reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sinfin 80%-i dərsdən ona görə kəsilib ki...” - Təhsil Nazirliyinə “onlayn dərs”

reklam

“Sinfin 80%-i dərsdən ona görə kəsilib ki...” - Təhsil Nazirliyinə “onlayn dərs”


Koronavirus pandemiyası (COVİD-19) özü ilə bir çox sahələrə olduğu kimi, təhsilə də “yeniliklər” gətirdi.

Təhsil sistemində yeni dövrə ayaqlaşmaq üçün müxtəlif dəyişikliklərə gedildi. Yeni tədris ili ilk dəfərdir Azərbaycanda hibrid, yəni həm onlayn, həm sinifdə olmaqla keçirilməyə başladı.

Maraqlıdır, yeni yeni metod, mövcud durum dərslərin keyfiyyətinə necə təsir edəcək? Buna təhsil sistemi, o cümlədən şagirdlər, müəllimlər hazırdırmı?

Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını inklüziv kurrikulum dizaynı və inklüziv təhsil üzrə mütəxəssis Elnarə Məmmədova cavablandırıb.

“Müəllimlərin bu bacarıqları öyrənməsi üçün ciddi təlimlərə ehtiyacı var”

-Elnarə xanım, bu tədris metodu dərslərin keyfiyyətinə necə təsir edəcək?

-Karantin günlərində müəllimlərin dərs keçmək üçün gördüyü işləri Pedaqoji Dizayner olaraq alqışlayıram. Onlayn təhsilin nə olduğundan xəbərsiz ola-ola qəfil keçiddə onlar əlindən gələni etdi ki, şagirdlərə mümkün olduğu qədər öyrədə bilsinlər. Buna görə müəllimlərimizə böyük təşəkkür düşür!

Hibrid tədrisin Azərbaycanda təhsilə necə təsir edəcəyinə gəlincə, bunu demək mənə çətindir. Bunun üçün birincisi, müəllimlərin bu tədrisin dizaynından, ikincisi, müəllimlərin onlayn dərsi maraqlı etmək üçün kreativ tədris metodlarından nə qədər xəbədar olduqlarını bilmək lazımdır. Çünki onlayn tədris metodları üz-üzədən yerlə göy qədər fərqlidir. Üçüncüsü, Təhsil Nazirliyinin hazırladığı dijital resurslardan müəllimlərin xəbəri varmı? Varsa istifadə edirlərmi? İstifadə etməyin yollarını onların bilib-bilmədiklərini dəqiqləşdirmək lazımdır. Son günlər qatıldığım Azərbaycan universitetlərinin keçdiyi seminarlardan deyə bilərim ki, müəllimlərin bu bacarıqları öyrənməsi üçün ciddi təlimlərə ehtiyacı var.

Pandemiyaya görə keçən yaz semestrində məktəblər kütləvi formada “Skype”, “Zoom”, “Google Meet”, “Microsoft Teams” tətbiqetmələri vasitəsiylə dərs keçməyə başladı və bunu onlayn təhsil olaraq təqdim etdilər. Başlanğıc üçün bu çox əla və alqışlanandır. Amma deməliyəm ki, sadalanan tətbiqetmələr onlayn təhsil deyil, o təhsilin bir parçasıdır. Bu tətbiqetmələrdən istifadə olunaraq keçilən dərslər “Skype dərsi”, “Zoom dərsi” və s. deyə adlandırılır.

Onlayn təhsildə müəllim dərsləri bir neçə modullarda yaradır və internet üzərində hansısa platformalarda (ingilis dilində bunlara Learning Management System deyilir) yerləşdirir. Şagird də istədiyi vaxt girib o dərsi oxuyur, verilən tapşırıqları edir, onlayn müzakirələr aparır və hərdən də “Skype”, “Zoom”, “Microsoft Teams” üzərindən dərsə qatılır. Yəni onlayn və offline dərslər olmalıdır. Amma bizdə hələ ki, bütün dərslər ancaq tətbiqetmələr üzərindən keçirilir.

Mən hələ bu dərslərdə müəllimlərin durmadan danışaraq şagirdlərlə ünsiyyəti azaltmasından, əyləncəsiz keçmələrinə toxunmuram, hansı ki, məhz bu təlim metodlarına görə çox şagird dərsdə sıxılır və qatılanların sayı aşağı düşür. Qoşulduğum seminarlarda müəllimlər çox vaxt şagirdləri “məsuliyyətsiz” olmaqda günahlandıraraq metodlarıyla bağlı faktları nəzərdən qaçırırlar. Təklif edərdim ki, pedaqoqlarımız yeni tədris metodları üzərində durmadan çalışsınlar. Çünki onlayn təhsil üz-üzə təhsil deyil və bu, müəllimlərdən daha çox kreativ olmağı tələb edir”.

“Onlayn kurslar gələcəkdə müəllimlərə kömək edəcək”

-Müəllimlərin onlayn dərs dizayn etmə və tədris metodlarını öyrənməsi üçün hansı işlər görülməlidir?

-Mövcud vəziyyət elədir ki, indi öyrənən yalnız şagirdlər deyil, həm də müəllimlərdir. Müəllimin istər 20 və ya 40 il təcrübəsi olsun, hamımız oxuyub yeni şeylər öyrənmək məcburiyyətindəyik. Çünki indiyə qədər görmədiyimiz, etmədiyimiz bir tədrislə üz-üzəyik.

Sizin soruşduğunuz işləri görmək üçün mən qısa və uzaq hədəflər müəyyən edərdim. Qısa hədəf odur ki, məktəblər, univeristetlər Pedaqoji Dizaynerlərlə, yəni onlayn dərsləri dizayn edən mütəxəssislərlə işləyib, qısa müddət ərzində şagirdlərin kurrikulumu maksimum öyrənməsi üçün dərs planı və onlayn kurs hazırlasınlar. Bu işdə dizaynerlərlə dərsi tədris edən ekspert müəllimlər sıx işləyib 2021-ci ilin yaz semestrinə qədər yaxşı işlər ortaya qoya bilər. İndi düşünərsiniz ki, pandemiya o qədər sürməyəcək. Bilmək olmaz və ehtiyat necə deyərlər igidin yaraşığıdır. Dijitallaşan dünyamızda əmin ola bilərsiniz ki, onlayn kurslar gələcəkdə müəllimlərin əlindən çox tutacaq.

Uzun hədəf isə universitetdə oxuyan gələcək pedaqoqlara onlayn dərs dizaynını tədris etmək. Pandemiya əslində kurrikulumuzdakı bir çox əksikləri üzə çıxartdı. Onlayn dərs dizaynı da onlardan biridir. Məncə, Təhsil Nazirliyi kurrikuluma yenidən baxıb və onlayn kurs dizaynı dərsinin daxil edilməsi üzərində düşünməsi yaxşı olardı. Məsələn, mən ali təhsilimi sırf pedaqogika üzərinə almışam. Amma istər bakalavr, istər magistr təhsilimdə bir dəfə də olsun onlayn dərs, onlayn dərsi dizayn etmək deyə bir şey nə eşitmişəm, nə də oxumuşam. Bugün müəllimlərin onlayn dərsə keçidində yaşadıqları əziyyətlərin səbəbi məhz vaxtında o haqda dərs ala bilməməsidir.

Bu yaxınlarda onlayn dərsə qatılan 5 nəfərlik sinfin 80%-nin dərsdən kəsildiyini öyrəndim. Sadəcə, bir şagird dərsi keçib. Müəllimin etirafına görə, həmin şagird durmadan dərsdən sonra da müəllimə suallar yağdırırmış. Demək ki, dərsin tədrisində uşaqların anlamadığı qaranlıq məqamlar çox imiş ki, uşaq da durmadan soruşurmuş. Müəllim vaxtında onlayn təhsil metodu haqqında dərs alsaydı, inanıram ki, belə dəhşətli mənzərə yaranmazdı.

Mən özüm onlayn dərsin dizaynı haqqında ilk dəfə Amerikada inklüziv təhsil üzrə oxuyanda öyrəndim. Sonra öyrəndiklərim əsasında onlayn kurs dizayn edəndə əslində bunun nə qədər praktik bir iş olduğunu anladım. Nəzərə alsaq ki, hər şey dijitallaşır və çox xidmətlər onlayn göstərilməyə başlayır, bu dərslərin kurrikuluma salınması çox lazımlı addım olar.

“Müəllim özü video hazırlayıb onun kasetini və ya CD formatını da şagirdə göndərə bilər”

-Pandemiyada onlayn təhsil əsas həll yolu kimi göstərildi. Amma təcrübə göstərdi ki, onlayn təhsilə qatılmaq üçün bir çox ailələrin nə interneti, nə kompüteri, nə də televizoru var. Yəni uşaqlar onlayn dərslərə qatıla bilmir və bugünə qədər o şagirdlər və tələbələr dərsdən kənarda qalır. Bu problemi həll etmək üçün nə təklif edərdiniz?

-Qəfil onlayn təhsilə keçid dünya təhsilini dillemma qarşısında qoydu. Qlobal Təhsil Monitorinq Reportunun bu ilin yazında dərc etdiyi hesabata görə, dünyada 1.6 milyon şagirdin təhsilinə COVID-19 təsir edib. Aşağı gəlirli ölkələrin yalnız 55 faizi orta məktəbdə onlayn təhsilə keçidi təmin edə bilib. Az inkişaf etmiş ölkələrdə cəmi 12 faiz ailənin evində internet var. Ümumilikdə, aşağı və orta aşağı gəlirli ölkələrin 40 faizi şagirdlərin təhsildən kənarda qalma riskini aradan qaldıra bilməyib.

Azərbaycan universiteti tərəfindən təşkil olunan onlayn təlim seminarlarına qatılanda müəllimlərin çoxunun şagird və tələbələrinin internetə qoşulmaq üçün texniki vəsaitlərinin olmamasından gileylendiyini eşitdim. Pedaqoji dizayner olaraq fikirləşirəm ki, distant təhsil metodu burda həmin müəllim və tələbələrin işinə kömək edə bilər.

Distant təhsil modeli deyəndə nəyi nəzərdə tuturam? Onlaynda şagird ancaq internet istifadə edərək sinxron və ay asinxron dərslərə qatılır. Distant təhsildə isə dərs vəsaitləri poçt vasitəsiylə göndərilə bilər. Necə? Məsələn, müəllim bir və ya iki həftəlik, ya da aylıq dərs vəsaitini hazırlayıb, tapşırıqlarla birlikdə şagirdə poçtla göndərir. Məktubda tapşırıqlarla necə işləmək, dərsə necə hazırlaşmaq və verilən tapşırıqları hansı tarixə qədər göndərməli olduğu haqda çox aydın təlimat yazır. Şagird də tapşırıqları etdikdən sonra poçtla geri, müəllimin məktubda göstərdiyi ünvana göndərir.

Görüntülü izahat tələb edən dərslərdə, deyək ki, dəqiq elmlərdə müəllim özü video hazırlayıb onun kasetini və ya CD formatını da şagirdə göndərə bilər. Dərsin müyəssər olmasını təmin etmək üçün kasetdə deyilənlərin transkriptini də əlavə etmək vacibdir. Şagird videoya hər zaman baxmaya bilər, amma çap edilmiş transkripti istədiyi vaxt oxuya və qeydlər apara bilər.

Sual oluna bilər evində kompüteri və ya o kaseti işlədəcək texnikası olmayan şagird ona harda baxsın? Bu məqamda rayonlarda olan klublar köməyə gələ bilər. Yadınıza salın, illər əvvəl insanlar kəndə yeni gələn Hindistan filmlərinə necə baxırdı? Hamı toplanırdı bir yerə və böyük ekranda filmə baxırdı. Eyni metod indi evində interneti, televizoru olmayanların təhsili üçün istifadə oluna bilər.

Dövlət hesabına işləyən klublarda şagirdlər təyin olunmuş saatlarda toplanıb sosial məsafə saxlamaq şərtilə videodərsə baxa bilər və hətta anlamadıqlarını öz sinif yoldaşlarından soruşaraq öyrənə bilər. Belə olan halda, hətta Təhsil Nazirliyi də televiziyada yayımlanan dərslərin video kaset formatını onlayn təhsildən ayrı düşən kəndlərin klublarına göndərə və klublar da müəyyən gün və saatda o videoları nümayiş etdirə bilər.

“Belə günlərdə bir-birimizə etibar etməkdə fayda var”

-Belə olan halda müəllim necə əmin ola bilər ki, şagird tapşırığı özü həll edir?

-Bilirsiniz, pandemiya hamımızı çətin vəziyyətə salıb və bu çətinlik hamımızı gərgin hisslər yaşamağımıza, psixoloji olaraq gündəlik işimizdə gərilməyimizə səbəb olur. Ona görə də bu günlərdə bir-birimizə mənəvi və psixoloji dəstək durmaqda, bir-birimizə etibar etməkdə fayda var.

Azərbaycan universitetinin keçirdiyi onlayn seminarlarda müəllimlərin şagird və tələbələrə etibarsız yanaşmasını müşahidə etdim. Mən təklif edərdim ki, müəllimlər şagirdlərinə etibar edib, bu gərgin dönəmdə dərslərində daha uğurlu olmaq üçün necə dəstək olacaqları, dərsdən maksimum öyrənmələrini necə təmin edəcəkləri haqqında düşünüb kömək etsinlər. Yadınıza salın, siz daha çox kimə etibar etmisiniz? Sizin firkilərinizə dəstək durub uğurlu olmanız üçün yol göstərənə, yoxsa sizi etdiyiniz hərəkətlərə daim şübhə ilə yanaşan və düşüncələrinizə görə sizi mühakimə edənə?

Bundan əlavə, şagird biliyini qiymətləndirmək üçün müxtəlif tapşırıq formatları var. Məsələn, müəllim şagirdin özünə məxsus, keçilən dərsi özündə cəmləşdirəcək layihə hazırlamasını təklif edə bilər. Bu mövcud olan minlərlə qiymətləndirmə meyarlarından sadəcə biridir. Öz sahəsində ekspert olan müəllim başqa maraqlı ideyalar da təklif edə bilər.

Əslində COVİD-19 göstərdi ki, biz kreativliyimizi işə salsaq təhsildə yaranan problemləri daha fərqli yollarla həll edə bilərik. Hər çözümə bir problem tapmaq asandır. Önəmli olan dünyada bu problemlərin necə çözülməsiylə bağlı təcrübələri öyrənmək, problemə həll yolu tapıb onu sınaqdan keçirmək və nəticə əsasında da qərar verməkdir.


Paylaş:


Müəllif : Tarix:
14-09-2020, 15:36
Sikayət   


loading...
Загрузка...