reklam
Regionxeberlericom.az » Sosial » Hökumət bu səbəbdən uşaqpulu verməlidir – Azərbaycanda uşaqların boy və çəki problemi

reklam

Hökumət bu səbəbdən uşaqpulu verməlidir – Azərbaycanda uşaqların boy və çəki problemi



Azərbaycan uzun illər Sovet Sosialist Respublikalar İttifaqının tərkibində qaldığı üçün 29 ildir müstəqil olmağımıza baxmayaraq, sosializm quruluşunun vətəndaşların sosail müdafiəsi, güzəranı və həyat tərzi baxımından təmin etdiyi üstünlükləri həmişə nostalji hisslərlə xatırlayrıq. Sosializm quruluşundan imtina edən əksər əski sovet respublikaları və Şərqi Avropadakı keçmiş sosialist dövlətləri kimi Azərbaycan da indi nostalgiyasını yaşadığımız o dövrün vətəndaşlara tanıdığı bir çox imtiyazlarından birdəfəlik imtina edib.

Əhalinin sosial müdafiəsi sahəsində mühüm əhəmiyyətə malik həmin imtiyazlardan imtina olunması səbəbləri vaxtilə izah olunmayıb. Məsələn, keçmiş sosialist respublikaların və sosial müdafiəni daha üstün tutan dövlətlərin bir çoxunda ən azından 3 yaşına qədər uşaqlara uşaqpulu verildiyi halda Azərbaycanda bunun niyə ləğv edildiyini izah edən yoxdur. 2015-ci ildəki böhrandan sonra vaxtaşırı gündəmə gətirildiyi halda onun niyə bərpa edilmədiyini də izah edən tapılmır.

İllərdir mütəxəssislər və deputatlar tərəfindən təklif edilsə də, həll olunmamış qalan məsələ

Son 2 il ərzində dəfələrlə bu məsələ ictimaiyyətin müzakirəsinə çıxarılmasına, cəmiyyətdə xeyli müzakirələrin getməsinə baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb. Hətta bu ilin əvvəlində sosial şəbəkələrdə və mətbuatda uşaqpulunun bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərhal yayılan məlumatları təkzib edib.

Sevindirici haldır ki, bu günlərdə uşaq pulunun bərpa edilməsi yenə də gündəmə gəlib. Belə ki, Azərbaycan parlamentinin 24 aprel tarixli iclasında koronavirus pandemiyasının yaratdığı çətinliklər nəticəsində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məsələsinin aktuallığı deputatların bəzilərinin uşaqların sosial müdafiəsi məsələsini yenə müzakirəyə çıxarmasına imkan yaradıb.

Onu da xatırladaq ki, uşaqpulunun tam ləğv edildiyi 2006-cı ildən bəri onun müxtəlif formalarda yenidən bərpa edilməsi ilə bağlı bu sahə üzrə mütəxəssislər və millət vəkilləri tərəfindən dəfələrlə təkliflər səsləndirilib. Bu təklifin qəti əleyhinə olanlar da tapılıb. Ona qarşı əngəl törədənlər, xüsusilə Milli Məclisin komitə sədri Hadı Rəcəbli kimilər çoxsaylı arqumentlər irəli sürürdülər. Onlardan biri gəlirləri kifayət qədər yüksək olan körpə uşaqlara malik bəzi ailələrin də bərpa olunan uşaqpulundan yararlanmasının sosial ədalət prinsipini pozacağı barədə idi.

Bu cılız arqument həm mütəxəssislər, həm də adi vətəndaşlar tərəfindən dəfələrlə tutarsızlaşdırılıb. Əvvəla, uşaq doğulursa, birinci valideynin yox, dövlətin qayğısı ilə əhatə olunmalıdır. İkincisi, uşağın nə vaxtsa varlı ailədə doğulması ömrü boyu təminata malik olmasına zəmanət vermir. Ona görə ki, kiminsə atasının və ya anasının vəzifə daşıması, şirkətdə yüksək maaşlı vəzifədə çalışması, nə vaxtsa imkanlı olması nisbi bir göstəricidir. İndi elə bir dövrdə yaşamaqdayıq ki, yəni bu gün imkanlı hesab olunan şəxs sabah sosial ehtiyac içində yaşaya, uşaqpuluna da möhtac ola bilər. Üçüncüsü, statsitik hesbalamalara görə, ölkə əhalisinin böyük əksəriyyəti elə də varlı deyil ki, bu sahəyə xeyli vəsait boşuna xərclənsin.

Gələcəyin anası və əsgərini sosial müdafiədən məhrum etmək olmaz

Azərbaycanda uşaq pulunun verilməməsi üçün indiyə qədər səsləndirilən arqumentlərdən biri ölkə əhalisinin sayında artımın müsbət olması, buna görə də uşaq pulu verib əhalinin sayının artımına maraq artırmağa ehtiyacın olmaması barədədir. Amma bu arqument də bəzi səbəblərdən əsassızdır. Ona görə ki, vətəndaş nikaha girirsə, ailə qurursa, burada artım qaçılmazdır, həmçinin bizdə Çində olduğu kimi, dövlətin vətəndaşının artımının qarşısını almaq, qadağan etmək tədbiri də yoxdur.
Üstəlik, ölkədə proqnozlaşdırılan demoqrafik proseslərə nəzər yetirəndə gələcəkdə cəmiyyətdə qadınların sayının azalması, orduda xidmət etmək üçün isə oğlanların sayının kifayət qədər olmaması təhülkəsi real görünür. Aparılan hesablamaları görə, Azərbaycanda əhalinin sayında ümumi artım olsa da, 2000-ci illə müqayisədə 14 yaşına qədər uşaqların sayında ciddi dərəcədə azalma müşahidə olunur. Belə ki, son 20 ildə Azərbaycanda əhalinin qocalma prosesi gedib, uşaqların sayında isə azalma müşahidə olunub.

Uşaqpulu verilməsini əsaslandıran mütəxəssislərin arqumentləri isə ondan ibarətdir ki, Azərbaycanda uşaqlar normal qidalanma, keyfiyyətli tibbi müayinə-müalicə baxımından əziyyət çəkir. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, ailələrdə uşaqların bu ehtiyaclarını qarşılamaq üçün kifayət qədər imkanlar mövcud olmur.

Elə bu kontekstdən çıxış edərək, ölkənin gələcəyi naminə, daha dəqiqi desək, gələcəyin əsgərini və onu dünyaya bəxş edən ananın məhz yeni doğulan uşaqların olacağı reallığını nəzərə alaraq, Azərbaycanda uşaqların sağlam böyüməsi və fiziki cəhətdən daha güclü olmasına diqqət yetirmək vacib məsələdir.

Bu baxımdan yanaşanda son zamanlar aparılmış tədqiqatların nəticələrini xatırlatmamaq olumur. Araşdırmalar göstərir ki, Azərbaycanda uşaqların həm çəkisində, həm də boyunda əvvəlki dövrlərə nisbətdə azalma var. AzToday.az xəbər verir ki, müxtəlif xəstlikdən əziyyət çəkən gənclərin sayının çox olmasını hərbi çağırış üçün qeydiyyatdan keçənlərlə əlaqəli aparılmış müşahidələr də təsdiq edir. Bunların hamısı həmin uşaqların ayrıca dövlətdən dəstəyi olmadığı üçün imkansız valideynlərin vaxtında onu müayinə etdirə bilməməsindən qaynaqlanır. Bu səbəblər də Azərbaycanda uşaqların normal qidalanması, eyni zamanda sağlamlığının təmin olunması, yaxşı təhsil alması üçün dövlətin qayğısından məhrum olunmasından irəli gəlir.

Korrupsiya yaradan layihə və proqramlardansa, uşaq pulu ödənilməsi daha ünvanlı hesab oluna bilər

Yuxarıda qeyd edildiyi kimi, uşaqpulu əleyhdarlarının müəyyən qrupu düşünür ki, Azərbaycanda ailələrə sosial müavinatlar verilir, ünvanlı dövlət sosial yardımı proqramları həyata keçirilir. Uşaqpulunun verilməsinə qarşı olan həmin şəxslərin irəi sürdüyü arqumetin biri isə odur ki, onun bərpası dövlət büdcəsi üçün əlavə yük ola bilər. Ona görə ki, ünvanlı dövlət sosial yardımı və sosial müavinət alan ailələr onsuz da sosial proqramın iştirakçısı olurlar. Çünki dövlət həm də həmin proqramlar vasitəsi ilə uşaqların sosial müdafiəsini təmin edir. Onların sözlərinə görə, əhaliyə verilən ünvanlı dövlət sosial yardımın tərkibində bir yaşadək uşaqlar üçün müavinət təyin olunub. Düzdür, hazırda “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ÜDS yardımı təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 55 manat müavinət verilir.

Amma rəsmi statistik məlumatlara görə, Azərbaycanda ünvanlı sosial yardım proqramlarının iştirakçılarının sayı ildən-ilə azalır. Hətta 2020-ci ilin aprelinə olan məlumata görə, ünvanlı sosial yardım proqramının iştirakçılarının sayı təxminən 80 min nəfər olub (pandemiyadan əvvəl 50 min nəfər idi) və bu, 80 min nəfər təbii ki, bütövlükdə götürəndə ünvanlı sosial yardım alan ailələrin sayıdır. Bu ailələrin hamısı uşaqlı və ya çoxuşaqlı ailələr deyil. Elə həmin rəqəm onu göstərir ki, bütövlükdə ünvanlı sosial yardımın əhatə dairəsi Azərbaycanda uşaqların ehtiyacını ödəyə bilməz. Çünki Azərbaycanda ünvanlı sosial yardım ən yaxşı halda çoxuşaqlı ailələrin 10 faizini əhatə edə bilər.

Ünvanlı dövlət sosial yardımı adı ilə vaxtilə korrupsiya mənbəyinə çevrilən bu rpoqram hazırda nisbətən təkmilləşdirilsə də, onun həqiqətin ehtiyacı olanlara çatması bir qədər şübhəlidir. Ona görə də yuxarıda adıçəkilən korrupsiya yaradan layihə və proqramlardansa, uşaq pulu ödənilməsi daha ünvanlı hesab oluna bilər.

Beynəlxaq təcrübə nə göstərir?

Beynəlxaq təcrübəyə nəzər salsaq, uşaqpulu verilməsinin fərqli modellərini görmək mümkündür. AzToday.az xəbər verir ki, bəzi ölkələr uşaq pullarını ailədəki uşaqların sayına görə müəyyənləşdirir, demoqrafik artım müşahidə olunan ölkələrdə uşaqların sayı artdıqca uşaq pullarının məbləği azalır. Demoqrafik artım olmayan ölkələrdə isə ailələrdə uşaqların sayı artdıqca uşaq pullarının məbləği artırılır. Məsələn, Almaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği azaldılır. Amma Rusiyada, Britaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği artırılır, əlavə müavinətlər verilir. Rusiyada digər bir yanaşma ondan ibarətdir ki, uşaqpulu ailələrin gəlirliyi ilə əlaqələndirilir.

Beləliklə, Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlar üçün həftəlik ödənişlər, uşağın təhsili aldığı təqdirdə 20 yaşa qədər təmin edilir. Böyük və ya tək uşaq üçün həftədə 20,7 funt, sonrakı uşaqlar üçün 13,7 funt ödənir. Almaniyada 18 yaşına çatmamış uşaqlar üçün müavinət verilir. Aylıq müavinət: birinci və ikinci uşaq üçün 192 avro, üçüncü üçün 198 avro, sonrakılar üçün 223 avrodur. Fransada dövlət bir uşaq doğulanda 927 avro, övladlığa götürüldükdə isə 1 855 avro ödəyir. Bundan əlavə, uşağın 3 yaşına çatana qədər ödənilən aylıq müavinət var. Yardımın məbləği valideynlərin gəlirlərindən asılıdır və 92–185 avro arasında dəyişir. İkinci və sonrakı uşaqlar doğulanda (övladlığa götürüldükdə) müavinət 21 yaşına çatana qədər ödənilir. İki uşaq üçün aylıq müavinət 130 avro, üç uşaq üçün 297 avro, dörd uşağa görə 464 avrodur.
Birləşmiş Ərəb Əmirliklərində dövlət yerli əhalinin artımına diqqət yetirir, buna görə bir uşaq dünyaya gəldikdə, ödəmə məbləği 50.000-dən 200.000 $ -dəkdir, ailənin evi yoxdursa, dövlət ev alınması üçün pul ödəyir. Dünyanın sosial müdafiənin ən yüksək səviyyədə tətbiq edildiyi ölkə olan Norveçdə uşaqlara verilən müavinətə gəlincə, uşaqlar doğulanda 5000 dollar ödəyirlər, aylıq müavinət isə 150 dollardır. Küveytdə dövlət körpənin doğulmasına bir növ müavinət təklif edir. Doğuşdan sonra valideynlər xüsusi şərtlərlə 240.000 dollar kredit götürə bilərlər. Ayda yalnız kreditin 20 dollarını geri ödəyə bilərlər.

Avstraliyada doğuş zamanı 3000 dollar ödənir və aylıq müavinətin məbləği 850 dollardır. Kanadada aylıq müavinət 6 yaşa qədər 388 dollar, 18 yaşına qədər isə 328 dollardır. Çində 2016-cı ildən bəri vətəndaşlar ailədə 2 övlad sahibi ola bilər, sonrakıların doğulması üçün bir cərimə təyin olunur. Cərimə valideynlərin yaşadığı bölgə sakinlərinin illik orta gəlirlərinin 8 qatı qədərdir. Hal-hazırda ölkədə uşaq müavinəti yoxdur, amma yaxın gələcəkdə ikinci uşağın dünyaya gəlməsində 2000 dollar yardım ödənilməsi planlaşdırılır. Bəzi ölkələrdə aztəminatlı ailələrə daha çox uşaqların qayğısını çəkmək üçün uşaq pulu adı ilə vəsait ödənilir.

Azərbaycanda uşaqpulu necə hesablanmalıdır?

Beynəlxalq təcrübədə qeyd edilənləri nəzərə alaraq ölkəmizə uyğun gələn uşaqpulu modelləri Azərbaycanda da tətbiq oluna bilər. Uşaqpulunun bərpasını təklif edənlər də uşaqpulunun 18 yaşına qədər verilməsini tələb etmirlər. İndiki halda ən vacib məsələ Azərbaycanda uşaqpulunun hər hansı formada bərpa olunması və uşaqlara dövlət qayğısının gücləndirilməsidiur.
Bizdə uşaqpulunun tətbqinin müxtəlif variantları irəli sürülür. Amma mütəxəssislər müxtəlif arqumentlərin qarşısında həm dövlətin, həm də əhalinin razı qalması üçün irəli sürülən təkliflərdə münasib variantın tapılması yolu ilə ünvanlı şəkildə 18 yaşına çatanadək hər bir uşağa, bu mümkün olmasa, ən azından ilkin mərhələdə 3 yaşına qədər olanların xərcinin daha artıq olması nəzər alınaraq bu yaş kateqoriyasına aid olanların sosial müdafiəsinin dövlət tərəfindən təmin olunmasını təklif edirlər.

Mütəxəssislərin fikrincə, uşaqlarının ehtiyaclarını valideynlər qarşılamaq imkanındadırlarsa, təbii ki, dövlət bu yükü öz üzərinə götürməli deyil. Amma əhalinin aztəminatlı və həssas təbəqələri, işsizlər və sağlamlıq imkanları məhdud olan valideynlərin ailəsində böyüyən uşaqların qayğısını dövlət çəkməli, gəlirlərin səviyyəsinə uyğun olaraq uşaqpulu hesablanmalıdır.

Bəziləri isə dövlət büdcəsi çox yüklənməməsi üçün Azərbaycanda tətbiq ediləcək modelə keçidin mərhələli aparılmasını təklif edirlər. Bütün variantlarda uşaqpulunun bərpası mümkün olsa, yardıma ehtiyacı olan insanların çoxunun problemini qismən də həll etmək mümkün olar.

Uşaqpulun bərpası əhalinin hakimiyyətə inamını artıracaq

Ən nəhayət, digər bir məqam ondan ibarətdir ki, 2018-ci ilin sonundan siyasi tələblərlə diqqət çəkə bilməyən müxalifətin radikal kəsimi əhalinin arasında da həmişə narazılıq yaradan məsələ olan uşaqpulunun bərpası kimi sosial tələbləri daha çox gündəmə gətirərərk özünə xal toplamaq istəyib. 2019-cu ilin yanvarın 19-da “Məhsul” stadionunda keçirilən mitinqdə iştirak edənlərin sayının çox olması da həmin mitinqin tələbləri arasında sosial müdafiənin gücləndirilməsi kimi bir sıra tələblərin olması idi. Təbii ki, o tələblərin arasında uşaqpulunun bərpası da var idi.

Məlum olduğu kimi, həmin mitinqdən sonra Azərbaycan hakimiyyəti, təbii ki, dövlət başçısının rəhbərlyi ilə sosial sahədə apardığı bir çox islahatlarla müxalifətin əlində mübarizə üçün mühüm vasitəyə çevirdiyi həmin tələblərin əksəriyyətini heçə endirdi. Ona görə də müxalifətin 2019-cu ilin 19 oktyabr mitinqində sosial tələblərin arasında uşaqpulunun bərpası ən populyar şüarlardan birinə çevrilmişdi.

Amma nə müşküldürsə, yuxarıda qeyd edildiyi kimi, dəfələrlə parlamentdə deputatların bu məsələni ciddi şəkildə qaldırmasına baxmayaraq, dövlətin əslində sonrakı mərhələdə qanunsuzluğa və korrupsiyaya yol açan proqram və layihələrə pul ayrılmasına baxmayaraq, uşaqpulu məsələsi öz həllini tapmır. Əvvəllər buna ən çox müqavimət göstərən keçmiş deputat Hadı Rəcəbli idi. İndi hakim partiyadan da elə ciddi müqavimət göstərən olmasa da, uşaqpulu məsələsi həll edilmir.

Bütün sadalananlardan belə bir qənaətə gəlmək olar ki, koronavirus pandemiyasından sonra yaranmış vəziyyət də usaqpulunun bərpa edilməsini şərtləndirir. Belə ki, dövlət başçısı da postpandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Üstəlik, müəyyən yaş həddinə kimi uşaqlara verilən sosial müavinətin bərpa olunması, əhalinin ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqəsini təşkil edən uşaqlara vəsait ayrılması əhali arasında dövlətə qarşı inamı daha da artıracaq. Beləliklə, hakimiyyətə qarşı müxalifətdə olanların istifadə etdiyi bu bəhanə də aradan qalxacaq.
AzToday.az


Paylaş:


Müəllif : Tarix:
28-04-2020, 11:11
Sikayət   


loading...
Загрузка...