reklam
Regionxeberlericom.az » Gündəm » Uşaq evlərinə ayrılan 5,1 milyon manat və açıqlanmayan xərclər - ARAŞDIRMA

reklam

Uşaq evlərinə ayrılan 5,1 milyon manat və açıqlanmayan xərclər - ARAŞDIRMA










3 saylı Uşaq Evinin 17 yaşlı sakini M. H. oradakı qida çatışmazlıqları ilə bağlı açıqlamasından sonra uşaq evlərindəki təminatla bağlı məsələlər yenidən gündəmə gəlib. Uşaq evləri və oradakı təminat məsələləri Bakı Şəhər İcra Hakimiyyətinə aid olsa da, qida norması Nazirlər Kabinetinin hazırladığı normativlər əsasında müəyyənləşir. 

Nazirlər Kabinetinin 9 mart 2014-cü ildə qəbul etdiyi “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” qərarda qeyd olunub ki, bütün tip internat məktəblərində olan valideynlərini itirmiş uşaqlar və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qida norması kimi günlük çörək, ət, müxtəlif növ meyvələr, süd, çay, şəkər və digər zəruri qidalar verilməlidir. 

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, 2023-cü  ilin  dövlət büdcəsindən uşaq evləri (Bakı şəhəri üzrə 1, 2 və 3 nömrəli, Gəncə, Şəki və Lənkəran şəhər uşaq evləri) üçün 5,1 milyon manat vəsait ayrılıb. Onun sözlərinə görə, uşaqların sayı açıqlanmır deyə bir uşağa ümumilikdə nə qədər vəsait ayrılır, araşdırmaq olmur:

“Uşaqların hüquqları ilə məşğul olan müstəqil qeyri-hökumət təşkilatlarının 2014-cü ildən başlayaraq sıradan çıxarılması, Uşaq Ombudsmanın olmaması da belə problemlərin mövcudluğu üçün şərait yaradır. Nəhayət, belə müəssisələrdə çalışanların maaşları aşağı olduğundan onlar daim uşaqlara ayrılan ərzağı mənimsəyirlər və bu işin  başında da direktor durur". 

İqtisadçı təklif edir ki, Hesablama Palatası bu işə maliyyə nəzarətini gücləndirməlidir, Maliyyə Nazirliyi uşaq büdcəsini ayrıca dərc etməlidir, UNİCEF-ə və müstəqil uşaq birliklərinə bu hadisənin monitorini aparmaq və açıqlamalar vermək imkanı yaradılmalıdır, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xüsusi təhqiqat komissiyası ilə araşdırma aparıb, yekun açıqlamasını yaymalıdır, uşaqlar üçün müavinətlər verilməlidir ki, onlar ailələrini maddi sıxıntılara görə tərk etməsinlər.

Bakıda yerləşən 1 saylı Uşaq Evindən bildirilib ki, orada ümimilikdə 76 uşaq qalır. Bir uşaq üçün günlük qida norması ilə bağlı sualı isə cavablandırmaqdan imtina ediblər. 

2 saylı Uşaq Evinin müdir müavini Məxməri Alayeva bildirib ki, uşaqların sayı və günlük qida norması ilə bağlı məlumat verə bilməz: 

“Bu məsələ ilə bağlı ümumiyyətlə məlumat verə bilmərəm, bildiyim sahə deyil. İnanmıram kimsə sizə bu məlumatı versin. Uşaqlara günlük hansı yeməklərin verilməsilə bağlı danışa bilmərəm”.

3 saylı Uşaq Evinin müdirəsi Məhbubə Hüseynova deyir ki, uşaq evində ümumilikdə 77 uşaq qalır.  Bir uşağın 1 günlük qida norması ilə bağlı suala isə o, cavab verməkdən imtina edib: 

“Bunu indi deyə bilmərəm axı. Elə o məsələ ilə bağlı yoxlama gedir, yoxlayırlar hazırda”. 

Ancaq Hüseynova Azadlıq Radiosuna açıqlamasında bildirib ki, qidalanma ilə bağlı vahid norma var, onun az olması, onların məsuliyyəti deyil: “Qidalanma üçün xüsusi norma var. Biz də qidaları həmin normaya əsasən veririk, ola bilər ki, bu uşaqlara çatmasın. Normadan kənara çıxmağa ixtiyarım yoxdur. Hətta bəzi sexlər əlavə çörək də verirlər, sağ olsunlar. Qanunla təyin olunan normanın az olması da bizlik deyil axı, 17-18 yaşında olanlara 10 qram versək, doymamaqları normaldır".

Abzas Media Gəncədə, Şəkidə və digər əyalətlərdə olan uşaq evlərinin rəsmi nömrələrilə əlaqə saxlamağa çalışsa da, nömrələr işlək olmayıb. 

Millət vəkili Aydın Hüseynov deyir ki, uşaq evləri, uşaq bağçaları Azərbaycanın genofondudur və qidaları normal olmalıdır. Onun sözlərinə görə, son zamanlar hər bir uşağın qida norması, kalorisi müəyyənləşdirilir, buna uyğun da menyular hazırlanır: 

“Ancaq biz deyə bilmərik ki, bu sahədə vəziyyət idealdır, çatışmazlıqlar var. Bu qurumlar hara tabedirsə, təminat da ordan olmalıdır və bu istiqamətdə diqqət artırılmalıdır"- deputat bildirib./Abzas.org/




Paylaş:


Müəllif : Tarix:
6-04-2023, 08:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər