reklam
Regionxeberlericom.az » Gündəm » Rövşən Əkbərovun və Ata Abdullayevin həbsinin ŞOK SƏBƏBLƏRİ

reklam

Rövşən Əkbərovun və Ata Abdullayevin həbsinin ŞOK SƏBƏBLƏRİ


Təxminən 15 gün əvvəl qonşum mənə bir video göstərdi. Videoda Ata Abdullayev 26 fevralda Xocalı soyqırımına həsr olunan tədbirə gələn nazirlərin, dövlət məmurlarının tərbiyəsiz şəkildə qarşısını kəsir və telefonla onlardan müxtəlif şantajedici suallarına cavab almağa çalışırdı. Müdafiə naziri Zakir Həsənovun köməkçiləri ilə də hətta bir az bozalaşır da. Videoya baxandan sonra dönüb mattım-mattım qonşumun üzünə baxdım. Yəni “hə, nə olsun?” O isə yarı yarızarafat, yarıgerçək dedi ki, “Jurnalist belə olar eyyy…”.

Heç nə demədim. Daha doğrusu, deyə bilmədim. Sadəcə gülümsədim. Çünki həmin anda nə desəm də, qonşum mənimlə razılaşmayacaqdı. Ata Abdullayevə haqq qazandıracaqdı. Ona görə ki, bəziləri üçün, o cümlədən qonşum üçün əsl “jurnalist” Ata Abdullayevdir, Mehman Hüseynovdur, Aslan İsmayılovdur. Bu siyahını uzatmaq da olar. Amma nə hacət. Fakt isə faktlığında qalır. Bu gün Azərbaycan “jurnalistikası”nın üzdə olan simaları bunlardır. Xalq onları tanıyır, çıxışlarını alqışlayır. Və belələrindən daha “cəsarətli” paylaşımlar gözləyir.

Və bu yerdə xalq şairi, rəhmətlik Qabilin bir beyti dadıma yetişir: “Yaman oluruq biz, səhv düşəndə yerimiz”. Bəli, bu gün cəmiyyətimizdə hər şeyin yeri səhv düşüb. “…Dəvə dəlləklik edir, köhnə hamam içində”. Mən burda durub jurnalistikanı bu günə salanlardan danışmayacam. Onsuz da bu barədə kifayət qədər deyilib. Məni dəhşətə gətirən cəmiyyətimizin korafəhmliyi və daşqəlbliliyidir. Dünən Ata Abdullayevi nəinki “cəsarətli jurnalist”, hətta milli qəhrəman kimi alqışlayan kütlə bu gün onun həbsinə inanılmaz dərəcədə loyal münasibət bəsləyir. Bax faciə bundadır.

Cəmiyyətimizdə heç bir şeyin dəyəri qalmayıb. Mizan-tərəzi pozulub. Bu da onu göstərir ki, bir xalq kimi, bir toplum kimi getməli olduğumuz yolu çoxdan itirmişik. Zombilər kimi yalnız qan iyinə doğru hərəkət edirik.

Milli qəhrəman dedim, yadıma general-leytenant Rövşən Əkbərov düşdü. Bəlkə də həyatın ironiyasıdır. İki eyni xarakterli, eyni hədəfə doğru gedən iki şəxs eyni gündə həbs edildi.

Bu gün Rövşən Əkbərovun “Milli qəhrəman” kimi şəkilləri bütün orta məktəblərin dəhlizlərini bəzəyir. Onun “qəhrəmanlığı” haqqında çoxlu sayda verilişlər hazırlanıb, filmlər çəkilib. Hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə və bir çox rəsmi məclislərdə bu adamı alqışlar altında yuxarı başa keçirmişik. Hətta onunla ünsiyyətdə olmaq, selfi çəkdirmək istəyən o qədər soydaşlarımız vardı ki… Və bu qədər insan bir səhər oyanır və eşitdiyi xəbərdən şoka düşür: Rövşən Əkbərov qatildir. Baxmayaraq ki, son dönəm tariximizi əzbərdən bilən bir çox soydaşımız bilirdi ki, Rövşənin lap əvvəldən əli qardaş qanına batmışdı.

2001-ci ildə törətdiyi qətl hadisəsi isə növbəti idi. Yenə deyirəm, məni ağrıdan Rövşən Əkbərovun cinayətkar olması deyil, onu uzun zaman qəhrəman kimi əl üstə tutulmasıdır. 2002-ci ildə ona general-leytenant rütbəsi verilir. Törətdiyi qətl hadisəsindən cəmi bir il sonra. Halbuki artıq nəinki Ukraynada, eləcə də Bakıdakı müvafiq instansiyada oturanların çoxu Rövşənin qatil olduğunu bilirdi. Bununla belə heç kim ona “dur” demədi. Daha doğrusu, demək istəmədi. Çünki gözükölgəli adamları idarə eləmək daha asandır.

Maraq doğuran digər məqam odur ki, Rövşən Əkbərov barəsində 2001-ci ildə Kiyevdə açılmış cinayət işi araşdırılmaq üçün 2003-cü ildə Bakıya təhvil verilib. Bakıdakı yüksək çinli məmurlar isə nələrinsə müqabilində bu cinayət dosyesini arxivin qaranlıq küncünə atırlar. Və qəribə buarsıdır ki, bu cinayətin günahkarı gizlədildiyinə görə Azərbaycanın adı Avropa Şurasının “qara” siyahısına düşür. Amma hüquq-mühafizə orqanları nəyə görəsə Rövşən Əkbərova görə Avropa Şurasının tənəsini də qulaqardına vurur.

Və bu gün Rövşən Əkbərov barmaqlıqlar arxasına atılıb. Bəziləri bu həbsi ədalətin təntənəsi kimi qəbul edir. Mən isə yox. Bu sadəcə “mavr işini gördü, mavr gedə bilər” prinsipinin təntənəsidir. Bu gün Azərbaycanda istənilən məmuru yox ey, sıradan bir vətəndaşı da həbsə atmaq üçün kifayət qədər hüquqi əsas var. Çünki hamımız bu və ya digər şəkildə rüşvətə bulaşmışıq, hansısa cinayətə göz yummuşuq, hansısa haqsızlığı görməzlikdən gəlmişik. Nəyə görə? Cavab isə Əliağa Vahid demiş çox sadədir: “Üzü dönsün ki, ahuya dönmüş çörəyin. Gətirib tuş elədi, qəhbəyə, oğraşa bizi”. Vəssalam.

Biz ümumilkdə cəmiyyətimizin sağlam və ədalətli inkişafına heç zaman çalışmamışıq. Daha çox səy etmişik ki, kimlərinsə haqqı üzərindən özümüzə cah-cəlal düzəldək. Arvad-uşaq yanında “kişi” olaq. Bunun üçün də hər çür şərəfsizliyə getmişik. Ata Abdullayev kimi, Rövşən Əkbərov kimi. Baxmayaraq ki, Ata Abdullayev hər zaman həqiqi jurnalistikaya yamaq olub. Onu qəsdən jurnalistikaya dürtüşdürüblər. Və onun əli ilə bir çox məmurlar öz rəqiblərinin üzərinə çamur atıblar, şantaj etdiriblər. Mən neçə dənə məmur, sahibkar tanıyıram ki, dünənə qədər Atanın zənginə “bəli, qardaş” deyə cavab verirdi. Və arada bir ona görüm-baxım da edirdi. Məhz belə adamlar və bəzi institutlar Ata Abdullayevi zorən “jirnalist” etmişdilər ki, onun şərəfsiz əməllərindən öz məqsədləri üçün istiadə etsinlər. Ata Abdullayevin cəmiyyətimizin ən üst qatındakı insanlarla çəkdirdiyi şəkillər bu gün sosial şəbəkələri bəzəyir. Bəyəm o adamlar bilmirdi ki, Ata Abdullayev nə jurnalistdir, nə bloger. O sadəcə dələduz, fırıldaqçı və “arı yeyib, namusu da belinə bağlayan” bir varlıqdır. O da Rövşən Əkbərov kimi bəzi instiutlar tərəfindən hazırlanmış xüsusi təyinatlı idi. Və nə yazıq ki, cəmiyyətimizdə bu gün belələri N qədərdir. Adi bir faktı deyim.

Rövşən Əkbərovun cinayətini bilən və onu nəyə görəsə gizlədən hüquq-mühafizə orqanlarının işçiləri haqqında heç kim heç nə danışmır. Halbuki hüquqi müstəvidə Rövşənin cinayətini gizlədənlər birbaşa bu cinayətin “souçastniki”nə çevrilirlər. Və normal cəmiyyətdə həmin şəxslər də Rövşən Əkbərovla eyni kamerada otuzdurulur. Bizdə isə tam tərsinədir. Hər cinayətkarın cəza alması üçün zamana ehtiyac var. Bu zamansa bəzən heç vaxt gəlmir. Çünki bura Azərbaycandır.

KONKRET.az


Paylaş:


Müəllif : Tarix:
17-03-2021, 16:22
Sikayət   


loading...
Загрузка...