reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda sayğac oğurluqları, məsuliyyət altında “əzilən” abonentlər... -VİDEO

reklam

Bakıda sayğac oğurluqları, məsuliyyət altında “əzilən” abonentlər... -VİDEO


Son zamanlar Bakı şəhərində, xüsusən də paytaxtın kənd və qəsəbələrində qaz, işıq və su sayğaclarının oğurlanması halları çoxalıb. Vətəndaş gecə yatır, səhər yuxudan qalxanda xoş olmayan mənzərə ilə qarşılaşır. Polisə zəng vurur, oğrunu tapmağa çalışır, amma proses heç də rəvan getmir. Polis orqanlarına tədqiqat üçün ən azı 10 gün vaxt lazımdır. Bu müddət bitdikdən sonra sayğacın həqiqətən də oğurlanması barədə vətəndaşa arayış təqdim olunur. Polis sayğacın oğurlanması ilə bağlı vətəndaş müraciəti ilə bağlı da dərhal arayış verə bilir. Burda heç bir problem yoxdur.

Daha sonra vətəndaş "Asan Kommunal” mərkəzlərinə müraciət etməli, 3 gün ərzində yeni sayğacla təmin olunmalıdır. Amma təmin olunurmu? Bax, burda problemlər var. Beləliklə, proses ən azı 3 ay çəkir. Olan yenə də oğurlanan sayğacların sahibinə olur. Belə ki, günlərlə qazsız, işıqsız, susuz qalır.Sayğacları kimlər oğurlayır?

Əlbəttə, iddialar, versiyalar çoxdur. Araşdırmalarımız zamanı bir neçə iddia ilə qarşılaşdıq. Daha doğrusu müxtəlif vaxtlarda bu problemlərlə bağlı mediada səsləndirilən iddiaları, ekspertlərin yanaşmalarını, zərər görən vətəndaşların münasibətlərini ümumiləşdirdik:

1. Sayğaclar "Azəriqaz”la əməkdaşlıq edən podratçı şirkətlərin əməkdaşları və yaxud da qaz təsərrüfatının sahə üzrə nəzarətçiləri tərəfindən oğurlanır. Hansı ki, həmin sayğaclar oğurlandıqdan sonra müəyyən hissələri dəyişdirilərək təkrar satışa çıxarılır.

2. Adi oğrular tərəfindən sökülüb aparılır, içərisindəki hansısa metala və ya hissəyə görə dəyəri çox aşağı qiymətə satılır.

Yuxarıda səsləndirdiyimiz hər iki iddia zaman-zaman öz təsdiqini tapıb. Məsələn, podratçı şirkətlərin keçmiş əməkdaşlarının bu tip oğurluqları ilə bağlı faktlar az deyil.

Məsələn, 2018-ci ilin noyabr ayında həyət evlərinə girib, 20-yə yaxın qaz sayğacını oğurlayan şəxs vaxtilə elə podratçı şirkətlərdən birində işləyib. Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Binə qəsəbə sakini Mütəllim Əliyev elə həmin qəsəbədə həyət evlərindən təxminən 20-yə yaxın qaz sayğacını oğurlayıb. Bu adam həm həyət evlərindən qaz sayğaclarını oğurlayıb, həm də sakinlərlə danışaraq onların sayğacına müdaxilə edib. Oğurladığı sayğacların gövdə hissəsini müdaxilə olunan sayğacların gövdə hissəsi ilə əvəz edib, sərfiyyatın miqdarını azaldıb. Saxlanılan şəxs bunun müqabilində vətəndaşlardan pul alıb.

Ancaq çox keçməmiş polis onun bu əməlinin üstünü açıb.İkincilər - yəni adi oğrular qaz sayğaclarına qoşulan qaz tənzimləyicilərini - reduktorların oğurlanmasında maraqlı olurlar. Məsələn, bir neçə il əvvəl Abşeron rayonunun Saray qəsəbəsində bir küçədə 20-dən çox qaz tənzimləyici oğurlanmışdı. Bazar qiyməti 60 manat olan bu reduktorların satılması daha asandır. Lakin qaz sayğaclarının oğurlanması ortaya maraqlı bir sual çıxarır: smart kartla işləyən, yalnız sahibinin işlədə biləcəyi bu sayğaclar kimə lazımdır?

Bu kimi oğurluqlarda başqa bir məqam da var. Bunu da Azadinform-a sayğacı bu günlərdə oğurlanan, lakin adının çəkilməsini istəməyən Abşeron rayonu, Qobu qəsəbə sakini bildirib (onun adı və soyadı redaksiyaya bəllidir). Vətəndaş deyir ki, yeni tikilmiş evində çox az-az olur: "Küçə boyu hamının sayğacı yan-yana düzülüb. İçində yaşayanı da var, yaşamayanı da. Lakin evdə çox az olduğu üçün məhz onun sayğacını oğurlayıblar. Kiminsə mənə qarşı bilərəkdən düşmənçilik etdiyinə inanmıram. Düşünürəm ki, təkcə qaz sahəsinə məsul olan şəxslər sistemdə hansı mənzildə insanların davamlı yaşamadığını onların sayğaca qaz yükləyib-yükləmədikləri ilə müəyyənləşdirə bilirlər”.

Vətəndaş bildirir ki, sayğacları kimlərin oğurlamasından asılı olmayaraq son məqamda satılacağı şəxs və ya şəxslər podratçı şirkətlərin əliəyri əməkdaşları və qaz təsərrüfatı işçiləridir: "Bu sayğaclar smart tiplidir. Bunun yalnız içindəki bəli cihazı dəyişməklə başqa evlərdə quraşdırıb əlavə gəlir əldə etmək elə də çətin deyil. Hər halda bu bir iddiadır. Konkret hansısa podratçı şirkəti və yaxud da qaz təsərrüfatı işçisini ittiham etmək üçün əlimizdə heç bir fakt yoxdur.”

Sayğaclar hasarların çölündə niyə quraşdırılır?

Qaz və işıq sayğacları hansısa anormal təlimata uyğun olaraq mənzillərdən kənarda, bina evlərində bloklarda, həyət evlərində isə hasarların çölündə quraşdırılır. Həyət evlərində bəzən bu sayğaclar mənzildən 100-150 metr kənarda olur. Yəni vətəndaş faktiki olaraq bu sayğaclara nəzarət imkanını itirir. Hasarın içərisinə də deyil, çölündə quraşdırılan qaz-işıq sayğaclarına vətəndaş necə nəzarət edə bilər ki?

"Azəriqaz” əməkdaşları sayğacların blokların girişinə, hasarların çölünə quraşdırılmasını daha çox təhlükəsizlik tədbirləri ilə əlaqələndirirlər. Əgər belədirsə, blokun girişində və yaxud da hasarın çölündə də hər hansı qəza baş verə bilər. Deməli, bu "əsas” səbəb ola bilməz.

Qaz sayğacı oğurlanmış Qobu qəsəbə sakini də "Azəriqaz”ın qaz istehlakçıları ilə bağlı siyasətini də tənqid edib: "Bu qurum qaz sayğaclarının quraşdırılması ilə bağlı təlimatlarında dəyişikliklər etməlidir. Sayğacları aparıb hasarların çölündə quraşdırırlar. Belə olan təqdirdə mənzil sahibinin həmin sayğaca nəzarət imkanı məhdudlaşır. Gah sayğaclar, gah da reduktorlar oğurlanır. Daha yaxşı olardı ki, qaz sayğacları vətəndaşın həyətində, mənzilinə daha yaxın yerdə, həm də nəzarət edə biləcəyi ərazidə quraşdırılsın. Məsələn, "Azərsu” kimi... Bu qurum su sayğaclarını həyətlərin çölündə deyil, içində quraşdırır. Belə olan təqdirdə arada gəzən söz-söhbətlər, təsdiq olunmamış iddialar da aradan qalxır.”

Vətəndaş bildirir ki, bu prosesdə daha fəal olan qurum Daxili İşlər Nazirliyinin "102 Xidməti”dir: "Oğurluq faktı ilə bağlı dərhal DİN-nin "102 Xidməti”nə zəng vurdum. Məlumat verdikdən 13 dəqiqə sonra Abşeron rayon Polis İdarəsindən zəng gəldi, idarəyə dəvət olundum, ərizə yazdım. Elə həmin gün tədqiqatçı, polis kapitanı Rövşən Şahkərəmov zəng vurdu, bir gün sonra onunla görüşdüm, izahat yazdım. "Asan Kommunl”a müraciət etməyim üçün Arayış verdilər. Hazırda polis tərəfindən araşdırma aparılır. Tədqiqatçı araşdırmanın obyektiv aparılacağına söz verdi”.Məsuliyyət kim daşımalıdır: "Azəriqaz”, yoxsa vətəndaş?

Məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran hüquqşünas Ellada Bayramova bildirib ki, əslində sayğacların quraşdırılması zamanı "Azəriqaz” bütün tədbirləri görməlidir: "Bütün təhlükəsizlik normalarına riayət etməlidir ki, o sayğaclar oğurlanmasın. Bunun vətəndaş – abonentlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq "Azəriqaz”ın vətəndaşlara qarşı "qəsdi” desəm daha düzgün olar. Sayğacların qorunmasını, təhlükəsizliyini "Azəriqaz” özü təmin etməlidir. Bu onların məsuliyyəti, problemidir. Vətəndaş heç bir şəkildə yaşadığı mənzildən yüz metrlərlə kənarda quraşdırılan sayğaca məsuliyyət daşımamalıdır. Hətta sayğaclara olan müdaxilələrə belə məsuliyyət daşıya bilməz”.

Fikrimizi ümumiləşdirərək qeyd edə bilərik ki, bütün hallarda vətəndaş nəzarət imkanının olmadığı bu sayğacların oğurlanmasına, zədələnməsinə məsuliyyət daşımamalıdır. Müvafiq qurumlar bu kimi məsuliyyəti vətəndaşın boynuna yükləməklə ona həm mənəvi, həm də maddi ziyan vururlar.



Paylaş:


Müəllif : Tarix:
2-07-2019, 16:23
Sikayət   


loading...
Загрузка...