reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sürücülər DANX-ABADA MƏNGƏNƏSİNDƏ... - NARAZILIQ!

reklam

Sürücülər DANX-ABADA MƏNGƏNƏSİNDƏ... - NARAZILIQ!

















Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən sürücülərə DANX və ABADA-ya qarşı üsyan həddindədirlər

“Məsələn, son vaxtlar Masallıda peyda olan “Arikivan-Trans” adlı firma var, sahibi də Abdulla deyilən bir uşaqdır, 500 “dozval” varsa, onun 450-ni ona verirlər, camaat da yollarda qalır. “Arkivan-Trans” İrandan Rusiyaya yük daşıyırsa, biz də həmişə İrandan Rusiyaya, üçüncü ölkəyə yük daşımışıq, bəs, bu bölgü niyə düzgün aparılmır? Yalandan deyirlər ki, dövlət tərəfindən sahiblkarlara dəstək var, amma biz bu dəstəyi görmürük. O dəstəyi yenə də hansısa məmurlar, imkanlı adamlar görür”

İllərin sınağından keçmiş bir deyim var, bircə dəfə rüşvət aldınsa, demək, “bulaşıcı xəstəliyə” yoluxmusan. Çox təəssüf ki, bu “xəstəlik” Azərbaycanda pandemiya səviyyəsinə çatıb. Odur ki, bütün dünyanı ağuşuna alan “COVİD 19” virusu ilə mübarizə artıq yekunlaşmaq üzrə olsa da, Azərbaycanda illərdir rüşvətin kökünü qazımaq mümkün olmur. Əksinə, vəziyyət o həddə çatıb ki, bəzi məmurlar öz şəxsi gəlir sahələrini artırmaq üçün, yeri gələndə dövlət büdcəsinə daxil olan milyonlarla manat vəsaitin önünü də kəsirlər. Bu haqda növbəti yazımızda məlumat verəcəyik. İndi isə, son vaxtlar beynəlxalq daşımaçılıq fəaliyyəti ilə məşğul olan sürücülərin başına gətirilən oyunlar haqda qısa bilgi verək.

TIR sürücüləri etiraz edir

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, son vaxtlar bu məsələ ilə bağlı “Hürriyyət”in redaksiyasına onlarla TIR sürücüsü tərəfindən şikayət daxil olub. Sürücülər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin onların fəaliyyətinə yaratdığı süni əngəllərdən şikayətçidir. Onlar deyir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Həbib Həsənov vəzifədən uzaqlaşdırılandan, daha doğrusu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunandan sonra, yerinə gələn şəxsin illərdir bu qurumun onlara yaşatdığı zülmdən xilas edəcəyini düşünürdülər, amma, necə deyərlər, “sən saydığını say, gör fələk (oxu: Anar Rzayev) nə sayır”. Sürücülər deyir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi səlahiyyətlərini icra edən Anar Rzayev gələndən sonra vəziyyətləri bir qədər də ağırlaşıb. İddia olunur ki, rəis əvəzi toplanan rüşvətin həcmini qaldırmaq (Növbəti yazımızda bu haqda faktları təqdim edəcəyik – red.) və beynəlxalq yükdaşıma sahəsində aşkar monopoliya yaratmaqla, sürücülərin fəaliyyətin aşkar şəkildə əngəl törədi...

Sürcülərin “dozval” problemi

Məlumat üçün bildirək ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan TIR sürücüləri “dozval” (dozvola) adlandırdıqları “üçtərəfli icazə vərəqəsi”nin (“Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları) verilməməsindən şikayətçidir. Onların sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) sürücülər arasında ayrı-seçkilik yaradaraq, sözügedən “icazə vərəqəsi”ni ancaq özlərinin himayəsində olan, yaxud da müxtəlif məmurlara aid olduğu bildirilən firmalar arasında bölüşdürür ki, nəticədə “arxası” olmayan, sərbəst fəaliyyət göstərən TIR sürücülərinə böyük zərər dəyir...

Sürücülərin sözlərindən aydın olur ki, bölgünü aparan ABADA bu blankların sayının az olmasını “əsas” gətirərək, “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blanklarını xüsusi defisit kateqoriyasına keçirmişdir. Bu səbəbdən də “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blanklarının orjinal “CMR” blankları əsasında veriləcəyini elan edib. Üstəlik, “CMR”-də olan ştamplar nəqliyyat vasitəsinin daxil olduğu şirkətə aid olmalıdır. Fevralın 10-da ABADA tərəfindən elan olunub ki, “İcazə” blankları ilk mərhələdə fevral ayının 8-i tarixindən öncə yüklənmiş və Azərbaycan Respublikasının ərazisinə daxil olmuş nəqliyyat vasitələrinə veriləcək. Bundan əlavə, bölgünün 10 fevral tarixində yekunlaşdırıldığı bildirilib.

Azərbaycana 140-200 min “icazə blankı” verilirsə...

Əslində, “icazə vərəqəsi”nin sayının az olması fikri ilə razılaşmayan və Azərbaycana təxminən 140-200 min ədəd blank verildiyini bildirən şikayətçilər isə deyir ki, “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları cəmi bir neçə firma arasında bölüşdürülür. “Məsələn, son vaxtlar Masallıda peyda olan “Arikivan-Trans” adlı firma var, sahibi də Abdulla deyilən bir uşaqdır, 500 “dozval” varsa, onun 450-ni ona verirlər, camaat da yollarda qalır. “Arkivan-Trans” İrandan Rusiyaya yük daşıyırsa, biz də həmişə İrandan Rusiyaya, üçüncü ölkəyə yük daşımışıq, bəs, bu bölgü niyə düzgün aparılmır? Yalandan deyirlər ki, dövlət tərəfindən sahiblkarlara dəstək var, amma biz bu dəstəyi görmürük. O dəstəyi yenə də hansısa məmurlar, imkanlı adamlar görür”, - deyə sürücülərdən biri “Hürriyyət”ə bildirib.

“Dozval” niyə yüklü maşınlara verilir?

Sürücülər deyir ki, yeni qaydalara əsasən, “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları yalnız maşınlar yüklü olduqdan sonra verilir. Bu isə onunla əlaqədardır ki, sürücü məcbur olub, onların istədiyi rüşvəti versin: “Maşın boş olanda heç kimdən əlavə pul tələb edə bilmirlər. Çünki heç bir sürücü artıq ödəniş etmir. İndi “dozvalı” ancaq yüklü maşınlara ona görə verirlər ki, sürücülər məcbur olub, onların istədiyi pulu versinlər. Əks halda yük maşında qalıb xarab olduğundan, sürücülər onların istənilən tələbi ilə razılaşmalı olurlar”.

“Dövlət rüsumu” 30-40 dəfə artırılıb

Məlumata əsasən, “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları üçün dövlət rüsumu 20 ABŞ dolları olsa da, sürücülərdən əlavə olaraq 20 manat 40 qəpik də “xidmət haqqı” alınır. Amma, qeyd etdiyimiz kimi, bu, sadəcə “dövlət rüsumu”dur. Sürücülər bildirir ki, son vaxtlar “icazə vərəqəsi”nin “bazar qiyməti” 300-500 dollara qaldırılıb. Hətta bəzi hallarda bu rüşvəti ödəməyə hazır olan sürücülər belə, həftələrlə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin binası qarşısında gözləməli olurlar. Bu zaman isə, təbii olaraq, TIR-lara yüklənən mal vaxtında ünvanına çatmadığından xarab olur ki, nəticədə də cəriməsini sürücülər ödəməli olurlar.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bu haqda redaksiyamıza çox sayda şikayət daxil olub. Sürücülər yaxın günlərdə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın qanunsuz əməllərinə qarşı ciddi etiraz nümayiş etdirəcəklərini bildirirlər. Üstəlik, bir çox şikayətçilər var ki, rəsmi qurumların bu cür yarıtmaz fəaliyyəti nəticəsində külli miqdarda zərərə düşüblər, onlar öz haqlarını hüquq müstəvisində əldə etməyi düşünürlər.

Odur ki, “Hürriyyət”in növbəti sayında bunlarla, eləcə də “nəqliyyat dəllalları” şəbəkəsinə daxil olan bütün rəsmi və qeyri-rəsmi şəxslərin fəaliyyəti ilə bağlı faktları oxucularımıza təqdim edəcəyik. Bizi izləyin.

Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//“Hürriyyət”//




Paylaş:


Müəllif : Tarix:
15-02-2022, 10:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər