reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yoluxma azalır: Azərbaycanda pandemiya rəsmən bitir? – Avropa ölkəsinin bəyanatı hamını çaş-baş qoyub

reklam

Yoluxma azalır: Azərbaycanda pandemiya rəsmən bitir? – Avropa ölkəsinin bəyanatı hamını çaş-baş qoyub



Xəbər verdiyimiz kimi, Sloveniyanın Səhiyyə Nazirliyi rəsmi qaydada ölkədə COVID-19 pandemiyasının bitdiyini açıqlayıb.

Lakin buna baxmayaraq, ölkədə əhalinin vaksinasiyası və bəzi məhdudiyyətlər davam edir. Bura qapalı məkanlarda qoruyucu maska taxmaq, müəssisələrdə insan sayı ilə bağlı məhdudiyyətlər və sosial məsafə daxildir. Həmçinin “qırmızı zona”nın vaxtaşırı yenilənən siyahısında adı olan ölkələrdən Sloveniyaya gedənlər müəyyən müddət karantində olmalıdır.

Ölkədə pandemiyanın bitdiyi rəsmən elan olunsa da, son sutkada 77 yoluxma faktı qeydə alınıb və 1 nəfər infeksiyadan həyatını itirib.

Son statistikaya görə, Sloveniyada bu günədək 256 701 nəfər virusa yoluxub və 4 409 nəfər pandemiyanın qurbanı olub. Son günlər Azərbaycanda da yoluxma sayında ciddi azalmalar müşahidə edilir.

Belə ki, ölkəmizdə son günün koronavirus tablosuna görə, 27 yeni yoluxma faktı qeydə alınıb, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Lakin hələ ki, Sloveniyadan fərqli olaraq, Azərbaycanda pandemiyanın bitməsi ilə bağlı qərar yoxdur.

Üstəlik əhali sayına görə gündəlik yoluxma sayı Sloveniyadan fərqli olaraq, Azərbaycanda daha azdır.

Bu hesabla Azərbaycanda da pandemiyanın bitməsi rəsmən elan edilə bilər?

Maraqlıdır ki, pandemiyanın rəsmən bitdiyini elan etmək üçün hansı şərtlər olmalıdır?

Cebhe.info-ya açıqlamasında infeksionist Mərdan Əliyev bildirib ki, bunun üçün bütün karantin qaydaları götürülməli və yoluxma yenidən artmamalıdır:

“Pandemiyanın rəsmən bitdiyini elan etmək üçün bütün karantin qaydaları götürülməli, eyni zamanda, maska qadağası tamamilə ləğv edilməlidir. Yəqin ki, bizdə hələ bu barədə tələsmirlər, amma yaxın zamanda belə bir şey ola bilər. Çünki yoluxma sayı azalmağa doğru gedir. Amma yoluxma hələ də qalmaqdadır. Pandemiyanın rəsmən bitdiyini elan etmək isə o deməkdir ki, yoluxma yoxdur və olmayacaq. Yəni, buna əmin olmaq lazımdır. Bu da əhalinin vaksinasiya ilə mümkündür. Vaksinasiya ən azı 60 faizdən yuxarı olmalıdır. Həmçinin, yoluxub sağalanların da sayı çox olmalıdır”.

O bildirib ki, ölkəmizdə də bu rəqəmlər əslində, böyükdür:

“Belə ki, yoluxub sağalanların sayı rəsmi rəqəmlərdən təxminən 5 dəfə çoxdur. Çünki xəstələnib analizi pozitiv çıxmayanlar var. Bu, təxminən 3 nəfərdən 1-də belədir. Bir də xəstələnib xəstəxanaya müraciət etməyənlər var. Bütün bunları nəzərə alsaq, yoluxanların sayı rəsmi rəqəmlərdən 5 dəfə çoxdur. Yoluxmayanlar isə artıq vaksinasiya olunurlar. Bütün bunlar hesablanmalıdır ki, yoluxma ehtimalı olmayacaq və artmayacaq. Bundan sonra pandemiyanın bitdiyini elan etmək olar. Amma yoluxmanın artmayacağından əmin deyiləm. Çünki qapalı yerlərdə 1-2 nəfərdə virus varsa, digərlərinin yoluxma ehtimalı olacaq. Ona görə təhlükə hələ də qalmaqdadır. Yaxın gələcəkdə yəqin ki, rəqəmlər azalmağa doğru getsə, vaksinasiya da sürətlə davam etsə, bizdə də pandemiyanın bitməsi rəsmən elan edilə bilər”.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə saytımıza açıqlamasında qeyd edib ki, virusun tamamilə bitdiyini elan etmək doğru addım deyil, çünki yoluxma hər zaman arta bilər:

“Virusun bitdiyini elan etmək düzgün deyil. Çünki ən güclü şəkildə aparılan vaksinasiya tədbirlərinə baxmayaraq, Avropa ölkələri demir ki, virus bitib. Bizdə heç o cür vaksinasiya aparılmadığı halda biz necə deyək ki, virus Azərbaycanda rəsmən bitib? Bizdə bu proses tamamlanıbsa, şənbə və bazar günləri niyə nəqliyyat işləmir? Yoluxma ilə bağlı statistik rəqəmlər əhalinin 100 faizini əhatə etmir. Əhalinin bir çoxu heç virusa yoluxması ilə bağlı rəsmi qeydiyyatda deyil. Bir çoxu öz tanıdığı həkimin yazdığı müalicələrlə sağalır. Bunların hamısı rəsmi statistikadan kənarda qalır. TƏBİB də bilir ki, çox insan yoluxsa da, statistikadan kənarda qalıb. Bunu bildiyi halda necə deyə bilərlər ki, bizdə COVİD yoxdur? COVİD yoxdursa, bütün qadağalar götürülməlidir”.

R.Bağırov qeyd edib ki, vaksinasiyanın belə yoluxmanın qarşısını almadığı zamanda pandemiyanın bitməsindən söhbət gedə bilməz:

“Açıq havada maska taxmaq tələbi götürülsə də, insanlar yenə də qorxudan maska taxır. Avropa ölkələrində davam edən sürətli vaksinasiyaya baxmayaraq, maska taxmaqla bağlı hələ də əhaliyə xəbərdarlıq edilir. Çünki heç vaksinasiyanın da bu prosesin tam qabağını almasına ümid yoxdur. Sloveniya öz düşüncəsinə görə belə açıqlama yayıb. İsrailin baş naziri peyvənd olunmasına baxmayaraq, hələ də maska taxır. İndi bunlar zəif ölkə oldu, bizim TƏBİB vurub dağıtdı, virusu qovdu?”

İnfeksionist Azər Nağıyev isə deyib ki, pandemiyanın bitməsi üçün yoluxma uzun zaman qeydə alınmamalıdır:

“77 nəfərin yoluxmasına görə pandemiyanın bitdiyini heç vaxt demək olmaz. Sadəcə olaraq, xəstəlik azalıb. Bu, qış mövsümündə yoluxmanın artmayacağı anlamına gəlmir. Bizdə isə pandemiyanın bitməsini elan etmək barədə danışmaq tezdir. Heç Sloveniya da xəstəliyin bitməsini elan edə bilməz, yalnız pandemiyanın bitdiyini deyə bilər. Çünki yoluxma qalır. Yəni uzun zaman yoluxma qeydə alınmırsa, bu, pandemiyanın bitdiyini göstərir. Amma yoluxma bizdə bu gün az olması, sabah artmayacağı anlamına gəlməz”.


Paylaş:


Müəllif : Tarix:
17-06-2021, 16:47
Sikayət   


loading...
Загрузка...