reklam
Regionxeberlericom.az » Dünya » Rusiya-Ukrayna: SAVAŞ BAŞLAYA BİLƏR... - Proses buna doğru gedir...

reklam

Rusiya-Ukrayna: SAVAŞ BAŞLAYA BİLƏR... - Proses buna doğru gedir...












Rusiyanın Ukrayna sərhədləri boyunca ordu yığması, müharibə hazırlıqlarını intensivləşdirməsi müşahidə olunur və bu, təşviş yaradır. Bir narahatlıq da ondan ibarətdir ki, müharibə başlayarsa, Türkiyə-Rusiya münasibətlərinə də xələl gələ bilər.

Bəs müharibədən yayınmaq mümkündürmü? ABŞ-NATO Ukrayna böhranını dərinləşdirib, Rusiya ilə müharibəyə başlayacaqmı? Bu baş versə, nə kimi təsirləri olar? Qarabağ məsələsinə necə təsir göstərər?

Hazırda cavabı axtarılan əsas suallar bunlardır.

Siyasi şərhçi Əhəd Məmmədli genişmiqyaslı müharibənin olacağını gözləmir: “Fikrimcə, indiki məqamda Ukrayna tərəfdən birinci həmlə olmasa-hansı ki gözləmirəm-Rusiya birinci başlayan deyil. Lakin onu da nəzərə alsaq ki, pandemiya, üstəgəl, sanksiyalar, Rusiyanı iqtisadi cəhətdən yıpratdı, Putinin reytinqi buna görə düşüb, Kremlin ağlından çıxış yolu kimi kiçik qələbəli müharibə keçə bilər. Zatən rus siyasətində belə nümunələr var. Çar dövründə Rusiya dalana düşən kimi etirazı, narazılığı səngitmək üçün kiçik qələbəli müharibələrə əl atıb. Lakin həmişə bu cür müharibələr Rusiya üçün qələbə ilə nəticələnməyib.

Nümunə kimi yapon-rus müharibəsini göstərə bilərik. Rusiya düşünə bilər ki, Ukrayna üzərində növbəti kiçik rahat qələbə qazanacaq. Nəzərə alsaq ki, Qərb də Ukraynaya görə Rusiya ilə vuruşmaq istəmir, Putin rejimi hansısa provokasiyalara gedə bilər. Rusiya bilsə, əmin olsa ki, NATO Ukraynaya görə Rusiya ilə savaşacaq, müharibəni ağlından belə keçirməz. Lakin Rusiya görsə ki, NATO boş bəyanatlar, hədə-qorxulardan başqa heç nə edən deyil, Kiyevi olmasa da Odessa və Mariupolu işğal edə bilər. Aqressora cavab verilməyəndə onun iştahası daha da artır. Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsinə Azərbaycan açısından baxsaq, nə qədər də sinnik görünsə də bu bizə sərf edir. Ümumiyyətlə, Rusiyanın başı nə qədər qarışsa, bu, Azərbaycanın işinə yarayır. Rusiyanın dövlət sərhədlərində növbəti ekskalasiya, Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində öz işlərini həll etməsi üçün yeni imkanlar yaradacaq”.

Siyasi yazar Kənan Rövşənoğlu hesab edir ki, Ukrayna Gürcüstan variantına gedə bilər: “Açığı, mən inanmıram ki, Rusiya Ukraynaya hücum edəcək. Çünki Rusiya nə qədər Ukraynadan güclü olsa da, müharibə itki, ziyan, dağıntı, fəlakət deməkdir. Yəni Rusiya üçün də ciddi zərərləri ola bilər. Burada söhbət ondan gedir ki, Ukrayna əgər Donbas və Donetski geri qaytarmaq üçün separatçılara qarşı əməliyyatlara başlasa, o zaman Rusiyanın gizlin və hətta mümkündür ki, aşkar müdaxiləsi olsun, separatçılara dəstək versin. Görünür, belə bir hazırlıq var. Ukrayna ikinci Gürcüstan ssenarisinə gedə bilər. Yəni 2008-ci ildə Gürcüstan Rusiya ilə müharibə etməklə separatçı əraziləri itirsə də, Rusiya ilə bağlarını qopardı. Ukrayna növbəti münaqişəyə girməklə Rusiya ilə bağlarını tamamən qopara bilər, hətta daha pis nəticələr ola bilər. NATO-nun Ukraynaya görə Rusiya ilə açıq müharibəyə girməsi real deyil. Bunu təşkilatın baş katibi də etiraf edib. Əlbəttə, belə bir ssenari baş verəcəyi halda Qərblə Rusiya arasında münasibətlər daha da kəskinəşəcək, Moskva ötən əsrin 70-80-ci illərində olduğu kimi, Qərbdən tamamilə təcrid oluna bilər. Eyni vəziyyət Türkiyə üçün də ola bilər. Yəni məsələ beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılsa, Türkiyə üzv olduğu NATO ilə birlikdə hərəkət edəcək. Oxşar situasiya bizim üçün də keçərlidir. Çünki biz də müttəfiq-dost Ukrayna ilə Rusiya arasında qalacağıq. Ona görə də müharibənin olması heç kim üçün əlverişli deyil. Ümumiyyətlə, adətən qışda nadir hallarda - xüsusi təxribatlar istisna olmaqla - müharibə başlayır. Və müharibəni düşünürəm ki, Ukrayna başladacaq, öz suveren ərazilərini bərpa etmək üçün. Amma buna Ukrayna hazırdırmı, onu bilmirik”.

Politoloq Məhəmməd Əsədullazadə isə düşünür ki, Rusiya və NATO arasında Şərqi Avropa və Qara dəniz məsələsi üzərindən siyasi-hərbi münasibətlər gərginləşir: “NATO Polşada, bribaltikada və Qara dənizdə hərbi birliklərini artırır. ABŞ başda olmaqla, NATO-nun soyuq müharibədən sonra Şərqi Avropada və Qara dənizdə bu qədər hərbi birliklər yerləşdirməsi əsasən Rusiyanın Belarus ərazisindən Polşaya və Ukraynaya qarşı aqressiyasının qarşısını almaqla yanaşı, ümumilikdə Ukraynaya qarşı Kremlin hərbi təzyiqlərinin qarşısını almaqdır. Rusiya NATO-dan çəkinib, Ukraynaya qarşı genişmiqyaslı müharibə apara bilərmi? Təbii ki, qarşısında yeni bir güc görən Rusiya Ukrayna cəbhəsində çalışacaq ki, toqquşmalardan çəkinsin. ABŞ-ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdə hərbi qüvvələr sabah Ukrayna ərazisində peyda ola bilər. Ona görə də 2014-cü ildən fərqli olaraq Rusiyanın qarşısında real güc dayanıb. Qeyd edim ki, NATO və ABŞ-ı cəsarətləndirən Rusiya ətrafında yeni birliklər yığıb, Ukraynanı lokal əməliyyatlara sövq etməsində Qarabağ müharibəsinin də amili xüsusi yer tutur. Çünki, ABŞ və Qərb 30 ildir ki, münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənar dayandı. Türkiyə və Azərbaycan tandemi Rusiyanı Qarabağ məsələsində reallıqla barışdırdı. Bu da Qərbdə Ukraynaya real dəstək verilməsinə gətirib çıxarır. Bir neçə aydır Donbasda lokal hərbi əməliyyatlar keçirilir. Ukrayna ordusu separatçılara zərbələr vurur. Bir neçə yaşayış məskənini azad edib. Yaranan böhran fonunda Rusiya Türkiyə vasitəsilə danışıqlara hazır olduğunu qeyd edir. Türkiyənin vasitəçiliyi isə Ukraynanın ərazi bütövlüyünün təmininə hesablanacaq. Türkiyənin burada nə qədər təsirli bir vasitəçi olması sual doğurur. Çünki Ukrayna məsələsi geopolitik qarşıdurmadır və burada hərbi əməliyyatlar labüd görsənir. Ukraynanın isə hərbi əməliyyatlara siyasi və hərbi gücü imkan verəcək. Təbii ki, ABŞ və NATO da prosesdə yer ala bilər. Amma Türkiyə və Rusiya əlaqələrində müharibə başlayarsa mənfi təsiri ola bilər. Bu, Ermənistan və Azərbaycan məsələsində Rusiyanın zəifləyib, iki ölkənin birgə qərarlar almasına gətirib çıxara bilər. Ümumiyyətlə, Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında həll olub. Daxili problemdir və Rusiya ilə həll edilməlidir. Rusiya zəifləsə, burada əlimiz güclənə bilər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllində Kiyevin yanında yer aldığını daima bəyan edib”.

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
2-12-2021, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər