reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ağstafada Şəhid ailəsinə 1-İNCİ ZÜLMÜ... - Elə sözün hər mənasında...

reklam

Ağstafada Şəhid ailəsinə 1-İNCİ ZÜLMÜ... - Elə sözün hər mənasında...








Qarabağ məsələsi, itirilmiş torpaqlar tariximizin yaralı səhifələri olduğu üçün həm Birinci, həm 44 günlük İkinci Qarabağ müharibəsi bizim üçün həssas nöqtələrdir. Elə bu səbəbdəndir ki, cəmiyyət olaraq Qarabağ müharibəsi şəhidlərinə, qazilərinə, onların ailələrinə, problemlərinə həssas yanaşırıq. Zaman-zaman "Hurriyyət"in redaksiyasına bu təbəqəyə mənsub olan vətəndaşlar tərəfindən şikayətlər daxil olur.

Ağstafa rayonundan 44 günlük müharibədə şəhid olmuş Əhmədov Mahmud Fərman oğlunun anası Əhmədova Aybəniz tərəfindən redaksiyamıza daxil olmuş şikayət də bu qəbildəndir. Aybəniz xanımın dediyinə görə, şəhid oğlunun xatirə muzeyinin və şəhid bulağı inşa etdirmək üçün "1 İNCİ" lombardından bir dəfə 1700, ikinci dəfə isə 5400 manat məbləğində pul götürüb və əvəzində 139 qram qızıl əşyalarını girov qoyub. Götürülən 1700 manatdan 1000 manat, 5400 manat borcdan da 1000 manat ödənilib. Aybəniz xanım lombardda çalışanlara müraciət edərək ödəmələrdə gecikmə olacağı təqdirdə pulun üzərinə cərimə və faiz yazılmaması üçün xahiş edib. Lombardın rəhbərliyi Aybəniz xanımın qızını Əhmədova Güneli çağırtdırıb, hər iki borc məbləğindən ödənilən 2 min manatı çıxaraq qalan məbləğin borc kimi ödənilməsinə şərait yaradacağına və borcun üzərinə nə cərimə, nə faiz gəlməyəcəyinə söz verib.

Lombardın işçi heyəti dəyişdirildikdən iki ay sonra Aybəniz xanım buranı ziyarət etdikdə yeni heyət ona cərimənin silindiyini, faizin isə 2800 manat məbləğinə çatdığını açıqlayıb. Aybəniz xanım lombard rəhbərliyinin yeni qərarı ilə bağlı niyə ona məktubla məlumat verilmədiyindən gileylənib.

Maraqlıdır ki, lombard rəhbərliyi əvvəlki rəhbərliyə ödənilən 1700 və 5400 manat borcdan ödənilən 2 min manatı da nəzərə almır və faizlər 1700 ilə 5400 manat borc məbləğlərindən hesablanmağa davam edir. Nəticə olaraq fazilərlə ümumi borc məbləği 9900 manata çatıb. Aybəniz xanım çıxış yolunu Ağstafa rayon prokuroru Anar Cəfərova müraciət etməkdə görüb və ondan köməklik göstərməsini xahiş edib. İlk müraciətdə məsələ ilə məşğul olacağını və lombard rəhbərliyini çağırıb məsələnin yoluna qoyulmasında köməklik göstərəcəyini vəd edən rayon prokuroru, sonra lombardın səhmdar cəmiyyət açıdğını, bank fəaliyyəti ilə məşğul olduğunu bildirib.

Yardım axtarışında olan Aybəniz xanım rayon icra başçısı Seymur Orucovun, icra başçısının birinci müavini Hüseynov Müşfiqin, Ağstafa rayonu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri Qədiməliyev Arizin qəbulunda olub. Dövlətin səlahiyyətli nümayəndələri birağızdan məsələnin həllinə "güclərinin çatmadığını" açıqlayıb. Dövlət nümayəndələrindən ümidi kəsilən Aybəniz xanım çıxış yolunu "Hürriyyət" qəzetinə müraciət etməkdə görüb.

İndi Aybəniz xanım şəhid oğlunun xatirəsini əbədiləşdirmək üçün muzey və bulaq tikintisini başa gətirməsini maddi imkan yetərsizliyindən səhv addım kimi dəyərləndirir. Amma unutmayaq ki, onu yerində olan, övladını vətənə, dövlətə qurban vermiş hər bir valideynin ürəyindən ciyərparasının xatirəsinin əbədiləşdirilməsi keçər. Əlbəttə ki, bu ilk öncə dövləti təmsil edən nümayəndələrin vəzifə borcudur. Son zamanlarda qazilərlə yaşanan bəzi neqativ hallar cəmiyyətdə xoş olmayan təəssüratlar yaradır. Bilirik ki, dövlətin, sərhədlərimizin qorunması hərbçilərin, əsgərlərin çiyinlərindədir və dövlətin bu kontingentə münasibəti elə öz sərhədlərinə, ərazilərinə münasibətinin necə olmasını sərgiləyir. Şəhidlərə sonrakı münasibət dövlətin onu qoruyacaq olanlara münasibətinə motivasiya verir. Dövlət onun uğrunda ölməyə hazır olan vətəndaşla bağını diri və sağlam saxlamalıdır, çünki dövlət təhlükəsizliyi hər zaman aktual məsələdir. Bizi gözü götürməyən dövlətlərin əhatəsində varlığımızı sürdürdüyümüzü göz önünə alsaq deməliyik ki, bu, dövlətin varlığı-yoxluğu məsələsidir. Bu səbəbdən dövlət onu sevənlərə, onun yolunda ölümə gedənlərə xoş və qayğıkeş münasibət sərgiləməlidir.

Təbii ki, bu münasibət ilk növbədə dövlət rəsmiləri tərəfindən ifadə olunmalıdır. Unutmayaq ki, böyük zəhmətlə böyüdüb boya-başa çatdırdığı övladını dövlətə qurban vermiş valideyinlər üçün xatirə muzeyi də, şəhid bulağı da bir növ təskinlik tapmaq ümididir. Bu məsələlərdən doğan çətinliklər, şikayətlər prezidentə yazılmadan, KİV-lərə yetişmədən dövlətin səlahiyyətlərindən yaralanan, maaş alan rəsmilər tərəfindən həll olunmalıdır.

"1 İNCİ" lombarda gəlincə, belə təəssürat yaranır ki, insanlardan kifayət qədər pul qazanan bu maliyyə müəssisələri bir şəhid anasının borcunun üzərinə "işıq sürətiylə artan" faizlər qoymamaqla da qazancını təmin edəcəkdi. Şəhid anasının oğlu üçün fəda etdiyi ailə qızıllarına göz dikmək nə insanlığa, nə vətəndaşlığa, nə də şərəf-ləyaqət məfhumuna yaraşmaz.

O ki qaldı "lombardın səhmdar cəmiyyət açıdğını, bank fəaliyyəti ilə məşğul olduğunu" deyən rayon prokuroru Anar Cəfərova, eləcə də bir ağızdan məsələnin həllinə "güclərinin çatmadığını" deyən rayon icra hakimi Seymur Orucov, icra başçısının birinci müavini Hüseynov Müşfiq, Ağstafa rayonu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri Qədiməliyev Ariz "müəllimlərə", qeyd etmək istərdik ki, adi lombardın acgöz tamahkarlığından qaynaqlanan problemi həll etməyə "gücü çatmayan" dövlət qulluqçularının gərək dövlət kreslosunu zəbt etməyə də gücü çatmasın.

Unutmaq lazım deyil ki, siz dövlət binalarında, dövlətin verdiyi kreslolarda "yaraşıq üçün oturmursunuz", probelmlərin Prezidentə, Birinci vite-prezidentə, yaxud Bakıda yerləşən dövlət strukturtlarına çatmadan çözülməsi üçün oturursunuz...

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
15-07-2022, 10:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər