reklam
Regionxeberlericom.az » Sosial » Dərs saatlarının azalması gələcəkdə ciddi fəsadlar yaradacaq - “Azərbaycan tarixi” fənni strateji məsələdir

reklam

Dərs saatlarının azalması gələcəkdə ciddi fəsadlar yaradacaq - “Azərbaycan tarixi” fənni strateji məsələdir


Ali təhsil müəssisələrində tarix dərsinin saatlarının azaldılacağı xəbəri ölkə ziyalılarının narahatlığına və sərt reaksiyasına səbəb oldu. Ziyalılar, tarixçi alimlər bu fikirdədir ki, hər bir vətəndaş ölkəsinin, dövlətinin tarixini bilməli, dövlətçiliyin mərhələlərindən kifayət qədər məlumatlı olmalıdır. Müasir vətəndaşın xüsusən tarix sahəsində bilikli, savadlı olması torpaqları işğal altında saxlanan, faktiki müharibə şəraitində yaşayan dövlət üçün xüsusi önəm kəsb edir. Tarixi bilməliyik ki, mənfur düşmənlə hər hansı müstəvidə üz-üzə gəldikdə ona tutarlı, elmə əsaslanan cavablar verə bilək.

Vəziyyət bizdən dövlət maraqlarımızın təmin olunmasını tələb edir. Bunun üçün də tarixi bilgilərə yiyələnmək əsasdır. Lakin görünən budur ki, bəzi ali məktəblərin rəhbərləri bu vacib məqamı unudur. Tarix fənni üzrə dərs saatlarında azalmalara yol verilməsi heç bir halda məqsədəuyğun sayıla bilməz.

BAO məsələ qaldırdı, nazirlik reaksiya verdi

Qeyd edək ki, ali məktəblərdə “Azərbaycan tarixi” fənninin saatlarının azaldılması ilə bağlı Bütöv Azərbaycan Ocaqları tarixçi alimlərin, ziyalıların iştirakı ilə bir müddət əvvəl onlayn konfrans keçirmişdi. Konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət etmişdilər. Konfransda qəbul olunmuş bəyanatda Təhsil Nazirliyindən ali məktəblərdə “Azərbaycan tarixi” dərslərinin ixtisar edilməsi məsələsinin yenidən nəzərdən keçirilməsi tələb edilirdi.

Təhsil Nazirliyi alimlərin bəyanatına diqqətlə yanaşdı və onlar nazirlik tərəfindən müzakirəyə dəvət edildilər. AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli “musavat.com”a görüş barədə danışıb:

“Söhbət zamanı Təhsil Nazirliyinin səlahiyyətinə daxil olan bütün məsələlərdə nümayəndə heyəti ilə razılaşma oldu. Nümayəndə heyəti həm də Ümumi tarix, o cümlədən Azərbaycan dili və ədəbiyyatı saatlarının azaldılması məsələsini də gündəmə gətirdi. Məsələlərin müzakirəsi zamanı o da bəlli oldu ki, Təhsil Nazirliyi bir çox məsələlərdə ali təhsil müəssisələrinə sərbəst seçim hüququ verib”.

Tarixçi alimin sözlərinə görə, təəssüf ki, həmin ali təhsil müəssisələrinin əksəriyyətinin rəhbərləri bu məsələdə ciddi yanaşma ortaya qoymur, ziddiyyətlərin yaranmasında birbaşa iştirak edirlər:

“Məsələn, onların Təhsil Nazirliyinə göndərdikləri ekspertlər isə işin öhdəsindən gələ bilmirlər.

Çünki bu ekspertlərin hansı meyarla seçildiyi hamımıza bəllidir. Nəticədə, belə hallar ortaya çıxır. Buna görə də Təhsil Nazirliyində bizə bildirdilər ki, siz bu məsələdə ali təhsil müəssisələri ilə də danışıqlar aparın.

Biz yalnız qeyri-ixtisas fakültələrində ”Azərbaycan tarixi" saatlarının artırılması və bir də hansı dövrdən tədris olunması məsələlərinə baxa bilərik. Elə də oldu. Təhsil Nazirliyi söz verdi ki, onların səlahiyyətləri daxilində olan məsələləri qısa zamanda həll edib, ali təhsil müəssisələrinə göndərəcək.

Bu günlərdə də qərar çıxarıldı. Qərarda deyilir: “Bir qrup tarixçinin ali təhsil müəssisələrində ”Azərbaycan tarixi" fənninin tədrisi ilə bağlı Təhsil Nazirliyinə ünvanlanmış müraciətinə və bununla bağlı mətbuatda yazılan fikirlərə cavab olaraq bildiririk ki, bakalavriat səviyyəsinin - əsas baza tibb təhsilinin - ixtisas üzrə təhsil proqramının yeni çərçivə sənədi hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.05.2020-ci il tarixli F-226 nömrəli əmri ilə təsdiq edilib. Həmin çərçivə sənədinin ümumi fənlər blokunda - bütün ixtisaslarda - 5 kredit həcmində “Azərbaycan tarixi” fənni məcburi fənn kimi nəzərdə tutulub.

Qeyd edirik ki, ixtisaslar üzrə təhsil proqramlarında fənnin saatları deyil, kreditləri qeyd olunur və həmin kreditə ayrılmış saatların həcminin müəyyən edilməsi müvafiq qaydalara uyğun olaraq ali təhsil müəssisələri tərəfindən aparılır. Vurğulamaq istəyirik ki, 5 kredit həcmində müəyyən olunmuş “Azərbaycan tarixi” fənni müvafiq qaydalara uyğun olaraq ali təhsil müəssisəsi tərəfindən 75 saat həcmində tədris olunacaq. Beləliklə, Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramlarında fənlər üzrə yalnız minimum kreditlər müəyyən edilir və həmin fənlərin tədrisi üçün ayrılan saatlarının yekun olaraq müəyyən edilməsi ali təhsil müəssisələrinin səlahiyyətinə buraxılır". Tarixçi alim bu fikirdədir ki, ”Azərbaycan tarixi"nə ayrılan saatlar daha da artırılmalıdır:

- Bu bizim hamımızın həm də bir vicdan borcumuzdur! Çünki biz Vətənimiz üçün əsl vətənpərvər insanlar yetişdiririk. Bunun yolu da tarixi təfəkkürün formalaşmasından keçir. Bu yolda hamıya uğurlar diləyirik!

“Azərbaycan tarixi üzərindən aparılan proseslər təhlükəlidir”

Vətəndaş Həmrəyliyi Partiyası da ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin saatının azaldılmasından narazılıq ifadə edib. Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, ali məktəblərin tədris proqramında Azərbaycan tarixinə münasibət təəssüf doğurur:

“Azərbaycan tarixinin sovet dönəmindən qalan problemləri, yanlış yanaşmalar, düzgün olmayan qarşıdurmalar tam aradan qalxmadan ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin tədrisinin azaldılması başqa bir problem yaradır.
2020-2021-ci illər üçün tədris planında “Azərbaycan tarixi” fənninin dərs saatlarının tarix fakültələrində 315 saatdan 210 saata, qeyri-tarix fakültələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur. Unutmayaq ki, istənilən sahə üzrə yetişdirilən mütəxəssis, ilk növbədə, bu millətə bağlılığı ilə faydalı ola bilər. Spartakı sevib Babəki bilməyən, Eynşteyndən danışıb Tusini tanımayan, Bethoveni dinləyib Üzeyir bəyi duymayan ən mükəmməl mütəxəssis belə milli dövlətçiliyə xidmət edə bilməz”.

S.Əsədli bidirib ki, ali məktəblərdə “Azərbaycan tarixi”nin “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz edilməsi yanlışdır.

Tarix üzrə fəlsəfə doktoru Boran Əzizli də hesab edir ki, Azərbaycan tarixi üzərindən aparılan proseslər olduqca təhlükəlidir. Tarixçi məlum konfransdakı çıxışı zamanı qeyd edib ki, bu prosesi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi görür:

- Müstəmləkəçilik siyasəti üç - siyasi, iqtisadi və mədəni istiqamətdə həyata keçirilir. Xüsusən də din, dil və təhsil sahəsində tətbiq olunur. İnsanları keçmişindən xəbərsiz, milli-mənəvi dəyərlərdən uzaq, soy-kökünə biganə bir nəsil yetişdirmək niyyəti güdülür. Bunun qarşısını almaq üçün Cümhuriyyət dönəmində milli təhsil sistemi yaradılsa da, AXC-nin süqutundan sonra Milli Təhsil proqramı yaddan çıxdı. Sovet dövründəki təhsil sistemində isə beynəlmiləlçiliyə sadiq bir nəsil yetişdirməyə çalışdılar. İndi isə müstəqil ölkəmiz var. Bu mənada Azərbaycan tarixi üzərindən aparılan prosesləri olduqca təhlükəli hesab edirəm. Biz öz səsimizi qaldırıb, ciddi etiraz etməliyik. Məncə, İşçi Qrupu yaradıb, Təhsil Nazirliyi və ölkə baçısına müraciət hazırlayıb, baş verən prosesin qarşısını almalıyıq. Milli-mənəvi dəyərlərindən uzaq bir gəncin Vətənə, millətə nə kimi faydası ola bilər. Bu baxımdan Azərbaycan tarixi dərsliyinin saatının azaldılmasının qarşısını almaq lazımdır.

Tarixi bilmək dövlətçilik tarixinə bələd olmaqdır

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən tarixçi-alim Kamran Əsədov da hesab edir ki, ali təhsil müəssisələrində Azərbaycan tarixinə ayrılan dərs saatlarının həcminin azaldılması böyük yanlışlıqdır:

- "Azərbaycan tarixi" fənni üçün dərs saatları müəyyənləşdirilərkən tələbələrin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idrak, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmalıdır.

Müəyyənləşdiriləcək dərs saatlarının həcmi Azərbaycan tarixinə dair deklarativ biliklərlə yanaşı, tələbələrə prosedural və kontekstual biliklərin verilməsini də nəzərdə tutmalıdır. Bununla tələbələrin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığa, qrafik və cədvəllər hazırlamağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmalıdır. Lakin Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş dərs saatlarının həcmi qeyd olunanların həyata keçirilməsinə imkan verməyəcək.

Azərbaycan tarixinin ali məktəblərdə tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa xidmət edir. Eyni zamanda öz soy-kökünə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə töhfə verir.

Bu fənnin tədrisi nəticəsində ali təhsil səviyyəsində Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, geosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və onlara qarşı mübarizə, müasir dünyada mövqeyi, ölkənin ümumi inkişafı, tarixi şəxsiyyətləri, maddi və mənəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur.

Tələbələrdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə işləmək bacarıqları formalaşdırılır, onlara vətənpərvərlik, milli iftixar hissləri aşılanır.

Hesab edirəm ki, dərs saatları ilə bağlı məsələyə yenidən baxmaq lazımdır. Bu azalmalar, özü də ki, "Azərbaycan tarixi" kimi strateji fənnin dərs saatlarının azalması gələcəkdə ciddi fəsadlar yaradacaq.


Paylaş:


Müəllif : Tarix:
25-08-2020, 12:32
Sikayət   


loading...
Загрузка...