəslin yaddaşından torpaqların işğalını silməmək, onlara bunu unutdurmamaq həm də tarixi qələbəni aşılamaq çətin olmayacaq ki?

- Bizim bəzi müəlliflər elə düşünürlər ki, bundan sonra biz tarixdə qələbə ruhunu yazırıqsa, 1992-1993-cü illərdəki hadisələrə yer verməyəcəyik. Xeyr bu birmənalı şəkildə belə deyil. Çünki tarix avtomobilin yan güzgüsünə bənzəyir. Əgər siz irəli getmək istəyirsinizsə, mütləq şəkildə o güzgüdən geri baxmalısınız. Biz 1992-1993-cü illərdəki hadisələr təkrarlanmasın deyə tarix dərsliklərimizdə yenidən onlara yer verəcəyik. Onlar haqqında məlumatları paylaşacayıq ki, bütün tariximiz təkcə uğurdan, şərəfli qələbədən, zəfərdən ibarət deyil. Eyni zamanda bizim zəif olduğumuz dönəmlərdə olub. Bir daha zəif olmamaq, bu tip hadisələr yaşamamaq üçün biz həmin hadisələri özündə əks etdirən tarixi faktları verəcəyik. Yəni söhbət 1992-1993-cü illərin işğallarından, baş vermiş bədbəxt hadisələrdən, soyqırımlardan gedir.Yenə də qeyd edirəm ki, tarixi hadisələri unutmaq olmaz. Birmənalı şəkildə qeyd edim ki, 44 günlük zəfər Azərbaycan dərsliklərində geniş şəkildə əks olunacaq. Bu faktlar Azərbaycan gənclərinin milli ruhda, müasir ruhda böyüməsinə bir başa xidmət edəcək.

Belə bir nəticəyə gəlirik ki dərs vəsaitləri yenilənənə qədər, qazandığımız uğuru şagirdlərə çatdırmağın müxtəlif, fərqli yolları var. Bu məsuliyyətli iş ailələrin, müəllimlərin və cəmiyyətin üzvü olaraq hər birimizin çiyinlərindədir. Bu gün Azərbaycan xalqı bütün cəbhələrdə düşmənə qarşı dimdik ayaqdadır. Şübhəsiz ki, sabah tarix olacaq bu günlər yolumuza işıq salacaq.


Paylaş:


Müəllif : Tarix:
30-11-2020, 09:11
Sikayət   


loading...
Загрузка...