reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bircə ildə nikahsız doğulan 20 716 uşaq - Onlardan imtina olundu?

reklam

Bircə ildə nikahsız doğulan 20 716 uşaq - Onlardan imtina olundu?


2018-ci ildə Azərbaycanda rəsmi nikahda olmayan qadınlardan doğulan uşaqların sayı 20716 olub. Bu rəqəm diri doğulan uşaqların ümumi sayına nisbətən, faizlə 14,9 faiz təşkil edir. Qeyd edək ki, bu rəqəmlər daha çox 2004-cü ildən artmağa başlayıb. Həmin il nikahdan kənar doğulanların sayı 26669 nəfər olub. Müstəqillik tarixindən 2000-ci illərə qədər 5-10 min arası dəyişib. Sovet hakimiyyəti illərində isə 5-6 min, bəzi illərdə daha az, bəzi illərdə isə 7-8 min arasında dəyişib.

Uşaqların nikahsız ailələrdə dünyaya göz açması belə uşaqların həm valideyninə, həm də onların özlərinə ciddi çətinliklər yaradır.

Lent.az bu cür körpələrin və onları dünyaya gətirən anaların üzləşdiyi problemlərə toxunub.

Nikahsız doğulan uşaqlar hansı problemlərlə üzləşirlər?

Məsələnin hüquqi tərəfi ilə bağlı danışan vəkil Roman Qaraşov bildirib ki, bəzən nikah yaşına çatmayanların, yaxud nikahda ola-ola digər şəxslə ailə münasibətlərdən övladlar dünyaya gəlir. Bu kateqoriyadan olan uşaqlar nikahdan kənar doğulan sayılır: “Belə ailələrdə ata-ana arasında faktiki münasibət olsa da, dövlətin tanıdığı, qoruduğu ailə münasibətləri mövcud olmur.

Ümumiyyətlə, nikahdan kənar doğulan uşaqlar ciddi bir hüquqi risk altındadır. Çünki faktiki ailə münasibətləri bitərsə, uşağın maraq və mənafeyi baxımından onun soyad və ata adının verilməsindən başlayaraq aliment, əmlak hüquqları, vərəsəlik hüquq münasibətlərinə qədər, hər addımda mübahisəli məsələlərin, məhkəmə çəkişmələrinin içinə daxil olurlar”.

Vəkil bildirib ki, bəzən atalar qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadlarını vermək istəmirlər, bunun əsas səbəbi alimentlə bağlı olur: "Bəzi atalar, hətta məhkəmə vasitəsilə öz uşaqlarından imtina etməyə çalışırlar. Bu halda məhkəmədə atalığın müəyyən olunması barədə iddia qaldırılır. Bu aylarla çəkən bir prosesdir. Həmin zaman ərzində ekspertizanın keçirilməsi və digər problemlər ortaya çıxır.

Atalıq müəyyən olunmadan nə əmlak xarakterli mübahisələrdə tərəf qismində çıxış etmək olur, nə də həmin uşaqlar vərəsə kimi miras əmlakından pay ala bilirlər.

Uşaqların maraqları naminə hər bir halda ata-ana arasında nikah münasibətlərinin olması vacib faktordur. Hər hansı mərasimin keçirilməsi, yaxud dini adətlərə uyğun olaraq kəbinin kəsilməsi hüquq yaratmır. Yalnız nikah rəsmi dövlət reyestrində qeydiyyata alındığı təqdirdə hüquqi əhəmiyyət kəsb edir. Bu səbəbdən hər kəsə tövsiyə edərdik ki, mütləq ailə münasibətlərini rəsmləşdirsinlər, ən azından öz gələcək övladlarının hüquqlarının təmin olunması baxımından bu ən vacib məsələdir”.

Milli Məclisin üzvü Jalə Əliyevanın sözlərinə görə, uşaq hüquqları ilə bağlı bütün müddəalar, eyni zamanda Azərbaycanın qoşulduğu konvensiyalar atalı-analı uşaqlara şamil edildiyi kimi, nikahdankənar doğulan uşaqlara da şamil edilir: “Qanunlar nikahdankənar doğulanlara heç bir ayrıseçkilik qoymur. Yəni, tək ananın böyütdüyü uşaqla hər iki valideyni olan uşaq arasında heç bir fərq qoyulmur. Uşağın bütün hüquqları qorunur.

Amma burda mənəviyyat məsələsi var. Yetkin insanlar, sadəcə özlərini deyil, özündən sonra gələn nəsli, xüsusilə qorunmağa çox böyük ehtiyacı olan uşaqların taleyini düşünməlidirlər. Ona görə də münasibət quran hər iki tərəf hansısa bir yanlış addım atmaqdan çəkinməlidir. Çünki zərəri uşaqlara dəyir. Onlar cəmiyyətdə damğa ilə böyüyür. Qanunlarımıza baxmayaraq, cəmiyyətdə hər insan eyni deyil. Müxtəlif təbəqələr, mədəniyyət səviyyələr var. Bu hallar hər bir sosial təbəqə tərəfindən fərqli şəkildə qarşılana bilir. İnsanlar ailə qurarkən qanuniləşdirərsə, bundan cəmiyyət də qazanar”.

Deputat bildirib ki, bu cür halların qarşısını almaq üçün qanunlarda müəyyən dəyişiklik edilə bilər: “Nikahdankənar doğulan uşaqların problemi ilə ən çox qadın tək qalır. Qarşı tərəfin həmin məsuliyyəti anlaması, ən azından övladına öz adını verməsi üçün müəyyən addımlar atıla bilər. Əslində, qanunlarımız, nikah idarələrimiz bunun əleyinə deyil. Əgər kişi öz adını vermək istəyirsə, hətta nikahı da yoxdursa, bu, qəbul olunur. Əlbəttə, arzuediləndir ki, bu məsələ ilə bağlı konkretləşmə olmalı, qanunlar sərtləşməlidir. Çünki sırf qanunların dili ilə danışıldığı zaman cəmiyyət daha çox qazanır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova bildirib ki, 2018-ci ildə Azərbaycanda rəsmi nikahda olamayan qadınların 20 716 körpəsi doğulub.



Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydiyyata alınmış uşaqların sayına baxanda məlum olur ki, onlardan hər iki valideynin ərizəsinə əsasən doğulanlar 15313 uşaq olub, tək ananın ərizəsinə əsasən isə 5403 uşaq doğulub: “Bir çox ailələr var ki, obyektiv və subyektiv səbəblərdən rəsmi nikahları olmayıb. 10-15 ildir bir yerdə yaşayıb rəsmi nikahda olmayan, lakin normal davam edən ailələr var. Araşdıranda məlum olur ki, hansısa sənəd probleminə görə rəsmi nikahları yoxdur. Bu ailələrdə dünyaya gələn uşaqlar problem yaşamadan ailənin içində yaşayırlar.

Məsələnin ağrılı tərəfi tək ananın ərizəsi əsasında qeydə alınmış uşaqların sayıdır. Bu da dediyim kimi, 5403 uşaqdır. Onu da qeyd edim ki, əvvəlki illərə, məsələn, 2013-cü ilə baxanda bu say kifayət qədər aşağı düşüb. 2013-cü ildə tək ananın ərizəsi əsasında Ədliyya Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 14 min197 olub. Aparılan maarifləndirmə işləri, aparılan təlim və treninqlər, görüşlər öz nəticələrini göstərməkdədir”.

A.Veysəlova 5403 uşağın hansı şəraitdə dünyaya gəlməsi məsələsinə də toxunub: “Ola bilər ki, bu uşaqlar ya vətəndaş nikahı, ya da qeyri-rəsmi nikah, sadəcə birgə yaşayışdan doğulur. Oa bilər ki, uşağın doğumu ərəfəsində kişi rəhmətə gedib. Ola bilsin, qısa vaxtda boşanma, yaxud uşaq dünyaya gəlmədən ayrılıq olub və s. İstənilən halda bu uşaqlar valideynlərin birgə ərizəsi əsasında deyil, tək ananın ərizəsi əsasında qeydə alınır. Bu uşaqların sonradan bir sıra çətinlikləri yaranır. Təkcə aliment problemi, gündəlik ehtiyaclarının ödənilməsi məsələsi deyil, həm də psixoloji faktorlar var. Uşağın yetişməsində təlim-tərbiyəsində tək ananın deyil, atanın da böyük rolu var. Tək valideynlə böyüyən uşaqlar, adətən psixoloji cəhətdən bir az çətinlik çəkir. Travmalar alırlar, birtərəfli olurlar. Nəzərə alsaq ki, tək valideyn həm də ailənin sosial problemlərini də həll etməlidir, yəni işləməlidir”.

A.Veysəlova bildirib ki, rəsmi nikahın olmamasının obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır: “Bu, böyük bir təhlil tələb edir. Problemin kökündə nəyin dayandığı təhlil olunmalıdır. Bir çox hallarda regionlarda keçirilən tədbirlər zamanı illərlə birlikdə yaşayan, amma rəsmi nikahı olmayanların komitənin də dəstəyi ilə nikahları rəsmiləşdirilib. Problem yalnız travma və mənəvi sıxıntılarda deyil, həm də uşaqların sənədləşmə məsələsində yaranır. Bunun da qarşısını almaq üçün təkmilləşdirmə aparılır. Əlbəttə, uşaqların rəsmi nikahı olan ailələrdə dünyaya gəlməsi önəmlidir. Qadınlar rəsmi nikahda olduqda, yaxud hansısa bir səbəbdən nikahı yoxdursa, özünü etibarlı hiss etdiyi yerdə dünyaya uşaq gətirməlidir. İndi gündəmdə duran bu aktual problem təhlil olunmalıdır. Komitə olaraq bu məsələlərlə bağlı araşdırmalar, təcrübələr aparılır. İstər qadın, istərsə də kişi olsun, uşaq dünyaya gətirmək, valideyn olmaq məsuliyyətini dərk etməlidir. Birgəyaşayışdan uşaq dünyaya gəlibsə, hər iki tərəf özünün sosial və mənəvi məsuliyyətini dərk etməlidir. Uşağın şəxsiyyət kimi yetişməsi, sağlam böyüməsi, təhsil alması hər iki valideyinin üzərinə düşən vəzifələrdir. Onlar bunu yerinə yetirməyə borcludurlar. Rəsmi nikah həm qadının, həm kişinin, həm də uşaqların hüquqlarını qoruyan məsələ olduğu üçün buna ciddi fikir vermək vacibdir”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, hər il qeyri-rəsmi nikahlardan doğulan uşaqların artımı müşahidə olunur: “Qeyri-rəsmi nikah dedikdə, daha çox molla kəbini yada düşür, amma bir çox hallarda nikahsız uşaq dünyaya gətirənlərin heç molla kəbini də olmur. Təsadüfi əlaqələrdən dünyaya gələn uşaqlar problemi var. Məsələn, son statistikaya görə, nikahda olmayan qadınlar tərəfindən doğulan 20 mindən çox körpənin arasında bəlkə də 30-40 faizi təsadüfi əlaqələrdən, çox qısa müddətdə birlikdə yaşamaqdan doğulur. Öz təcrübəmizdən deyim ki, əgər hər il 170-200 uşağın yolu müxtəlif problemlərlə bağlı bizim mərkəzdən keçirsə, həmin uşaqların 90 faizinin rəsmi sənədləri olmayan uşaqlar olur. Hətta 6-7 yaşında uşaqların belə doğum haqqında şəhadətnaməsinin olmadığı üzə çıxır. Soruşanda, analar deyir ki, valideyni məni qoyub gedib. Atalığı müəyyən edə bilməmişik. Burda səhlənkarlıq halları da olur. Çox acınacaqlı statistika ilə qarşılaşmış oluruq”.

K.Ağazadə bildirib ki, bu cür uşaqların ən böyük problemi atalığın müəyyən edilməsi ilə bağlı olur: “Atalığın müəyyən edilməsi üçün məhkəmə prosesləri aparılır. Bir çox hallarda atalıq verilmir.

Verildikdə aliment ödənilmir. İllərlə alimentin arxasınca düşməyinə baxmayaraq, yenə də onu əldə edə bilməyən valideynlər və ortada bundan əziyyət çəkən uşaqlar formalaşır. Tək anaların uşaq böyütməyi, əslində özü bir sosial problemdir. Uşağı ya dayənin, ya tanımadıqları insanların himayəsində qoymağa məcbur olurlar. Uşaqlar zorakılığa məruz qala bilir. Nəticədə vətəndaş deyil, uşaqlığını yaşaya bilməyən bir insanla qarşı-qarşıya gəlirik. Onun heç bir vərdişləri, dəyərləri, ailəyə bağlılığı olmur. Aqressiv formalaşırlar. Qeydiyyata düşmüş qeyri-rəsmi nikahlardan dünyaya gələn uşaqların hamısına bunu şamil etmək olmaz. Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 5 min tək analar molla kəbini ilə evləndiyi üçün uşaqlarını heç olmasa qeydiyyata salıblar. Amma kəbini olmayanalar haqqında bizdə ümumiyyətlə məlumat yoxdur. Əgər hazırda bizim sığınacaqda 30 uşaq varsa, onlardan 80 faizinin sənədləri yoxdur. Bu artıq bioloji ana və ataların “məsuliyyətindən” irəli gəlir.


Paylaş:


Müəllif : Tarix:
20-05-2020, 11:47
Sikayət   


loading...
Загрузка...