reklam
Regionxeberlericom.az » Gündəm » KEÇMİŞ MƏHKƏMƏ SƏDRİ VASİF TALIBOVA QARŞI – “Həmin vaxtdan məni təqib etməyə başladı...”

reklam

KEÇMİŞ MƏHKƏMƏ SƏDRİ VASİF TALIBOVA QARŞI – “Həmin vaxtdan məni təqib etməyə başladı...”


“1982-ci ildən 2000-ci ilin sentyabr ayınadək Naxçıvan Şəhər Məhkəməsində müxtəlif vəzifələrdə çalışmışam. 1993-cü ildə hakimlərin yenidən təyin olunması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyev hakimləri qəbul etdi. Mənim təqdimatım Culfa rayonuna hakim vəzifəsinə təyin olunmaq üçün verilmişdi. Lakin H.Əliyev məni Naxçıvan Şəhər Məhkəməsinə sədr vəzifəsinə təyin etdi ki, bu da Vasif Talıbovun iradəsinə zidd idi. Həmin vaxt Naxçıvan MR Ali Məclisi sədrinin köməkçisi vəzifəsində çalışan Talıbov, şəhər məhkəməsinin sədri vəzifəsinə dostu, sabiq iş yoldaşı Ramiz Süleymanovu təyin etdirmək istəyirdi. V.Talıbovun bu arzusu gerçəkləşmədiyi üçün həmin vaxtdan məni təqib etməyə başladı”.

Bunları Naxçıvan Şəhər Məhkəməsinin sabiq sədri Həsənov Hüseyn Xeybər oğlu Naxçıvan Muxtar Respublika İnzibati Məhkəməsinə ünvanladığı və bir surətinin də “AzPolitika.info”-ya daxil olduğu iddia məktubunda bildirir.

Sabiq məhkəmə sədri 1996-cı ildə Vasif Talıbovun göstərişi ilə tutduğu vəzifədən azad olunduğunu bildirir: “1995-ci ildə mənim məhkəmə sədri və hakim vəzifəsindən çıxarılmağım üçün intizam icraatı başlandı. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin ixtisas komissiyası Naxçıvan MR Ədliyyə nazirinin təqdimatını təmin etmədiyi üçün V.Talıbovun bu arzusu həyata keçmədi. Bu, Talıbovu daha da hiddətləndirdi. 1996-cı ilin sentyabr ayında Vasif Talıbov hiddətini cilovlaya bilmədi və qanunsuz olaraq məni məhkəmə sədri vəzifəsindən azad etdi. Hansı ki, qanunlar Talıbova belə bir səlahiyyət vermirdi. Məhkəmə sədri vəzifəsindən azad edilməyim barədə 16.09.1996-cı il tarixli sərəncamda vəzifədən azad edilməyim qanunlara istinad edilmədən verilmişdi”.

İddiaçının sözlərinə görə, V.Talıbov onun vəzifəyə təyin olunmamasıyla bağlı xüsusi göstəriş verib: “2000-ci ildə hakimlərin test imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra adım təyin olunacaq hakimlərin siyahısına daxil edilmişdi və Bakıya hakim təyin ediləcəkdim. Lakin bundan xəbər tutan Talıbov, adımı təyin olunacaq hakimlərin siyahısından çıxartdırdı və tələb qoydu ki, “Hüseyn Həsənova vəzifə verilməməlidir”. Səbəb isə “vasifsayağı” idi: Əsas gətirirdi ki, mən onu eşitməmişəm, ona qulaq asmamışam. Bundan sonra ardıcıl iki dəfə hakimlərin test imtahanından müvəffəqiyyətlə keçdim. Lakin Talıbovun qadağası qüvvədə idi. Yəni, mənə vəzifə verilməməli idi. Anladım ki, yaranmış vəziyyətdə “Talıbov baryeri”ni keçmək mümkün deyil. Bundan sonra hakimliyə namizədliyimi irəli sürmədim.

2002-ci ilin oktyabr ayında İnsan hüquqları üzrə müvəkkillikdə əmək haqqı 400 manat olan şöbə müdiri vəzifəsinə işə qəbul olundum. Lakin 3 aydan sonra müvəkkil mənə dedi ki, işə qəbul olunmağımdan rəhbərlik, yəni, V.Talıbov narazı qalıb. Vasif Talıbovun rəhbər adlandırılmasına etiraz edərək işdən azad olunmağım barədə ərizə verdim. Anladım ki, “rəhbər” adlandırılan bu “rəhbər” mənə dövlət orqanlarında işləməyə imkan verməyəcək. Bu səbəbdən də vəkillik fəaliyyəti ilə məşğul olmağa başladım. Güman edirdim ki, Talıbov artıq məndən əl çəkib. Lakin yanılmışdım. Təqribən 5 il bundan öncə Təbrizdən qayıdarkən, Culfa gömrüyündə gömrük işçilərinin təqribən 45 yaşlı, ayağında qaloş olan bir qadının dərmanlarını yerə töküb ayaqladıqlarının şahidi oldum. Bu mənzərəyə dözmək mümkün deyildi, belə hərəkətlər insanlığa sığmırdı. Gömrük işçilərinin hərəkətlərinə etirazım kəskin narazılıqla qarşılandı. Bu özbaşınalığı aradan qaldırmaq üçün göstərdiyim səylər nəticə vermədi və gömrük işçiləri məni həbs etdilər. Ertəsi gün səhər gömrük çalışanlarından biri Culfa gömrüyünə gəlib üzrxahlıq edərək məni həbsdən azad etdi. Bir günlük həbsimin səbəbini isə belə izah etdi ki, guya mən “cənab sədri” təhqir etmişəm”.

İddiaçı, hakim kimi səlahiyyət müddətinin 2003-cü ildə bitməli olduğu halda, səlahiyyətlərinə 2000-ci ilin sentyabrında xitam verildiyini və bunun qanunsuz olduğunu deyir. O, “Əmək kitabçası”nı almaq üçün 17 illik məzuniyyət haqqından imtina etməyə məcbur qaldığını bildirir: “1993-cü ildə 10 il müddətinə Naxçıvan Şəhər Məhkəməsinə hakim və sədr vəzifəsinə təyin olunmuşam. Yəni, səlahiyyət müddətim 31 may 2003-cü ildə bitirdi. Lakin V.Talıbovun qərəzli münasibəti nəticəsində 21.10.2002-ci ildə Naxçıvan MR Ədliyyə nazirinin 74-k saylı “Səlahiyyət müddəti bitdiyindən 02.09.2000-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş hesab edilsin” əmri ilə vəzifədən azad olunmuşam. Bu Əmr qanunsuzdur, etibarsız hesab edilməli və bu günə kimi Naxçıvan Şəhər Məhkəməsinin hakimi kimi əmək haqqım ödənilməlidir.

… Hakimin səlahiyyət müddətinin bitməsi ilə səlahiyyətlərinə xitam verilməsi Ədliyyə nazirinin əmri ilə deyil, Prezidentin sərəncamı ilə həyata keçirilməli idi. Qanunvericilik Ədliyyə nazirinə hakimin işdən çıxarılması səlahiyyətini verməyib.

Başqa bir məqam ondan ibarətdir ki, səlahiyyətlərimə 02.09.2000-ci ildə xitam verilməli idisə, əmr də həmin vaxt verilməli idi. Əmrin surətindən də görünür ki, səlahiyyət müddətinin bitməsi ilə əlaqədar əmr 21.10.2002-ci ildə verilib. Ədliyyə nazirinin əmri verildiyi tarixdən əvvəlki tarixə vəzifə yarada bilməzdi. Bütün bunlar Vasif Talıbovun mənə qarşı qərəzli münasibətinin nəticəsi olsa belə Ədliyyə nazirinin yol verdiyi qanunsuzluqlar utancvericidir”.

H.Həsənov Naxçıvan MR Ədliyyə Nazirliyinin ona göndərdiyi cavab məktubundakı müddəaların əssasız olduğunu deyir: “Ədliyyə Nazirliyinin 06.02.2023-cü il tarixli cavab məktubu əsassızdır və Vasif Talıbovu müdafiə xarakteri daşıyır. Belə ki, Naxçıvan MR Ədliyyə nazirini vəzifəyə Vasif Talıbov təyin edib. Talıbovun kadrının qanunlara münasibətinin “vasifsayağı” olması anlaşılandır. Nəzərə almaq lazımdır ki, səlahiyyət müddətinin bitməsi ilə əlaqədar hakimin səlahiyyətlərinə xitam verilməsi ölkə Prezidentinin sərəncamı ilə həyata keçirilir, qanunvericilik Ədliyyə nazirinə belə bir səlahiyyət verməyib”. İddiaçı sadalanan faktlarla bağlı Naxçıvan MR Ədliyyə nazirinin əmrinin qanuni əsaslarının olmadığını, bu əmrin etibarsız hesab edilməklə hazırkı dövrə qədər məhrum edildiyi vəzifə maaşını və hakim üçün nəzərdə tutulmuş güzəştlərin ona ödənilməsini tələb edir.




Paylaş:


Müəllif : Tarix:
20-03-2023, 12:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər