reklam
Regionxeberlericom.az » Gündəm » İşgəncə davam edir: Səxavət Orucovun işi ilə bağlı şok faktlar - Vəkil dəhşətləri açıqlayır...

reklam

İşgəncə davam edir: Səxavət Orucovun işi ilə bağlı şok faktlar - Vəkil dəhşətləri açıqlayır...


Orucov Səxavət Oruc oğlu 21 dekabr 2016-cı ildə MCMBİ-nin əməkdaşları, Tərtər RPŞ-nin CAB-nin rəisi Anar Hüseynov və digər polis işçiləri tərəfindən tutulmuş və MCMBİ-də 6 gün qanunsuz olaraq saxlanılmışdır. Həmin müddətdə dəfələrlə bədəni elektrik cərəyanına qoşulmuş, “bita” ilə döyülmüş, başına qalın maska keçirdilərək ağır ayaqqabılarla əzilmişdi.

25 dekabr 2016-cı il tarixdə Tərtər rayonunun o vaxtkı prokuroru Azər Hətəmov və müstəntiq Rəşid Bayramov da oraya gəlmiş, Sənan Mirzəyevin ölüm işini də özləri ilə birlikdə gətirmişlər və ona təzyiqlər edərək hər iki cinayəti – həm Sənan Mirzəyevin, həm də Səxavət Musayevin ölümü ilə bağlı cinayətləri öz boynuna almağa məcbur etmişlər. Bütün cinayətləri boynuna alacağımı bildirdikdən sonra onu 27 dekabr 2016-cı il tarixdə Tərtər RPŞ-nə gətirmişlər. Tərtərə gəldikdən sonra da cinayətlərin heç birini törətmədiyini bildirdikdə, Tərtər RPŞ-nin rəisi Rauf Məcidov tərəfindən qardaşı arvadının şərəfi ləkələnəcəyi hədəsi ilə üzləşmiş, Tərtərdə olan zaman qardaşı Orucov Aqil Oruc oğlu və onun qaynatası Almuradov İman Məhəmməd oğlu da Rauf Məcidov tərəfindən PŞ-nə dəvət edilmişlər. Səxavət onlara demişdir ki, “mən adam öldürməmişəm, əgər sizə desələr ki, Səxavət özünü öldürüb, inanmayın.” Qardaşı Aqil və onun qaynatası İman mənim xəsarətlər içərisində, döyüldüyü vəziyyətdə görmüşlər.

Polislər onu döyərək öldürmək istəyirmişlər və sonda da guya ki, “iki ölüm törədib özünü öldürüb” fikrini insanlara inandırmağa çalışırmışlar. Səxavət Orucov işgəncələri dayandırmaqlarını və sənədlərə imza atacağını bildirdikdə də onu döyürmüşlər, onu öldürmək istədiklərini bildirirmişlər.

Qardaşıyla onun qaynatası gəlib-getdikdən sonra yenidən onu döymüşlər, bu dəfə qardaşı arvadını gətirəcəklərini bildirmişlər və o, sənədlərə imza atdıqdan sonra yenidən qardaşını onun yanına çağırmışlar və onu məcbur etmişlər ki, qardaşına desin ki, hər iki ölüm onluqdur.

Sonra ifadəsinin yerində yoxlanılması həyata keçirilmişdi, həmin vaxtda da onun yanında polis rəisi Rauf Məcidov, onun müavinləri İlqar Fərəcov, Əfqan Qurbanov, CAB-nin rəisi Anar Hüseynov olmuşdur və o, ifadələrin yerində yoxlanılması zamanı ona verilən tapşırıqları yerinə yetirmiş, bundan imtina etdikdə isə onların hədələri ilə qarşılaşmışdır. Təsadüfi deyildir ki, ifadələrin yerində yoxlanılması zamanı video görüntülərin bir yerində Səxavət Orucovun “indi nə deyim? Haranı göstərim?” sualını verdiyi eşidilir. Həmin video görüntülərdə Səxavət Orucovun üzündə xəsarətin izləri aydın görünür.

Onun heç kəsi öldürməməsini həm prokuror Azər Hətəmov, həm müstəntiqlər Rəşid Bayramov, Şahin Məmmədov, həm də polis rəisi Rauf Məcidov və onun müavinləri bilirdilər.

Onun polisin diktəsi altında ifadə verməyinə səbəb işgəncələr, qeyri-insani və ləyaqətini alçaldan rəftar olmuşdur. Təsadüfi deyildir ki, 11 yanvar 2017-ci il tarixli onun şahid qismində ifadəsi yerində yoxlanılarkən ona işgəncə vermiş Tərtər rayon Polis şöbəsinin rəisi Rauf Məcidov, rəis müavini İlqar Fərəcov, digər rəis müavini Əfqan Qurbanov, Tərtər RPŞ-nin CAB-nin rəisi Anar Hüseynov da iştirak etmişlər və onların “şahid” qismində onun ifadəsinin yerində yoxlanılması zamanı funksiyalarının nədən ibarət olması bəlli deyil. Onun ifadəsininn yerində yoxlanılması zamanı Tərtər rayon Polis Şöbəsinin bütün məsul rəhbər işçilərinin hadisə yerində olması səbəbi isə cavablandırılmamış qalır.

Eyni hal 29 dekabr 2016-cı il tarixdə ifadənin yerində yoxlanılması zamanı da baş vermişdir.

Səxavət Orucovun 27 dekabr 2016-cı il tarixdə deyil, 21 dekabr 2016-cı il tarixdə tutulduğunu istifadəsində olan telefon nömrəsinin anten dairəsindən də, həmin telefonun 21 dekabr 2016-cı il tarixdən işləməməsi, habelə məhkəmədə şahid qismində dindirilən Qurbanov Uğur Yelmar oğlu, hətta rəsmi sayt olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin 22 dekabr 2016-cı il tarixli “kriminal xronika” bölməsində gedən məlumatlar da təsdiq edir. Bax: https://mia.gov.az/?/az/pressreliz/view/51504/

Şahid Qurbanov Uğur Yelmar oğlu birinci instansiya məhkəməsi zamanı Səxavət Orucovu 23-24 dekabr 2016-cı il tarixdə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində gördüyünü bildirmişdir.

Prokuror Azər Hətəmovun, müstəntiq Rəşid Bayramovun və Firuz Nuriyevin, CAB-nin rəisi Anar Hüseynovun da Səxavət Orucov MCMBİ-də olarkən oraya gəldikləri onların telefonlarının anten dairəsi ilə müəyyən oluna bilər. Bu barədə birinci instansiya məhkəməsində qaldırdığımız vəsatət təmin edilmədi.

Bildirim ki, tutularkən Səxavət Orucov və yaxın qohumları tərəfindən vəkil tutulmamışdır. Vəkili müstəntiq Rəşid Bayramov tutmuşdur və həmin müdafiəçi S.Orucovun haqsızlığa məruz qalmağını, hadisələr barədə ifadənin polis rəisinin göstərişi ilə və təzyiq nəticəsində verməyini, ifadə verərkən Rauf Məcidovun göstərişlərinə tabe olmağını, hədələrin ifadələrin hadisə yerində yoxlanılması zamanı da davam etməsini görməsinə baxmayaraq, etiraz etməməsi S.Orucovun bütün ümidini öldürmüşdür. Hətta vəkil belə bunlara göz yumub etiraz etmirdisə, onun səsini heç kəsin eşidə biləcəyinə inanmırmış. Bunu yaşamaq, dərk etmək çox dəhşətlidir. Vəkil orderlərinin guya ki, müqavilə əsasında yazılması, etibarnamənin çap tarixinin dindirmədən sonra olması da dediklərimin təsdiqidir.

Belə ki, S.Orucova dövlət hesabına vəkil təyin olunsa da, vəkilin orderlərində müqavilənin nömrəsi qeyd edilmişdir. Orderlərdən biri S.Orucovun öz əleyhinə əli qandallı şahid qismində dindirilərkən alınmışdır və həmin orderdə yanvar 2017-ci il göstərilsə də, lakin ayın tarixi göstərilməmişdir. Bu order şahidin hüquqlarının müdafiəsi üçün verilmişdir və təbiidir ki, qanunvericiliyə görə, etibarnamə də olmalıdır. Lakin etibarnamənin çap tarixi dindirmə bitdikdən sonranı göstərir. Belə ki, dindirmə 14.05-də bitmiş, etibarnamə isə 14.26-da hələ çap edilmişdir.

Bütün bunlarla bağlı müxtəlif qurumlara, o cümlədən Azərbaycan Respublikasının Prezidentinə etdiyim şikayət əsasında Tərtər rayon prokurorluğunan müstəntiq Şahin Məmmədov araşdırma apardı.

19 iyul 2017-ci il tarixli 476 saylı məhkəmə tibbi ekspertizasının rəyi ilə S.Orucovun sağ mil bilək oynağımın tış səthində yaranın sağalmasından sonra əmələ gəlmiş çapıq toxuması olduğu, bu xəsarətin məhdud təsir səthinə malik küt alətin təsirindən əmələ gəlməsi və əmələ gəlmə müddətinin müayinədən 1,5 ildən çox olduğu, müxtəlif şəraitdə törənə bildiyi göstərilmişdir.

2 saylı İstintaq Təcridxanasından 02 avqust 2018-ci il tarixdə arayış alan müstəntiq 29 dekabr 2016-cı il tarixdə təcridxanaya daxil olarkən S.Orucovun bədənində xəsarətin olmadığını qeyd etmişdir.

Həmçinin, müstəntiq ona işgəncə verən şəxsləri dindirmiş, onlar da belə bir cinayəti törətmədiklərini bildirmişlər və məhz onların bu ifadələrinin həqiqiliyinə inanaraq müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir.

Halbuki, müstəntiq araşdırmamışdır ki, necə ola bilər, Orucov 26 dekabr 2016-cı il tarix saat 23-30-da Bakı şəhərində tutulmuş və 27 dekabr 2016-cı il tarix, saat 16.30-da Tərtər RPŞ-nə gətirilmiş və 17.10-da Tərtər RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məgər Bakı şəhərindən Tərtərə məsafə 17 saata qət edilir?!

S.Orucov tutulduqdan sonra məhkəmənin qarşısına çıxarılmalı olduğu halda da, məhkəməyə çıxarılmamışdır. S.Orucov barədə həbs qətimkan tədbiri Tərtər RPŞ-nin rəisi Rauf Məcidovun məktubu, müstəntiq Şahin Məmmədovun vəsatəti və Tərtər rayon Prokuroru Azər Hətəmovun təqdimatı əsasında 14 dekabr 2016-cı il tarixdə onun və müdafiəçisinin iştirakı olmadan seçilmişdir. Həmin vəsatət və təqdimata görə, S.Orucovun guya ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda, MDB dövlətlərində olmağı, onun barədə axtarış aparılması üçün həbs qətimkan tədbirinin seçilməsi zərurəti olduğu bildirilmişdir. Halbuki, Dövlət Sərhəd Xidmətindən məlumat almaqla, həqiqətən də S.Orucovun Azərbaycan Respublikasından kənarda olub-olmamağını müəyyən etmək mümkün idi və bu zaman qaldırılan vəsatət və, təqdimat da yalan məlumatları özündə əks etdirməzdi. Lakin qeyd edilən məmurların S.Orucovun ölkədə olmağı barədə dəqiq məlumatları olduğu halda belə bir vəsatət və təqdimatla müraciət etməsinin əsas səbəbi onun məhkəməyə çıxarılmağının qarşısını almaq olmuşdur. Çünki artıq polis S.Orucova işgəncə verəcəyini və onun bu işgəncələrə 48 saatdan artıq dözə biləcəyini çox dəqiq bilirdi.

Bu faktın mövcudluğu isə təsdiq edir ki, həqiqətən S.Orucov iki ağır cinayəti etiraf etmək üçün təzyiqlərə məruz qalmışdır. Şaiq Həsənov ilə onun üzləşdirilməyi ilə bağlı protokolda olan qeydlərdən və onun hadisə yerini göstərməyini özündə əks etdirən video disklərdən də görünür ki, həqiqətən də S.Orucovun sifət nahiyəsində xəsarətlər olmuşdur. Ondan “etirafedici” ifadə almaq məqsədilə qanunsuz olaraq 6 gün saxlanılmış və bu günlərdə işgəncəyə məruz qalmış, dayanmadan bədəni elektrik cərəyanına qoşulmuş, döyülmədiyi və elektrik cərəyanına qoşulmadığı vaxtda daimi olaraq qolları arxadan qandallı vəziyyətdə saxlanılmış, belə bir vəziyyətdə özünün ən kiçik tələbatını da ödəyə bilməmişdir. Fiziki və mənəvi iztirablara məruz qalmış, ailə üzvləri ilə şantaj edilmişdir.

Əgər istintaq təcridxanasına daxil olarkən S.Orucovda xəsarət olmamışdırsa, belə olduqda video görüntülərdəki xəsarət nə idi?! Həmçinin, üzləşdirildiyi Şaiq Həsənovun müdafiəçisi onun üzündə olan xəsarətləri necə görə bilmişdi?!



(Ardı var)

Səadət Seyidli,

Vəkil

26.08.2020

**

Əgər istintaq təcridxanasına daxil olarkən S.Orucovda xəsarət olmamışdırsa, belə olduqda video görüntülərdəki xəsarət nə idi?! Həmçinin, üzləşdirildiyi Şaiq Həsənovun müdafiəçisi onun üzündə olan xəsarətləri necə görə bilmişdi?!

Birinci instansiya məhkəməsi həmin ifadələrin “fizki təsir” nəticəsində alındığını tanımış və S.Orucova bəraət vermişdir.

Müstəntiq Məmmədov Şahin istintaq qrupunun üzvü olmuş, bir çox istintaq hərəkətlərində iştirak etmişdir. S.Orucovun həbsdə qalma müddətinin uzadılması zamanı məhkəmədə prokurorun təqdimatını müdafiə etmiş, Şaiq Həsənovla onun üzləşdirilməsində iştirak etmiş və digər iş üçün əhəmiyyətli prosessual hərəkətlərin edilməsində iştirak etmişdir. Bu isə onu göstərir ki, həmin şəxs verilən ittihamda maraqlı olmuş, odur ki, bütün faktları təhrif olunmuş formada göstərmiş, hətta işgəncənin, qeyri-insani rəftarın subyektlərinin özlərinin izahatı mötəbər hesab edilmiş və bu ifadələrə əsasən, işgəncə faktının olmaması qənaətinə gəlinmişdir. Halbuki, qeyd edilən qərar çıxarılan zaman birinci instansiya məhkəməsi artıq S.Orucovun “fiziki təsir” nəticəsində belə bir ifadə verdiyini təsdiqləmişdir və bəraət hökmü çıxarmışdır. Yəni hələ apellyasiya məhkəməsinin mövqeyi bəlli deyildi. Belə bir vəziyyət isə təsqid edir ki, nəinki, polis və prokurorluq orqanları, eyni zamanda istintaq təcridxanası və apellyasiya və ali məhkəmə də birlikdə başqa şəxslər tərəfindən törədilmiş cinayəti ört-basdır etdirmək üçün S.Orucovun işgəncələrə məruz qalmağı faktını gizlətməkdə maraqlıdırlar.

Hazırda Tərtər rayon prokurorluğunun icraatında olan 54c-18 saylı material üzrə 08 avqust 2018-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi haqqında Qərarından Tərtər rayon Məhkəməsinə şikayət verilmişdir. Lakin məhkəmə prosesi ilə bağlı heç bir məlumat verilməmişdir.

Həmçinin, onu da bildirim ki, S.Orucov 2014-cü ildə Sənan Mirzəyevin işi ilə bağlı şahid qismində dindirilmiş, onun telefon anten dairələri götürülmüş, evində axtarış aparılmışdır. Həmin vaxt 11 gün inzibati həbs edilmiş, müxtəlif işgəncələrə məruz qalmış, lakin cinayətlə heç bir əlaqəsinin olmadığı müəyyən edilərək buraxılmışdır, bir gün sonra yenidən ölümlə bağlı polis idarəsinə çağırılmış və polis rəisi Rauf Məcidov tərəfindən cibinə narkotik vasitə olan heroin qoyularaq tutulmuşdur.

21 dekabr 2016-cı il tarixdə başlamış işgəncələr bu gün də davam edir.

Belə ki, 24.08.2020-ci il tarixdə mən 2 saylı İstintaq Təcridxanasına müdafiəçisi olduğum Orucov Səxavət Oruc oğlu ilə görüşmək üçün getdikdə məni 1 saatdan artıq istintaq təcridxanasına buraxmayaraq, guya ki, növbənin dəyişdiyini və daha sonra gəlməli olduğumu bildirdilər. Bildirim ki, həmin müddətdə istintaq təcridxanasına müxtəlif şəxslər girib-çıxırdılar.

Orucov Səxavət Oruc oğlu digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğlu ilə birgə Azərbaycan Respublikası CM-nin 120.2.1. və digər maddələri ilə təqsirləndirilsə də, lakin onlar Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarı ilə bəraət almışlar. Və bu zaman bəraətin əsasları hər hansısa bir sübut yetərsizliyi olmamışdır, əksinə təqsirləndirilən şəxslərin hər ikisinin qeyd edilən cinayətlə əlaqələrinin olmaması, cinayət törədilən zaman həmin yerdən həddən artıq uzaq məsafədə olmaları telefon anten dairələri, şahid ifadələri və sair ilə tam təsdiqini tapmışdır.

Lakin sonradan Gəncə Apelyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədov S.Orucovun əvvəllər məhkum olunmasına əsaslanaraq, bu cinayəti “edə bilər” versiyası ilə ittiham hökmü çıxardı və S.Orucova 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdi. Həmin hökmlə Şaiq Həsənov 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıldı.

Sonradan həm ittiham, həm də müdafiə tərəfindən verilən şikayətlər Ali Məhkəmədə baxıldı və Ali Məhkəmə 24 dekabr 2019-cu il tarixdə qərarı bir formada elan etsə də, yazılı halda tamam başqa bir formada qərar bizə təqdim edildi. İş baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərildi.

Bütün bunlar isə S.Orucova yönələn növbəti qərəzli hərəkətlər idi. Təsadüfi deyildir ki, Gəncə Apelyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclasında Tapdıq Mahmudov S.Orucova daha ağır cəza verilməli olması bildirmiş və ona qarşı qərəzli mövqedə çıxış etmişdir. Həmçinin, tamam başqa bir işlə əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinə tövsiyə xarakterli məktub göndərərkən belə, həmin məktubda məktubun göndərilməsinə əsas olmuş faktlar deyil, daha çox S.Orucovun işindən bəhs edilmişdir.

Onu da bildirirəm ki, Gəncə Apelyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə 20 avqust 2020-ci il tarixdə keçirilən məhkəmə prosesində sədrlik edənin təqsirləndirilən şəxslər Orucov Səxavət Oruc oğlunun və Həsənov Şaiq Tahir oğlunun etirazına məhəl qoymaması, məhkəmə prosesini nəyin bahasına olursa-olsun tez bitirməyə çalışması, vəsatətləri müzakirə etməkdən qaçması, təqsirləndirilən şəxslərə kinayəli, iyrənircəsinə baxışların nümayiş etdirilməsi və sair hallar nəticəsində təqsirləndirilən şəxslərdə onları bu ölkədə dinləmək istəyən şəxslərin olmaması fikrini yaratmışdır.

Məni 2 saylı istintaq Təcridxanasına buraxmaq istəmədikdə ombudsmanın, məhkəmə hüquq şurasının qaynar xəttinə zəng etdim və bunları bildirdim, hətta bəlkə də məhkəmənin göstərişinə əsasən istintaq təcridxanasına buraxılmadığımdan şübhələndiyimi göstərdim. Sonradan istintaq təcridxanasına məni buraxdılar və bildirdilər ki, təqsirləndirilən şəxslər Səxavət Orucov və Şaiq Həsənov hansısa məmurları onları dinləmək üçün tələb etmişlər və sonradan özlərinə xəsarət yetirmişlər. Məni həm rəis müavini, daha sonra isə rəis kabinetinə dəvət edərək, məni dilə tutmağa çalışırdılar ki, məhkəmədən sonra görüşüm, lakin mən hər dəfə də bildirdim ki, məhkəməyə qədər mən müdafiəni qurmalıyam, mənim məhkəmədən sonra görüşməyimin mənası yoxdur. Mən indi görüşməliyəm. Lakin təqsirləndirilən şəxsi mənimlə görüşməyə gətirmədilər və mən təcridxanada olarkən Həsənov Şaiqi gördüm, onun üzü xəsarətlər içərisində idi. Mənə Şaiq Həsənovun üzünü stola vurduğu bildirildi. Bildirim ki, onun mənə yaxınlaşmasına imkan vermirdilər. Mən onu yalnız uzaqdan görürdüm. Saat 12.45 radələrində isə Orucov Səxavəti uzaqdan gördüm və onun boğazı sarılmış vəziyyətdə idi.

Beləliklə də, məni saat 09.00-dan 13.00-dək istintaq təcridxanasında saxlayaraq təqsirləndirilən şəxslə görüşməyimə imkan vermədilər.

Lakin təxminən saat 17 radələrində Şaiq Həsənovun anası Alimə Həsənova oğlu ilə görüşməyə nail olmuşdur və oğlu ona bildirmişdir ki, əslində onlar özlərinə xəsarət yetirmək məqsədi daşımamışlar, belə bir niyyətləri olmamışdır, onlar məhkəməyə çıxmağa etiraz etdikdə onları istintaq təcridxanasının işçiləri döymüşlər və işgəncədən yaxa qurtarmağa çalışan Səxavət Orucov xəsarət almışdır.

Bununla bağlı, müxtəlif orqanlara təcili olaraq şikayət etdim və nəhayət, 25 avqust 2020-ci il tarixdə müdafiəçisi olduğum Orucov Səxavət Oruc oğlu ilə görüşə bildim.

Orucov Səxavət mənə bildirdi ki, o, onu Respublikada dinləyən şəxsin olmaması səbəbindən 23 avqust 2020-ci il tarixdən aclıq elan etmiş və bu barədə təcridxananın rəhbərinə məlumat vermişdir. Həmçinin, onun gunahsız yerə cəzalandırılması, ona Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində və Tərtər rayon Polis İdarəsində işgəncə verilməsində iştirak etmiş şəxslər, bu günki gününün səbəbi olan insanların adlarını bir kağıza yazmış, onları sarafan torbaya bükmüş, skoçlamış və udmuşdur. Hazırda həmin siyahı onun qarnındadır. Bu barədə də məlumat vermişlər. Bundan sonra, o və Şaiq Həsənov cinsiyyət orqanını stola mismarlamışlar, lakin bu zaman hər hansısa bir etik qaydadan kənara çıxmamışlar, çünki mismarın təpəsi şalvarın içərisində qalmışdır. Onlar əllərinə ülgüc alaraq onu əllərinə skoçlamışlar ki, düşməsin. Kameradakı bütün dustaqlar təcridxananın işçiləri tərəfindən çıxarılmış və təcridxananın işçiləri ilə dolmuşdur. Rəis müavini Samit adlı şəxs Səxavətlə qarşı-qarşıya oturmuş, həmin zaman Səxavətin hər iki əlində ülgüclə boğazına dirəyərək onlarla görüşməsi üçün Ombudsman, Prezident Adminstrasiyası, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Məhkəmə Hüquq Şurasından hər hansısa bir məmurun çağırılmasını tələb etmişlər. Samit onlara bildirmişdir ki, heç kəsi çağırmayacaqlar, elə otura-otura da ölərsiz. Sonra qəflətən Səxavətin üstünə hücum etmiş və onun sağ əlindən tutaraq boğazına sıxmışdır. Həmin zaman Səxavətin sol əli açıq olmuş, onun özünə və ya Samitə xəsarət yetirmək imkanı olsa da, lakin belə bir niyyəti olmadığından bu etməmişdir. Sağ əlindəki ülgüc Samitin əlini onun boğazına sıxması səbəbindən boğazını dərin kəsmiş, Səxavət əlini boğazından uzaqlaşdırmaq istəmiş, lakin Samitin daha da qüvvətlə sıxması səbəbindən yara dərinləşmişdir. Səxavət əlini boğazından zorla uzaqlaşdırmağa çalışsa da, Samitin təzyiqi ilə əlinə bitişik olan ülgüc üzünü də kəsmişdir. Bundan sonra, Səxavəti stoldan qopartmışlar və onu təcridxananın digər işçiləri boğazından qanın fəvvarə kimi axmasına məhəl qoymadan təpik və yumruqla bədəninin müxtəlif nahiyyələrinə vuraraq döymüşlər. Həmin zaman Samit Şaiq Həsənovun üzünə təpik və yumruqla dəfələrlə dayanmadan vurmuş, onu stoldan çəkib qopardanda, cinsiyyət orqanına cırıq formasında xəsarət yetirmişlər.

Səxavət Orucovu döyən şəxslərin içərisində rejim rəisi Şahin Əhmədov, rejimin böyük inspektoru Rəfizadə Rövşən də digərləri olmuşdur. Hətta mən istintaq təcridxanasında olarkən Rəfizadə Rövşən fəxrlə bildirdi ki, o, adam döyəndir. O, Səxavəti döymüşdür və bununla da fəxr edir. Bu sözləri iyrənc bir gülüşlə də müşayiət olundu.

Hazırda Səxavət Orucov və Şaiq Həsənov əllləri daima qandalda insan ləyaqətini alçaldan şəraitdə saxlanılır. Belə ki, mənimlə görüşə gətirilərkən Səxavət Orucovun əlləri arxadan qandallı vəziyyətdə idi. Açılmasını tələb etsəm də, buna məhəl qoyulmadı.

Səxavət Orucov bildirdi ki, onun hər iki əlinə ayrı-ayrı qandallar vurulur və əlləri açılmış şəkildə kənar obyektlərə qandallanır. Yəni əlləri çarmıxa çəkilmiş vəziyyətdə saxlanılır. Onların aclıq aksiyası davam edir.

25 avqust 2020-ci il tarixdə günün ikinci yarısında Səxavət Orucov cərimə təcridxanasına keçirilsə də, lakin bu barədə qərarın mövcud olmadığını bildim. Mən qərarı yazılı formada tələb etdikdə mənə bildirdilər ki, “qərar hələ bağlanılmayıbdır”. Bunun mənasını soruşduqda bildirdilər ki, yəni “qərar bunlar cərimə təcridxanasından çıxarılandan sonra bağlanılır”. Yəni o zaman mənə verə bilərlər. (işgəncənin insan hüquqlarını pozan hərəkət olduğunu anlamayan bu “hüquqşünaslar”dan bundan artıq cavab gözləmək mümkün deyildi).

Bildirim ki, Səxavət Orucov 21 dekabr 2016-cı il tarixdə qanunsuz olaraq tutularaq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində 6 gün qanunsuz saxlanılaraq, işgəncələrə məruz qalmış, onun tutulması 27 dekabr 2016-cı il tarixdə rəsmiləşdirilmişdir, bu barədə DİN-nin Mətbuat Xidmətinin Kriminal Xronika Bölməsində məlumat 22 dekabr 2016-cı il tarixdə getsə də, məhkəmə buna əhəmiyyət verməmişdir və bu gün də bu işgəncə başqa yerdə və başqa formada davam etdirilir. Səxavət Orucov fiziki işgəncələrlə yanaşı, eyni zamanda mənəvi işgəncələrə də məruz qalmışdır. Hal-hazırda da dövlətin hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin göstərişi ilə bu işgəncələr davam etdirilir. Bütün bunlar onların – həm Səxavət Orucovun, həm də Şaiq Həsənovun təqsirləndirildikləri cinayət işi ilə bağlı əsl cinayətkarları gizlətmək məqsədilə törədilir.

25 avqust 2020-ci il tarixdə olarkən əli qandallı Səxavət Orucovun mənədedikləri sözlərini olduğu kimi yazıram:

“Mən həqiqətən də 24 avqust 2020-ci ildə öz dövlətimdə əsir kimi olduğumu hiss etdim. Bilməzdim ki, öz millətimizin balaları öz millətinə əzab və işgəncə verməkdən qürur duyurlar. Bir anda fikirləşdim: bu millət öz millətinə qarşı bu cür düşmən kəsilibdir. Mən neyləməliyəm?! Hələ ki cavab tapa bilmirəm.

Səadət Seyidli

26.08.2020 //hurriyyet.org//


Paylaş:


Müəllif : Tarix:
27-08-2020, 13:24
Sikayət   


loading...
Загрузка...