reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda qəbul müəmması: - Çətin imtahan, yoxsa “işsiz ordusu”?

reklam

Azərbaycanda qəbul müəmması: - Çətin imtahan, yoxsa “işsiz ordusu”?


"Azərbaycanda ali təhsilli insanların sayı bir o qədər də çox deyil. 2022-ci əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir. 10 il öncə bu göstərici 125 nəfərə bərabər idi. Yəni son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12 % artıb".

Bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, ali təhsillilərlə yanaşı, hazırda ali təhsil müəssisələrində təhsil alanların sayına görə də Azərbaycan nəinki inkişaf etmiş ölkələrdən, MDB ölkələrindən də geri qalır:

"Rəsmi rəqəmlərə görə, Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur. 2022-ci əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərə bərabərdir. Ölkədə ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16.6 % təşkil edir”.

"Ali təhsil göstəriciləri bağlı fərqlər cinslər üzrə də müşahidə edilir. Əgər iqtisadi fəal qadınların cəmi 14 %-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19 %-ə bərabərdir", - Kamran Əsədov əlavə edib.

Qeyd edək ki, ölkədə əhalinin ali təhsil səviyyəsinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq, hələ də ciddi nəticə əldə olunmayıb və bu, statistik məlumatlarda da özünü göstərir.

Bu sahədə mövcud problemin əsas səbəbi kimi isə əsasən ali məktəblərə qəbulun asan olmaması, eləcə də ölkədə “diplomlu işsiz ordusu”nun olması göstərilir. Bu da bir faktdır ki, hər il 10 minlərlə ali məktəbə qəbul olmaq istəyən abituriyentlər sənəd təqdim edir.

Bəs bu gün Azərbaycanın ali təhsil səviyyəsinə görə, bir çox dünya ölkələrindən geri qalmasının səbəbini necə izah etmək olar, problemdən çıxış yolu nədir?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, abituriyentlərin ali məktəblərə qəbul mexanizmi əlçatan deyil və ancaq tələbə yerlərinin sayının az olması qəbulla bağlı deyil:

“Tələbə yerlərinin sayı, hansı ixtisaslar və hər bir ixtisas üzrə neçə tələbə yerinin olması ilə bağlı Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinə təqdimatla müraciət edir və bu qurum da onu təsdiq edir.

Bizdə uzun müddətdir ki, bu problem vardı və həqiqətən də ölkəmiz MDB məkanında ən son yerlərdən birini tuturdu. Ancaq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiqi zamanı təhsillə bağlı məsələlər də nəzərə alınıb.

Belə ki, 2026-cı ilədək illik qəbul sayının 75 minə çatdırılması barədə qərar qəbul edilib. Artıq 2023-2024-cü tədris ilində tələbə qəbulunda təqribən 25 faiz artım müəyyən olunub. Hər il əgər qəbul prosesində 45 min tələbə qəbul olunurdusa, artıq 2023-2024-cü tədris ili üçün bu 56 minə çatdırıldı.

Növbəti il üçün bunun 66 minə, daha sonra isə 75 minə çatdırılması üçün addımlar atılır. Bizdə Qarabağ Universitetinin, həmçinin Bakı-Türkiyə, Bakı-İtaliya universitetlərinin yaradılması, eləcə də ali təhsil ocaqlarında qəbul sayının artırılması bu problemin aradan qaldırılmasına kömək edəcək.

Arzu olunandır ki, tələbə yerlərinin sayının artması ilə yanaşı ali təhsildə kadr hazırlığının keyfiyyətinə xüsusi diqqət yetirilsin. Burada əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığı əsas məsələdir. Burada kəmiyyətlə yanaşı keyfyyətə də xüsusi diqqət yetirmək lazımdır. Yaxın 3 il ərzində biz bu problemi aradan qaldırmış olacağıq. Artıq bu proses başlayıb”.

Xarici ölkələrdə ali məktəbə qəbulun daha asan, təhsil prosesinin isə çətin olmasına gəldikdə isə, ekspertin sözlərinə görə, bu haqlı problemdir:

“Qəbulun əlçatan olması lazımdır. Ancaq bu məsələni həll etmir. Hətta ali təhsil müəssisələrində hansı ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcəyi və hər bir ixtisas üzrə tələbə yeri öncədən müəyyən olunmuşdu. Ona görə də tələbə yerlərinin sayını artırmaq, yeni universitetlər açmaq lazımdır.

Məsələn, illərdir ki, Şəki Dövlət Universitetinin açılmasını gözləyirik. Bu gün Lənkəran, Mingəçevir, Naxçıvan, Gəncə dövlət universitetləri var. Şamaxıda dövlət unversitetinin açılması yaxşı olardı”.

Ekspert deyir ki, əmək bazarının öyrənilməsi ilə bağlı ölkə başçısının 2021-ci ildə müvafiq sərəncamı var və burada əmək bazarının öyrənilməsi ilə bağlı 2 elmi tədqiqat institutunun yaradılmalı olduğu göstərilir. Təəssüf ki, hələ də yaradılmayıb.

Təbii ki, istənilən ölkədə olduğu kimi kadr hazırlığı əmək bazarının tələblərinə uyğun olaraq hazırlanmalıdır. Əgər kadr hazırlığını biz həyata keçiririksə və əmək bazarının tələblərinə uyğun olduğunu deyiriksə, ilk növbədə əmək bazarının tələbləri öyrənilməlidir. Bu proseslə bağlı həm dövlət, həm də qeyri-dövlət strukturlarına dəstək verilməlidir.

Hazırda əmək bazarını öyrənilməsi ilə bağlı çox ciddi poblemlər var. Bu problemlərin əsas səbəbi iş yerlərinin, şirkətlərin böyük hissəsinin məmurların olmasıdır ki, onlar da çox zaman vergidən yayınma və s. səbəbdən iş yerlərinin dəqiq sayını göstərmirlər.

Bunun üçün də amnistiya keçirmək və əmək bazarını şəffaf mühitə gətirmək lazımdır. Bunların hamısı bir-biri ilə bağlı olan məsələlərdir. İnanaq ki, bu məsələlər yaxın vaxtlarda kompleks şəkildə həllini tapacaq”.

Ekspertin sözlərinə görə, diplom yalnız iş tapmaq üçün deyil:

“Təhsil insanı sosiallaşdırır, inkişaf etdirir. Diplomu ancaq iş tapmaq adı ilə düşünürüksə, bu da doğru yanaşma deyil. İstənilən halda təhsil insanların inkişaf etməsində, onların müasir dünyanın çağırışlarına cavab verməsi üçün bir mərhələdir.

O mərhələdə təhsilli insanların sayının çox olması, cəmiyyətin daha da təkmilləşməsinə gətirib çıxaracaq. Sonra da əmək bazarında hər kəsin öz ixtisası üzrə iş tapmaq bacarığı olacaq.

Bunun üçün ali təhsil müəssisələrinin sayının artırılması ilə yanaşı təhsilin keyfiyyətini artırmaq, əmək bazarını şəffaflaşdırmaq lazımdır”.




Paylaş:


Müəllif : Tarix:
11-01-2024, 09:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər