reklam
Regionxeberlericom.az » Gündəm » Qarabağda antiterror əməliyyatı gündəmə gəlir: - Sərhəd bağlanmalıdır

reklam

Qarabağda antiterror əməliyyatı gündəmə gəlir: - Sərhəd bağlanmalıdır



Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistlərin və dinc sakinlərin minaya düşərək şəhid olması baş vermiş hadisənin təxribat-diversiya əməli olması barədə məlumatların ortaya çıxmasına səbəb olub.

Bu barədə ilk ehtimalı təhsil üzrə ekspert Kamran Əsədov yayıb. Onun sözlərinə görə, mina jurnalistləri daşıyan avtobusun keçdiyi yola sonradan basdırılıb.

“Baş verən məlum olayın arxasında bir çox məqamlar durur”, - deyə Kamran Əsədov bildirib.

O qeyd edib ki, həmin ərazilərə bələd olmayan maşın yoldan istifadə etməzdi:

“Dəfələrlə o yolu gedib gəliblər və çox güman ki, təminat üçün istifadə edilən yoldur. Əgər o yola arxayın olmasaydı, jurnalistləri özü ilə aparmazdı. Yoldan dəfələrlə istifadə etdiklərinə görə, bu dəfə jurnalistləri də aparıb o maşın. Çox güman ki, o yola mina yaxın zamanda döşənib və üst səthə qoyulub. Tank minası adətən, biraz dərində yerləşdirilir ki, ağır texnika onu tam basa bilsin. Erməni diversantlar biliblər ki, buradan tank keçməyəcək, ona görə də minanı ağır avtomobilə uyğun yerləşdiriblər”.

Kamran Əsədov əlavə edib ki, bu minaların Kəlbəcər zonasına yerləşdirilməsi prosesi elə də asan məsələ deyil:

“Əgər hərbçilər nəzarət edirsə, deməli, partlayıcı qurğunu tələsik ora qoymaq olmaz. Düşünürük ki, mina həmin əraziyə Kəlbəcərə, məhz dini ayinlər adı altında gələn mülki erməni diversantları, yaxud keşişlər tərəfindən yeləşdirilə bilər. Çünki din xadimlərini elə də çox yoxlamırlar və fikir vermirlər. Kilsəyə əvvəldən daşınıb yığılıb və imkan olan kimi arxa cəbhədən nəzarət olmadığına görə keçib yerləşdirirlər. Dədəvəng kilsəsinə, guya ibadət adı altında avtobuslarla adamlar gəlir və heç birinin nə gətirdiyi yoxlanılmır. Bu acının intiqamı çox ağır olacaq”,-deyə Kamran Əsədov bəyan edib.

Minanın əraziyə, məhz keşişlər və ya din xadimi geyimində olan erməni diversantlar tərəfindən yerləşdirildiyi hələlik təsdiqini tapmasa da, bununla bağlı kifayət qədər şübhəli məqamlar var. Çünki yol minalardan təmizlənməmiş olsaydı, Azərbaycan hərbçiləri avtobusun həmin əraziyə daxil olmasına icazə verməzdi.

İkincisi, hadisənin baş verməsini əks etdirən videogörüntüdən aydın olur ki, yolun əksər hissəsində mina yoxdur. Yola çoxsaylı mina döşənmiş olsa idi, avtobus xeyli məsafə qət etmədən dərhal partlaya bilərdi. Amma bunların heç biri baş vermir, hətta avtobusun birinci təkəri belə minaya düşmür. Sürücü yeni qazılmış kimi görünən yerdən qabaq təkəri yayındırır və orta təkər minanı basır.

Tank əleyhinə minanın istənilən avtomobili partladacaq qədər dayaz səthə basdırılması bu diversiya əməlinin tələsik və terror aktı törətmək məqsədilə həyata keçirildiyini deməyə əsas verir. Bu ehtimal həmin partlayıcı qurğunun ermənilər Kəlbəcəri tərk edərkən yola yerləşdirilməsi variantını arxa plana keçirir.

Ancaq Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə açıqlamasında “Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir” bildirməklə bəzi versiyaları arxa plana atır.

Bununla belə, terror amili barədə məlumatlar Dağlıq Qarabağda və Kəlbəcər rayonunun ermənilər yaşayan hissəsində antiterror əməliyyatlarının keçirilməsinin vacibliyi məsələsini gündəmə gətirir.

Qarabağ Komitəsinin dönəm sədri, beynəlxalq münasibətlər üzrə professor Sabir Məmmədli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan tərəfi əraziyə nəzarəti gücləndirmək üçün qəti addımlar atmalıdır:

“Kəlbəcər rayonunun ərazisini Azərbaycan milli ordusunun hərbçiləri nəzarətdə saxlayır. Sadəcə olaraq, erməni keşişlər Ermənistandan bu əraziyə ziyarətə gəlirlər. Onların sayı bəzən 30, bəzən 50 nəfər olur. Məsələ burasındadır ki, Azərbaycan yüksək texnologiyalı pilotsuz uçuş aparatları, elektron izləmə cihazları vasitəsi ilə həmin ərazilərə nəzarət etmək imkanına malikdir. Ermənilərin istənilən halda keşiş geyimində və ya ziyarətçi qismində Kəlbəcərə gəlməsi Azərbaycan üçün başağrısı olacaq. Ona görə də Azərbaycan hərbçiləri bu prosesi nəzarət altında saxlamalıdır.

Bu, diversiya aktı kifayət qədər ciddi və mövcud şəraitdə rezonans doğuran bir hadisədir. Çünki bizim iki jurnalistimiz və bir icra nümayəndəsi şəhid olub, bir neçə nəfər də yaralanıb. Buna son dərəcə ciddi yanaşmaq və sərhədi bağlamaq lazımdır. Azərbaycanla Ermənistan arasında sərhəd bağlanmalıdır. Bu prosesə də üçüncü ölkəni cəlb etmək düzgün deyil. Ermənilər çalışır ki, başqa ölkələrin nümayəndələrini də müşahidəçi və hərbçi formasında sərhədə cəlb etsinlər. Amma sərhədlərin birgə qorunmasına dair Ermənistan və Rusiya arasında razılaşma var. Rusiyanın bu prosesdə vasitəçi kimi iştirak etməsinə baxmayaraq, Azərbaycan Ordusu həmin ərazilərdə nəzarəti ələ almalı və istər Rusiya hərbçilərinin, istər keşişlərin hər addımını izləməlidir. Ümumiyyətlə, qapını keşişlərin üzünə bağlamaq lazımdır”.

Eskpert bildirib ki, Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Laçın dəhlizində Azərbaycan Ordusunun dayaq postu yaradılsın və gəlib-gedənlərin hamısı yoxlanılmalıdır:

“Üçtərəfli razılaşmaya əsasən, mülki insanlar Ermənistandan Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Xankəndinə və Dağlıq Qarabağın bəzi ərazilərinə gəlib-gedir. Amma sülhməramlıların nəzarət zonasından kənar ərazilərə, o cümlədən kilsəyə ermənilər buraxılmamalıdır. Çünki onlar təxribat üçün fürsət axtarır. Artıq Ermənistanın Prezidenti Armen Sarkisyan bəyan edib ki, müharibə başa çatmayıb, bu atəşkəsdir. Dünənə qədər yalvarırdı, qorxuya düşmüşdü, indi deyir, atəşkəsdir, müharibə davam edəcək, məsələ həll olunmayıb. Ona görə də erməni keşişlər Azərbaycan torpaqlarına buraxılmamalıdır”.

Sabir Məmmədlinin sözlərinə görə, partlayışın videogörüntülərində mina basdırılan yerin yeni qazıldığını görmək olar:

“Mən keçmiş müharibə iştirakçısı kimi deyə bilərəm ki, 30-40 santimetr diametrində yeni qazıntı hiss olunur. Biz istənilən halda fikirləşməliyik ki, erməni diversantları hansı ərazidə mina basdıra bilər. Bu barədə fikirləşmək lazımdır. Azərbaycanın kifayət qədər pilotsuz uçan aparatları, peyk müşahidə sistemləri var. Bu da 3-5 sm-lik əşyaları, diversantların hərəkət istiqamətini aşkar etmək imkanı verir. Ona görə də Azərbaycan Silahlı Qüvvələri bu prosesi həyata keçirməlidir. Dövlət sərhədimizi keçən istənilən erməni diversantdır. Belə təxribatçıları həbs etmək, ya da məhv etmək lazımdır. Rusiya sülhməramlıları Xankəndi və onun ətrafındakı ərazilərdə öz missiyasını yerinə yetirir. Kəlbəcərə və digər rayonlara isə qarışmırlar. Ona görə də Rusiya hərbi kontingenti Azərbaycanın hər hansı əməliyyatına müdaxilə edə bilməz”.

Sabir Məmmədli onu da qeyd etdi ki, Azərbaycan Ordusu ləğv edilmiş Ağdərə rayonunun Kəlbəcər rayonuna birləşdirilmiş və hazırda ermənilər yaşayan inzibati ərazilərini öz nəzarətinə götürməlidir:

“Əvvəlki xəritələr əsasında götürsək belə, Kəlbəcərin bütün ərazisi Azərbaycanın məsuliyyət zonasına daxildir”.

İstefada olan polkovnik-leytenant Nazim Bayramov isə hesab edir ki, həmin mina əvvəlcədən basdırılıb. Ancaq partlayıcını ermənilər quraşdırıb:

“Burada bir neçə səbəb var. Əvvəla, sürücü yoldan bir az kənara çıxır. İkincisi, mən özüm 1992-ci ilin sentyabr ayında Ağdərədə bu şəkildə minaya düşmüşəm. Yəni gedib-gəldiyimiz yol olub və kənara çıxılmayıb. Mən qabaq kabinədə oturmuşdum. Arxa təkər minaya düşdü, lakin ölən olmadı. Biz həmin maşında 9 nəfər rabitəçi aparırdıq. Jurnalistlərin şəhid olduğu yolda ola bilsin ki, mina təmizləyənlər keçib və həmin minaya rast gəlməyiblər. Çünki o yoldan daimi istifadə olunmayıb. Yəqin ki, qıraq sahələr diqqətdən kənarda qalıb. Arxa sağ təkər üstünə çıxan zaman partlayış baş verib”.

Ekspert bildirib ki, tank əleyhinə mina 75 kiloqramdan artıq ağırlığa davam gətirməyərək partlayır. Ona görə də jurnalistləri daşıyan “KamAZ” markalı avtobusun partlaması mümkündür.

“Ola bilsin ki, dərin basdırılmayıb. Ancaq tank əleyhinə mina olduğu aydındır. Videogörüntülərdən də məlum olur ki, sürücü müəyyən qədər yolun sağ hissəsinə çıxır və qabaq təkər keçir. Həmin istiqamətdə arxa təkər də keçsəydi, təhlükə ötüşə bilərdi, amma sükan oynayır. Maşını diqqətlə sürmək lazımdır. Məsələn, Milli Qəhrəman Allahverdi Bağırov necə şəhid oldu? Hamı deyir ki, eyni yolla getdi, heç nə baş vermədi, amma həmin yolla qayıdanda minaya düşdü və şəhid oldu. Deyirlər, qayıdana qədər kimsə o yola mina basdırıb. Əslində, bilirsiniz, necə olub? Onun mindiyi avtomobil gedəndə yolun sağ tərəfi ilə getmişdi, qayıdanda sol tərəflə, yəni əks istiqamətdə gəlmişdi.

Nəticədə, UAZ minaya düşmüşdü və Allahverdi Bağırov şəhid olmuşdu. Təcrübədə belə hallar olur. Mən nə sürücünü, nə də minaaxtaranları günahlandırıram. Erməni diversiya qrupu bir minaya görə əraziyə gəlməz. Əgər təkər yolunun üzərində mütəmadi olaraq minalar aşkar olunsa, deməli, bu təxribatdır. Ancaq bir minaya görə nə keşiş, nə başqası ora gələr. Buna baxmayaraq, təklikdə terror törədən fanatlar da olur. Belə ehtimal var. Əgər belə hal varsa, bu, bir-iki yerdə təkrar olunacaq və bilinəcək. Önəmli odur ki, Susuzluq kəndi cəbhə xəttindən uzaqdır”.

Ekspert bildirib ki, həmin minaları ermənilər Kəlbəcəri tərk edərkən basdırıb:

“Azərbaycan ermənilərə Kəlbəcəri tərk etmək üçün 10 gün əlavə vaxt verdi və onlar bizim bu humanist addımımızdan istifadə edib hər yeri minaladılar.

Çünki o yerlər cəbhə xəttindən uzaqdır və orada döyüş getməyib. Susuzluq həm Ermənistandan uzaqdır, həm də Ağdərədən. Rusiyanın postu Qozlu körpüdə qurtarır. Vəng kilsəsinə gedənlər də yoxlanılır. Onlar öz yollarını minalamazlar. Bütün bunlar göstərir ki, ermənilər Kəlbəcəri tərk edəndə Azərbaycana qarşı yalnız ekoloji terror törətməyib, həm də dinc əhalinin ölümünə səbəb olmaq üçün qoşunların hərəkət etmədiyi kənd yerlərində minalar basdırıb. Ermənilərdən belə davranışı gözləmək lazımdır. Sanki buğda kimi tələsik minaları səpiblər. Onlar partlaya da bilər, partlamaya da bilər. Bu titrəmədən də asılıdır. Ona görə də hər yeri qarış-qarış yoxlamaq lazımdır. Xüsusilə də yol kənarları yenidən yoxlanılmalıdır. Ermənilər biliblər ki, gedirlər, bizim üçün belə “sürprizlər” hazırlayıblar”.
Cebhe.info


Paylaş:


Müəllif : Tarix:
8-06-2021, 16:52
Sikayət   


loading...
Загрузка...