reklam
Regionxeberlericom.az » Cəmiyyət » UKRAYNA MAFİOZ NAZİRDƏN CANINI QURTARDI - Erməni Avakov niyə yola salındı?

reklam

UKRAYNA MAFİOZ NAZİRDƏN CANINI QURTARDI - Erməni Avakov niyə yola salındı?


Ukraynada ən uzun müddətə nazir kreslosunda oturan və ən mafioz şəxslərdən biri sayılan Arsen Avakov gözlənilmədən istefa ərizəsi yazıb. “AzPolitika.info” xəbər verir ki, bu xəbər hazırda Ukraynada əsas müzakirə mövzusudur.
1964-cü ildə Bakıda doğulan və 2014-cü ildən Ukraynanın Daxili İşlər naziri vəzifəsini tutan erməni əsilli nazir ölkədə ən çox narazılıq edilən və tənqid olunan vəzifəli şəxslərdən biri, hətta birincisi sayılır. 2019-cu ildə Volodimir Zelenski prezident seçiləndən sonra köhnə hökumətdəki postunu qoruya bilən iki nazirdən biri olan Avakov Ukrayna cəmiyyətindəki mənfi reputasiyasına rəğmən daha iki il ölkənin Daxili İşlər naziri ola bildi.
Hansı ki, Zelenski yeni hökuməti formalaşdıran zaman Avakovun 2-3 aylığına, müvəqqəti olaraq bu posta təyin edildiyi söylənirdi. Lakin ekspertlər və hakimiyyətə yaxın çevrələr bütün bu müddət ərzində Avakovun Zelenski hökumətinə müqavimət göstərdiyini, hakimiyyətdəki və siayasi dairələrdəki təsirini qorumağa çalışdığını qeyd edirlər.
Belə ki, rəsmi sərvəti 100 milyonlarla dollarla ölçülən və Ukraynanın ən varlı adamları siyahısında yer alan Avakov həm siyasi, həm də iqtisadi təsirlərə malik şəxs sayılır. Artıq öz postuyla vidalaşan Avakov nazir olana qədər Xarkov şəhərinin meri və Ali Radanaın deputatı kimi vəzifələr tutmaqla yanaşı, öz biznesini də genişləndirməklə məşğul olub. 
Korrupsiya da daxil olmaqla, müxtəlif kriminal, mafioz fəaliyyətlərdə adı hallandırılan bu şəxsə qarşı hətta 2012-ci ildə cinayət işi də açılıb. Cinayət təqibindən qaçan Avakov həmin vaxt bir müddət İtaliyada gizlənib və bununla yanaşı, “Avropada erməni varisliyi” adlı filmin təbliğatı, yayılması ilə məşğul olub. 

Yalnız Yuliya Timoşenkonun partiyasından deputat seçiləndən sonra Ukraynaya qayıda bilən Avakov yenidən aktiv şəkildə siyasətə qoşularaq, “Maydan hərəkatı”na müəyyən maliyyə dəstəyi verməklə, özünə yeni hakimiyyətdə yer etmişd.
2014-cü ildən bu yana siyasi və maliyyə gücünü artırmağa çalışan, Pyotr Poroşenkonun dövründə isə sözün əsl mənasında “at oynadan” Avakovun Odessaya rəhbərlik edən Mixeil Saakaşvili ilə açıq qarşıdurmaya getdiyi ukraynalıların yadından çıxmayıb.

Bu, Avakovun timsalında ölkədəki korrupsiyanın, kriminalın, mafiya idarəçiliyinin Saakaşvilinin timsalındakı demokratiya və şəffaflığa qarşı mübarizəsi idi. Həmin vaxt bu mübarizəni Avakov udmuşdu və Saakaşvili istefaya göndərilmişdi.
Zelenski hakimiyyətə gələndən sonra isə Saakaşvilini yenidən önə çəkdi və ona öz administrasiyasında yüksək vəzifə verdi. Lakin buna baxmayaraq, Avakov yenə öz gücünü, nüfuzunu və vəzifəsini saxladı.

Bütün bunların fonunda Avakovun gözlənilmədən istefa ərizəsi yazması birmənalı qarşılanmır. Bu addımın atılmasıyla bağlı müxtəlif şərhlərə rast gəlinir. Əsasən ABŞ Dövlət Departamentinin yüksək çinli nümayəndəsi Corc Kentin Kiyevə dünənki səfərinə və buradakı görüşlərinə eyham vurulur. Belə ki, ABŞ rəsmisinin Avakovla görüşünün fotolarının ikinci tərəfindən yayımlanmasının Zelenski administrasiyasında ciddi narazılıqla qarşılandığı qeyd olunur. Deyilənə görə, bununla bağlı Avakova prezident ofisindən sərt irad bildirilib. 
Eyni zamanda qeyd olunur ki, Zelenskinin adminstrasiyası ilə onsuz da gərgin münasibətləri olan Avakov bununla birincinin səbr kasasını daşdırmış olub. Bunu Zelenski tərəfdarlarının DİN rəhbərinin istefasına az qala qələbə şadyanalığı şəklindəki reaksiyası da təsdiqləyir. Bu, başa düşüləndir. Çünki cəmiyyətin mövqeyinin əksinə olaraq, Avakovu vəzifədə saxlaması Zelenskinin ən çox tənqid olunan qərarlarından biri və zəifliyi kimi göstərilirdi.

Digər yandan qeyd olunur ki, Avakovun vəzifəsindən atılması təşəbbüsünün sahibi elə məhz onunla şəkil çəkdirən Corc Kentdir. Belə ki, Ukraynada böyük təsirə malik olduğu şübhə doğurmayan ABŞ administrasiyasının Avakova münasibəti mənfidir və hakim komandada onun yer alması narazılıqla qarşılanır.
Hər necə olsa, uzun illər Ukraynanı faktiki idarə edən şəxslərdən biri olan Avakovun Zelenski hökumətindəki yerindən məhrum olduğu birmənalıdır. Əksər şərhçilər bundan sonra ölkənin hüquq-mühafizə orqanlarında gerçək islahatların aparılacağına, DİN sisteminin Avakovun mafioz tör-töküntülərindən təmizlənəcəyinə ümid edirlər. Artıq onun yerinə təyin ediləcək şəxsin adı da məlumdur. Bu, hakim “Xalqın Xidmətçisi” (“Sluqa naroda”) partiyasından olan və hazırda parlamentdə hüquq-mühafizə orqanlarının fəaliyyəti üzrə komitəyə rəhbərlik edən Denis Monastırskidir. 
Doğrudur, Ukrayna qanunvericiliyinə görə, ölkə prezidenti DİN rəhbərini birbaşa istefaya göndərə, yaxud onun istefa ərizəsini qəbul edə bilməz. Bunun üçün parlamentin razılığı olmalıdır. Lakin prezidentin partiyasının Ali Radadakı say üstünlüyü, həmçinin deputatların böyük əksəriyyətinin Avakova olan mənfi münasibəti səsvermənin nəticələrini bəri başdan müəyyən edib.

Siyasi dairələrdə gəzən söhbətlərə görə, nazir vəzifəsindən atılan Avakov yenidən Xarkov meri postu uğunda mübarizəyə başlamaq niyyətindədir. Belə ki, hazırda Ukraynanın bu böyük və strateji əhəmiyyət daşıyan şəhərinin meri vəzifəsinə seçki kampaniyası başlayıb. Avakovun həmin seçkidə iştirak edəcəyi və Zelenskinin tərəfdarı olan digər namizədlə mübarizə aparacağı gözlənilir.
Hər halda Ukrayna cəmiyyətinin və DİN orqanlarının canı ən mafioz və kriminal fiqurlardan biri olan bu şəxsdən qurtarır. Bu xəbər Ukraynadakı həmvətənlərimiz üçün də sevindiricidir. Çünki Avakov Ukrayna rəsmisi olmasına rəğmən, heç vaxt erməni təəssübkeşliyini, ermənipərəstliyini gizlətməyib, hətta bunu çox hallarda açıq, həyasız şəkildə biruzə verib. Və bu səbəbdən də Ukraynadakı həmvətənlərimiz heç də az problemlər yaşamayıblar.
 


Paylaş:


Müəllif : Tarix:
15-07-2021, 13:56
Sikayət   


loading...
Загрузка...