reklam
Regionxeberlericom.az » Sosial » “Etibar Məmmədov Əli Əliyevin sədr seçildiyi qurultaya ona görə gəlmədi ki...” - QALMAQAL

reklam

“Etibar Məmmədov Əli Əliyevin sədr seçildiyi qurultaya ona görə gəlmədi ki...” - QALMAQAL


AMİP-VİP qarşıdurması davam edir. Hər iki tərəfdən səslənən iddialara cavab tapmaq üçün uzun müddət AMİP-in rəhbər qurumlarında təmsil olunmuş, lakin artıq bir neçə ildir ki, aktiv siyasi fəaliyyətlə məşğul olmayan Rəşad Bayramovla söhbət etmək qərarına gəldik.

regionxeberlericom.az AzNews.az-a istinadən onunla söhbəti təqdim edir.

- Rəşad bəy, AMİP-lə VİP arasında nə baş verir?

- Baş verənləri qısa olaraq bir cümlə ilə ifadə etsək deyə bilərik ki, “VİP qaşındı, AMİP qaşıdı”. Dərinə getsək isə deyə bilərəm ki, hadisələrin kökü 2005-ci ilə gedib çıxır. Daha konkret desəm, olaylar Əli Əliyevin AMİP sədri seçilməsindən sonrakı fəaliyyətinə və tutduğu mövqeyə bağlıdır.

- O hansı mövqe idi?

- AMİP-in nizamnaməsinə görə Qurultayda partiyanın sədri ilə yanaşı Qurultaylararası dövrdə ali qərarverici orqan olan Mərkəzi Şura da formalaşır. Daha sonra isə ilk iclasda Mərkəzi Şuranın sədri, Baş katib və Siyasi Şura üzvləri seçilir. Baş katib isə müvafiq olaraq müxtəlif sahələrə cavabdeh olan katibləri təyin edir. Nizamnaməyə görə sədrin katibləri təyin etmək və ya onları vəzifələrindən kənarlaşdırmaq hüququ yoxdur. Partiyanın hər hansı bir məsələ ilə bağlı qərar verməsi səlahiyyəti Mərkəzi Şuraya və Siyasi Şuraya aiddir. Lakin Əli Əliyevin sədr seçilməsindən sonra Partiyanın Nizamnaməsi bir kənara atılmış, dəfələrlə müraciətlər olmasına baxmayaraq Siyasi Şura və Mərkəzi Şuranın iclasları çağırılmamış, Baş katibin və katiblərin normal fəaliyyət göstərməsinə imkan verilməmişdi. Nəticə etibarilə Əli Əliyev partiyada özünün mütləq hakimiyyətini elan etməyə cəhd göstərmiş və təbii olaraq partiyanın kollegial qurumlarının etirazı ilə qarşılaşmışdı.

- Əli Əliyevin partiya sədrliyindən kənarlaşdırılması da bununla bağlı idi?

- Həm də bununla bağlı idi. 2005-ci il ölkədə Parlament seçkiləri ili idi. Ona görə də həmin dövrdə partiya rəhbərliyində təmsil olan insanlar olaraq partiya daxilində baş verənləri ictimailəşdirmək istəmədik və nəticədə Əli Əliyevin özbaşınalığı bir neçə ay sürdü.

- Suala cavab verərkən “həm də” dediniz. Başqa nə səbəb var idi?

- Artıq geniş ictimaiyyət üçün məlum olan faktları bir daha sadalamaq istəməzdim. Amma həmin faktın da Əli Əliyevin sədrlikdən uzaqlaşdırılmasında birbaşa rolu oldu.

- Rəşad bəy, məlumdur ki, Əli Əliyevlə Etibar Məmmədov həm də yaxın qohumdurlar. Maraqlıdır Etibar bəy, Əli Əliyevin ailəsində baş verənlərdən xəbərsiz idi? Xəbəri var idisə, onun AMİP-ə sədr seçilməsinə niyə imkan verirdi?

- Təbii ki, xəbəri var idi. Məhz xəbəri olduğu üçün də Etibar bəy Əli Əliyevin sədr seçildiyi Qurultayda iştirak etmədi. İştirak edəcəyi halda partiya lideri olaraq ya Əli Əliyevi dəstəkləməli idi, ya da əksinə Əli Əliyevin sədr seçilməsinə qarşı çıxmalı idi. Etibar bəyin bu cür əxlaqi dəyərlərə malik birisini dəstəkləməsi mümkün deyildi. Əleyhinə çıxış edəcəyi halda isə bunun səbəbi haqqında məlumat verməli idi. Bunu isə Etibar bəy öz şəxsiyyətinə sığışdırmadı və qeyd etdiyiniz kimi, yaxın qohumu olan Əli Əliyevin əslində necə biri olduğunu ictimailəşdirmək istəmədi.

- Həmin faktın ictimailəşməsi Əli Əliyevin keçmiş xanımının məktubundan sonra baş verdi?

- Yox. Xatırladığım qədərilə iki məktub var idi. Biri Etibar bəyin adına, digəri isə MSK sədri Məzahir Pənahovun adına. Etibar bəyin adına olan məktubu Etibar bəy ictimailəşdirmədi, Məzahir Pənahov isə MSK-ya təqdim olunan məktubu baxılması üçün o zaman AMİP-in MSK-kı nümayəndəsi olan Arzuxan Əlizadənin üzərinə yazmışdı. Beləliklə ikinci məktub da təbii olaraq Arzuxan Əlizadə tərəfindən ört-basdır edildi və ictimailəşməsinə imkan verilmədi. Həmin məsələnin ictimailəşməsi Əli Əliyevin keçmiş həyat yoldaşının KİV-ə ünvanladığı müraciətdən sonra baş verdi. Dəqiq yadımdadır ki, bununla bağlı onun mətbuatda geniş müsahibəsi olmuşdur.

- Bu günlərdə həmin xanımın Əli Əliyevi dəstəkləyən ikinci bir məktubu da mətbuatda işıqlandırıldı.

- Həmin məktubun mətni ilə tanış oldum və açığını desəm məndə belə bir təəssürat yarandı ki, məktub Əli Əliyev tərəfindən yazılıb və o xanıma imzalatdırlıb. Amma buna baxmayaraq Əli Əliyev və keçmiş xanımı arasındakı soyuqluğun aradan qaldıılmasına ancaq sevinmək olar. Məktubdakı ən önəmli məqam ondan ibarətdir ki, həmin xanım 14 il bundan qabaq yazdığı məktubdan imtina etmir və bir daha elə bir məktub yazdığını etiraf edir.

- Bəs indi AMİP tərəfindən bu məktubun ictimailəşməsi hansı ehtiyacdan yarandı?

- Əli Əliyevin AMİP-cilərin qəbul etdiyi qırmızı xətti keçməsi bu zərurəti ortaya çıxardı. AMİP-in hətta sıravi üzvləri üçün belə Etibar Məmmədov şəxsiyyəti ilə bağlı olan böhtan və şantajlar qırmızı xətt rolunu oynayır. Başqa sözlə AMİP üzvləri partiya ilə bağlı deyilən fikirlərə haradasa reaksiya verməyə də bilərlər, amma söhbət Etibar Məmmədovun ünvanına söylənilən böhtanlardan gedirsə bu artıq milli istiqlalçılar üçün qırmızı xətt cizgisini keçmək deməkdir ki, Əli Əliyev də öz müsahibələri ilə bu cizgini keçdi.

- Məktubun ictimailəşdirilməsinə görə AMİP-i qınayanlar da oldu...

- Bəli təəssüf ki, oldu. Amma baxın, baş vermiş biabırçı hadisə məlum, həmin hadisənin səbəbkarı və baş qəhrəmanı da məlum. Amma qınanan o yox, həmin hadisənin baş verməsi haqqında məlumat verənlər olur. Bu məntiq başa düşülən deyil. Ona görə də AMİP-i qınayanları bir daha düşünməyə və obyektiv mövqe sərgiləməyə çağırıram.

- Əli Əliyevin məhz indi AMİP-i və onun liderini hədəfə almasını nə ilə izah edərsiniz?

- Bu ilk dəfə deyil. Əli Əliyev hər seçki ərəfəsində Milli İstiqlalı hədəfə alan müsahibələr və bəyanatlar verir və bu da təsadüfi deyil. Hər dəfə də müvafiq olaraq AMİP funksyanerləri tərəfindən onun səsləndirdiyi iddialara cavablar verilir. Əgər kiçik bir jurnalist araşdırması aparsaz görə bilərsiz ki, bu 13 il müddətində AMİP bir dəfə də olsun Əli Əliyevlə bağlı hər hansı bir kampaniya aparmayıb, müsahibələr verməyib və onun fəaliyyətini təftiş etməyib. Hər dəfə AMİP rəhbərliyi tərəfindən Əli Əliyevin adı yalnız onun AMİP-lə bağlı fikirlərinə cavab olaraq çəkilib. Başqa sözlə müsahibənin əvvəlində də dediyim kimi zaman-zaman Əli Əliyevi qaşınma tutur və AMİP də onun qaşınmasına reaksiya verir.

- Rəşad bəy, dediniz ki, “Əli Əliyev hər seçki ərəfəsində Milli İstiqlalı hədəfə alan müsahibələr və bəyanatlar verir və bu da təsadüfi deyil”. Səbəb nədir?

- Səbəb Əli Əliyevin iddialarıdır. Həmin müsahibəni diqqətlə izləyənlər yəqin bir məqama da fikir verdilər ki, bu dəfə hədəfdə təkcə AMİP və onun lideri Etibar Məmmədov deyildi, həmçinin Müsavat başqanı olmuş İsa Qəmbər də var idi. Əli Əliyev deyir ki, İsa Qəmbər mənə qarşı təxribata yol vermişdi və onunla bağlı məsələni ayrıca bir verilişdə açıqlayacağam. Bu da Əli Əliyevin İsa Qəmbərlə bağlı şantajı idi. Daha sonra qeyd edir ki, “mənim və partiyamın fəaliyyəti də məlumdur Etibar Məmmədovun və AMİP-in də fəaliyyəti məlumdur”. Sual olunur axı sən kimsən? Sənin və partiyanın Azərbaycan dövləti qarşısında, bu millətin qarşısında nə kimi xidmətlərin olub? 13 illik partiya sədri fəaliyyətində sənə cızılmış hüdudlar çərçivəsində müsahibə verməkdən başqa nə iş görmüsən? Sən hansı haqla Azərbaycan Müstəqillik tarixində misilsiz xidmətləri olmuş bir partiyanı və onun liderini özünlə və rəhbərlik etdiyin qurumla müqayisə edirsən? Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri olan, Azərbaycanın Müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasında əvəzsiz xidmətlər göstərmiş, Azərbaycan Milli Ordusunun silahlanmasında aparıcı rol oynamış Etibar Məmmədovla özünü hansı haqla müqayisə edə bilərsən? Azərbaycan siyasi tarixini yazan istənilən şəxs istəsə də istəməsə də, AMİP-ə rəğbəti olsa da olmasa da partiya və onun lideri haqqında sadaladığım faktları qeyd etmək məcburiyyətində qalacaq. Bəs Əli Əliyev Azərbaycanın siyasi tarixində nə ilə yadda qalacaq? Yalnız bi şeylə - Azərbaycan siyasi tarixində ilk və hələki sonuncu dəfə bir partiya sədrinin partiya Qurultayının qərarı ilə sədrlikdən uzaqlaşdırılması və partiyadan qovulması ilə.

- Əli Əliyev də öz müsahibələrində AMİP-i hakimiyyətlə işbirliyində süçlayır.

- Yenə də qeyd edirəm necə olur ki, hakimiyyətə yaxınlıqda ittiham edilən AMİP 19 ildir ki, mənzil qərərgahsız fəaliyyət göstərir, Parlamentə buraxılmır, üzvlərinin böyük əksəriyyəti işsiz qalır, özünü az qala ana müxalifət elan edən Əli Əliyev isə Bakının ən bahalı yeri sayılan “Tarqovıy” adlanan ərazidə yaşayır, “S-Klass” markalı avtomobildə gəzir, Tibb Universitetində pedoqoji fəaliyyətinə maneçilik törədilmir, özü də qeyd etdiyi kimi 1000 dollarlıq saat taxır və s. Təkcə bu müqayisə kimin-kim olduğunu görmək üçün kifayət edir. Bu məqamda bir məsələni də oxucuların diqqətinə çatdırmaq istəyirəm. Əli Əliyev nə vaxtsa AMİP-də olmuş və sonradan partiya yaratmış və ya başqa partiyada fəaliyyətini davam etdirən ilk adam deyil. Bu sırada ADİP-in həmsədri olmuş Mübariz Qurbanlını, Azərbaycan Naminə Alyans Partiyasının sədri olan Abutalıb Səmədovu, BAP-ın sədri Elşad Musayevi, REAL partiyasının sədri İlqar Məmmədovu, ölkənin baş naziri Novruz Məmmədovu, baş nazirin keçmiş müavini Elçin Əfəndiyevi və daha onlarca tanınmış siyasət adamları və ictimai xadimləri göstərmək olar. Amma onlardan heç biri bu günə qədər nə AMİP nə də partiyanın lideri haqqında bir dəfə də olsun böhtan xarakterli bircə cümlə belə işlətməyiblər. Əksinə, misal üçün Elşad Musayev partiyada təmsil olunduğu dövrə qədər baş vermiş hadisələrlə bağlı nə zaman AMİP-ə hücumlar olursa, daim partiyanın həmin dövrdəki mövqeyini müdafiə edən bəyanatlarla çıxış edir.


Paylaş:


Müəllif : Tarix:
8-07-2019, 17:07
Sikayət   


loading...
Загрузка...