reklam
Regionxeberlericom.az » Siyasət » İlham Əliyevin ŞUŞA İSMARICLARI... - Bu həm də YOL XƏRİTƏSİDİR...

reklam

İlham Əliyevin ŞUŞA İSMARICLARI... - Bu həm də YOL XƏRİTƏSİDİR...



Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Həmin gün Prezident və birinci xanım Mehriban Əliyeva Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə də tanış olublar.

AzərTac xəbər verir ki, dövlətimizin başçısının sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində “Zəfər yolu”nun tikintisi, həmçinin Füzuli Beynəlxalq Hava Limanında tikinti işləri başa çatmaq üzrədir.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə gediblər.

Avqustun 29-da Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa mane olmasın.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edib - YENİLƏNİB

Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Sonra Prezident İlham Əliyev Şuşada 1-ci məhəllənin təməlini qoyub.

Prezident və birinci xanım avqustun 29-da Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışını ediblər. Həmçinin Şuşada “Hotel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub.

Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışını da ölkə Prezidenti həyata keçirib.

Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq artisti Bülbülün Şuşadakı ev-muzeyinin də bərpa işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Avqustun 30-da isə Şuşada Vaqif Poeziya Günləri başlayıb. Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışına qatılıblar.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edib. Dövlət başçısı bu günü ölkəmizin həyatında çox əlamətdar bir gün adlandırıb, bütün iştirakçıları Azərbaycan xalqını təbrik edib.

Prezident qeyd edib ki,Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalıb: “Bu gün isə məqbərə tam bərpa edilib və 29 avqustda məqbərənin ikinci açılışı olmuşdur».

İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması tarixindən də söz açıb: “Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.

Prezidenti qeyd edib ki, Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var: “Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra - 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra - 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik.

Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq.

Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq".

Dövlət başçısı Şuşanın dirçəlməyə başlamasından və bunun üçün atılan əməli addımlardan da danışıb: “Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, ”Xarıbülbül" festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.

İlk səfərim çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər - 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər. Bəli, şəhər hələ ki dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb.

Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi, biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı.

Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu. Dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır.

Yeni hotel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu hotelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi.

Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beş mərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.

Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik".

Ölkəmizin başçısı daha bir maraqlı məqama da diqqəti yönəldib: “Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq".

Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa səfərləri mühüm tarixi hadisədir və tarixi məqamlarla yadda qaldı. Ölkə rəhbərləri səfər çərçivəsində mədəniyyətimizin paytaxtı elan olunan Şuşa şəhərində bir sıra abidələrin açılışında iştirak etmələri Azərbaycan hakimiyyətinin bu şəhərə verdiyi önəmi və öz məqsədində nə qədər əzmli olduğunu göstərir.

Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, Prezidentin ölkə daxilində həyata keçirdiyi səfərlərin xronikasında Qarabağ birinci yerdə dayanır: ““Qarabağ” deyərkən regionda coğrafi ərazi bölgüsündən söz açmırıq. Daha artıq dərəcədə azad torpaqlara səfər adı altında bunları birləşdirsək, şübhəsiz onun sübutudur ki, ölkə rəhbəri dövlət quruculuğunun ağırlıq mərkəzini məhz Qarabağa köçürüb. Cənab Prezidentin Füzuliyə, Şuşaya səfəri onun göstəricisidir ki, Əliyev təməlli bir dövlət quruculuğu indi həmin o qeyd etdiyimiz ərazilərdə özünü daha çox göstərir. Əsası qoyulan hər bir inşaat işi hansısa bir infrastruktur layihəsi olmağından daha çox, müqəddəs funksiya da daşıyır və bu, önəmlidir. Şuşadan danışırıqsa, Pənahəli xanın əsasını qoyduğu bu qala indiki dövrdə, İlham Əliyevin addımları ilə xüsusi bir 21-ci əsrin inşaat modelləri ilə, müasir sistemləri ilə bir istehkam kimi formalaşmaqdadır. Buradan onu göstərmək olur ki, Prezident İlham Əliyev indi Bakıdan daha çox, Şuşa üzərindən Azərbaycanı idarə edir. Uzun əsrlər boyu bizim üçün musiqi, mədəniyyət, ədəbiyyat, inscənət beşiyi olan bu məkan həm də bir siyasət beşiyinə çevrilir və sözün həqiqi mənasında İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı orada qarşıladığı kimi indi hər bir xarici dövlət başçısına orada əl uzatmaq, onlarla protokollar üzərindən görüşlər keçirmək, Şuşanı diplomatik siyasi paytaxtımıza çevirməyə iddialıdır. Azərbaycanın tarixi karifey şəxsiyyətlərinin abidələrinin, ev muzeylərinin açılışı, Vaqif Poeziya Günlərinin keçirilməsi mədəniyyət istehkamları olmaqla bərabər, həm də Azərbaycanın hərbi-siyasi gücünü artıran hadisələrdir. Bu hadisələri yalnız iqtisadi, mədəni hadisə kimi qəbul etmək yanlış olar. Çünki bu, həm təhlükəsizlik məsələsidir, həm hərbi hadisədir".

Deputat vurğuladı ki, hava limanlarının inşası da çox ciddi hadisədir: “Bir kiçik məkana belə hava limanları siyasəti İlham Əliyevin daha uzağa gedən planlarının ortaya çıxardığı nəticələrdəndir. Biz qətiyyən iddia eləmirik ki, Azərbaycan imperiyası qurmaq üçün bunları edirik. Biz onu deyirik ki, regionda əsas siyasi pardiqma dəyişərsə, regionda yeni iqtisadi, siyasi arxitetktura qurularsa, komunikasiyaların açılması baş verərsə, Azərbaycan buna daha hazır olacaq. Və bununla da iqtisadi mərkəz funksiyasını yerinə yetirəcək. Prezident İlham Əliyev deyəndə ki, biz İrəvana, Göyçəyə qayıdacağıq, bu, tanksız-topsuz qayıdışı nəzərdə tutur və Qarabağda görülən hər bir iş bunu doğurmaq üçündür. ”10 noyabrdan keçən dövr bizim senarimiz əsasında keçibdir" deyərkən onun alt qatında məxfi, cəmiyyət üçün açıqlanmayan nələrin olduğunu hər kəs başa düşməlidir. Cənab Prezidentin bütün digər ərazilərimizdən daha üstün bir səviyyədə-elə özünün həm də coğrafi yüksəkliyinə görə, Şuşanı, Kəlbəcəri, Laçını birinci yerə qoyması onun sübutudur ki, qarşıdakı illərdə hər gün xəbər məkanına oraların quruculuğuna dair xəbərlər daha çox daxil olacaq".


Paylaş:


Müəllif : Tarix:
31-08-2021, 09:25
Sikayət   


loading...
Загрузка...