reklam
Regionxeberlericom.az » Cəmiyyət » Parkda gecələyən azyaşlı qardaşlar - "Biz buraya polis maşınında qonaq gəlmişik"

reklam

Parkda gecələyən azyaşlı qardaşlar - "Biz buraya polis maşınında qonaq gəlmişik"
























Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin məişət zorakılığı qurbanları üçün inşa etdiyi sığınacaq əsasən qadınlar üçün nəzərdə tutulsa da, buranın sakinlərinin çoxu uşaqlardır. Zorakılığa məruz qalmış anaları ilə birgə bu sığınacağa gələn uşaqların əksəriyyəti artıq bu məkanın daimi sakinlərinə çevrilib. Onlar uşaq bağçasında olduğu kimi, burada yatır, yemək yeyir, həm də təhsil alır...

Biz sığınacağa çatanda onların çoxu yataq otaqlarında idi. Amma səs-küylərindən oyaq olduqları, hətta oynadıqları eşidilirdi. Sığınacağın üçüncü mərtəbəsinə qalxanda pilləkən boyu dağınıq vəziyyətdə olan uşaq ayaqqabıları ilə qarşılaşırıq. Bizi müşayiət edən Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sığınacağının kiçik sakinlərinin hələ körpə ikən çox ağır həyat yolu keçdiklərini söyləyir.

Onun sözlərinə görə, sığınacağa gələn uşaqlar arasında erkən ana olanlar, hətta zorakılığa məruz qalanlar belə var.

Sputnik Azərbaycan körpə ikən sığınacağa pənah gətirən uşaqlardan hazırladığı reportajı təqdim edir.

İlk həmsöhbətimiz iki azyaşlı qardaşdır. Valideynləri məcburi köçkün olan Səidlə Mübariz (adları şərtidir) iki aydır ki, bu sığınacaqdadırlar. 5 yaşlı qardaşlar analarının onlara şokolad almağa getdiyini söyləyirlər. Səidlə Mübariz sığınacağa qonaq gəldiklərini zənn edirlər: "Biz buraya qonaq gəlmişik. Anam deyir ki, tezliklə evimizə gedəcəyik. Amma biz evimizə qayıtmaq istəmirik".

Səid və Mübariz bunu atalarının evin pəncərələrini qırmağı, analarını tez-tez döyməyi ilə izah edirlər: "Atamız anamızı döyəndə bizi də qışqırdığımıza, ağladığımıza görə vururdu. Biz buraya polis maşınında qonaq gəlmişik".

M.Zeynalova sığınacaqda qalanların əksəriyyətinin polis vasitəsilə gətirildiyini təsdiqləyir. Onun sözlərinə görə, Səidlə Mübariz rayonlardan birində yaşayıblar. Onlar iki ay öncə valideynləri ilə gecə parkda gecələdikləri üçün polis onları sığınacağa gətirib: "Polislər parklarda gecələyən, getməyə heç bir yeri olmayan qadınları uşaqları ilə birgə bizim sığınacağa yerləşdirirlər. Bu qardaşlar da anaları ilə birgə parkdan buraya gətiriliblər. Hazırda anası onların sənədlərinin hazırlanması üçün ASAN Xidmət mərkəzinə gedib".

M.Zeynalova zorakılıq olan ailələrdə uşaqların da əksər hallarda şiddətə məruz qaldığını söyləyir. Birlik sədri deyir ki, ailələrdəki zorakılıq uşaqlardan yan keçmir.

Birlik sədri qeyd edib ki, bu il sığınacağa daxil olanların 22-si yeniyetmədir. Sığınacaq sakinlərindən 201-i qadın, 216-sı isə uşaqdır. Onun sözlərinə görə, 17 uşaq sığınacağa valideynsiz daxil olub. Onlar sığınacağa müxtəlif polis bölmələrindən gətiriliblər. Sığınacağa daxil olanlardan ikisi erkən nikaha daxil olan 13 yaşlı qızlardır. Onlar artıq dünyaya övlad da gətiriblər".

M.Zeynalova bildirir ki, hazırda sığınacaqda oxumaq-yazmaq bilməyən uşaqlar var: "Burada ümumiyyətlə təhsil almayan uşaqlar da var. Hazırda onları təhsilə cəlb etmək mümkün deyil. Çünki sığınacağa sığınan uşaqlar arasında heç bir sənədi olmayan uşaqlar da var".

Hazırda onların sənədlərinin hazırlanması istiqamətində iş aparılır: "Bu müəyyən qədər vaxt aparan işdir. Çünki sığınacağa gələn uşaqların əksəriyyəti rəsmi nikah olmadan doğulan uşaqlardır. Onların atalığının müəyyən olunması və sənədlərinin hazırlanması vaxt aparır".

Odur ki, belə uşaqlara sığınacağın pedaqoqu tərəfindən dərslər keçirilir ki, onlar təhsildən tam kənarda qalmasınlar.

9 yaşlı Amidlə (adı şərtidir) elə sinif otağında rastlaşırıq. Amid də sığınacağa yeni gələndə təhsildən kənarda qalsa da, artıq 4-cü sinfə gedir. Uşaq sığınacaqda yaşamağının səbəbini atasının onları sevməməsi ilə izah edir: "Atam bizi sevmir. Anamı isə döyür. Biz ona görə daha burada yaşayırıq".

Kiçik həmsöhbətimiz burada özünə dostlar tapsa da, məhəllə uşaqları, dostları və sinif yoldaşları üçün çox darıxdığını söyləyir. Onun sözlərinə görə, anası evdə daha çox incidildiyi üçün geri qayıtmaq istəmir: "Atam anamı döyməsə, evimizə geri qayıtmaq istəyərəm. Amma anam orada ağlayır deyə evimizə qayıtmaq istəmirəm".

Amid gələcəkdə təhsilini ilk qədəmlərini qoyduğu məktəbdə davam etdirmək arzusundadır. Amma M.Zeynalova bunun mümkünsüz olduğunu söyləyir. Bildirir ki, uşaqların öz oxuduqları məktəbdə təhsilə davam etməsi mümkünsüzdür. Çünki onların yerləşdirildiyi sığınacağın yeri gizli saxlanılır: "Dəfələrlə olub ki, zorakılıq göstərən kişilər buraya da hücum ediblər. Onlar polisin müdaxiləsindən sonra buradan uzaqlaşdırılıblar. Ona görə uşaqlar əvvəl təhsil aldıqları məktəbə yox, başqa məktəblərə yerləşdirilirlər".

Sığınacaqda məskunlaşan uşaqların əsas problemlərindən biri ərazidə ümumtəhsil müəssisəsinin olmamasıdır. Bu səbəbdən də valideynləri onları uzaqda yerləşən məktəblərə aparıb-gətirməli olurlar. Sığınacağın yolunun abad olmaması isə onların bu çətinliyini daha da artırır. Bir sözlə, sığınacağa yerləşmək buradakı uşaqları doğmalarının şiddətindən, qışda soyuqda, yayda isə istidən qoruyur. Həyatın digər çətinlikləri isə onların hələ bərkiməyən çiyinlərinin üzərindədir...




Paylaş:


Müəllif : Tarix:
25-11-2021, 10:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər